Məhkəmə qərarları › İş №1(053)-13/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-13/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-13/2023 15.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan, Neftçala Rayon Məhkəməsinin 1(053)-117/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək əvvəli 29 avqust 2022-ci il tarixindən hesablanmaqla 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, başqa cinayət işi ilə bağlı həbsdə saxlanıldığı nəzərə alınaraq barəsində hazırkı iş üzrə qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 aprel 2022-ci ildə saat 02 radələrində Zərərçəkmiş şəxs Neftçala şəhəri, Z.Məcidov küçəsi ərazisində yerləşən ərzaq malları mağazasına dəmir qıfılları açıb qanunsuz daxil olaraq, oradan 50 manat məbləğində nağd pul, 40 manat dəyərində 20 paket ağ «Arqo», 40 manat dəyərində 20 paket ağ «Bakı», 66 manat dəyərində 30 paket qara «Maqna» və 66 manat dəyərində 30 paket ağ «Prima» markalı siqaretləri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 262 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 2022-ci ilin aprel ayının 23-dən 24-nə keçən gecə saat 02 radələrində Neftçala şəhəri, Z.Məcidov küçəsi ərazisində yerləşən ərzaq malları mağazasının yaxınlığına gəlmişdir. Həmin vaxt tək olmuşdur. Ətrafda heç kəsin olmadığını görüb əlində olan və özü ilə gətirdiyi dəmir alətlə mağazanın qapısının üzərində olan iki ədəd qıfılları sındırıb mağazaya daxil olmuşdur. Mağazanın içərisindən təxminən 50 manat nağd pul və müxtəlif siqaretləri götürüb oradan uzaqlaşmışdır. Oğurladığı pulu öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Siqaretlərin isə bir hissəsini çəkmiş, qalanını Neftçala şəhəri, 7-ci məhəllə ərazisində yolun kənarında görünməyən bir yerdə gizlətmişdir. İbtidai istintaq dövründə gizlətdiyi həmin siqaretləri könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin siqaretlər «Arqo, «Maqna», «Prima» və «Bakı» markalı siqaretlərdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmişdir. O, teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclaslarına gəlməməsinin səbəbinin səhhəti ilə bağlı olduğunu, cinayət nəticəsində vurulmuş zərərin ona tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Qeyd edir ki, 23 noyabr 2022-ci il tarixdə Neftçala RPŞ-nin digər əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Biləsuvar rayonu, Əsgərabad kənd sakini Zərərçəkmiş şəxs məxsus olan və Neftçala şəhəri, Z.Məcidov küçəsində yerləşən ərzaq malları mağazasından oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs müəyyən edilib istintaq qrupuna təqdim edilməsində iştirak etmişdir. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 24 aprel 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs Neftçala şəhəri, Z.Məcidov küçəsində yerləşən ərzaq mağazasından oğurluq etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mağazaya onun dəmir qıfıllarını sıradan çıxarmaqla daxil olmuş və oradan 50 manat məbləğində nağd pulu və bir neçə ədəd müxtəlif markalı siqaretləri oğurlayıb oradan uzaqlaşmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs oğurladığı siqaretləri gizlətdiyi yeri bildirmiş və onların qalıqlarını könüllü olaraq təqdim etmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənildiyini və Zərərçəkmiş şəxs ona qarşı şikayətinin və tələblinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 2 paket ağ «Arqo», 1 paket ağ «Bakı», 1 paket qara «Maqna» və 1 paket ağ «Prima” markalı siqaretlər Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Neftçala Rayon Məhkəməsinin 1(053)-117/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 avqust 2022-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Neftçala Rayon Məhkəməsinin 1(053)-117/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış 2 paket ağ “Arqo”, 1 paket ağ ”Bakı”, 1 paket qara “Maqna” və 1 paket ağ “Prima” markalı siqaretlər Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış sayılsınlar. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar