Məhkəmə qərarları › İş №1(053)-2/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-2/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-2/2023 12.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə 25 avqust 1989-cu ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, hazırkı işlə bağlı 18 – 20 may 2022-ci il tarixləri üzrə tutulmuş və 20 may 2022-ci ildə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, başqa bir cinayət işi üzrə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə və xx xxxx 1992-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanda yaşayan, hazırkı işlə bağlı 18 – 20 may 2022-ci il tarixləri üzrə tutulmuş və 20 may 2022-ci ildə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin 1(053)-13/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5ci maddəsi tətbiq olunmaqla 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (cəzasının əvvəli 29 avqust 2022-ci il tarixindən hesablanır) və hazırda həmin hökm üzrə cinayət cəzası çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq 2022-ci il aprel ayının sonralarında günü istintaqa məlum olmayan tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 4da yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin mətbəxinin pəncərəsini itələyib həmin pəncərəni açmaqla evə qanunsuz daxil olaraq evdən 80 manat dəyərində «Redmond» markalı 1 ədəd çoxfunksiyalı elektrik qazanını, 10 manat dəyərində 1 ədəd çemodanı, 20 manat dəyərində 1 ədəd şirəçəkən aparatı, 10 manat dəyərində 1 ədəd ütünü, 40 manat dəyərində 1 ədəd suvenir baltanı, 5 manat dəyərində 1 ədəd zəngli saatı, 25 manat dəyərində 1 ədəd elektrik drelini, 40 manat dəyərində 1 ədəd laqondanı, 60 manat dəyərində «Çayka 143» markalı 1 ədəd paltartikən maşını və 50 manat dəyərində santexnik materiallarını, ümumilikdə 340 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq 2022-ci ilin aprel ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 4da yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra evin mətbəxinin pəncərəsini itələyib həmin pəncərəni açmaqla evə qanunsuz daxil olaraq evdən 80 manat dəyərində «Redmond» markalı 1 ədəd çoxfunksiyalı elektrik qazanını, 10 manat dəyərində 1 ədəd çemodanı, 20 manat dəyərində 1 ədəd şirəçəkən aparatı, 10 manat dəyərində 1 ədəd ütünü, 40 manat dəyərində 1 ədəd suvenir baltanı, 5 manat dəyərində 1 ədəd zəngli saatı, 25 manat dəyərində 1 ədəd elektrik drelini, 40 manat dəyərində 1 ədəd laqondanı, 60 manat dəyərində «Çayka 143» markalı 1 ədəd paltartikən maşını və 50 manat dəyərində santexnik materiallarını, ümumilikdə 340 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yaşayır. İşləmir. Əvvəllər bir neçə dəfə cinayət törətdiyinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 ilə də həbsdə olarkən tanış olmuşdur. Ceyhunla hərdənbir görüşmüşlər. 2022-ci ilin aprel ayının sonlarında Ceyhunla Neftçala şəhərində görüşmüş və şəhərdə bir qədər gəzmişlər. Saat 03 radələrində Neftçala şəhəri, A.Mütəllimov küçəsindən keçərkən sahibini tanımadıqları bir evin qapısında qıfıl olduğunu görmüşlər. Pula ehtiyacları olduğu üçün qərara gəlmişlər ki, həmin evə oğurluğa girsinlər və nə tapsalar götürsünlər. Bu vaxt ətrafda heç kim olmamışdır. Birlikdə həmin evə yaxınlaşaraq hasarını aşmaqla həyətə daxil olmuşlar. Evin ətrafını gəzib arxa tərəfə keçmişlər. Evin arxa tərəfində taxta pəncərə diqqətlərini cəlb etmiş və o, dırmaşaraq pəncərəyə qalxıb pəncərəni itələyərək açmışdır. Həmin pəncərədən sonra başqa bir pəncərə də olduğunu görmüşdür. Həmin pəncərənin yuxarı hissəsində setka olmuşdur. O, setkanı cırıb əlini salaraq cəftəni içəridən açmışdır. Daha sonra hər ikisi evə daxil olmuşlar. Bundan sonra evi axtarmağa başlamışlar. Mətbəxə daxil olaraq orada olan elektrik qazanını götürüb mətbəxin yanındakı otağa keçmişlər. Ceyhun orada zəngli saat və digər xatırlamadığı əşyaları götürüb elə oradakı çemodana yığmış və daha sonra onlar evdən çıxmışlar. Əvvəl Ceyhun hasardan küçəyə tullanmışdır. O, da əşyalyaları hasardan Ceyhuna verdikdən sonra hasarı aşaraq küçəyə tullanmışdır. Oğurladıqları əşyalardan təkcə elektrik qazanını özü götürmüş, qalanı isə Ceyhunda qalmışdır. Bundan sonra hərə öz evinə getmişdir. Həmin vaxtdan sonra Ceyhunu görməmişdir. Elektrik qazanını gətirib öz evində gizlətmişdir. Səhəri günü dostu Əyyubgilin evinə gedərək qazanın özünün olduğunu və istifadə etmədiyi üçün satdığını bildirmişdir. Əyyuba qazanın oğurluq olduğunu deməmişdir. Əyyub qazanı istəmədiyini, lakin onun üçün sata biləcəyəni bildirmişdir. Əyyub qazanı aparıb kiməsə satmış və gətirib ona 25 manat pul vermişdir. O, da həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 18 may 2022-ci il tarixdə o, evdən çıxıb küçə ilə gedərkən ona mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin ona Neftçala şəhər sakini Zərərçəkmiş şəxs evində baş vermiş oğurluqda şübhəli olduğunu bildirmişlər. O, da törətdiyi oğurluq əməlini etiraf etmiş və hadisəni polis əməkdaşlarına danışmışdır. Daha sonra polis əməkdaşları onu Neftçala RPŞ-nə gətirmişlər. Bu cinayətdən başqa oğurluq etməmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala şəhəri, M.Əsədov küçəsi, ev 19, mənzil 16 ünvanında yaşayır. İşləmir. Əvvəllər bir neçə dəfə cinayət törətdiyinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 onun tanışıdır. Heydərlə həbsdə olduğu müddətdə tanış olmuş və arabir görüşmüşlər. Heydərlə 2022-ci ilin aprel ayının sonlarında görüşüb Neftçala şəhəri ərazisində söhbət edərək bir qədər gəzmişlər. Saat 03 radələrində Neftçala şəhəri, A.Mütəllimov küçəsindən keçərkən bir evin qapısında qıfıl olduğunu görmüşlər. Pula ehtiyacları olduğu üçün qərara gəlmişlər ki, həmin evə oğurluğa girsinlər və nə tapsalar götürsünlər. Həmin vaxt ətrafda heç kim olmamışdır. Onlar yaxınlaşıb hasarı aşaraq həyətə daxil olmuşlar. Evin ətrafını gəzib arxa tərəfə keçdikdə arxa tərəfdə olan taxta pəncərə diqqətlərini cəlb etmişdir. Heydər dırmaşıb pəncərəyə qalxmış və pəncərəni itələməklə açmışdır. Həmin pəncərədən sonra setkası olan daha bir pəncərə də olmuşdur. Heydər pəncərənin setkasını cırıb əlini salaraq cəftəni içəridən açmışdır. Daha sonra onlar evə daxil olub evi axtarmağa başlamışlar. Əvvəl mətbəxdəki elektrik qazanını götürmüşlər. Daha sonra mətbəxin yanındakı digər otağa keçmişlər. O, əvvəlcə evdə olan köhnə çemodanı götürüb içərisinə evdən oğurladıqları zəngli saatı, laqondanı, şirəçəkən aparatı, ütünü, paltartikən maşını, müxtəlif santexnik materiallarını, dreli və suvenir baltanı yığmışdır. Daha sonra onlar evdən çıxmışlar. Əvvəl o, hasardan küçəyə tullanmış, Heydər isə əşyaları hasardan ona vermişdir. Daha sonra Heydər də hasardan aşmaqla küçəyə tullanmışdır. Heydər oğurladıqları əşyalardan təkcə elektrik qazanını götürmüşdür. Bundan sonra hərə öz evinə getmişdir. O, həmin vaxtdan Heydəri görməmişdir. Yolda evə gedəndə gücü çatmadığı üçün dreli, müxtəlif santexnik materiallarını, laqondanı və şirəçəkən aparatı çemodandan çıxarıb zibilliyə atmışdır. Qalan oğurladığı əşyaları gətirib öz evində gizlətmişdir. Həmin əşyalardan heç birini satmamışdır. 18 may 2022-ci il tarixdə evdən çıxıb küçə ilə gedərkən ona mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin bildirmişlər ki, Neftçala şəhər sakini Zərərçəkmiş şəxs evində baş vermiş oğurluqda şübhəlidir. O, bu vaxt törətdiyi cinayət əməlini etiraf edib hadisəni polis əməkdaşlarına danışmışdır. Daha sonra polis əməkdaşları onu Neftçala RPŞ-nə gətirmişlər. Törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 4da ailəsi ilə birlikdə yaşadığını, əvvəllər tikinti sahəsində müxtəlif vəzifələrdə çalışdığını, hazırda təqaüddə olduğunu, 26 aprel 2022-ci il tarixdə Ramazan bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə getdiyini, bir müddət Bakı şəhərində qaldıqdan sonra 17 may 2022-ci il tarixdə Neftçala şəhərinə evinə gəldiyini, həyətə girdikdən sonra evin arxa tərəfinə keçib qaz sayğacını açmağa gedərkən evin mətbəxinin taxta pəncərəsinin cəftəsinin sındırıldığını və pəncərənin açıq olduğunu gördüyünü, evə girib baxmaq istəyərkən qapının içəridən örtüldüyünü və buna görə də mətbəxin pəncərəsindən birtəhər evə girib qapını açdığını, evin dağıdıldığını və müxtəlif əşyalarnın oğurlandığını gördüyünü, ətraflı baxdıqda isə evdən 200 manat dəyərində 1 ədəd çoxfunksiyalı elektrik qazanının, 50 manat dəyərində 1 ədəd çemodanın, 70 manat dəyərində 1 ədəd şirəçəkən aparatın, 20 manat dəyərində 1 ədəd ütünün, 50 manat dəyərində 1 ədəd suvenir baltanın, 5 manat dəyərində 1 ədəd zəngli saatın, 100 manat dəyərində 1 ədəd elektrik drelinin, 100 manat dəyərində 1 ədəd laqondanın, 60 manat dəyərində 1 ədəd paltartikən maşının və 50 manat dəyərində santexnik materiallarının oğurlandığını gördüyünü, ona görə də bu barədə Neftçala RPŞ-nə gələrək ərizə ilə müraciət etdiyini, daha sonra polis əməkdaşları tərəfindən evindən oğurluq etmiş şəxslərin – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmasının müəyyən edildiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Neftçala RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 may 2022-ci il tarixdə Neftçala RPŞ-nin məsul növbətçisi onu və CAB-nin digər əməkdaşlarını çağıraraq bildirmişdir ki, Neftçala şəhər sakini Əliyev X1 RPŞ-nə ərizə ilə müraciət edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Onlar dərhal əməliyyat istintaq qrupu ilə birlikdə hadisə yerinə getmiş, orada hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Həmçinin hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Baş vermiş hadisə barədə dərhal tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, sözügedən cinayət hadisəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Odur ki, həmin şəxslər saxlanılıb cinayət işi üzrə dindirilməsi üçün tərəflərindən Neftçala RPŞ-nə gətirilərək oğurladıqları maddi sübutlarla birgə istintaq qrupuna təhvil verilmişdir. Şahid2 məhkəmə baxışı iclasına gəlməmiş, teleqram göndərərək işi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslərin onlara ittiham olunan cinayət əməlini törətmələri faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 29 iyul 2022-ci il tarixli 9/5380 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 205,00 manat, təqdim edilməyən 3 adda malların 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 85.00 manat müəyyən olunur. Digər təqdim edilməyən 1 adda mal haqqında kifayət qədər məlumat olmadığından həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmadı...». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham olunan cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində iki nəfər azyaşlı uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən «qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi» müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırda başqa bir cinayət işi ilə əlaqədar həbsdə saxlanıldığı nəzərə alınaraq, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilməli və digər qətimkan tədbiri seçilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Qeyd olunur ki, Quliyev X2 Rayon Məhkəməsinin 1(053)-13/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (cəzasının əvvəli 29 avqust 2022-ci il tarixindən hesablanır) və hazırda həmin hökm üzrə cəza çəkir. İşin faktik hallarından görünür ki, təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədib. Bu səbəbdən təqsirləndirilən şəxsin əməlində residiv yoxdur. Hazırkı və əvvəlki iş üzrə azadlıqdan məhrum etmə cəzaları isə hökmlərin məcmusu üzrə deyil, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada – cinayətlərin məcmusu üzrə toplanmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 hazırda Neftçala Rayon Məhkəməsinin 1(053)-13/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilməli və başqa qətimkan tədbiri seçilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd ütü, 1 ədəd paltar tikən maşın, 1 ədəd suvenir balta, 1 ədəd zəngli saat, 1 ədəd çemodan və 1 ədəd çoxfunksiyalı elektrik qazanı Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 18 – 20 may 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 12 may 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hazırda başqa bir cinayət işi ilə əlaqədar həbsdə saxlanıldığı nəzərə alınaraq, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilsin və digər qətimkan tədbiri seçilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Neftçala Rayon Məhkəməsinin 1(053)-13/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 18 – 20 may 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 avqust 2022-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hazırda Neftçala Rayon Məhkəməsinin 1(053)-13/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilsin və başqa qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd ütü, 1 (bir) ədəd paltar tikən maşın, 1 (bir) ədəd suvenir balta, 1 (bir) ədəd zəngli saat, 1 (bir) ədəd çemodan və 1 (bir) ədəd çoxfunksiyalı elektrik qazanı Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış sayılsınlar. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar