Məhkəmə qərarları › İş №1(053)-14/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-14/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-14/2025 26.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ QƏRAR 26 fevral 2025-ci il Neftçala şəhəri, Neftçala Rayon Məhkəməsinin inzibati binası NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1986-cı ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci ildə saat 09.00 radələrində Neftçala rayonu, Aşağı Surra kəndindəki yaşadıqları evdə aralarında baş vermiş ailə-məişət mübahisəsi zəminində arvadı Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla vuraraq döyməsi nəticəsində ona sol qaşüstü nahiyənin, sağ əlin yaraları, sol göz orbitasının şişkinliyi, qançırı ilə nəticələnən sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Aşağı Surra kəndində yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır və onunla 2014-cü ildən evlidir. Birgə nikahlarından 1 uşaq doğulub. Anası Zenfira da onlarla birlikdə yaşayır və gözdən 1-ci qrup əlildir. Arvadı Asimə anasını incidir və onun sözünə baxmır. 06 yanvar 2025-ci il tarixdə saat 21 radələrində atası Fəxrəddinə mobil telefon vasitəsilə zəng edib evə nə lazım olduğunu soruşduqda, arvadı Asimənin atasının və anasının üstünə qışqırdığını eşitmişdir. Evə gəldikdən sonra Asimədən valideynlərinin üstünə hansı səbəbdən qışqırdığını soruşanda Asimə yaxşı etdiyini demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və Asiməyə atasının evinə getməsini bildirmişdir. Lakin həmin vaxt atası Fəxrəddin buna icazə verməmişdir. Daha sonra isə Asiməyə səhər tezdən atasının evinə getməsini bildirərək eyvanda yatmağa getmişdir. 07 yanvar 2025-ci il tarixdə saat 09 radələrində yuxudan oyandıqdan sonra Asimənin evdə yataq otağında olduğunu görmüşdür. Ona yenidən atasının evinə getməsini bildirdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Asimə yorğanı onun başına atmış, daha sonra o, da yumruqla Asimənin sol göz nahiyəsinə vurmuş və o, xəsarət almışdır. Sonradan isə Asimənin onun barəsində Neftçala Rayon Polis Şöbəsinə şikayət etdiyini bilmişdir. Hadisə vaxtı Asimə onu döyməmiş və ətrafda heç kim olmamışdır. Sonradan atası Fəxrəddin gələrək onları ayırmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə gəlmiş, lakin müvafiq hüququndan istifadə edərək, ifadə verməkdən imtina etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Aşağı Surra kəndində yaşayır. Zərərçəkmiş şəxs onun oğlu Amidin arvadıdır və onunla birlikdə yaşayırlar. X1 2014-cü ildən evlidirlər və birgə nikahlarından 1 uşaq doğulub. Arvadı Zenfira gözdən 1-ci qrup əlildir. Asimə onun arvadına baxmır və kor olmasını hər dəfə onun üzünə vurur. Amidlə də hər gün qısqanclıq zəminində mübahisə edir. Həmçinin Salyan rayonu, Ərəbqardaşbəyli kəndində yaşayan qızı Kəmaləyə də dəfələrlə zəng edərək kor olan anasına gəlib baxmasını bildirirdi. 06 yanvar 2025-ci il tarixdə saat 21 radələrində oğlu Amid çöldə olarkən ona zəng edərək evə nə lazım olduğunu soruşduqda, Asimənin onun arvadı Zenfiranın üstünə qışqırdığını eşitmişdir. Daha sonra Amid evə gələrək Asiməyə evdən çıxıb getməsini bildirmişdir. Lakin o, Asimənin getməsinə icazə verməmişdir. Amid də dəhlizə gedib yatmışdır. 07 yanvar 2025-ci il tarixdə saat 09 radələrində öz otağında olduğu zaman Asimənin digər yataq otağından səsini eşitmişdir. Bundan sonra tez həmin otağa keçdikdə Amidlə Asimənin mübahisə etdiyini görmüşdür. Bu zaman Amidi qolundan tutaraq dəhlizə çıxartmışdır. Daha sonra Amidlə birlikdə küçəyə çıxmış və evə qayıdandan sonra Asimənin evdə olmadığını görmüşdür. Sonradan isə Asimənin Amid barəsində Neftçala Rayon Polis Şöbəsinə şikayət etdiyini bilmişdir. Hadisə vaxtı Amidin Asiməni döyməsini görməmiş, otağa girərkən onların arasında mübahisə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı və şahid ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 10 yanvar 2025-ci il tarixli 3 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol qaşüstü nahiyənin, sağ əlin yaraları, sol göz orbitasının şişkinliyi, qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, 07 yanvar 2025-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək cinayət nəticəsində ona vurulmuş zərərin ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edib. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar