Məhkəmə qərarları › İş №1(053)-16/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-16/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-16/2024 21.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X5 və Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1988-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Neftçala Rayon Məhkəməsinin 1(053)- 40/2022 nömrəli iş üzrə 27 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli 03 yanvar 2022-ci il tarixindən hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Saylan Rayon Məhkəməsinin 7(057)- 262/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Neftçala Rayon Məhkəməsinin 4(053)- 56/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 27 noyabr 2023cü ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamış, 27 noyabr 2023-cü il tarixdə saat 14.50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,076 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, həbs olunmazdan əvvəl Bakı şəhərində fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olub. 26 noyabr 2023-cü ildə saat 22 radələrində Bakı şəhərindən yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsindəki evinə gəlmişdir. Ertəsi gün, yəni 27 noyabr 2023-cü il tarixdə saat 11 – 12 radələrində evində yatarkən arvadı Lətafət onu oyadıb evə polislərin gəldiyini və onu çağırdıqlarını demişdir. Bu zaman ev geyimində həyətə düşmüş və təxminən 10 nəfərədək polis əməkdaşının həyətdə olduğunu görmüşdür. Polislər onlarla birlikdə Neftçala Rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları tərəfindən evində axtarış aparılmış və heç bir şey tapılmamışdır. Polislər ona axtarışın qəsəbədə baş vermiş quldurluq hadisəsi ilə bağlı olduğunu demişlər. Həmin vaxt Elvin adlı polis əməkdaşı evə qalxaraq stolun üzərinə keçirdiyi gödəkcəsini götürüb ciblərini yoxladıqdan sonra ona vermiş, həmçinin gödəkcəsinin cibindən bir neçə qırıntı çıxarıb onların ona (təqsirləndirilən şəxsə) məxsus olduğunu demişdir. O, polis əməkdaşlarına quldurluq hadisəsi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Polislərin ondan əl çəkməyəcəklərini düşünüb həyətindəki yardımçı tikilinin dam örtüyünün altında gizlətdiyi kiçik bir bükümdə olan marixuananı polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Daha doğrusu özü etiraf edərək həyətdəki tikilinin şiferinin altında balaca bükümdə narkotik vasitə marixuana olduğunu bildirmiş, polislər də həmin bükülünü aşkar edərək götürmüşlər. Həmin narkotik vasitə çox cüzi miqdarda olmuşdur, yəni bəlkə də cinayət tərkibi yaradacaq miqdarda deyildi. Həmin vaxt polislər ona evə keçib paltarlarını geyinməyə də icazə verməmiş, bu səbəbdən o, elə həyətdəcə arvadının verdiyi şalvarı və sviteri geyinmiş, daha sonra əlləri qandallanaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilmişdir. Şöbədə polislər onu ilk növbədə quldurluq hadisəsi ilə bağlı sorğu-sual etmişlər. Sonra quldurluq hadisəsi ilə onun heç bir əlaqəsinin olmadığını görüb, önünə metamfetamin qoyaraq həmin vasitənin onun üzərindən aşkar olunaraq götürüldüyünü etiraf etməsini istəmişlər. Onların istədiklərini yerinə yetirmədiyi üçün əvvəlcə Seyidəhməd adlı polis əməkdaşı onu vurub həmin psixotrop maddənin ondan aşkar olunduğunu etiraf etməsini tələb etmiş, daha sonra isə Afiq adlı polis əməkdaşı da ona bir şillə vuraraq onları yormamağı, əks təqdirdə 1-2 kq narkotik vasitənin ondan aşkar edilməsi ilə bağlı sənədləşmə aparıb külli miqdarda narkotik vasitə ilə həbs olunacağı ilə hədələmişdir. Həmçinin ona bildirilmişdir ki, əgər psixotrop maddənin ondan aşkar edildiyini etiraf etməsə bir neçə həmyerlisini və qohumlarını saxlayıb polis şöbəsinə gətirərək onun həmin şəxslərə narkotik vasitələr satmasını bildirdiyi üçün saxlanıldıqlarını deyəcəklər. Bütün bunların onun üçün rüsvayçılıq olduğunu düşünərək əlacsız qalıb həmin psixotrop vasitənin onun üzərindən aşkar olunduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, əslində polis əməkdaşları tərəfindən Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Məmmədov küçəsində yerləşən evinin yaxınlığında deyil, həmin evin özündə (evin həyətyanı sahəsində) saxlanılıb. Eyni zamanda polis əməkdaşları tərəfindən saxlanması 27 noyabr 2023-cü il tarixdə saat 14.50 radələrində deyil, saat 11 – 12 radələrində baş verib. Həmin vaxt evində polis əməkdaşları tərəfindən qanunsuz olaraq axtarış aparılmış, həmçinin müxtəlif təzyiqlərə məruz qalmışdır. Həmçinin saxlanılarkən üzərində özünə məxsus olmuş az miqdarda marixuanadan başqa hər hansı digər narkotik vasitə, o cümlədən metamfetamin olmayıb. Həyətində gizlətdiyi bir büküm narkotik vasitəni isə ona görə könüllü təqdim etmişdir ki, polislər ondan əl çəksinlər. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şöbənin əməliyyat aparatına ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Əməliyyatda onunla birlikdə şöbənin digər əməkdaşları Şahid2 və Şahid3 da iştirak ediblər. Polis şöbəsinin növbətçi hissəsində təhqiqatçı Rauf Səmədovun rəhbərliyi altında bir neçə polis əməkdaşlarının və vəkil Müdafiəçi iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükülünün içərisində olan psixotrop maddə metamfetamin, yəni şüşəyəbənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlə ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞ-nin «203» saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfi orada olan vəkil Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddənin metamfetamin olduğunu, onu 26 noyabr 2023-cü il tarixdə axşam saat 19 radələrində yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindəki avtobus dayanacağında yerdən, polietilen bükümdə tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid ona verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs evinin həyətində deyil, küçədə saxlanılıb. Bu zaman saat 11 – 12 radələri deyil, 14:50 – 15:00 radələri olubdur. Həmçinin təqsirləndirilən şəxsin saxlanılmasında 10 nəfər və ya buna yaxın sayda polis əməkdaşları iştirak etməyib. Adətən cəmi bir nəfərin saxlanılması üçün 10 nəfər polis əməkdaşının ayrılmasına zərurət də olmur. Həmçinin psixotrop maddə təqsirləndirilən şəxsin öz üzərindən aşkar olunmuş və o, həmin maddənin özünə məxsus olduğunu səmimi etiraf etmiş və həmin maddəni yaşadığı Bankə qəsəbəsindəki avtobus dayanacağının yaxınlığından tapdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona hər hansı bir təzyiq göstərilməsi və ya fiziki zor tətbiq edilməsi, habelə psixotrop maddənin ona polis əməkdaşları tərəfindən təqdim olunmasına dair Təqsirləndirilən şəxs bildirdikləri həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxs saxlanıldığı vaxt narkotik vasitə marixuana aşkar edilməyib. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 27 noyabr 2023-cü il tarixdə saat 11 – 12 radələrində əri Təqsirləndirilən şəxs evdə yatdığı vaxt polis əməkdaşları həyətə gələrək Ruslanı çağırmışlar. O, da gəlib Ruslanı oyadaraq polislərin onu çağırdığını demişdir. Ruslan həyətə düşən zaman həyətdə 10 nəfərə yaxın polis əməkdaş olmuşdur. Polislər həyətə daxil olan kimi əvvəlcə həyətdə axtarış keçirmiş, daha sonra evin içində axtarış aparmışlar. O, polislərdən axtarış aparmaqlarının səbəbini soruşmuş, həmçinin onlardan axtarış aparmaları ilə bağlı müvafiq sənəd təqdim etmələrini tələb etmişdir. Lakin polis əməkdaşları onların evində və həyətində axtarış aparılması ilə bağlı hər hansı bir sənəd təqdim etməmişlər. Adını bilmədiyi bir nəfər polis əməkdaşı Ruslanın gödəkcəsini evdən götürüb həyətə düşürmüşdür. Ruslanı polislər aparmaq istəyən zaman onun əynində bir köynək və idman şalvarı olmuş, ona evə gedib paltarını dəyişməyə də icazə verməmişlər. O, evdən paltar gətirib Ruslana vermiş, Ruslan həyətdə əynini dəyişərək polislərlə bir yerdə getmişdir. Daha sonra o, özü də polis şöbəsinə getmiş, bu zaman işlətdiyi ***-***-**- ** GSM nömrəli telefon aparatı üzərində olmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və şahid X3 bildirmişlər ki, Təqsirləndirilən şəxs saxlanılması vaxtını və şəraitini qonşularının bir çoxu görüblər. Həmin qonşuları şahid qismində dindirmək üçün məhkəməyə dəvət etməsi işin məhkəmə baxışı dövründə müdafiə tərəfinə təklif olunmuş (bu zaman X3 da məhkəmə iclası zalında olub), lakin müdafiə tərəfi hadisəni görmüş qonşularının adlarını məhkəməyə bildirməməklə yanaşı, onları məhkəməyə dəvət etməmişdir. Tədqiq olunmuş sübutların cəminə qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş cinayət əməlini törətməsi faktı sübuta yetirilmiş sayılmalıdır. Məsələ ilə bağlı məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin, habelə şahid X1 ifadələrinə diqqət yetirməyi zəruri sayır. Bununla əlaqədar qeyd olunur ki, təqsirləndirilən şəxs şahid X3 ilə ər-arvad olmaqla hər ikisi işin nəticəsində maraqlıdırlar.. Bunu və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan şəxslərin ifadələri reallıqda baş vermiş hadisələri təhrif etməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq məqsədi güdürlər. Məsələn, təqsirləndirilən şəxs və şahid Lətafət Hüseynova bildirirlər ki, hadisə vaxtı həyətdə 10 nəfərə yaxın polis əməkdaşı olub. Məhkəmə həmin ifadələrə münasibət bildirərək hesab edir ki, cəmi bir nəfər şübhəli şəxsi saxlamaq üçün 10 nəfərə yaxın polis əməkdaşının gəlməsi inandırıcı deyil. Şahid qismində dindirilmiş polis əməkdaşları isə müvafiq əməliyyat tədbirinə yalnız 3 polis əməkdaşının cəlb olunduğunu bildirirlər. Onlar həmçinin qeyd etmişlər ki, əməliyyat tədbirinə “Seyidəhməd” (X4) adlı polis əməkdaşı cəlb olunmamışdır. Müdafiə tərəfi vəsatət verərək təqsirləndirilən şəxsin (055)-278-79-75, X1 (077)- 532-34-69, Şahid1 (050)-380-70-50 və (070)-380-70-50, Şahid2 (055)-674-50-47, Şahid3 (050)-877-46-50 və X2 (051)-647-77-77 GSM nömrələrinin 27 noyabr 2023-cü il tarixi üzrə anten məlumatlarının əldə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Həmin vəsatət məhkəmənin 27 mart 2024-cü il tarixli qərarı ilə təmin edilmiş əldə olunmuş anten məlumatları məhkəmə baxışı dövründə tədqiq edilmişdir. Anten məlumatlarını hərtərəfli tədqiq edərək məhkəmə qeyd edir ki, bu məlumatlara əsaslanmaqla təqsirləndirilən şəxsin konkret olaraq harada saxlandığını (ittiham aktında göstərilən yerdə və ya təqsirləndirilən şəxsin yaşadığı evin həyətində) dəqiq müəyyən etmək praktik cəhətdən mümkün deyil. Göstərilən məlumatlar əməliyyat tədbirinin saat 11.00 – 12:00 və ya 14:50 – 15:00 radələrində keçirildiyinə dair qəti qənaətə gəlmək üçün də kifayət etmir. Bu səbəbdən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığı yeri, saatı və şəraiti müəyyən etmək üçün anten məlumatları deyil iş üzrə toplanmış digər sübutlar əsas götürülməlidir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində psixotrop maddə metamfetamin aşkar edildiyini işin məhkəmə baxışı zamanı inkar etdiyinə baxmayaraq, iş üzrə ibtidai araşdırma dövründə verdiyi izahatlarında psixotrop maddəni 26 noyabr 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindəki avtobus dayanacağında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, 27 noyabr 2023-cü il tarixdə saat 14.50 radələrində polis əməkdaşlarının onun saxlayaraq polis şöbəsinə apardıqlarını, polis şöbəsində müdafiəçisinin iştirakı və videoçəkilişlə aparılan şəxsi axtarış zamanı psixotrop maddənin ondan aşkar edildiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs müvafiq məzmunlu izahatlarını müdafiəçisinin iştirakı ilə verib. Psixotrop maddənin məhz təqsirləndirilən şəxsdən aşkar olunması faktı cinayət işinin materiallarına əlavə edilmiş kompakt diskdəki videoçəkiliş, habelə «şəxsi axtarış və götürmə barədə» 27 noyabr 2023-cü il tarixli protokolla da təsdiq olunur. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, ibtidai araşdırma dövründə polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb. Məhkəmə təqsirləndirilən şəxsin ona qarşı fiziki təzyiq göstərildiyinə dair bildirdiklərini də inandırıcı saymır. Belə ki, təqsirləndirilən şəxs istər barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair təqdimata məhkəmədə baxıldığı vaxt, istərsə də sonradan fiziki təzyiqlərə məruz qalmasına dair heç nə bildirməmiş, bununla bağlı heç bir dövlət orqanına müraciət etməmişdir. Yuxarıda göstərilən videoyazıda da təqsirləndirilən şəxsin üzərində hər hansı xəsarət izi görünmür. Beləliklə, təqsirləndirilən şəxsə qarşı işgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftara yol verilməsi halı müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri işin digər faktik halları ilə məcmu şəkildə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən 27 noyabr 2023-cü il tarixində 1,076 qram psixotrop maddə metamfetamin aşkar olunması halı sübuta yetirilmiş sayılmalıdır. Təqsirləndirilən şəxsin ittiham aktının nəticəvi hissəsində göstərilən yerdə deyil, yaşadığı evdə saxlanıldığına dair məhkəməyə bildirilənlər də heç bir mötəbər sübutla müəyyən edilmir. Əksinə, toplanmış sübutların məcmusundan görünür ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən məhz Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saat 14:50-də deyil, 11:00 – 12:00 radələrində saxlanılması halı da işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bunu vurğulamaqla yanaşı, məhkəmə eyni zamanda qeyd edir ki, hətta təqsirləndirilən şəxsin 14:50-də deyil, 11:00 – 12:00 radələrində, yəni ittiham aktında göstəriləndən 2 – 3 saat fərqlə saxlanılması halı müəyyən edilmiş olsa belə, bu hal ona bəraət verilməsi üçün əsas ola bilməz. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 27 noyabr 2023-cü il tarixli 18/1085 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş, üzərində: «…Təqsirləndirilən şəxs…» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 1,076 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»in İ siyahısına daxildir. 18 dekabr 2023-cü il tarixli 8278 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Qeyd olunur ki, Hüseynov X6 Rayon Məhkəməsinin 1(053)-40/2022 nömrəli iş üzrə 27 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzasının əvvəli 03 yanvar 2022-ci il tarixindən hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 7(057)-262/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Belə ki, mövcud vəziyyətdə daha yüngül cəza təyin olunması ilə cəzanın Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilmiş məqsədinə çatmaq mümkün deyil. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,976 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 27 noyabr 2023-cü il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,976 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar