Məhkəmə qərarları › İş №1(053)-119/2022

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-119/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-119/2022 28.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1973-cü ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və yaşayan, 31 oktyabr – 02 noyabr 2022-ci il tarixləri üzrə tutulmuş, 02 noyabr 2022-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə saat 15:40 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Neftçala Rayon Mərkəzi X3 Şəxsinin poliklinika şöbəsinə gələrək, oğlu Anar Əliyevə əlilliyi ilə bağlı təqaüd verilməməsini, sonuncunun əlindən xəsarət aldığı üçün tibbi yardım göstərilməməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ətrafda vətəndaşların olmasına məhəl qoymayaraq insanların müalicə üçün gəldiyi poliklinika şöbəsinin birinci mərtəbəsinin dəhlizində və xəstəxananın həyətində cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq edərək, cəmiyyətə açıqca hörmətsizlik edib səs-küy salıb nalayiq söyüşlər söyərək sol əli ilə poliklinika şöbəsinin inzibati binasının birinci mərtəbəsindəki giriş qapısının şüşəsini vurub sındıraraq qapını zədələyib 100 manat məbləğində maddi ziyan vurmaqla, 25-30 dəqiqə müddətində xəstəxananın normal iş rejimini pozub, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq dolanır. Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Oğlu 2003-cü il təvəllüdlü Anar Əliyev böyrəyinin biri olmadığı üçün əlillik dərəcəsi ilə təqaüd alır. 16 aydır ki, onun təqaüdünü kəsiblər. 20 iyul 2022-ci il tarixdə səhər saat 10 radələrində Neftçala Rayon Mərkəzi Xəstəxanasına gələrək oğlunun qeydiyyata alınmalı olduğunu və təqaüdünün qaytarılmalı olduğunu bildirmişdir. Həkimlərə nə səbəbə oğlunun əlillik dərəcəsini ləğv etdiklərinə görə iradını bildirmişdir. Ona söz veriblər ki, 15 günə məsələni araşdırılaraq məlumat veriləcək. Oradan çıxaraq günorta nahar edərkən 2 bakal spirtli içki olan pivə içmiş və sərxoş olmuşdur. Bundan sonra oğlu ilə birlikdə Neftçala rayonu, Aşağı Surra kəndindəki evlərinə getmişdir. Oğlu Anar onu çox get-gǝlə saldıqlarına görə əsəbləşərək, yumruqla evin pəncərəsinə vuraraq pəncərənin şüşəsini sındırmışdır. Şüşə sınarkən oğlunun sağ əli də kəsilmişdir. Ona görə də, oğlunu götürüb Neftçala RMX-na gətirmişdir. Oğlunun əlindən qan axdığı üçün ona tibbi yardım göstərilməsindən ötrü həkim axtarmış, lakin həkim tapa bilməmişdir. Bu səbəbdən də əsəbiləşərək günorta saat 16 radələrində Neftçala RMX-nın poliklinika şöbəsinə girmiş və əsəbindən inzibati binanın giriş qapısını bərkdən vurduğuna görə qapıya bitişik açılmayan hissəsinin 2 qat şüşəsinin içəri tərəfində olan şüşəsi qırılaraq yerə dağılmışdır. Sonra da polis əməkdaşları gəlib onu Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Hadisə vaxtı orada səs-küy salan zaman Mərkəzi Xəstəxanaya müalicə və ya öz şəxsi işləri üçün gəlmiş xeyli sayda tanımadığı adamlar bir az kənara toplaşmaqla baş verənləri müşahidə etmişlər. Onların dəqiq sayını və kimliklərini bilmir və tanımır. Hadisə zamanı oraya gələn polis əməkdaşları və Poliklinika Şöbəsinin müdiri Şahid2 onu sakitləşdirərək nizam-intizama dəvət etsələr də əsəbləri soyumamış və özünü ələ ala bilməmişdir. Hadisə təxminən 25-30 dəqiqə ərzində baş vermişdir. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Şahid1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 01 iyul 2021-ci il tarixdən etibarən Neftçala Rayon Mərkəzi X2 hüquqşünas vəzifəsində işləyir. 20 iyul 2022-ci il tarixdə Neftçala Rayon Mərkəzi X1 inzibati binasının 1ci mərtəbəsindəki giriş-çıxış dəmir qapısının şüşəsinin Azər adlı şəxs tərəfindən sındırıldığını sonradan işçilər arasında olan söhbət əsnasında eşitmişdir. Məlum olmuşdur ki, həmin gün günorta saat 16 radələrində Neftçala rayonu, Aşağı Surra kənd sakini olan əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs poliklinika şöbəsinin giriş qapısına bitişik olan və açılmayan hissəsini sərxoş vəziyyətdə sol əli ilə vurub sındırmış və ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər etmişdir. Hadisə nəticəsində poliklinika şöbəsinə təxminən 100 (yüz) manat məbləğində maddi ziyan dəymişdir, həmçinin hadisə vaxtı oraya xəstəxanada xidmət aparan mühafizə polisinin əməkdaşları və xəstəxanaya müalicə üçün gəlmiş xeyli sayda vətəndaşlar toplaşmışdır. Baş vermiş xuliqanlıq hadisəsi təxminən 25-30 dəqiqə davam etmiş və polis əməkdaşlarının Təqsirləndirilən şəxs Neftçala RPŞ-nǝ aparmaları ilə başa çatmışdır. Sonradan özü də Təqsirləndirilən şəxs sol əlinin qan içində olduğunu və onun sərxoş vəziyyətdə xəstəxananın mühafizəçilərini söydüyünü görmüşdür. Polis əməkdaşları həmin vaxt Təqsirləndirilən şəxs nizam-intizama dəvət etsələr də o, qərəzli hərəkətlərini davam etdirərək tibb işçilərinin və polis əməkdaşlarının ünvanına nalayiq və tərbiyəsiz söyüşlər söymüşdür. Onun qeyd edilən hərəkətləri ətrafda olan və tibbi yardım məqsədlə Neftçala rayonunun müxtəlif yerlərindən gəlmiş olan tanımadıqları xəstə vətəndaşların diqqətini cəlb etmişdir. Xəstəxananın iş rejimi 25-30 dəqiqə müddətində pozulmuşdur. Bundan sonra mühafizə polisləri Neftçala RPŞ-in PPXB-nün əməkdaşlarını hadisə yerinə dəvət etmişlər və hadisə yerinə xidməti avtomobillə gələn polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs avtomobilə əyləşdirərək Neftçala RPŞ-nə aparmışlar. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, X4 Şöbəsinin polis nəfəri olmaqla polis serjantıdır. 20 iyul 2022-ci il tarixdə Neftçala Rayon Mərkəzi Xəstəxanasını giriş qapısında xidməti postda olmuşdur. Həmin vaxt onunla birlikdə işlədiyi Şöbənin mülki-mühafizəçisi Şahid4 da postda olmuşdur. Neftçala Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi xəstəxananın həyətində ayrıca 3 mərtəbəli inzibati binada yerləşir. Saat təxminən 16 radələrində onlar xidməti postda olarkən poliklinikanın inzibati binası istiqamətində şüşə sınması səsi və hay-küy eşidib qaçaraq həmin istiqamətə gəlmişlər. Poliklinikanın inzibati binasının giriş qapısına çatdıqda dəmir qapının şüşəsinin adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi Neftçala rayonu, Aşağı Surra kənd sakini tərəfindən sındırıldığını görmüşlər. Həmin vaxt Azər sərxoş vəziyyətdə sol əli ilə vuraraq şüşəni sındırmışdır. Şüşə qalıqları ətrafa yayılmışdır. İnzibati binada işdə olan tibbi işçilərinin bir neçəsi hadisə yerinə toplaşıb gəlmişlər. O, və Eldar Təqsirləndirilən şəxs nizam-intizama dəvət etsələr də Azər qərəzli və biabırçı hərəkətlərini davam etdirərək tibb işçilərinin, eləcə də onların ünvanına nalayiq və tərbiyəsiz söyüşlər söymüş, ətrafda olan və tibbi yardım məqsədilə Neftçala rayonun müxtəlif yerlərindən gəlmiş olan tanımadıqları vətəndaşların diqqətini cəlb etmişdir. Xəstəxananın iş rejimi 25- 30 dəqiqə müddətində pozulmuşdur. Bundan sonra onlar Neftçala RPŞ-in PPXB-nün əməkdaşlarını hadisə yerinə dəvət etmişlər və hadisə yerinə xidməti avtomobillə gələn polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs avtomobilə əyləşdirərək Neftçala RPŞnə aparmışlar. Şahid qismində dindirilmiş Şahid4 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 02 noyabr 2022-ci il tarixli 236 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sol əlin arxa səthinin çapıq toxuması kəsici səthli əşyanın təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə şüşəni qırması nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 oktyabr – 02 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar