Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-2/2025 05.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1977-ci ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Xol Qarabucaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 01 – 03 avqust 2024-cü il tarixləri üzrə tutulmuş, 03 avqust 2024cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 22,32 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 01 avqust 2024-cü il tarixdə saat 18.37 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Xol Qarabucaq kəndi ərazisində yaşadığı evin yaxınlığındakı su kanalının kənarında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən sellofan bükülüdə təmiz çəkisi 22,32 qram təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Xol Qarabucaq kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Təxminən 2-3 aydan çoxdur ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 24 iyul 2024-cü ildə Neftçala rayonu, Xol Qarabucaq kəndindən keçən su kanalının yanı ilə gedərkən yerdə sellofan bükülü görmüşdür. Həmin bükülü diqqətini çəkdiyi üçün əyilib yerdən götürmüşdür. Bükülünü açıb baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görüb. Həmin gün narkotik vasitədən bir qədər istifadə etdikdən sonra qalan hissəsini daha sonra da istifadə etmək üçün cibinə qoymuşdur. 01 avqust 2024-cü il tarixdə saat 18.30 radələrində qalan narkotik vasitədən istifadə etmək üçün yaşadığı evdən çıxmış və 200-300 metr kənarda olan su kanalının üzərində sakit yerə gəlmişdir. Bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitə istifadə etdiyini və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumatları olduqlarını bildirib Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən ona üzərində qanunsuz narkotik vasitə saxlaması barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxs qismində tutma qərarı qəbul edildikdən sonra hüquq və vəzifələri izah edilmiş, həmçinin Müdafiəçi təqdim edilmişdir. Maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir. Bundan sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuş və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman ona üzərində narkotik vasitə varsa təqdim etməsi təklif edilmiş, o da üzərində olan narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı, içində marixuana olan sellofan bükülünü təhqiqatçıya təqdim etmişdir. Sellofan bükülüdə olan narkotik vasitə marixuana kağız zərfə qoyularaq möhürlənmişdir. Daha sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuşdur. Digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu, Xol Qarabucaq kənd sakini Təqsirləndirilən şəxs Neftçala rayonu, Xol Qarabucaq kəndi ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmiş və alınmış icazədən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında 01 avqust 2024-cü il tarixdə saat 18.37 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu, Xol Qarabucaq kəndi ərazisində yaşadığı evdən 200-300 metr kənarda olan su kanalının yanında saxlamışlar. Bu vaxt ətrafda kənar şəxslərin çox olması və sənədləşmə işlərinin aparılmasına münasib yer olmaması səbəbindən Təqsirləndirilən şəxs Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, həmçinin müdafiəçi təyin edilmişdir. Rayon polis şöbəsinin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən sellofan bükülünü təqdim etmiş və içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükülüyə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlə aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılıb möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 02 avqust 2024-cü il tarixli, 3-16-16/2-18/715 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi – 22,32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 04 noyabr 2024-cü il tarixli 769 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 22,30 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 – 03 avqust 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 22,30 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-2/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-2/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver