Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-123/2022 28.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1996-cı ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan və yaşayan, 21 – 23 avqust 2022-ci il tarixləri üzrə tutulmuş, 23 avqust 2022-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə, daha sonra isə dəmir qıfılı açıb evə qanunsuz daxil olaraq qonaq otağından 01 ədəd 550 manat dəyərində "LG-S186GH" markalı kondisioneri, 01 ədəd 120 manat dəyərində spirallı elektrik qızdırıcısını, 01 ədəd 50 manat dəyərində "ZASS-7FİNS" markalı elektrikli radiator qızdırıcını, 01 ədəd 80 manat dəyərində "TERMET 5-KA" markalı 20-25 litr su tutumuna malik su qızdırıcısını və 01 ədəd 100 manat dəyərində samovarı, ümumilikdə 900 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala şəhərində yerləşən "xxxx" MMC-də fəhlə işləyir. "Vətən Müharibəsi" iştirakçısıdır. "Şuşa, Cəbrayıl, Hadrut, Qubadlı, Xocavənd" torpaqlarının azad olunması ilə bağlı medallarla təltif olunub. İşdən kənar vaxtlarında Neftçala şəhərində boşbekar gəzib dolaşır. Həmin boş-bekar gəzişdiyi vaxtda Neftçala şəhəri, S.Vurğun küçəsində yaşayış olmayan balaca bir həyət evini görmüşdür. Daimi olaraq həmin evdə və evin həyətyanı sahəsində işıq yanmayıb. Pula ehtiyacı olduğu üçün həmin evə daxil olub oradan oğurluq etməyi qərara aldı. 10 avqust 2022-ci il tarixdə saat 01 radələrində özünə məxsus olan "İJ-Planet 5" markalı motosikletlə həmin evin yaxınlığına gələrək motosikleti orada saxlamışdır. Evin hasarından tullanaraq həyətə daxil olmuş və evin dəmir qıfılını dartıb açaraq evə daxil olmuşdur. Evi tam olaraq arayıb-axtarandan sonra qonaq otağında 1 ədəd "LG" markalı kondisioner, 1 ədəd elektriklə işləyən samovar, 1 ədəd elektriklə işləyən isitmə radiatoru, 1 ədəd elektriklə işləyən spirallı qızdırıcı və 1 ədəd su qızdırıcısını tapmışdır. Bundan sonra həmin əşyaları bir-bir evdən çıxararaq həyətə daşımış və oradan da hasardan aşırıb küçəyə çıxararaq motosikletinə yükləmişdir. Daha sonra isə həmin evdən uzaqlaşmışdır. Oğurladığı əşyaları Neftçala şəhər sakini olan tanışı "Aydın" adlı şəxsə həmin gecə vermişdir. Aydının əsl adı "Müntəzimdir" və yaşadığı ərazidə onu hər iki adı ilə tanıyırlar. Oğurladığı malları ona verərkən həmin əşyaların oğurluq olduğunu bildirməmiş və ona demişdir ki, bu malları satsın, pulunu ona versin, ona görüm-baxım edəcək, yəni ona da pul verəcəkdir. 21 avqust 2022-ci il tarixdə yaşadığı evdə olarkən Neftçala RPŞ-nin əməkdaşları gəlmiş və onu Polis Şöbəsinə dəvət etmişlər. Orada o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilmədiyini, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını bildirib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkilidir. 21 avqust 2022-ci il tarixdə Neftçala RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid3la birlikdə Neftçala şəhər sakini Təqsirləndirilən şəxs Neftçala şəhər sakini Zərərçəkmiş şəxs məxsus olan yaşayış olmayan evdən oğurluq hadisəsi törətməsində şübhəli şəxs kimi saxlayıb Polis Şöbəsinə gətirmişlər. Onlar Təqsirləndirilən şəxs Neftçala şəhəri ərazisində saat təxminən 11 radələrində saxlayaraq Neftçala RPŞ-nə gətirib onun ətrafında əməliyyat-istintaq tədbirləri həyata keçirmişlər. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlini etiraf etmiş və bildirmişdir ki, 10 avqust 2022-ci il tarixdə gecə saatlarında, Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinə hasardan daxil olaraq evin qapısını açmış və evə qanunsuz daxil olmaqla oradan 1 ədəd "LG" markalı kondisioner dəstini, 1 ədəd elektriklə işləyən samovarı, 1 ədəd elektriklə işləyən isitmə radiatorunu, 1 ədəd elektriklə işləyən spirallı qızıdırıcını və 1 ədəd elektrik su qızdırıcısnı oğurlayaraq idarə etdiyi özünə məxsus motosikletə yükləyib həmin gecə Neftçala şəhər sakini olan tanışı Şahid1 satmaq məqsədilə vermişdir. Şahid qismində dindirilmiş Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 12 oktyabr 2022-ci il tarixli 9/6596 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 1 ədəd «LG-S186GH» markalı kondisioner - 550,00 manat; 1 ədəd «ZASS-7FİNS» markalı radiator - 50,00 manat; 1 ədəd «TERMET 5-KA» markalı 20-25 litr su tutumuna malik olan su qızdırıcısı-80,00 manat. Digər qərarın təsviri hissəsində göstərilən 02 adda mallar haqqında kifayət qədər məlumat (markası, istehsal ili, istismar müddəti, istehsal yeri, tutumu və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələblinin olmadığını, habelə «Vətən Müharibəsi" iştirakçısı olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «LG-S186GH» markalı kondisioner, 01 (bir) ədəd spirallı elektrikli qızdırıcı, 01 (bir) ədəd «ZAS-7FİNS» markalı elektrikli radiator qızdırıcısı, 01 (bir) ədəd «TERMET 5-KA» markalı 20 – 25 litr su tutumuna malik su qızdırıcısı və 01 (bir) ədəd samovar sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 – 23 avqust 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «LG-S186GH» markalı kondisioner, 01 (bir) ədəd spirallı elektrikli qızdırıcı, 01 (bir) ədəd «ZAS-7FİNS» markalı elektrikli radiator qızdırıcısı, 01 (bir) ədəd «TERMET 5-KA» markalı 20 – 25 litr sututumuna malik su qızdırıcısı və 01 (bir) ədəd samovar sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-123/2022
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-123/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver