Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-117/2022 22.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Neftçala Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarına əsasən barəsində əvvəli 29 avqust 2022-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 iyul 2022-ci ildə saat 23 radələrində Neftçala şəhəri, A.Cəfərov küçəsində yerləşən "xxxx" MMC-nin Neftçala poçt filialının 4 saylı poçt şöbəsinin inzibati binasının arxa tərəfində yerləşən plastik pəncərəni açmaqla qanunsuz içəri daxil olaraq masanın siyirməsindəki 380 (üç yüz səksən) manat məbləğində pulu gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən 2022-ci ilin iyul ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə saat 23 radələrində Neftçala şəhəri, 20 Yanvar küçəsindəki Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq həyətyanı sahədəki qarajın dəmir qapısını açmaqla oradan 1 ədəd 650 (altı yüz əlli) manat dəyərində velosipedi, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində «TG 650» markalı elektrik generatoru və 1 ədəd 100 (yüz) manat dəyərində «İEKO ave 3000 va» markalı elektrik stabilizatorunu, ümumilikdə 1000 (min) manat dəyərində əmlakını gizli olaraq talamışdır oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, işləmir. Mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. 2022ci il iyul ayının son günlərində Neftçala şəhərində piyada gəzişərkən 20 Yanvar küçəsində bir həyət evinin işıqlarının yanmadığını, dəmir qapının üzərinə dəmir qıfılın asıldığını və giriş-çıxışın olmadığını görmüşdür. Pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, bu evə oğurluğa girib orada nəyinsə olub-olmadığını yoxlasın. Həmin gecə saat 23 radələrində evin hasarından aşaraq həyətə daxil olmuşdur. Həyətdə dəmir qapısı bağlı olan qarajı görmüşdür. Qarajın dəmir qapısını aşağı tərəfdən aralayaraq güclə açıb və qaraja daxil olmuşdur. Orada bir ədəd velosiped, bir ədəd işıq generatoru və bir ədəd işıq stabilizatorunun olduğunu görmüşdür. Həmin əşyaları daşıyıb həyətə çıxarmış və oradan da hasarı aşaraq küçəyə daşımışdır. Oğurladığı velosipedə əyləşib və stabilizatorla generatoru da velosipedə yükləyərək Neftçala şəhəri, M.Ə.Sabir küçəsindəki bilinməyən və görünməyən yerə apararaq orada gizlətmişdir. Səhəri gün velosipedi sürə-sürə Salyan şəhərinə aparıb və orada tanımadığı 35-40 yaşlarında olan kişiyə 80 (səksən) manata satmışdır. əldə etdiyi pul vəsaitini narkotik almağa xərcləyib. Bundan başqa 2022-ci ilin iyul ayının təxminən 11-i və ya 12-si tarixində saat 23 radələrində Neftçala şəhəri, A.Cəfərov küçəsi ərazisində olan 4 saylı poçt şöbəsinə arxa tərəfdə olan plastik pəncərəni açaraq daxil olmaqla oradakı siyirmədən 380 (üç yüz səksən) manat nağd pulu oğurlayaraq girdiyi yerdən də qaçıb getmişdir. 29 avqust 2022-ci il tarixdə saat 18 radələrində Neftçala şəhərində olarkən həmin oğurladığı generatorla stabilizator da əlində olmuşdur. Onları da tez-tələsik satıb başından rədd eləmək istədiyi zaman Neftçala RPŞ-nin əməkdaşları onunla M.Ə.Sabir küçəsi ərazisində qarşılaşmış və ondan şübhələndikləri üçün onu Neftçala RPŞ-nə getməyə dəvət etmişlər. Onlarla birlikdə Neftçala RPŞ-nə gəlmiş və əlində olan əşyaları polisə təqdim edərək törətdiyi oğurluq cinayəti hadisəsini etiraf etmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, təxminən 37 ildir poçt sahəsində işləyir və 2000-ci ildən etibarən "xxxx" MMC-nin Neftçala poçt filialının Neftçala şəhəri, A.Cəfərov küçəsində yerləşən 4 saylı poçt şöbəsinin müdiridir. 13 iyul 2022-ci il tarixdə saat 08:45 radələrində xidməti iş yerinə gəldiyi zaman ona məlum olmuşdur ki, 4 saylı poçt şöbəsinin inzibati binasının arxa tərəfindəki açıq qalmış balaca pəncərədən içəri daxil olmuş naməlum şəxs və ya şəxslər xidməti otağında olan masanın siyirməsindəki 380 (üç yüz səksən) manat nağd pulu naməlum şəraitdə oğurlamışdır. Bundan sonra həmin cinayət hadisəsini törədən şəxs və ya şəxslər poçt şöbəsinin inzibati binasına daxil olduqları arxa tərəfdəki balaca pəncərədən yox poçtun ağ rəngli plastik qapısını açaraq küçəyə çıxaraq hadisə yerini tərk etmişlər. Baş vermiş oğurluq hadisəsi barədə həmin gün Neftçala RPŞ-nə rəsmi qaydada müraciət olunmuşdur. Bundan sonda hadisə yerinə gələn polis əməkdaşları tərəfindən hadisə yerində lazımı sənədləşmə işləri aparılmışdır. 29 avqust 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Neftçala PRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törədən şəxs-Neftçala şəhər sakini, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamış Təqsirləndirilən şəxs saxlanılaraq istintaq orqanına təqdim olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi bütün cinayət əməllərini səmimi olaraq etiraf etmişdir. Bildirir ki, oğurluq hadisəsi nəticəsində dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilmədiyni, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, ondan şikayətçi olduğunu bildirib işə onun iştirakı olmadan baxılmasını və təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 avqust 2022-ci il tarixdə Neftçala RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, serjant Şahid2la birlikdə Neftçala şəhər sakini Təqsirləndirilən şəxs oğurluq cinayətlərinin törədilməsində şübhəli şəxs kimi saxlayaraq Polis Şöbəsinə gətirmişlər. Onlar Təqsirləndirilən şəxs Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisində axşam saatlarında saxlayarkən onun əlində bir ədəd generator və bir ədəd də stabilizator olmuşdur. Onunla aparılan söhbət zamanı Təqsirləndirilən şəxs əlində olan əşyaları 2022ci il iyul ayının son günlərində Neftçala şəhəri, 20 Yanvar küçəsi ərazisində olan yaşayış olmayan evin həyətyanı sahəsindəki qarajdan tək oğurlayaraq apardığını bildirmişdir. Əlində olan əşyaları isə X1 qrupunda özü könüllü olaraq təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci il iyul ayının 12-dən 13-nə keçən gecə Neftçala şəhəri, A.Cəfərov küçəsi ərazisində olan 4 saylı poçt şöbəsinin inzibati binasına arxa tərəfdə olan pəncərədən daxil olaraq otaqdakı masanın siyirməsindən 380 (üç yüz səksən) manat nağd pulu da tək oğurlayaraq apardığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 12 oktyabr 2022-ci il tarixli 9/6597 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «İEKO avr 3000 va» markalı elektrik stabilizatorunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 100,00 manat müəyyən edilir. Digər qərarın təsviri hissəsində göstərilən 01 ədəd «TG 650» markalı elektrik generator haqqında kifayət qədər məlumat (markası, istehsal ili, istismar müddəti, istehsal yeri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurulmuş zərərin əvəzinin qismən ödənildiyini və Zərərçəkmiş şəxs2 ona qarşı şikayətinin və tələblinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3 maddələrinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd generator və 01 (bir) ədəd stabilizator Zərərçəkmiş şəxs1 təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 avqust 2022-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd generator və 01 (bir) ədəd stabilizator Zərərçəkmiş şəxs1 təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab olunsun. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-117/2022
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-117/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver