Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-19/2024 05.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 25 avqust 1965-ci ildə Lənkəran rayonu, Alxovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü ildə saat 09 radələrində texniki cəhətdən saz vəziyyətdə olan «Mitsubishi Canter» yük markalı 01AD029 dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhədi yolunun Neftçala rayonu ərazisindən keçən 87,9-cu kilometrliyində Astara rayonu istiqamətdə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda yük avtomobilinin dayanmış vəziyyətdə olmasını nəzərə alaraq vaxtında avtomobilin sürətini azaltmalı, həmin avtomobil ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla yük avtomobilinin sol tərəfindən ötüb keçməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sağ zolağın sağ hissəsində dayanmış vəziyyətdə olan Şahid2 sükan arxasında olduğu «Benz Sİ 626/6» yük markalı 90AA693 İran qeydiyyat nişanlı, 90AA694 qeydiyyat nişanlı qoşqulu avtomobilə arxadan çırpılmış, nəticədə ehtiyatsızlıqdan «Mitsubishi Canter» yük markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs bədənin ağır küt travması, sağ yuxarı ətrafın bazunun aşağı 1/3 hissəsindən travmatik amputasiyasi, sağ bud və baldır sümüklərinin çoxsaylı yerini dəyişən açıq qəlpəli sınıqları, sağ bud və baldır nahiyəsində geniş ölçülü əzilib-cırılmış yaralar, alının sağ yarısında, sağ yanaq-çənə nahiyəsində, döş qəfəsinin sağ və sol yarısında səthi yaralar, alının sol yarısında, döş qəfəsinin sol yarısında, hər iki kürək və bel nahiyəsində, sol bud və baldır nahiyəsində çoxsaylı sıyrıqlar, sağ yuxarı və aşağı ətrafların magistral qan damarlarının zədələnməsi, xarici qanitirmə kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, "xxxx" MMC-də sürücü kimi işləməklə həmin MMC-yə məxsus «Mitsubishi Canter» yük markalı 01AD029 dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqi əsasında idarə edir. Həmin yük avtomaşınını idarə etmək üçün sürücülük vəsiqəsi var. 16 dekabr 2023-cü ildə Zərərçəkmiş şəxs ilə birlikdə idarə etdiyi «Mitsubishi Canter» yük markalı 01AD029 dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayonu istiqamətdə sağ zolaqla hərəkətdə olmuşdur. Həmin vaxt yolun Neftçala rayonu ərazisindən keçdikdə qarşıda sağ zolaqda tanımadığı yük avtomaşının dayanmış vəziyyətdə olduğunu görmüş, bu zaman sola dönmə işıqları yandırmaqla sol zolağa keçmək istədikdə arxadan eyni istiqamətdə hərəkətdə olan tanımadığı minik avtomaşınlarının hərəkətdə olduğunu görmüşdür. Elə həmin vaxt bir qədər irəli getməklə sol zolağa çıxmaq istədikdə avtomaşının qabaq sağ hissəsi dayanmış vəziyyətdə olan «Benz Sİ 626/36» yük markalı 90AA693 İran qeydiyyat nişanlı avtomaşının qoşqusuna arxadan çırpılmışdır. Hadisə zamanı sərnişin Vüqar ilə birgə müxtəlif bədən xəsarətləri aldığından Biləsuvar RMX-da müayinə olunmuşdur. Hadisə zamanı avtomaşında olan sərnişin Vüqarın vəfat etdiyini sonradan bilmişdir. Qeyd edir ki, hadisə vaxtı hava şəraitini, həmçinin avtomaşının yüklü olmasını nəzərə alıb avtomaşını təxminən 67-68 km/saat sürətlə idarə etmişdir, halbuki həmin yolda maksimal sürət həddi 110 km/saatdır. Təəssüf hissi ilə qeyd edir ki, mərhum Zərərçəkmiş şəxs avtomaşında olarkən təhlükəsizlik kəmərini taxmamışdır. Mərhum əgər təhlükəsizlik kəmərini taxsaydı, böyük ehtimal ki, xəsarəti yüngül olardı, yəni sağ qalardı. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş, teleqramla müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını, onunla barışdığını, səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 işin ibtidai istintaqı zamanı mərhum Zərərçəkmiş şəxs onun doğma oğlu olduğunu, 16 dekabr 2023-cü ildə saat 09 radələrində yaşadığı evdə olduğu zaman oğlu Vüqarın Ələt-Astara yolunun Neftçala rayonu ərazisində yol qəzasına düşməsini eşitdiyini, dərhal hadisə yerinə gəldikdə «Mitsubishi Canter» yük markalı avtomaşının qabaq sağ hissəsinin İran yük avtomaşınının qoşqusuna arxadan çırpılmış vəziyyətdə olduğunu gördüyünü, daha sonra Biləsuvar RMX-na getdiyini və oğlu Vüqarın artıq vəfat etdiyini bildiyini, baş vermiş yol-nəqliyyat hadisəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmasını xahiş etdiyini bildirmişdir. İş üzrə şahidlər – Şahid1 və Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verildiyinə baxmayaraq, gəlməmişlər. Onların məhkəməyə məcburi gətirilmələri barədə qərar qəbul edilərək aidiyyəti polis şöbələrinə göndərilmiş, lakin qərarın icrası təmin edilmədiyindən, onların məhkəmədə dindirilməsi mümkün olmamışdır. Şahid1 işin ibtidai istintaqı zamanı tanışı T.Aslanova məxsus «Qaz 33212» yük markalı 04BJ141 dövlət qeydiyyat nişanlı avtomaşını istifadə etdiyini, 16 dekabr 2023-cü ildə saat 09 radələrində idarə etdiyi «Qaz 33212» yük markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayonu istiqamətində hərəkətdə olduğunu, yolu Neftçala rayonu ərazisindən keçdikdə təxminən 100 metr məsafədən qarşısında eyni istiqamətdə hərəkətdə olan «Mitsubishi Canter» yük markalı 01AD029 dövlət qeydiyyat nişanlı avtomaşının, sağ zolağın kənarında dayanmış «Benz Sİ 626/36» yük markalı qoşqulu avtomaşına arxadan çırpıldığını gördüyünü, həmin vaxt da dərhal avtomaşınını saxlamaqla xəsarət alanlara yardım etdiyini bildirmişdir. Şahid2 işin ibtidai istintaqı zamanı «Benz Sİ 626/36» yük markalı 90AA693 İran qeydiyyat nişanlı, 90AA693 qeydiyyat nişanlı qoşqulu avtomaşını idarə etmək üçün İİR-da sürücülük vəsiqəsi aldığını, Lənkəran rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, 16 dekabr 2023-cü ildə saat 09 radələrində idarə etdiyi «Benz Sİ 626/36» yük markalı 90AA693 İran qeydiyyat nişanlı qoşqulu avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayonu istiqamətində sağ zolaqla hərəkətdə olduğunu, Neftçala rayon ərazisindən keçdikdə ani olaraq arxadan tappıltı səsi eşitdiyini, avtomaşını saxlayıb, sükan arxasından düşdükdən sonra «Mitsubishi Canter» yük markalı avtomobilin qabaq sağ hissəsinin yük avtomaşının qoşqusuna arxadan çırpıldığını bildiyini, hadisə zamanı yük avtomaşınında tək olmaqla xəsarət almadığını bildirmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı təqsirləndirilən şəxsin öz ifadəsi ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən yolnəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 12 yanvar 2024-cü il tarixli 8/3846 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mitsubishi Canter markalı, 01AD029 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə əsasən avtomobillər arasında toqquşma Benz Sİ 626/36 markalı, 90AA693 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu vəziyyətdə olarkən baş verməsinə xarakterikdir. Benz Sİ 626/36 markalı, 90AA693 dövlət qeydiyyat nişanlı qoşqulu avtomobilin sürücüsü Şahid2 hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 11-ci tələblərinə uyğunsuzluq olmuşdur. Lakin toqquşmanın Benz Sİ 626/36 markalı, 90AA693 dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətində baş verməsi nəzərə alınmaqla sürücü Şahid2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 11-ci tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilir». Meyitin ekspertizası ilə bağlı 16 dekabr 2023-cü il tarixli 44 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1995-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinələrinə əsasən, ilk məlumatı nəzərə alaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: Bədənin ağır küt travması. Sağ yuxarı ətrafın bazunun aşağı 1/3 hissəsindən travmatik amputasiyası, sağ bud və baldır sümüklərinin çoxsaylı yerini dəyişən açıq qəlpəli sınıqları, sağ bud və baldır nahiyəsində geniş ölçülü əzilib-cırılmış yaralar, alının sağ yarısında, sağ yanaq-çənə nahiyəsində, döş qəfəsinin sağ və sol yarısında səthi yaralar, alının sol yarısında, döş qəfəsinin sol yarısında, hər iki kürək və bel nahiyəsində, sol bud və baldır nahiyəsində çoxsaylı sıyrıqlar. Sağ yuxarı və aşağı ətrafların magistral qan damarlarının zədələnməsi, xarici qanitirmə. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, qərarda göstərilmiş vaxtda və şəraitdə, yəni 16 dekabr 2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. 2. Mərhum Zərərçəkmiş şəxs ölümünə sağ yuxarı və aşağı ətrafların magistral qan damarlarının zədələnməsi nəticəsində əmələ gəlmiş xarici qanitirmə səbəb olmuşdur.
3. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-6 saat əvvəl baş vermişdir». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 08 yanvar 2024-cü il tarixli 24 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1965-ci il təvəllüdlü Vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən, ilk məlumatı nəzərə alaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Vət. Təqsirləndirilən şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın təpə nahiyəsində hematoma, başın təpə və sağ gicgah nahiyəsində, sağ mil-bilək oynağı və sağ əl nahiyəsində əzilmiş yaralar müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül vurmaya aiddir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən də olsa təqsirli bildiyini və peşman olduğunu, əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmadığını, hadisə vaxtı özünün də xəsarət aldığını, zərərçəkmiş şəxsin hüququ varisinin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Mitsubishi Canter» yük markalı 01AD029 dövlət qeydiyyat nişanlı avtomaşın və «Benz Sİ 626/36» yük markalı 90AA693 İran qeydiyyat nişanlı, 90AA694 qeydiyyat nişanlı qoşqulu avtomaşın saxlanılması üçün sahiblərinə təhvil verildiyindən onların sərəncamına verilmiş sayılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Mitsubishi Canter» yük markalı 01AD029 dövlət qeydiyyat nişanlı avtomaşın və «Benz Sİ 626/36» yük markalı 90AA693 İran qeydiyyat nişanlı, 90AA694 qeydiyyat nişanlı qoşqulu avtomaşın saxlanılması üçün sahiblərinə təhvil verildiyindən onların sərəncamına verilmiş sayılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən Ceyhun Qədimov