Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-21/2024 12.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 2000-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, İstibulaq kəndində qeydiyyatda olmaqla faktiki olaraq Neftçala rayonu, Qədimkənd kəndində yaşayan, hazırkı işlə bağlı 18–20 dekabr 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində iş üzrə ibtidai araşdırma dövründə «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində Süleymanov Rasǝf Abasət oğluna məxsus, "xxxx" ASC-dən verilmiş 6768 6753 1508 8094 nömrəli elektron məlumat daşıyıcısı hesab olunan plastik kartı Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən Şahid1 məxsus “Bizim Market” adlı mağazaya quraşdırılmış bankomata daxil edib kartın 4 rəqəmli pin kodunu yazmaqla oradan 328 manat məbləğində nəğd pulunu çıxarıb gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək qeyd etmişdir ki, Kəlbəcər rayonu, İstibulaq kəndində qeydiyyatda olmaqla faktiki olaraq ailəsi ilə birlikdə Neftçala rayonu, Qədimkənd kəndində yaşayır. O, 2023-cü ilin sentyabr ayından həmin kənddə yerləşən Mirbəşir adlı şəxsin fermasında çobanlıq etməklə dolanır. Salyan- Neftçala avtomobil yolunun kənarında mağazası olan Şahid1 tanıyır. Belə ki, o, Səlimin heyvanlarını otarmaqla ona ailəsini dolandırırmış. O, adətən Səlimin mağazasından bazarlığını edir. Səlimin mağazasına bitişik "xxxx"a məxsus bankomat yerləşir. O, 15 dekabr 2023-cü il tarixdə, saat təxminən 21 radələrində Səlimin mağazasına ev üçün ərzaq almağa getmişdir. Səlim bu vaxt ona 6768 6753 1508 8094 nömrəli bir kart verib, içərisində pul olub-olmadığını mağazada müştərilər olduğu üçün yoxlamağını xahiş etmişdir. Səlim demişdir ki, pul olsa sahibini gözləyək yəqin gəlib götürər yoxdursa ataq. Həmin kartın üzərində sahibi kimi Rasǝf Süleymanov yazılmışdır. Həmçinin arxa tərəfində kartın 4 rəqəmli pin kodu olan 7127 yazılmışdır. O, kartı bankomata daxil edib kodunu yazmışdır. Bu vaxt görmüşdür ki, kartda 328 manat pul var. O, kartdakı pulun hamısını çıxarmışdır. Daha sonra mağazaya girib bu barədə Səlimə kartda 328 manat pulun olduğunu demişdir. Səlim ona əlavə olaraq 72 manat vermişdir. Həmin pulun ona heyvanları otardığı üçün aylıq verildiyini qeyd etmişdir. Daha sonra Səlim kartı ondan götürüb harasa atmışdır. Qeyd edir ki, Səlim ona kartı yoxlamaq üçün verərkən orda pul olarsa çıxarmağını xahiş etməmiş və bu barədə hər hansı söz deməmişdir. Bundan sonra çıxıb getmişdir. Səhəri günü o, pulu özü üçün müxtəlif şeylərə xərcləmişdir. 18 dekabr 2023-cü il tarixdə o, evdən çıxıb küçə ilə getmişdir. Bu vaxt ona mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona baş vermiş kart hesabından oğurluqda şübhəli olduğunu demişlər. O, bu vaxt tutduğu əməli etiraf edib polis əməkdaşlarına danışmışdır. Daha sonra polis əməkdaşları onu Neftçala RPŞ-nə gətirmişlər. Onun əldə etdiyi puldan Səlimə həmin vaxt və ya sonra vermək barədə aralarında hər hansı razılaşma olmamışdır. O, ümumiyyətlə törətdiyi əməl barədə heç kimə bir söz deməmişdir. Bu cinayətdən başqa oğurluq etməmişdir. Törətdiyi cinayətdə başqa şəxslər iştirak etməmiş, özü tək olmuşdur. Həmçinin qeyd etmişdir ki, ibtidai istintaq dövründə bildirdiyinin əksi olaraq bildirir ki, o, yerdən kart tapmamışdır. Məhkəmədə verdiyi ifadənin düzgün olduğunun nəzərə alınmasını bildirmişdir. Hazırda etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yaşayır. Hazırda 3-cü qrup əlil olduğu üçün dövlət tərəfindən ona 328 manat təqaüd verilir. O, həmin pulu 6768 6753 1508 8094 nömrəli kart vasitəsilə alır. O, həmin kartın 4 rəqəmli şifrəsini yadımda saxlaya bilmədiyi üçün üstünə yazmışdır. Sonuncu dəfə həmin kartdan 17 noyabr 2023-cü il tarixdə 328 manat pul çıxarmışdır. O, təxminən 2023-cü ilin dekabr ayının ortalarında həmin kartı naməlum şəraitdə itirmişdir. Ola bilsin ki, şəxsi işləriylə əlaqədar olaraq arabir Salyan şəhərinə gedib-gəldiyi yolda kartı harasa düşürmüşdür. O, bir neçə gün kartını axtarsa da tapa bilməmişdir. 15 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində mobil telefonuna kartından Neftçala rayonu, Aşağı Qaramanlı kəndi ərazisində yerləşən bankomatdan 328 manat pul çıxarılması barədə mesaj gəlmişdir. Səhəri günü, yəni 16 dekabr 2023-cü il tarixdə dərhal banka yaxınlaşıb maraqlandıqda bu barədə polisə yaxınlaşmağı tövsiyyə olunmuşdur. Odur ki, dərhal bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra isə Neftçala RPŞ-nǝ bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin oğurluğu Təqsirləndirilən şəxs törətdiyi müəyyən edilmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Yusubov X2 rayonu Qədimkənd kəndində qeydiyyatda olmaqla orada yaşadığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun həmin kənddə Salyan-Neftçala avtomobil yolunun kənarında yerləşən “Bizim Market” adlı mağazası var. Həmin mağazaya bitişik "xxxx"a məxsus bankomat yerləşir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Əmrah onun heyvanlarını otarırmış. Habelə Əmrah arabir gəlib onun mağazasından bazarlıq edir. Təxminən 2023cü ilin dekabr ayının əvvəllərində bir nəfər tanımadığı şəxs mağazaya gələrək ona 1 ədəd kart verib mağazanın yaxınlığında tapdığını demişdir. O, yiyəsi gələndə özünə verər deyə həmin kartı götürüb vitrinə qoymuşdur. Əmrah 15 dekabr 2023-cü il tarixdə, saat təxminən 21 radələrində mağazaya evi üçün ərzaq almağa gəlmişdir. Həmin vaxt mağazada müştəri kimi həmkəndliləri Murad və Cəlil də olmuşdur. Əmrah mağazaya gələndə bu vaxt o, mağazada olan kartı Əmraha pul olub-olmadığını üçün yoxlamaq üçün vermişdir. O, fikirləşmişdir ki, əgər pul yoxdusa yəqin yiyəsi itirdiyini bilir və o da atar gedər. Əmrah çıxıb bir qədər sonra gələrək kartda pul olmadığını ona demişdir. Əmrahın dediyi kimi o, Əmraha əlavə olaraq 72 manat pul verməmiş, kartdan pulun çıxarılması barədə ona məlumat verməmiş, sadəcə həmin kartda pul olmadığını bildirmişdir. Habelə kartı yoxlamaq üçün Əmraha verərkən əgər kartda pul olarsa çıxarmasını xahiş etməmişdir. O, da bundan sonra kartı əvvəl zibil qutusuna atmışdır. O, sonradan Neftçala RPŞ-nə dəvət olunduqda bilmişdir ki, həmin günü Əmrah kartdan 328 manat pulu çıxarmışdır. O, daha sonra kartı atdığı yerdən götürmüşdür. İbtidai istintaq dövründə verdiyi ifadəsində qeyd etdiyi mağazada olan ikinci kartın olması ilə bağlı fikirlərinin yalnış olduğunu, məhkəmədə verdiyi ifadənin doğru olduğunu və bunun əsas götürülməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Quliyev X4 rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla orada yaşadığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, adətən ev üçün bazarlığı Salyan-Neftçala avtomobil yolunun kənarında yerləşən Şahid1 məxsus “Bizim Market” adlı mağazadan edir. Həmin mağazaya bitişik "xxxx"a məxsus bankomat da yerləşir. 15 dekabr 2023-cü il tarixdə, saat təxminən 21 radələrində o, həmkəndlisi Cəlillə mağazada olmuşdur. Bu vaxt onların kəndində çobanlıq edən Əmrah mağazaya gəlib Səlimə yerdən 1 ədəd bankı kartı tapdığını demişdir. Həmin vaxt Səlim Əmraha bir neçə gün əvvəl mağazanın yaxınlığından başqa 1 kart da tapıldığını və kimə məxsus olmasını tapa bilmədiyini demişdir. Əmrah bu vaxt səhv etmirsə orada demişdir ki, kartda pul olsa sahibi arxasınca gələrdi. Əmrah həmin kartı Səlimdən götürüb mağazadan çıxmışdır. Əmrah təxminən 3 dəqiqə sonra gələrək Səlimə kartda pul olmadığını demişdir. Səlim Əmrahdan kartı alıb harasa atmışdır. O, sonradan eşitmişdir ki, həmin vaxt Əmrah kartdan pul oğurlamışdır. Onun bu barədə başqa məlumatı yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq edilir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ərizədən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. xx.xx.2024-cü il tarixli ,175 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayonu, Qədimkənd kəndində yaşamaqla, işləmir. Ailə üzvlərindən anası, arvadı və xx.xx.2023-cü il təvəllüdlü qızı vardır. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X5 10 aprel 2023-cü ildə Göygöl rayonunda doğulmuş, atası Təqsirləndirilən şəxs, anası isə X1r. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut zərərçəkmiş şəxsə təhvil verilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir nəfər azyaşlı uşağının olduğunu, dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut -1 ədəd plastik bank kartının zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18–20 dekabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd plastik bank kartının qanuni sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab olunsun. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-21/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-21/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver