Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-121/2022 14.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 13 avqust 1996-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Bankə qəsəbəsi, M.Hüseynzadə küçəsində, fərdi yaşayış evində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Neftçala Rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində əvvəli 22 sentyabr 2022-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,505 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 sentyabr 2022-ci ildə saat 19 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə aparılmış, orada həmin tarixdə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki ağ rəngli şalvarın sağ yan cibində siqaretin sellofanına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,505 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsində küçədə bir qədər gəzişdikdən sonra avtobus dayanacağında dayanıb siqaret çəkmişdir. Siqareti çəkdikdən sonra kötüyünü yerə atan zaman yerdə siqaret sellofanına bükülmüş içərisində qəhvəyimtil maddə olan əşyanı görmüşdür. Bükümün formasından onun hansısa narkotik vasitə ola biləcəyini düşünmüşdür. Həmin bükümü götürmüş və açarkən içərisindəkinin narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin maddəni siqaret sellofanına yenidən bükərək cibinə qoymuşdur. Axşam saatlarında ondan bir qədər istifadə etdikdən sonra qalanını yenə də cibinə qoymuşdur. Ertəsi gün, yəni 22 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Bankə qəsəbəsində küçədə dayanmışdır. Həmin vaxt narkotik vasitə olan heroin də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları yaxınlaşaraq ona üzərində narkotik vasitə olması barədə məlumatlarının olduğunu bildirmişlər. Daha sonra onu Neftçala Rayon Polis Şöbəsinə aparmışlar. Orada müdafiəçi ilə təmin olunmuşdur. Polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmiş, üzərində hər hansı bir qanunsuz maddə və ya əşya varsa təqdim etməsini təklif etmişlər. O, da həmin narkotik vasitə olan heroini əynindəki ağ rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni sellofan torbaya qoyaraq möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olaraq protokolu imzalamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə mütəmadi olaraq əməliyyat məlumatları daxil olmuşdur. Məlumatlar yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Rəhbərlik tərəfindən icazə verildikdən sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 22 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində saxlanılmışdır. Həmin vaxt ətrafda kənar şəxslərin çox olması, sənədləşmə işlərinin aparılmasına münasib yerin olmaması səbəbindən onu Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Raportla şöbə rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, ona hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin olunmuşdur. Növbətçi Hissədə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu və onu təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki ağ rəngli cins şalvarın sağ yan cibində siqaret sellofanına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim edərək, içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bükümə açılıb baxılarkən içində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə öz bükümündə zərfə qoyulmuş, ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx.xx.2021-ci il tarixli 18/1062 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «…Təqsirləndirilən şəxs o….» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,505 qram olan qəhvəyimtil rəngli, axıcı kütlə şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin – 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (ı siyahı). xx.xx.2022-ci il tarixli 5925 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs gəncliyini, ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,455 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixindən etibarən həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,455 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-121/2022
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-121/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver