Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-18/2025 12.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 19 avqust 1974-cü il tarixdə Neftçala rayonu, Qədimkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Neftçala rayonu, Qədimkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 20- 22 yanvar 2025-ci il tarixləri üzrə tutulmuş, 22 yanvar 2025-ci il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 9,90 qram, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 20 yanvar 2025-ci il tarixdə, saat 15:30 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Neftçala rayonu, Qədimkənd kəndi ərazisindən keçən Kür çayının yaxınlığında saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 9,90 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Neftçala rayonu, Qədimkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Ağrıları olduğundan ara-sıra narkotik vasitələrdən istifadə edir. 20 yanvar 2025-ci il tarixdə, səhər saatlarında yaşadığı Neftçala rayonu, Qədimkənd kəndində Kür çayının sahilində olan zaman, yerdən bir ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana tapmışdır. Bükümü açan kimi marixuananı tanıyıb bir dəfə siqaretə doldurub çəkmişdir. Qalan narkotik vasitəni də başqa vaxt istəsə çəkər deyə şalvarının cibinə qoyub saxlamışdır. Həmin gün saat 15 radələrində narkotik vasitədən istifadə etmək üçün yaşadığı kəndin ərazisindən keçən Kür çayı istiqamətinə getmişdir. Yolda iki nəfər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və üstündə qanunsuz narkotik vasitə saxlaması barədə məlumatları olduğu üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər. Videoçəkilişlə ona təklif olunmuşdur ki, üstündə narkotik vasitə varsa təqdim etsin. O da üzərində olan narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı içərisində marixuana olan həmin sellofan bükümü polis əməkdaşına təqdim etmişdir. Orada üzərinə baxış keçirilmiş, şəxsi əşyalarından başqa cinayət xarakterli predmet aşkar olunmamışdır. Daha sonra onu Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində də videoçəkilişlə barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunmuş, ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi ona təqdim edilmişdir. Maddi imkanı olmadığından Müdafiəçi onun hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir. Barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunduqdan sonra ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərində şəxsi axtarış zamanı digər cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş narkotik vasitə olan marixuananı özü qəbul etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız istifadə etdiyini, həmin narkotik vasitədən pay olaraq da heç kimə vermədiyini bildirmişdir. Bildirir ki, yol verdiyi qanunazidd əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Neftçala RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Hadisə ilə əlaqədar bildirir ki, 20 yanvar 2025-ci il tarixdə Neftçala rayonu, Qədimkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyi və üzərində daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmiş, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunduqdan sonra, Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 15:30 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu, Qədimkənd kəndi ərazisindən keçən Kür çayının yaxınlığında olan zaman müşahidə etmişlər. Videoçəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitə istifadə etməsi və üzərində daşımasında şübhəli olduğunu izah etmiş, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. O, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümünü çıxarıb içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd polietilen kəsiyi bükümündə olan kütləyə baxış keçirilmişdir. Baxış zamanı həmin kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı kənd ərazisindən keçən Kür çayının sahilindən tapdığını, istifadə etmək üçün əynindəki şalvarının cibində saxladığını, heç kimə pul müqabilində və pay olaraq vermədiyini bildirmişdir. Bundan sonra 01 ədəd polietilen bükümdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd zərfdə qablaşdırılıb DİN-in “203” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və polis əməkdaşları protokola imza etmişlər. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ilə birlikdə rayon polis şöbəsinə gətirib, növbətçi hissəyə təhvil vermişlər. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi təyin edilmişdir. Bundan sonra müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, eləcə də aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet, əşya aşkar edilməmişdir. Həmin vaxt da təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması qeyd edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlə təkrar qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib edilmiş, protokol düzgün yazıldığı üçün o da digər iştirakçılar kimi protokola imza çəkmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, 21 yanvar 2025-ci il tarixli, 18/52 nömrəli Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 9,90 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 23 yanvar 2025-ci il tarixli, 31 nömrəli narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, həmçinin, şəkərli diabet xəstəsi olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,80 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 - 22 yanvar 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,80 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-18/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-18/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver