Məhkəmə qərarları › İş №1(053)-14/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-14/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-14/2023 15.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1979-cu ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan, faktik olaraq Neftçala rayonu, Qədimkənd kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə saat 13.30 radələrində Neftçala rayonu, Qədimkənd kəndində birgə yaşadıqları evdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət münasibətləri zəminində mübahisə edərək sonuncunu qəsdən yumruq və təpik zərbələri ilə vurub ona başın təpə nahiyəsinin dərialtı hematoması, sol gicgah, sol budun yuxarı 1/3 hissəsinin qançırları ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək, qeyd etmişdir ki, birinci arvadından boşanmışdır. Zərərçəkmiş şəxs onun ikinci arvadıdır. Onlar 13 yaşlı qızları Rəbiyyə ilə birlikdə Neftçala rayonu, Qədimkənd kəndində yaşayırlar. Spirtli içkilərdən mütəmadi istifadə etdiyi üçün evdə arvadı ilə daim mübahisələri olur. 14 dekabr 2022-ci il tarixdə saat 13 radələrində evdə nahar edərkən 250 qram araq içmişdir. Təxminən yarım saat sonra yadına düşmüşdür ki, arvadı Ruhiyyənin qardaşı Vüsal alimentə görə tutulub. Ona görə də Vüsalın arvadı Gülnara zəng edərək ona Vüsalla barışmasını bildirib. Bunu görən arvadı Ruhiyyə ona Gülnara zəng etməsini irad tutmuşdur. Buna görə aralarında mübahisə yaranmış və həmin vaxt əsəbiləşərək yumruqla arvadı Ruhiyyənin sifətinə və başına vurmuş və Ruhiyyə yerə yıxılmışdır. Ruhiyyə yerə yıxıldıqdan sonra da təpiklə onun bədəninin müxtəlif yerlərinə vurub ona xəsarətlər yetirmişdir. Hadisə vaxtı evdə arvadı Ruhiyyədən başqa heç kəs olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, əri Təqsirləndirilən şəxs ilə 15 ildir ki, evlidir. 13 yaşlı qızları ilə birlikdə kənddəki köhnə məktəb binasının birinci mərtəbəsində yaşayırlar. Hər ikisi bir dəfə ailəli olub-boşanmışlar. Sonradan Seyranla ailə qurmuşlar. Əri Seyran 5 ildir ki, mütəmadi olaraq spirtli içkilər içir. Son iki ildə isə hər gün içki içməklə spirtli içki aludəçisi olmuşdur. O, hər gün sərxoş olub, evdə münaqişələr yaradır. 14 dekabr 2022-ci il tarixdə saat 13.15 radələrində Seyran evə sərxoş vəziyyətdə gəlmişdir. O, Seyrana yemək yeməsini təklif etmiş, Seyran isə yemək yeməyəcəyini, başqa yerdə yemək yediyini bildirmişdir. Daha sonra Seyran ondan qızdırıcını onun söndürdüyünü soruşub. O, Seyrana qızıdırıcını söndürmədiyini bildirib. Bu zaman aralarında mübahisə yaranmış və Seyran yumruqla onun sifətinə və başına vurmuşdur. O, müvazinətini itirib yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra da Seyran təpiklə onun ayaqlarına və bədəninin müxtəlif yerlərinə vuraraq xəsarətlər yetirmişdir. Hadisə vaxtı evdə onlardan başqa heç kim olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmayıb və ona qanunla müəyyən edilmiş cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 20 dekabr 2022-ci il tarixli 265 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi-müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın təpə nahiyəsinin dərialtı hematoması, sol gicgah, sol budun yuxarı 1/3 hissəsinin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə 14 dekabr 2022-ci il tarixdə yumruqla və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir". Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz əməlini etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar