Məhkəmə qərarları › İş №1(053)-18/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-18/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-18/2024 13.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1987-ci ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Qədimkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 28 – 30 noyabr 2023-cü il tarixləri üzrə tutulmuş, 30 noyabr 2023-cü ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 21,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 28 noyabr 2023-cü il tarixdə saat 09.15 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Qədimkənd kəndində yaşadığı evin yaxınlığındakı küçədə saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən sellofana bükülmüş bir ədəd bükülüdə təmiz çəkisi 21,65 qram, xeyli miqdarda olan narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Qədimkənd kəndində ailəsi ilə birgə yaşayır. 5 ildən çoxdur ki, narkotik vasitə marixuana istifadə edir. Təxminən 2023-cü ilin sentyabr ayının sonlarında heyvanları otlaq sahəsinə apararkən yerdə sellofan torba görmüş, onu götürüb içərisinə baxanda görmüşdür ki, torbanın içərisində marixuana var. Həmin torbanı götürüb özü ilə evə gətirmiş və heyvanların tövləsində gizlətmişdir. Hərdənbir marixuanadan bir qədər götürüb istifadə etmiş və cəmi bir-iki istifadəlik hissəsi qalmışdır. 28 noyabr 2023-cü il tarixdə saat 08 radələrində heyvanları çölə ötürəndən sonra yenə də sonuncu istifadəsi üçün saxladığı sellofan bükülünü götürüb cibinə qoymuşdur ki, çöldə istifadə edər. Heyvanları çöl sahəyə ötürdükdən sonra evinin yaxınlığındakı qaz borusunun üzərində oturmuşdur. Həmin vaxt əynində göy rəngdə olan gödəkcə olub. Marixuana olan sellofanı da həmin gödəkcənin cibinə qoyub. Saat təxminən 09 radələrində mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşları olduqlarını və üstündə qanunsuz narkotik vasitə saxlaması barədə məlumatlarının olduğunu bildirmişlər. O, da həmin şəxslərin polis əməkdaşları olduğuna əmin olub, onlara üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları onu Neftçala Rayon Polis Şöbəsinə aparacaqlarını bildirib avtomobilə əyləşdirmişlər və Neftçala Rayon Polis şöbəsinə aparmışlar. Neftçala Rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişlə təhqiqatçı ona üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunacağını bildirmişdir. Bu zaman ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi təqdim edilmişdir. Maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir. Sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuş, üstündə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, habelə təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qeyri-qanuni hər hansı əşya varsa təqdim etsin. Videoçəkliş zamanı əynindəki göy rəngli gödəkcənin sağ yan cibində 01 (bir) ədəd bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı təhqiqatçıya təqdim etmişdir. Üzərində saxladığı? şəxsi axtarış zamanı aşkar edilmiş, sellofan bükülüdə olan narkotik vasitə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O, da həmin protokola və narkotik vasitə qoyulan kağız zərfə imza etmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu, Qədimkənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Bu məqsədilə tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə rəsmi qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdə saat 09.15 radələrində Neftçala rayonu, Qədimkənd kəndində yaşadığı evinin yaxınlığındakı küçədə saxlamışlar. Əvvəlcə ona yaxınlaşaraq özlərini təqdim edib, daha sonra üzərində narkotik vasitə saxlaması barədə olan məlumat əsasında saxlanıldığını izah etmişlər. Özünü təqdim edən Təqsirləndirilən şəxs üzərində az miqdarda qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin vaxt sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə Təqsirləndirilən şəxs Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, Təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, həmçinin ona müdafiəçi təyin edilmişdir. Növbətçi hissədə polis əməkdaşları və Müdafiəçi iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçı Tariyel Əmirov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməyi təklif etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu və əynindəki göy rəngli gödəkcəsinin sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş, bir ədəd bükülünü təqdim etmişdir. Bükülüyə baxış zamanı içində qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 Fizuli oğlu Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx.xx.2023-cü il tarixli 18/1089 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «…Təqsirləndirilən şəxs…» sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükülüdə təmiz çəkisi – 21,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). xx.xx.2024-cü il tarixli 83 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, 2 (iki) nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,60 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 – 30 noyabr 2023-cü il tarixlər üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,60 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar