Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-2/2024 17.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1965-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və yaşayan, 09 – 11 sentyabr 2023-cü il tarixləri üzrə tutulmuş, 11 sentyabr 2023-cü ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,806 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 09 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Salyan- Neftçala avtomobil yolunun Neftçala rayonu, Aşağı Surra kəndindən keçən hissəsində, yolun kənarında saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki boz rəngli köynəyin sol döş cibindən sellofan kəsiyinə bükülmüş bir ədəd bükülüdə təmiz çəkisi 0,806 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında anası ilə birgə yaşayır. İşləmir, lakin küçələrdən boş metal qabları yığaraq və xüsusi metal qəbulu məntəqələrinə təhvil verərək əldə etdiyi pulla dolanacağını təmin edir. 09 sentyabr 2023-cü il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində yol kənarında piyada gəzərək boş dəmir qablar yığarkən yerdən bir ədəd sellofan kəsiyində bükülü tapıbdır. Həmin bükülünü açıb baxdıqda, bükülünün içərisində narkotik vasitə heroin olduğunu görüb. Narkotik vasitələri tanıdığı və tapdığının heroin olduğunu bildiyi üçün onu əynindəki boz rəngli köynəyin sol döş cibinə qoymuşdur. Bundan sonra işinə davam etməyə başlamışdır. Saat 14 radələrində mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, sonra üstündə qanunsuz narkotik vasitə saxlaması barədə məlumatları olduğu üçün onu Neftçala Rayon Polis Şöbəsinə aparacaqlarını deyərək avtomobilə əyləşdirib Neftçala Rayon Polis Şöbəsinə aparmışlar. Neftçala Rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişlə baş təhqiqatçı tərəfindən ona üzərində qanunsuz narkotik vasitə saxlaması barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunacağı bildirilmişdir. Bu zaman ona müdafiə hüquqları izah olunmuş və Müdafiəçi təqdim edilmişdir. Sonra üstündə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qeyri-qanuni hər hansı əşya varsa təqdim etsin. Videoçəkiliş zamanı üzərində hər hansı narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. O, etiraz etmədikdən sonra polis əməkdaşı üzərini yoxlamağa başlamışdır. Axtarış zamanı əynindəki boz rəngli köynəyin sol döş cibinə qoyduğu 01 (bir) ədəd bükülüdə narkotik vasitə heroin aşkar edilərək təhqiqatçıya təqdim edildi. Bundan başqa üzərindən hər hansı qanunsuz əşya aşkar olunmayıb. Üzərində saxladığı şəxsi axtarış zamanı aşkar edilmiş, sellofan bükülüdə olan narkotik vasitə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o da həmin protokola, eləcə də narkotik vasitə qoyulan kağız zərfə imza etmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Salyan şəhər sakini Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisinə gələrək qanunsuz olaraq narkotik vasitə üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Bu məqsədilə tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə rəsmi qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü il tarixdə saat təxminən 14 radələrində Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində Salyan-Neftçala avtomobil yolunun kənarında saxlamışlar. Həmin vaxt ətrafda kənar şəxslər çox olduğuna və sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə Təqsirləndirilən şəxs Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. RPŞ-nin növbətçi hissəsində ona polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bu zaman təhqiqatçı Tariyel Əmirov saxlanılan şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmadığını demişdir. Polis əməkdaşı Şahid3 Təqsirləndirilən şəxs üzərini yoxlayan zaman əynindəki boz rəngli köynəyin sol döş cibindən çıxan əşyaları, həmçinin sellofan kəsiyinə bükülmüş, bir ədəd bükülünü təhqiqatçıya təqdim etmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən açılmış və bükülünün içərisindəki maddənin heroinə bənzər kütlə olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin kütlə aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Bununla bağlı təhqiqatçı tərəfindən tərtib edilən və iştirakçılara ucadan oxunan protokola digər iştirakçılar kimi o, da imza etmişdir. Şahid qismində dindirilmiş Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx.xx.2023-cü il tarixli 18/896 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «…Təqsirləndirilən şəxs…» sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümündə təmiz çəkisi – 0,806 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin – 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). xx.xx.2023-cü il tarixli 962 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,756 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 – 11 sentyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,756 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-2/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-2/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver