Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-12/2025 15.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1986-cı il tarixdə Neftçala rayonu, Astanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla Neftçala rayonu, Astanlı kəndində yaşayan, 24-26 oktyabr 2024-cü il tarixləri üzrə tutulmuş, 26 oktyabr 2024-cü il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 10,83 qram olan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 24 oktyabr 2024-cü il tarixdə, saat 14:50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən avtobus dayanacağında saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli qolsuz gödəkcənin sol yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 10,83 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 oktyabr 2024-cü il tarixdə, saat 11 radələrində Neftçala rayonunun Aşağı Qaramanlı kəndi ərazisindən keçən Mil-Muğan kollektoruna balıq tutmağa gedərkən yerdən siqaret qutusu tapmış və maraqlı gəldiyi üçün açıb içərisinə baxanda içində şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş və cibinə qoymuşdur. Həmin narkotik vasitədən ara-sıra istifadə etmişdir. 24 oktyabr 2024-cü il tarixdə, şaat 14:50 radələrində həmin narkotik vasitədən istifadə etmək üçün ǝynindəki qara rəngli qolsuz gödəkcənin sol yan cibinə qoyub Neftçala şəhəri, M. Ə. Sabir küçəsində avtobus dayanacağında dayanarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər və üzərində qanunsuz narkotik vasitə saxlaması barədə məlumatları olduğu üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər. Videoçəkilişlə üstündə narkotik vasitə varsa təqdim etməsi ona təklif olunmuşdur. O da üzərində olan narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. Ondan sonra əynindəki qara rəngli qolsuz gödəkcənin sol yan cibində saxladığı içində marixuana olan həmin şəffaf sellofan bükümü polis əməkdaşına təqdim etmişdir. Orada üzərinə baxış keçirilmiş, şəxsi əşyalarından başqa cinayət xarakterli predmet aşkar olunmamışdır. Daha sonra onu Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində də videoçəkilişlə barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunmuş, ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi ona təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə baxış zamanı digər cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı özü qəbul edəcəyini, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 Mirqalib oğlu ifadəsində göstərmişdir ki, o, 24 oktyabr 2024-cü il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyi və üzərində daşıması barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmiş, raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 14:50 radələrində Təqsirləndirilən şəxs Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən avtobus dayanacağında gözləyən zaman müşahidə edib, videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitə istifadə etməsi və üzərində daşımasında şübhəli olduğunu izah etdikdən sonra üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki qolsuz qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd polietilen kəsiyi bükümünü çıxarıb içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd polietilen kəsiyi bükümündə olan kütləyə baxış keçirilmişdir. Baxış zamanı həmin kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni 24 oktyabr 2024-cü il tarixdə, saat 11 radələrində yaşadığı Aşağı Qaramanlı kəndi ərazisindən keçən Mil-Muğan kollektorundan balıq tutmağa gedəndə kollektorun kənarında bir ədəd siqaret qutusunda tapdığını, istifadə etmək üçün əynindəki gödəkcənin cibində saxladığını, heç kimə pul müqabilində və pay olaraq vermədiyini bildirmişdir. Bundan sonra bir ədəd polietilen bükümdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd zərfdə qablaşdırılıb DİN-in "203" saylı möhürü ilə möhürlənib götürülmüşdür. Sonda protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və polis əməkdaşları protokola imza çəkmişlər. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ilə birlikdə rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş, daha sonra müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş, eləcə də aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet, əşya aşkar edilməmişdir. Həmin vaxt da təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması qeyd edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlə təkrar qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib edilmiş, protokol düzgün yazıldığı üçün o da digər iştirakçılar kimi protokol imza çəkmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 Mirqalib oğlunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, xx.xx.2024-cü il tarixli, 18/880 nömrəli Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «...Təqsirləndirilən şəxs üzərində....» sözləri yazılmış və imzalar olan kağız paketin içərisində, möhürlü üzərində: «...Təqsirləndirilən şəxs məxsus....» sözləri yazılmış və imzalar olan tamlığı pozulmuş kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 10,83 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2024-cü il tarixli, 777 nömrəli narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Neftçala rayonu İHB-nin Aşağı Qaramanlı kənd İƏDÜN-dən daxil olmuş xx.xx.2024cü il tarixli, 908 №-li arayışdan görünür ki, Ağalarov X2 rayonu, Astanlı kəndində yaşamaqla, himayəsində arvadı X1 və xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşaqları vardır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu və himayəsində 3 azyaşlı uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,81 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 – 26 oktyabr 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,81 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-12/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-12/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver