Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-15/2025 26.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1983-cü ildə Neftçala rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Sübh kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 06 – 08 noyabr 2024-cü il tarixləri üzrə tutulmuş, 08 noyabr 2024-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 13,70 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 06 noyabr 2024-cü il tarixdə saat 18.50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Sübh kəndi ərazisində yaşadığı evin yaxınlığındakı yolun kənarında saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki hərbi gödəkcənin sol yan cibindən 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 13,70 qram təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Sübh kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Arabir narkotik vasitə olan marixuana istifadə edir. 05 noyabr 2024-cü ildə saat 12 radələrində çörək almaq məqsədilə yaşadığı kəndin ərazisində yerləşən, Şahin adlı şəxsə məxsus mağazaya getmək üçün evdən çıxmışdır. Təxminən 1 kilometr piyada hərəkət etdikdən sonra asfalt yolun kənarındakı kol-kosun içində sellofan bükülü olduğunu görmüşdür. Həmin bükülüyə ayağı ilə toxunmuş və içərisinin dolu olduğunu bilmişdir. Bundan sonra bükülünü götürüb açıb baxdıqda içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğunu gördü. Narkotik vasitəni istifadə etmək məqsədilə onu əynində olan gödəkcənin cibinə qoymuşdur. Çörəyi aldıqdan sonra isə evə qayıtmışdır. 06 noyabr 2024-cü il tarixdə saat 18.40 radələrində yenə yaşadığı evdən çıxaraq mağazaya gedirdi. Təxminən 500-600 metr getdikdən sonra bir avtomobil onun yanında dayanmışdır. Avtomobildən videoçəkilişlə düşən şəxslər polis əməkdaşları olduqlarını deyərək xidməti vəsiqələrini ona göstərmişlər. Polislər ona narkotik vasitə istifadə etməkdə və üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirərək üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuşlar. O, da üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu demiş və əynində olan gödəkcənin sol yan cibindən bükülünü çıxarıb polislərə təqdim etmişdir. Polis əməkdaşları ondan həmin kütləni hansı məqsədlə üzərində saxladığını soruşduqda isə o, narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı onun üzərindən 1 ədəd alışqan və 1 ədəd “FRND” markalı mobil telefon aşkar edilmişdir. Onun üzərində qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları onun üzərindən aşkar edilmiş kütlə barəsində protokol tərtib olunması üçün onu Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutma qərarı qəbul edildikdən sonra ona hüquq və vəzifələri izah edilmiş, həmçinin müdafiəçi təqdim edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərindən aşkar edilmiş kütləyə baxış keçirilmiş və üzərində təkrar şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı həmin kütlənin nə olduğunu və hansı məqsədlə üzərində daşıdığını soruşduqda, o, kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını və heç kimə satmadığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Mobil telefonla alışqan isə ona geri qaytarılmışdır. Daha sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuşdur. Digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu, Sübh kənd sakini Təqsirləndirilən şəxs Neftçala rayonu, Sübh kəndi ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmiş və alınmış icazədən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında 06 noyabr 2024-cü il tarixdə saat 18.50 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu, Sübh kəndi ərazisində yaşadığı evdən 600 metr kənarda yolun kənarında videoçəkilişaparmaqla saxlamışlar. Ona özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan edilmiş narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu izah etmiş, üzərində qanunla qadağan edilmiş hər hansı predmet olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd polietilen bükülünü təqdim edərək onun narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, onun üzərindən 1 ədəd alışqan və 1 ədəd “FRND” markalı mobil telefon aşkar edilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Təhqiqat bölməsinə təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, həmçinin müdafiəçi təyin edilmişdir. Rayon polis şöbəsinin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə bir daha şəxsi axtarış və aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Həmin bükülüyə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlə aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılıb möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 07 noyabr 2024-cü il tarixli, 18/901 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «...Təqsirləndirilən şəxs...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 13,70 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 12 dekabr 2024-cü il tarixli 840 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmur. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, 2 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,60 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 – 08 noyabr 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,60 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-15/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-15/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver