Məhkəmə qərarları › İş №1(053)-12/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-12/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-12/2023 01.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1992-ci ildə Neftçala rayonu, Mirqurbanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olan və həmin yerdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində dövlət qeydiyyat nişanı və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi motosikletlə Neftçala şəhəri, 5-ci məhəllədən Neftçala şəhəri istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, mövcud vəziyyətdə diqqətini daim dəyişən yol şəraitindən və motosikletin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsi ilə, hərəkət istiqamətinin əksinə hərəkətdə olan velosipedçi Zərərçəkmiş şəxs ilə vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, velosipedçi Zərərçəkmiş şəxs yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, lazım gəldikdə idarə etdiyi motosikleti, velosipedçiyə çatmadan dayandırmalı olduğu halda, həmin tələblərə əməl etməyərək, həmin küçədə yolun sağ kənarı ilə velosipedlə əks istiqamətdə hərəkətdə olan xx xxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi velosipedi ehtiyatsızlıqdan vurmuş, nəticədə Zərərçəkmiş şəxs yerə yıxılaraq qarın boşluğunun küt travması, kiçik piylik boşluğunun qanaxması, mədəaltı vəzinin zədələnməsi ilə müşayiət olunan həyatı üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu Mirqurbanlı kəndində yaşayır. Bakı şəhərində günǝmuzd işləyir. 04 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri küləkli olduğundan və iş olmadığından kəndə qayıtmışdır. 06 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində motosikleti ilə babasıgilə gedərkən hava küləkli və toz-torpaqlı olmuşdur. O, yedəkli motosikleti ilə Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə Neftçala şəhərinə, Qoltuq adlanan yerǝ gedərkən sürəti 20-25 km saat olmuşdur. Bu zaman iki velosiped sürücüsü yolun ortası ilə onun üstünə doğru hərəkət etmiş, onları təxminən 20 metr məsafədə görmüşdür. Velosiped sürənlər torpaq olmasın deyə başları aşağı hərəkət edib yola baxmamışlar. Onlardan biri onu görüb kənara çəkilmişdir. O, hiss etmişdir ki, digər velosipedçi onu görmür. Bu zaman qışqırmağa başlayıb motosikleti əyləcləməmişdir. Velosiped sürücüsü sonradan adını Gülmurad kimi bildiyi uşaq gəldiyi kimi də motosikletǝ sonra da yerə dəymişdir. Uşaq motosikletə dəyəndə o, artıq motosikleti saxlamış vəziyyətdə olmuşdur. Gülmurad dayandığı halda velosipedlə gəlib, motosikletin yanındakı yedək hissənin yanına dəydikdən sonra velosipedin sükanı burularaq uşağın qarnına dəymişdir. Uşaq yerə yıxılmışdır. Bu zaman velosiped əzilməmişdir. O, uşağı və velosipedi götürüb evlərinə aparmışdır. Evin də yolunu uşaq özü göstərmişdir. Həmin zaman Gülmuradın üzündə və bədəninin digər hissələrində hər hansı qan və sair ǝzilmə izləri olmamışdır. Gülmuradı aparıb atası Abasa təhvil vermişdir. Başına gələni onlara izah etmişdir. Abas da bildirmişdir ki, olan hadisədir hamının başına gəlir. Daha sonra çıxıb evinə getmişdir. Evə gedəndən sonra narahat olduğundan axşam vaxtı gedib uşağa bir də baş çəkmişdir. Nənəsi onu qarşılayıb demişdir ki, uşaq yaxşıdır və Salyan xəstəxanasında müayinə olunub. O, sakitləşib evinə getmişdir. Həmin gün eşitmişdir ki, uşaq əməliyyat olunub. Bu zaman atası da yanında olmuşdur. Atası dərhal anası ilə birlikdə xəstəxanaya getmişdir. Orada uşaq üçün lazım olan bütün tibbi ləvazimatı və s. alıb gecə 03 radələrində evə qayıtmışdır. İdarə etdiyi motosiklet sovet dönəmindən qaldığından heç bir sənədi, özünün də sürücülük hüququ yoxdur. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə və sonuncunun ailəsi ilə barışıb. İşin məhkəmə baxışı zamanı atası (qanuni nümayəndəsi) Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx xxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala şəhəri məhəllə 5-də ailə üzvləri ilə birlikdə yaşayır. 06 sentyabr 2022-ci ildə o, mağazaya getmək üçün velosipedlə evdən çıxmışdır. Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə evə doğru qayıdarkən yolda yedəkli motosikletlə üzbəüz gələrək toqquşmuşdur. Velosiped motosikletin yedək hissəsinə dəyəndən sonra yerə yıxılmışdır. Velosiped yedǝyin yanına dəymişdir. Yerə yıxıldıqdan sonra həmin sürücü velosipedlə birlikdə onu evə aparıb, atasına təhvil vermişdir. Həmin zaman özünü o, qədər də yaxşı hiss etməmiş, atası onu Neftçala və Salyan rayon xəstəxanasına müayinə üçün aparsa da hər hansı zədə aşkar olunmamışdır. Lakin, Neftçala rayon xəstəxanasında həkim özü onu müayinə edərək qarın boşluğunda travma olduğunu bildirmişdir. Onu əməliyyat etmişdir. Hazırda özünü yaxşı hiss edir. Səhhətində heç bir narahatlıq yoxdur. O, motosikletlə üzbəüz gəldiyini, motosikletin yoluna çıxdığını, onu görmədiyini bildirmişdir. Yanında olan adını bilmədiyi və tanımadığı başqa velosiped sürücüsü, yəqin ki, motosikleti görüb öz yoluna qayıtmışdır. Həmin gün küləkli və toz olduğundan irəlini görə bilməmiş, toza görə başını qaldıra bilməmişdir. Bir də başını qaldıranda görmüşdür ki, motosikletlə aralarında 15-20 metr məsafə vardır. Bu zaman onlar toqquşmuşlar. O, velosipedi saxlamaq üçün əyləcləmə etsə də yer torpaq olduğundan saxlaya bilməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxsin atası (qanuni nümayəndəsi) Qanuni nümayəndə zərərçəkmiş şəxsin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və yuxarıda təsvir olunmuş ifadələrlə yanaşı iş üzrə toplanmış sübutlar, o cümlədən işə əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 13 oktyabr 2022-ci il tarixli 8/2655 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən velosipedçi məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından vǝ velosipedçinin hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir». 24 sentyabr 2022-ci il tarixli 206 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Qarış boşluğunun küt travması. Kiçik piylik boşluğunun qanaxması. Mədəaltı vəzinin zədələnməsi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxs və sonuncunun ailəsi ilə barışıq əldə etdiyini, hadisədən bilavasitə sonra və daha sonralar zərərçəkmiş şəxsə zəruri tibbi və s. yardım göstərilməsi üçün özündən asılı olan bütün tədbirləri gördüyünü, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə ona qarşı şikayətlərinin və tələblərinin olmadığını, yaşayış yerindən müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış, dövlət qeydiyyat nişanı olmayan yan qoşqulu motosiklet Təqsirləndirilən şəxs sərəncamına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, dövlət qeydiyyat nişanı olmayan yan qoşqulu motosiklet Təqsirləndirilən şəxs sərəncamına qaytarılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar