Məhkəmə qərarları › İş №1(053)-15/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-15/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-15/2024 12.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1969-cu il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Neftçala rayonu, Qədimkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində Neftçala rayonunun Qədimkənd kəndində Zərərçəkmiş şəxs2 məxsus çayxananın yaxınlığında, Şahid2 istifadəsində olan ərzaq mağazasının sol tərəfində, küçədə-ictimai yerdə, tanışı Zərərçəkmiş şəxs1 ona nalayiq söyüş söyməsi ilə bağlı irad bildirdiyinə görə əsəbləşərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq edərək nalayiq söyüşlər söyüb, səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik edərək mağazanın sol tərəfində olan daşın üzərinə qoyduğu, Zərərçəkmiş şəxs2 məxsus 5 manat dəyərindəki dəm çaynikindən silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vuraraq ona başın təpə ənsə nahiyəsinin yara və şişkinliyi ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə zor tətbiq edib, Zərərçəkmiş şəxs2 5 manat dəyərində dəm çaynikini sındırıb məhv edərək qərəzli xuliqanlıq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək arvadı və iki uşağı ilə ilə birlikdə Neftçala rayonu, Qədimkənd kəndində yaşadığını bildirmişdir. Əlavə olaraq qeyd edir ki, Zərərçəkmiş şəxs1 uşaqlığından tanıyır. Ondan yaşca çox kiçikdir. Raqiblə əvvəllər hər hansı münaqişə və ədavəti olmayıb. Lakin, bir-birilərini görəndə salamlaşmışlar. 13 oktyabr 2023-cü il tarixdə Xalıqın istifadəsində olan çayxanadan bir çaynik çay alıb, çayxanadan 10-15 metr kənarda Vasifin ərzaq mağazasının böyrünə qoymuşdur ki, çay içsin. O, həmin vaxt sərxoş olmuşdur. Zərərçəkmiş Raqiblə həmişə zarafatları olmuşdur. Raqibə çay içməsini təklif etmiş və o da razılaşaraq oturmuşdur. Bu zaman Raqib demişdir ki, sənin üzün anamın cinsiyyət orqanına oxşayır. O, Raqibə demişdir ki, onunla belə zarafat eləməsin. Raqib yenə eyni sözü təkrar eləməyə başlamışdır. Bundan sonra o, bir daha ona demişdir ki, “bacı oğlu səninlə zarafatım yoxdur”. Ondan sonra daşın üstünə qoyduğu çayniki götürüb Raqibin başına vurmaq istəyəndə Raqib qolundan tutmuş, təsirdən çaynik əlindən çıxıb mağazanın divarına dəymişdir. Çaynik divarda sınıb, yerǝ düşmüşdür. Sonra onu yerə yıxmış və yerdə vurmuşdur. Raqibin aldığı xəsarət yerdə dava edən zaman aldığı xəsarətdir. O, sərxoş olduğu üçün Raqibi söyməsini xatırlamır. Yerdə təxminən 7-10 dəqiqə dava edib bir-birilərini vurmuşlar. Ondan sonra Raqib onu söymüşdür. Sonra hiss etmişdir ki, onların səs-küyünə yaxında olanlar yığışır. O, özü davadan kənarlaşıb getmişdir. Səhəri günü axşamçağı da Xalıqın çaynikini sındırdığı üçün aparıb çaynikin pulunu vermişdir. Qeyd edir ki, Raqib yalan danışır. Hazırda əməlindən peşmandır. Həmçinin zərərçəkmiş şəxslərdən olan Xalıqa vurduğu zərərin əvəzini ödəmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Səlimov X2 rayonunun Qədimkənd kəndində yaşayan Təqsirləndirilən şəxs çoxdan tanıdığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Şahinlə qohum olmasa da aralarında hər hansı ziddiyyət olmayıb. 13 oktyabr 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Neftçala rayonu, Qədimkənd kəndində Vasifin dükanının yanında yerdə iki mişar daşının üzərində oturub Şahinlə çay içmişdir. Həmin dükan Salyan-Neftçala avtomobil yolunun yaxınlığında yerləşir. Dəm çaynikini də yerə qoymuşlar. Şahin həmin zaman bərk sərxoş vəziyyətdə olmuşdur. Bundan əlavə Şahin mütəmadi olaraq kənddə nalayiq söyüşlər söyür və sərxoş vəziyyətdə hər kəsi narahat edir. Onlar mağazanın yanında oturmuşlar. Mağazaya giribçıxan adamlar olmuşdur. Şahin də onunla söyüşlə zarafatlar etmişdir. O, Şahinə bildirmişdir ki, söyüşlə zarafat etməsin. Onunla elə zarafat edər ki, bir də özünə gəlməz. Bu sözü deyəndən sonra üzünü çevirib durub getmək istəyərkən ayağa duranda Şahin söyüş söyüb orada içində isti çay olan şüşə çayniki heç bir səbəb olmadan onun başına çırpmışdır. Bildirir ki, Şahin çayniki onun başına vurması nəticəsində çaynik başında sınmışdır, onun dediyi kimi çaynik divara dəyib sınmamışdır. Bunun nəticəsində də onun başı qanamağa başlamış, həmin zaman dükandan çıxanlar və yolla gedənlər ona baxmışlar. Təxminən 10-15 dəqiqədə başlarına adamlar yığılmışdır. Şahin qışqıra-qışqıra onu təhqir etməyə davam etmişdir. Onun isə ona cavab verəcək halı olmamış, vətəndaşlar da onlara yaxınlaşmağa çəkinmişdir. Kimsə Şahinə qışqırmışdır ki, söyüş söymə camaat var. Ondan sonra hadisə barədə Neftçala RPŞ-yə gedib ərizə yazmışdır. Onlar birlikdə çay içmişlər. Şahin sərxoş olmuş, nə danışdığını özü də bilməmişdir. O isə onunla söyüşlə danışmamışdır. Söyüşlə Şahin danışmışdır. O, bəzən taksi fəaliyyəti ilə məşğul olduğundan maşının yaxınlığında durub adam gözləmişdir. Onu nə döyməmiş, nə də söyməmişdir. Şahin yalan danışır. Həmin vaxtı əsəbi olduğundan, başını qan apardığından və eyni zamanda qaranlıq olduğundan ətrafda kimlərin olduğunu görə bilməmiş, amma Şahid1 orada görmüşdür. Habelə Şahinlə aralarında zarafatları olduğunu və Şahinlə həmişə olduğu kimi zarafatlaşdığını, lakin Şahinin bu zaman gözləmədiyi halda söyərək başından çayniklə zərbə endirdiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 rayonun Qədimkənd kəndində yerləşən dayısına məxsus çayxanada işlədiyini bildirmişdir. Dayısı ailəsini dolandırmaq üçün çayxananı ona vermişdir. O, özü və atası ilə növbə ilə işləyirlər. O, axşam saat 18 radələrindən 23 radələrinə kimi işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanıyır. Onlar mütəmadi olaraq çayxanaya gəlib getmişlər. Mütəmadi olaraq çayı birlikdə içmişlər. Şahin xaraktercə psixi problemləri olan və daima sərxoş vəziyyətdə olan adamdır. Şahin sərxoş vəziyyətdə özünü idarə edə bilmir. Raqib isə ara-sıra taksi kimi kimisə lazım olanda aparıb gətirir. Ona görə çayxanada olur. 13 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində Şahin gəlib ondan 1 manat qarşılığında 1 çaynik çay istəmişdir. Demişdir ki, çayı Vasifin mağazasının yanına gətir. O da çayniki özünün çayxanasından təxminən 20-25 metr aralıda olan Vasifin dükanının yanına gətirmişdir. Şahin orada yerdəki daşın üstündə oturmuşdur. Həmin vaxt Şahinin sərxoş olduğunu ona yaxınlaşanda ağzından gələn spirt iyindən bilmişdir. Çayı qoyub çıxıb getmişdir. Həmin vaxt Raqib çayxanaya gəlməmişdir. Təxminən 5-10 dəqiqədən sonra səs-küy eşitmiş, çayxanadan çölə çıxanda səsindən tanımışdır ki, Şahin ucadan söyüş söyür. 1-2 dəqiqə sonra kənd uşaqları da səs- küy tərəfə getmişdir. Təxminən 5 dəqiqə sonra o da getmişdir. Görmüşdür ki, Vasifin dükanının sol böyründə bir neçə adam toplaşmış, o, stəkanları götürüb çayniki oradakılardan soruşanda demişlər ki, Şahin çayniki Raqibin başına çırpmışdır. Toplaşan adamların danışığından başa düşmüşdür ki, Şahin Raqibi söyüb, sonra da çayniki Raqibin başına vurmuşdur. O, çayniki götürməyə gələndə dükanın yanında 8-9 nəfər adam olmuş, təxminən 1 saat sonra Şahin gəlib ona demişdir ki, “çayniki sındırmışam sabah pulunu verəcəm”. O, stəkanları götürüb çayxanaya getmişdir. Həmin çaynikin qiyməti 5 manat olmuş, Şahin səhər gəlib 5 manat dəymiş ziyanı ödəmişdir. Şahin mütəmadi olaraq spirtli içki içib hər kəsi narahat edir. Bəzən çayxanaya da gəlib orada söyüşlər söyür. Hazırda onun Şahindən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 rayonun Qədimkənd kəndində Neftçala-Salyan yolunun kənarında istifadəsində olan mağazada satıcı işlədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, bəzən mağazada atası satıcı kimi kömək edir. Atasının 74 yaşı var, hazırda xəstədir. O, 13 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində Neftçala rayonu, Aşağı Surra kəndində olan “Kür-Xəzər” restoranında toyda olmuşdur. Saat 23-24 radələrində mağazaya gələndə uşaqlar ona demişdir ki, Şahin onun mağazasının yanında çayniki Raqibin başına vurmuş, ona xəsarət yetirmişdir. O, Şahinlə Raqibi tanıyır. Onlarla hər hansı ədavəti və ya qohumluğu yoxdur. Şahin mütəmadi olaraq spirtli içki qəbul edir. Buna görə də kənddə narahatlıq yaradır. Toy məclisində olduğundan hadisəni konkret olaraq görməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Zeynalov X1 rayonu, Qədimkənd kəndində yaşamaqla oradakı Pambıq Zavodunda növbəli rejimdə işlədiyini bildirmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanıyır. Şahin mütəmadi olaraq spirtli içki içib kənddə narahatlıq yaradan adamdır. Bütün günü ictimai yerlərdə sərxoş halda söyüşlər söyür. Raqibi də kənd adamı kimi tanıyır. Heç biri ilə qohumluğu və ədavəti yoxdur. 13 oktyabr 2023-cü il tarixdə, saat 22 radələrində siqaret almaq üçün Qədimkənd kəndində yerləşən Vasifin mağazasına gemişdir. O, mağazaya girəndə Şahin mağazanın yanında çay içmək üçün çaynik 3 və ya 4 ədəd çay stəkanı qoymuşdur. Mağazaya girəndə Raqib də mağazadan çıxmışdır. O, içəridə 3-4 dəqiqə ərzində siqaret alınca görmüşdür ki, çöldə səs-küy düşdü. Həmin vaxt mağazada 4-5 nəfər adam olmuşdur. O, çölə çıxanda görmüşdür ki, Raqibin başından qan axır. Orada Şahin ucadan Raqibi söymüşdür. O, görmüşdür ki, Şahin ucadan nalayiq söyüşlər söyür. Camaat da ətrafa yığışmışdır. O da tələsik işə gecikməmək üçün oranı tərk etmişdir. O, çox da çölə- bayıra çıxan adam olmadığı üçün həmin şəxsləri tanımamışdır. Onlar Raqib və Şahinin yanında olmuşlar. Təxminən ətrafda 5-6 nəfər adam yığışmışdır. Oradan uzaqlaşıb sonradan geriyə baxanda adamların sayı da çoxalmışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı işin faktiki hallarına uyğun gələn ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, 16 oktyabr 2023-cü il tarixli, 210 nömrəli Ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - Başın təpə ənsə nahiyəsinin yara və şişkinliyi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə şüşə çaydan ilə başına vurması nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir”. Qeyd olunur ki, təqsirləndirilən şəxs iş üzrə ibtidai araşdırma dövründə verdiyi yazılı izahat və ifadəsində müvafiq cinayət əməlini törətdiyini etiraf etməsə də məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş, Zərərçəkmiş şəxs1 onunla lazımsız zarafat etdiyi üçün onu vurduğunu, sərxoş olduğu üçün həmin zaman insanların toplaşdığı ictimai yerdə söyüş söydüyünü hazırda xatırlamadığını qeyd etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayət və tələblərinin olmamasını, onlara dəymiş ziyanın ödənilməsini iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Neftçala Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı silah qismində istifadə etdiyi dəm çaynikinin sınıqları məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 12 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «Həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan dəm çaynikinin sınıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar