Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-20/2024 03.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1970-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 16 – 18 dekabr 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, Neftçala Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərarı ilə əvvəli 16 dekabr 2023-cü il tarixdən hesablanmaqla barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərarı ilə bərəsində seçilmiş “həbs” qətimkan tədbiri eyni müddətə, yəni 16 mart 2024-cü il tarixədək «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 15,31 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 16 dekabr 2023-cü il tarixdə, saat 14:50 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu Aşağı Qaramanlı kəndində yaşadığı evin yaxınlığında, küçədə saxlanılaraq Neftçala rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli gödəkçənin içəri sol döş cibindən sellofan torbaya bükülmüş bir ədəd bükülüdə təmiz çəkisi 15,31 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla orada 2 övladı ilə birlikdə yaşayır. Onlardan birinin 15, digərinin 17 yaşı vardır. Narkotik vasitə olan marixuanadan uzun müddətdir ki, istifadə edirmiş. Özü balıqçılıqla məşğul olur. O, təxminən 1 həftə öncə Baş Mil-Muğan kollektorunun Aşağı Qaramanlı kəndindən keçən hissəsində kanaldan çıxıb evə qayıdarkən yerdə sellofan torba diqqətini cəlb etmişdir. O da həmin torbanı götürüb baxanda görmüşdür ki, içərisində az miqdarda qurudulmuş marixuana var. Düşünmüşdür ki, yəqin kiminsə cibindən düşüb və ya kimsə özü tullayıb. O, bükülünü öz istifadəsi üçün cibinə qoymuş və evə getmişdir. Daha sonra istifadə etməmişdir. Fikirləşirmiş ki, kanalın kənarına gedəndə istifadə edər. xx.xx.2023-cü il tarixdə, saat 14:40 radələrində hazırlaşıb balığa getmək istəyirmiş. Bükülüdəki, qurudulmuş marixuananı da gödəkçəsinin içərisində sol cibinə qoyub çölə çıxmışdır. Qapıdan çıxıb biraz irəliləyən kimi yaxınlıqda mülki geyimdə olan şəxslər küçədə ona yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və üstündə qanunsuz narkotik vasitə saxlaması barədə məlumatları olduğu üçün onu Neftçala rayon polis şöbəsinə aparacaqlarını deyǝrǝk avtomobilə əyləşdirmişlər və Neftçala rayon polis şöbəsinə aparmışlar. Neftçala rayon polis şöbəsinin inzibati binasında video çəkilişlə təhqiqatçı tərəfindən ona bildirilmişdir ki, üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunur, ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Sonra üstündə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona təklif olunmuşdur ki, üzərinizdə hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etsin. Video çəkliş zamanı əynindəki qara rəngli gödəkçənin içəridə sol döş cibinə qoyduğu 01 (bir) ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuananı təhqiqatçıya təqdim etmişdir. Sonra isə polis əməkdaşları üstündə şəxsi axtarış aparmışlar və üzərindən heç bir narkotik vasitə cinayət xarakterli predmet aşkar olunmamışdır. Üzərində saxladığı şəxsi axtarış zamanı aşkar edilmiş, sellofan bükülüdə bükülmüş olan narkotik vasitə kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir, bu barədə protokol tərtib edilmiş, o da protokola və narkotik vasitə qoyulan kağız zərfə imza etmişdir. Hazırda əməlindən peşmandır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı özüm qəbul edəcəkmiş. O, narkotik vasitələrin satışı ilə məşğul deyil. Az miqdarda olan marixuananı özü üçün istifadə edəcəkmiş. Şahid1 məhkəmə baxışı iclasına gəlməmiş, ərizə göndərərək xidməti işi ilə əlaqədar Bakı şəhərinə ezam olduğu üçün məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İşin ibtidai istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Neftçala RPŞ-nin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Hadisə ilə əlaqədar qeyd etmişdir ki, Neftçala rayonu Aşağı Qaramanlı sakini Təqsirləndirilən şəxs Neftçala rayonu Aşağı Qaramanlı kəndi ərazisində qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı tərəflərindən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 16 dekabr 2023-cü il tarixdə, saat 14:50 radələrində Səlimov X2 rayonu Aşağı Qaramanlı kəndi ərazisində yaşadığı fərdi yaşayış evinin yaxınlığındakı küçədə tərəflərindən saxlanılmışdır. Saxlanılan zaman özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin saxlanması barədə məlumat daxil olduğunu bildirmişlər. Həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. RPŞ-nin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman təhqiqatçı Tariyel Əmirov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa taqdim etməyi təklif etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə vardır və onu təqdim etmək istəyir. Sonra o, əynindəki qara rəngli gödəkçənin içəri sol döş cibindən sellofan torbaya bükülmüş bir ədəd bükülünü təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükülü açılıbbaxıldıqda içində qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. L. Səlimov saxlanılarkən ona qarşı hər hansı fiziki zor və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx.xx.2023-cü il tarixli, 18/1122 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «…Təqsirləndirilən şəxs..» sözləri və imzalar olan kağız paketdə 01 ədəd torbada təmiz çəkisi – 15,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2024-cü il tarixli, 58 nömrəli narkoloji tibbi yoxlama rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Neftçala Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 3 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya elan edilməsi haqqında qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Neftçala rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd İƏDÜN-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 37 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Səlimov X2 rayonu Aşağı Qaramanlı kəndində qeydiyyatdadır və arvadı X4, oğlu- xx.xx.2006-cı il təvəllüdlü X3 və qızı xx.xx.2008-ci il təvəllüdlü X5 ilə birlikdə yaşayır. Yaşayış yerindən verilən xasiyyətnamədə müsbət xarakterizə olunur. Neftçala Rayon Məhkəməsinin 4(053)-58/2023 nömrəli iş üzrə 18 dekabr 2023-cü il tarixli qərından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair Neftçala rayon prokurorunun təqdimatı təmin edilməklə Təqsirləndirilən şəxs bəarəsində əvvəli 16 dekabr 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(106)-139/2023 nömrəli iş üzrə 22 dekabr 2023-cü il tarixli qərından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Neftçala Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Neftçala Rayon Məhkəməsinin 4(053)-5/2024 nömrəli iş üzrə 23 yanvar 2024-cü il tarixli qərından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin “Ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilməsinə dair təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 4(053)-58/2023 nömrəli iş üzrə 18 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri eyni müddətə, yəni 16 mart 2023-cü il tarixinədək «Ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz olunmuş, «ev dustaqlığı» növündə qətimkan tədbirinin tətbiqinə 23 yanvar 2024-cü il tarixdən başlanmış və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, ailəyə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində yetkinlik yaşlarına çatmayan uşaqlarının olduqlarını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Ərazi Narkoloji Kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,29 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 – 18 dekabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün, 18 dekabr 2023-cü il tarixdən 03 aprel 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 17 (on yeddi), cəmi 03 (üç) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 07 (yeddi) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ərazi Narkoloji Kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,29 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-20/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-20/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver