Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-122/2022 07.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, mütəxəssis X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1983-cü ildə Neftçala rayonu, Boyat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" ASC-də gözətçi işləyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Boyat kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 noyabr 2022-cı ildə saat 14 radələrində Neftçala rayonu, Boyat kəndi ərazisində, küçədə 05 avqust 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs əynindəki köynəyinin boyun nahiyəsindən tutaraq havaya qaldırmış, üz nahiyəsinə əli ilə vurduqdan sonra yerə vuraraq ona sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, həmkəndlisi Qanuni nümayəndə və sonuncunun azyaşlı oğlu Zərərçəkmiş şəxs tanıyır. Onlarla heç bir ədavəti olmamış, əksinə münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs onun oğlu Məmmədbağırdan 1 yaş, qızı Töhfədən 3 yaş böyükdür. Şahmirzə dəfələrlə məktəbdən gələndə onun uşaqlarını döyüb. Bununla bağlı uşağın anası Tünzaləyə və atası Məmmədə dəfələrlə xəbərdarlıq edib. 04 noyabr 2022-cı ildə saat 14 radələrində o, həyət darvazasından küçəyə çıxan zaman Şahmirzənin onun oğlu Məmmədbağırı döydüyünü görüb qaçaraq onlara yaxınlaşmış, Şahmirzənin köynəyinin boğazından tutaraq silkələmiş, lakin uşağı vurmamış və yerə çırpmamışdır. Bundan sonra Şahmirzə onun əlindən çıxaraq evlərinə qaçmış, o, da uşağın arxasınca gedib Şahmirzənin anası Tünzaləyə bildirmişdir ki, uşağına yiyəlik etsin ki, bir daha onun uşaqlarını döyməsin. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə və mütəxəssis X1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş 05 avqust 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bildirmişdir ki, 04 noyabr 2022-ci il tarixdə saat 14 radələrində məktəbdən qardaşı Elnar, həmçinin Bəhrəmin oğlu Məmmədbağır və Samirin oğlu Hüseynlə birlikdə gəldiyi zaman Hüseyn onu söymüş və kürəyinə daşla vurmuşdur. O, Hüseynlə dalaşmaq istəyərkən Məmmədbağırın atası Bəhrəm onları görüb avtomobili saxlayıb onun üstünə gəlmişdir. O, qorxusundan yerə oturaraq Bəhrəmə onu vurmamasını demiş, lakin Bəhrəm onun köynəyinin yaxasından tutub möhkəm silkələmiş, sağ sifətinə sillə ilə vuraraq, onu qaldırıb yerə vurmuşdur. Sonra da onu buraxaraq avtomobilə minib getmişdir. O, evlərinə tərəf getmiş, yolda anasını görüb Bəhrəmin onu döydüyünü bildirmişdir. Daha sonra Bəhrəm onlara gələrək ondan ansına şikayət etmişdir. Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə işin məhkəmə baxışı həmçinin bildirmişlər ki, hazırda təqsirləndirilən şəxslə barışıblar, ona qarşı şikayətləri və tələbləri yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı işin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla da təsdiq olunur. 07 noyabr 2022-ci il tarixli 239 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs "məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ göz örbitasının qançırı, sağ almacıq nahiyəsinin qançır və şişkinliyi, dərialtı qansızması - küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə 04 noyabr 2022-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər". Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunur ki, Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisədən sonra onlardan üzr istəmiş, onlar da təqsirləndirilən şəxsin əməlindən peşman olduğunu görüb onu bağışlamışlar. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə həmin ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir. Təhqiqatçının «Məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsi haqqında» 23 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs daha əvvəl də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmiş, Azərbaycan Respublikası CM-nin 73.2-ci və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsinə əsasən «Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir». Cinayət Qanununun yuxarıda göstərilən normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, mövcud vəziyyətdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi mümkün deyil. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, zərərçəkmiş şəxsin və qanuni nümayəndənin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-122/2022
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-122/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver