Məhkəmə qərarları › İş №1(053)-20/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-20/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-20/2025 23.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1988-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 12-14 yanvar 2025-ci il tarixləri üzrə tutulmuş, 14 yanvar 2025-ci il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə iclasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 12,22 qram olan, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 12 yanvar 2025-ci il tarixdə, saat 15:10 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisində yolun kənarında piyada hərəkət edən zaman saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən, əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd polietilen bükülüdə təmiz çəkisi 12,22 qram təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfat ilə məşğul olmaqla dolanır. Arabir narkotik vasitə olan marixuana istifadə edir. 08 yanvar 2025-ci il tarixdə Kür çayının kənarında özünə məxsus xırdabuynuzlu heyvanlarını otararkən kol-kosun içərisində sellofan bükülü olduğunu görüb ayağı ilə həmin bükülüyə toxunmuş, içərisinin dolu olduğunu görmüşdür. Bundan sonra bükülünü götürüb açaraq içinə baxmış, marixuanadan istifadə etdiyinə görə həmin bükülünün içindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Həmin narkotik vasitəni istifadə etmək məqsədilə əynində olan gödəkcənin cibinə qoymuşdur. 12 yanvar 2025-ci il tarixdə qayınanasıgilə getmək üçün evdən çıxıb yolun kənarına gəlmişdir. Orada tanımadığı taksiyə əyləşib Xıllı qəsəbəsinə getmişdir. Saat 15:00 radələrində Xıllı qəsəbəsində maşından düşüb piyada gedən zaman 3 nəfər mülki geyimli şəxslər videoçəkilişlə ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Polislər ona narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmiş və üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuşlar. O da üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu demiş və əynində olan gödəkcənin sağ yan cibindəki bükülünü polislərə təqdim etmişdir. Polis əməkdaşları ona həmin kütləni hansı məqsədlə üzərində saxladığını soruşmuş, o da istifadə etmək üçün üzərində saxladığını demişdir. Polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən bir ədəd alışqan və 23 manat pul əskinası aşkar edilmişdir. Üzərindən qanunla qadağan edilən başqa əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları onun üzərindən aşkar edilmiş kütləni qablaşdırdıqdan sonra protokol tərtib edilməsi üçün polis şöbəsinə getmişlər. Polis şöbəsində protokol tərtib edilmiş, o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsilə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş kütləyə baxış keçirilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Təhqiqatçı həmin kütlənin nə olduğunu və hansı məqsədlə üzərində saxladığını soruşmuş, o da həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, istifadə etmək üçün üzərində saxladığını, heç kimə satmadığını demişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana içi boş kağız zərfdə qablaşdırılmış, zərflər üçün “203” saylı möhür ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Alışqan və 23 manat məbləğində pul ona geri qaytarılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o, polis əməkdaşları və müdafiəçi narkotikin aşkar edilməsi ilə bağlı tərtib edilmiş protokola imza etmişlər. Qeyd edir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni istifadə etmək məqsədi ilə saxlamışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 yanvar 2025-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra bununla əlaqədar şöbə rəhbərliyinə raportla məruzə edilmiş və raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. 12 yanvar 2025-ci il tarixdə, saat 15:10 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu, Xıllı qəsəbəsində yolun kənarında piyada hərəkətdə olan zaman müşahidə edib videoçəkiliş aparmaqla saxlamışlar. Ona özlərini təqdim etdikdən sonra narkotik vasitə istifadə etməsi və üzərində daşımasında şübhəli olduğunu izah etmiş, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd polietilen bükülünü təqdim etmiş və onun narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd polietilen bükümdə olan kütləyə baxış keçirilmişdir. Baxış zamanı həmin kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı kənd ərazisində Kür çayının sahilində heyvanlarını otardığı zaman tapdığını, istifadə etmək üçün cibində saxladığını, həmin kütlədən heç kimə pul müqabilində və pay olaraq vermədiyini bildirmişdir. Bundan sonra 01 ədəd polietilen bükümdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd zərfdə qablaşdırılıb DİN-in “203” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və polis əməkdaşları protokolun doğru olmasını imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ilə birlikdə rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş, daha sonra müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş, eləcə də aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Həmin vaxt da təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması qeyd edilmiş, daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlə təkrar qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib edilmiş, protokol düzgün yazıldığı üçün o da digər iştirakçılar kimi protokola imza etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 13 yanvar 2025-ci il tarixli, 18/28 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 12,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 17 fevral 2025-ci il tarixli, 79 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o Ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,12 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 - 14 yanvar 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və Ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,12 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar