Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-21/2023 09.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Xüsusi ittihamçı X3 və onun nümayəndəsi, vəkil Nümayəndə, təqsirləndirilən şəxs X8 iştirakı ilə 27 fevral 1986-cı il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, iki azyaşlı uşağı olan, deməsinə görə “Həqiqət yolu” qəzetinin xüsusi müxbiri, video-bloger kimi fəaliyyət göstərən, ünvan 1 ünvanda yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Neftçala şəhərində, Neftçala Rayon Məhkəməsinin inzibati binasında, audio-video çəkilişlə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1986-cı il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində təsbit edilmiş cinayət əməlini törətdiyindən, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və X8 barəsində ittiham hökmü çıxararaq həmin maddənin sanksiyası həddində cəzalandırılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırır ki, X11 «Tik-tok» sosial şəbəkəsində ona qarşı böhtan xarakterli məlumatlar yayaraq onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatlarla çıxış etmişdir. Xüsusi ittihamçı X6 işin məhkəmə baxışı zamanı xüsusi ittiham qaydasında şikayətdə göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, X11 «Tik-tok» sosial şəbəkəsində ona qarşı böhtan və təhqir xarakterli məlumatlar yayıb. Özünü «Həqiqət yolu» qəzetinin xüsusi müxbiri, video - bloger kimi təqdim edən X11, xx.xx.2022ci il tarixdə «Tik-tok» sosial şəbəkəsində şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan məlumatlarla çıxış edərək, guya onun dövlət və hökumət strukturlarına hücum etdiyini, bu orqanları «alıb- satdığını, adını bildirmədiyi hansısa sahibkarın fəaliyyətinə maneələr törətdiyini, Neftçala şəhəri ərazisində çoxlu sayda qanunsuz obyekt və torpaq sahələrinə sahib olduğunu, icra orqanlarını şantaj etdiyini demişdir. Bununla da kifayətlənməyən Rəşid Rəhimov, Neftçala şəhər İƏN-i cənab Elşad Əzizovun ünvanına təhdidvari sözlər söyləyərək, həftənin birinci günü (xx.xx.2022-ci il tarixi nəzərdə tutaraq) bu obyektlərin inzibati ərazi nümayəndəsi tərəfindən yoxlanılmasını və ona məlumat verilməsini tələb etmiş, əks halda Elşad Əzizovun özü haqqında «ciddi çəkilişlər» edəcəyi ilə bağlı hədə-qorxu gəlmişdir. Rəşid Rəhimov bu «çıxışında» «sözün əsl mənasında at oynadan», «Əlqulu deyiləsi adam», «rayonun 90 %- nin tanıdığı adam» və sair bu kimi şərəf və ləyaqəti alçaldan, nüfuza ləkə gətirən sözlərlə ünvanına çıxış etməklə, onu cəmiyyət arasında nüfuzdan salmağa çalışmışdır. Qeyd edir ki, Rəşid Rəhimovun barəsində topladığı bu «məlumatların» haradan və hansı vasitələrlə toplaması haqda məlumatı yoxdur və o, bu məlumatlarla tanış olmamışdır. Halbuki «Məlumat azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində göstərilir ki,.... şəxsiyyətin onun haqqında toplanan məlumatla tanış olmaq, məlumatda dəqiqləşdirmələr aparılmasını tələb etmək hüququ vardır. Rəşid Rəhimovun bu hərəkətini jurnalist araşdırması ilə əlaqələndirmək də mümükün deyildir! Çünki o, qarşı tərəf olaraq onun fikrinin öyrənilməsi üçün ona nə yazılı, nə də şifahi sorğu ünvanlamamışdır. Rəşid Rəhimov çıxışında ünvanına söylədiyi, «at oynadır» sözünün Azərbaycan dilinin frazeoloji lüğətində izahı «özünü hökmdar kimi aparmaq, ağalıq etmək, istədiyini etmək, mənəmmənəmlik etmək, meydan sulamaq» olaraq göstərilir ki, bu sözlər adətən cəmiyyətdə özünü layiqincə apara bilməyən şəxslərə şamil edilir və belə şəxslərə cəmiyyətdə daima mənfi münasibət bəslənilir. Göründüyü kimi Rəşid Rəhimov bilərəkdən barəsində həqiqətə uyğun olmayan, yalan və böhtan xarakterli məlumatlar yaymaqla həm işgüzar nüfuzuna, həm də insani hisslərinə xələl və ləkə vurmağa çalışmışdır. Buna görə hesab edir ki, onun tərəfindən barəsində işlədilmiş böhtan və təhqiredici ifadələrə görə cinayət məsuliyyəti daşımalıdır. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilib ona həmin maddə ilə cəza təyin olunmasını xahiş edir. Xüsusi ittihamçı X3 nümayəndəsi, vəkil Nümayəndə işin məhkəmə baxışı zamanı xüsusi ittiham qaydasında şikayətdə göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 özünü təqsirli bilməyərək göstərmişdir ki, «Tik-tok» sosial şəbəkəsində X6 barəsində bir dəfə paylaşım etmiş, sonradan silmişdir. Xüsusi ittihamçı X6 barədə hər hansı bir böhtan xarakterli məlumat yaymamış, onun şərəf və ləyaqətini ləkələyən fikirlərə, cinayət məsuliyyətinə səbəb olacaq hər hansı bir qanunsuz hərəkətlərə yol verməmişdir. İstər şikayət ərizəsində, istərsə də məhkəmədə tərəfindən cinayət məsuliyyətinə səbəb olacaq hərəkətlərə yol verməsi barədə heç bir sübut və dəlil təqdim edilməmişdir. Etiraf edir ki, «Tik-tok» sosial şəbəkəsindəki çıxışında səsləndirdiyi X3 «Dövlət və hökumət strukturlarına hücum etdiyini, bu orqanları alıbsatdığını», «Sözün əsl mənasında at oynadan», «Əlqulu deyiləsi adam», «rayonun 90%nin tanıdığı adam» kimi ifadələri işlətmişdir. Bu ifadələr X3 şərəf və ləyaqətini ləkələyən məlumatlar olmadığından, X4 təhqir etmədiyindən və ona böhtan atmadığından, əməllərində hər hansı cinayətin tərkibi olmadığından ona müvafiq köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 ədəd diskdə olan «Tik-tok» sosial şəbəkəsində təqsirləndirilən şəxsin istifadə etdiyi sözlərin mətni aşağıdakı kimidir: “X6 dövlət və hökumət strukturlarına hücum edir, bu orqanları «alıb-satır, adını bildirmədiyi hansısa sahibkarın fəaliyyətinə maneələr törədir, Neftçala şəhəri ərazisində çoxlu sayda qanunsuz obyekt və torpaq sahələrinə sahib olmaqla onun icra orqanlarını şantaj etdiyini demişdir. Rəşid Rəhimov bu «çıxışında» «sözün əsl mənasında at oynadan», «Əlqulu deyiləsi adam», «rayonun 90 %- nin tanıdığı adam» və sair”. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yaşayan X8 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokuroruna, DTX-ya və DİN-nə ünvanladığı müraciət xx.xx.2022-ci il tarixdə araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin Neftçala RPŞ-nə göndərilmiş, HK-1/545 nömrəli material üzrə vətəndaş X6 barəsində toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Neftçala Rayon Məhkəməsinin 1(053)-93/2022 nömrəli iş üzrə 26 avqust 2022-ci il tarixli qərarından görünür ki, xüsusi ittihamçı X3 X11 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin öz icraatına qəbul edilməsindən imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-841/2022 nömrəli iş üzrə 25 oktyabr 2022ci il tarixli qərarı ilə X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 1(053)-93/2022 saylı qərarı ləğv edilməklə X3 xüsusi ittiham qaydasında şikayəti Neftçala Rayon Məhkəməsinin məhkəmə hazırlıq iclasında baxılmasına göndərilmişdir. Neftçala Rayon Məhkəməsinin 1(053)-93/2022 nömrəli iş üzrə 02 dekabr 2022-ci il tarixli qərarından görünür ki, X3 X9 qarşı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-111/2023 nömrəli iş üzrə 27 yanvar 2023cü il tarixli qərarı ilə xüsusi ittihamçı X3 apellyasiya şikayəti təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərarı həmin apellyasiya şikayətinə münasibətlə ləğv edilməklə X8 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün Neftçala Rayon Məhkəməsinə məhkəmə hazırlıq iclasının keçirilməsi mərhələsində baxılmağa göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2023-cü il tarixli, 4/765 nömrəli rəyindən görünür ki, “X11 tərəfindən "Tik-Tok" sosial şəbəkəsində yerləşdirilmiş, hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən "Sözün əsl mənasında at oynadan", "Əlqulu deyilən adam", "rayonun 90%-nin tanıdığı adam", "Dövlət və hökumət strukturlarına hücum etdiyini, bu orqanları ucuza satır-ucuza alır" məzmunlu çıxışında birbaşa olaraq şərəf və ləyaqəti ləkələyən söz və ifadələr müəyyən olunmadı. Rəşid Rəhimovun tərəfindən irəli sürülən məlumatlar öz hüquqi təsdiqini tapmadığı təqdirdə X3 cəmiyyət arasında nüfuzdan salan məlumatlar hesab edilə bilər. Həmin məlumatların həqiqiliyinin müəyyən edilməsi ekspert- linqvistin səlahiyyətlərinə aid olmayıb, hüquqi xarakterli məsələlərdir”. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X11 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Məhkəmə, “Tik-Tok” sosial şəbəkəsində X11 tərəfindən 23 aprel 2022-ci il tarixdə səsləndirilmiş nitqdə Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, həmin çıxışda böhtan cinayətinin tərkibinin olması sübuta yetirilməmişdir. Məhkəmə bu qənaətini aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmənin qiymətləndirməsinə görə nitqdə xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar olmamışdır. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, xüsusi ittihamçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs, təqsirləndirilən şəxs isə deməsinə görə “Həqiqət yolu” qəzetinin xüsusi müxbiri, video-bloger fəaliyyəti ilə məşğuldur. Nitqin mətnindən də göründüyü kimi, səsləndirilmiş ifadələr xüsusi ittihamçının sahibkarlıq fəaliyyəti və tutduğu mövqe ilə bağlı olmuşdur. Böhtanla bağlı məhkəmənin qiymətləndirməsi; Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir : məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması ; həmin məlumatın doğru olmaması ; belə məlumatların yayılması ; Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, 23 aprel 2022-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində Rəşid Rəhimov tərəfindən söylənmiş nitqin bir hissəsində ümumiyyətlə Əlqulu Hümbətova yönəlməməklə ümumi fikirlər sadalanmışdır. Nitqdə işlədilən və Əlqulu Hümbətova yönələn "Sözün əsl mənasında at oynadan", "Əlqulu deyilən adam", "rayonun 90%-nin tanıdığı adam", "Dövlət və hökumət strukturlarına hücum etdiyini, bu orqanları ucuza satır-ucuza alır" sözləri nitqin Əlqulu Hümbətova aid hissəsində sonuncunun şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlardan istifadə edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, 23 aprel 2022-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində Rəşid Rəhimov tərəfindən söylənmiş fikirlərdə böhtan cinayətinin tərkibi olmamış və sübuta yetirilməmişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Xüsusi ittihamçının böhtan hesab etdiyi cümlələri Rəşid Rəhimov fikir kimi səsləndirmiş, bu baxımdan həmin fikirlərin həqiqətə uyğun olub-olmamasını sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Avropa Konvensiyasının 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2023-cü il tarixli, 4/765 nömrəli rəyində X11 tərəfindən "Tik-Tok" sosial şəbəkəsində yerləşdirilmiş, hazırki qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən "Sözün əsl mənasında at oynadan", "Əlqulu deyilən adam", "rayonun 90%-nin tanıdığı adam", "Dövlət və hökumət strukturlarına hücum etdiyini, bu orqanları ucuza satır-ucuza alır" məzmunlu sözlər birbaşa olaraq şərəf və ləyaqəti ləkələyən söz və ifadələr kimi müəyyən olunmamışdılr. Əlavə olaraq qeyd edilmişdir ki, Rəşid Rəhimovun tərəfindən irəli sürülən məlumatlar öz hüquqi təsdiqini tapmadığı təqdirdə X3 cəmiyyət arasında nüfuzdan salan məlumatlar hesab edilə bilər. Həmin məlumatların həqiqiliyinin müəyyən edilməsi ekspert- linqvistin səlahiyyətlərinə aid olmayıb, hüquqi xarakterli məsələlərdir. Göründüyü kimi, rəydə ekspert Rəşid Rəhimovun çıxışında birbaşa olaraq şərəf və ləyaqəti ləkələyən söz və ifadələrin müəyyən olunmadığı qənaətinə gəlmişdir. Həmçinin, məhkəmə bir daha qeyd edir ki, ekspert rəyində Rəşid Rəhimov tərəfindən irəli sürülən məlumatlar öz hüquqi təsdiqini tapmadığı təqdirdə X4 cəmiyyət arasında nüfuzdan salan məlumatlar hesab edilə bilməsi mümkündür. Qeyd edildiyi kimi işlənmiş ifadələr fakt olmamaqla fikir olduğundan onun həqiqiliyinin sübut edilməsi mümkünsüzdür. Xüsusi ittihamçı şikayət ərizəsində Rəşid Rəhimovun çıxışında onun haqqında söylədiyi ”At oynadır” sözünə xüsusi diqqət çəkərək həmin sözün Azərbaycan dilinin frazeloji lüğətində izahı “özünü hökmran kimi aparmaq, ağalıq etmək, istədiyini etmək, mənəmmənəmlik etmək, meydan sulamaq” olaraq göstərildiyini qeyd edir ki, Xüsusi ittihamçının dediyinə görə buna da adətən cəmiyyətdə daima mənfi münasibət bəslənildiyini göstərir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Milli Elmlər X2 X12 ilə 2012-ci il tarixdə nəşr olunmuş, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin müəllifi olduğu “X13” At Kultu barədəki kitabın 13-cü səhifəsində, At oynatmaq sözü (hünər göstərmək), at yelisinə düşmək (atın boynuna sarılaraq sürətlə sürmək), at salmaq (atla meydana girmək), qan dərləmək (atı qanı axana qədər sürmək, qan-tər içində sürmək) vahidləri türkologiyada feli frazeoloji vahidlər hesab olunur. Habelə həmin kitabın 24-cü səhifəsində Atını oynatmaq (at oynatmaq): Qırq yigit bədəvi atın oynatdı; Atın oynatdı, Qanturalının üzərinə gəldi. Nümunələrdəki ―at oynatma ifadəsi atı ilə hünər göstərmək mənasındadır. Həmçinin qeyd olunan kitabın 123-cü səhifəsində at oynatma, köç yolunda at çapma kimi cəhətlər ümumtürk epos təfəkküründən, xüsusən də “Kitab” kimi sanballı abidələrdən süzülüb gəldiyi göstərilir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Məhkəmə qeyd etmişdir ki, faktlarla bağlı bəyanatlar və rəylərlə bağlı bəyanatlar və ya subyektiv dəyərləndirmələrdə fərq mövcuddur: Məhkəmənin fikrincə faktlar və obyektiv qiymətləndirmələr diqqətli şəkildə fərqləndirilməlidir. Faktların mövcudluğu göstərilə bilər, halbuki obyektiv qiymətləndirilmələrin həqiqiliyi sübutetməyə həssas deyil. Subyektiv baxımdan bu tələbi yerinə yetirmək mümkün deyil və o, Konvensiyanın 10-cu Maddəsi ilə təmin edilən (mad. 10) hüququn mühüm hissəsi olan fikir azadlığını pozur. Bənzər olaraq silsilə saxtakarlıqlar haqqında məqaləni əhatə edən Dalban Rumıniyaya qarşı, 1999 işində Məhkəmənin Böyük Palatası qeyd etmişdir: Jurnalistin tənqidi fikirlərinin həqiqiliyini sübut etmədən onları ifadə etməsini qadağan etmək yolverilməz olardı. Məhkəmə ardıcıl olaraq milli hüququ sistemlərinin faktları və rəyləri fərqləndirməsinin və sonuncunun həqiqiliyinin sübutunu tələb etməməsinin zərurətini vurğulamışdır. Qorelişvili Gürcüstana qarşı, 2007 işində Məhkəmə diffamasiya işində ifadə azadlığı hüququnun pozulduğunu aşkarlamışdır, çünki yerli hüquq sistemi "eyni "məlumata" (cnobebi) istinadən, subyektiv fikirlər və faktların bəyan edilməsi arasında heç bir fərq qoymamışdı və cavabdeh tərəfin istənilən bu cür "məlumatın" həqiqiliyini sübut etməsini tələb etmişdi". Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X5rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq etmişdir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X9 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X9 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X9 istinad edilən ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildiyindən məhkəmə məsrəfləri tam olaraq xüsusi ittihamçının üzərinə qoyulmalı, ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat X1 tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilsin. Ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat X1 tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-21/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-21/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver