Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-16/2025 26.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Neftçala rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 06-08 noyabr 2024-cü il tarixləri üzrə tutulmuş, 08 noyabr 2024-cü il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 13,53 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 06 noyabr 2024-cü il tarixdə, saat 21:30 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonunun Yenikənd kəndi ərazisində, yaşadığı evin yaxınlığında, yolun kənarında saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rǝgli gödəkçənin sol yan cibindən sellofan bükülüdə təmiz çəkisi 13,53 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Neftçala rayonu Yenikənd kəndində anası birlikdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmaqla çörək pulu qazanır. Uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Hadisə ilə əlaqədar qeyd edir ki, təxminən 15 gün bundan əvvəl Bakı şəhərindən rayona qayıtmaq üçün Lökbatan dairəsi adlanan yerə getmişdir. Orada taksi gözləyərkən yolun kənarında sellofan bükülü olduğunu görmüşdür. Həmin bükülüyə ayağı ilə toxunmuşdur. İçərisinin dolu olduğunu bilmişdir. Bundan sonra bükülünü götürüb açaraq içərisinə baxmışdır. İçərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğunu görmüşdür. Həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə əynində olan gödəkçənin cibinə qoymuşdur. Neftçala rayonuna gəldikdən sonra həmin narkotik vasitədən bir dəfə siqaretə doldurub istifadə etmişdir. Sonra yenə istifadə etmək üçün gödəkçənin cibinə qoymuşdur. 06 noyabr 2024-cü il tarixdə, saat təxminən 21:30 radələrində əmisigilə getmək üçün tələsik evdən çıxmışdır. Buna görə də narkotik vasitə gödəkçəsinin cibində qalmışdır. Təxminən bir kilometr getdikdən sonra bir avtomobil yanında dayanmışdır. Avtomobildən düşən şəxslər polis əməkdaşları olduqlarını deyərək xidməti vəsiqələrini göstərmişlər. Polislər ona narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu demişlər və üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuşlar. O da üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu demiş və əynində olan gödəkçənin sol yan cibindəki bükülünü polislərə təqdim etmişdir. Polis əməkdaşları ona həmin kütləni hansı məqsədlə üzərində saxladığını soruşmuşlar. O da istifadə etmək üçün üzərində saxladığını demişdir. Polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı üzərindən bir ədəd alışqan, bir ədəd “Samsung A10” markalı mobil telefon, bir qutu üzərində “West” yazılmış siqaret və bir cüt corab aşkar edilmişdir. Üzərindən qanunla qadağan edilən başqa əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş kütlə qablaşdırdıqdan sonra protokol tərtib edilməsi üçün polis şöbəsinə getmişlər. Polis şöbəsində protokol tərtib edilmişdir. O da protokola imza etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuşdur. Ona müdafiəçi təqdim edilmişdir. Hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş kütləyə baxış keçirilmiş və üzərində təkrar şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı həmin kütlənin nə olduğunu və hansı məqsədlə üzərində saxladığını soruşmuşdur. O da həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, istifadə etmək üçün üzərində saxladığını, heç kimə satmadığını demişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana içi boş kağız zərfdə qablaşdırılmış, zərflər üçün 203 saylı möhür ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Mobil telefonu, siqareti və bir cüt corabı ona geri qaytarılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, polis əməkdaşları, müdafiəçi və o narkotikin aşkar edilməsi ilə bağlı tərtib edilmiş protokola imza etmişdir. Bildirir ki, yol verdiyi qanunazidd əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Neftçala RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Hadisə ilə əlaqədar bildirir ki, 06 noyabr 2024-cü il tarixdə Neftçala rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs kənd ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 06 noyabr 2024-cü il tarixdə, saat təxminən 21:30 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu Yenikənd kəndi ərazisində, yaşadığı evindən bir kilometr kənarda, yolun kənarında görüb video çəkiliş ilə saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan edilmiş narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu izah edərək üzərində qanunla qadağan edilmiş predmet olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd polietilen bükümü təqdim edərək narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, üzərindən 01 ədəd üzərində “West” yazılmış siqaret qutusu, 01 cüt corab və 01 ədəd “Samsung A10” markalı mobil telefon aşkar edilmişdir. Narkotik maddə qurudulmuş marixuanaya bənzər kütlə kağız zərfdə qablaşdırılaraq 203 saylı möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Neftçala RPŞ-nin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə bir daha şəxsi axtarış keçirilmiş və aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Aşkar olunmuş büküm açılıbbaxıldıqda içində marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, xx.xx.2024-cü il tarixli, 18/902 nömrəli Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «...Təqsirləndirilən şəxs üzərindən..» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 13,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2024-cü il tarixli, 839 nömrəli narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,43 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 - 08 noyabr 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,43 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-16/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-16/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver