Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-22/2023 16.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, zərərçəkmiş şəxs «Azəriqaz» X2 X4 İdarəsinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxx 1962-ci ildə Saatlı rayonunun Telmankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Neftçala Rayon Məhkəməsinin 4(053)-61/2022 nömrəli iş üzrə 04 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində əvvəli 02 dekabr 2022-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə hazırlıq iclasının 07 mart 2023-cü il tarixli qərarına əsasən «həbs» növündə qətimkan tədbiri «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilmiş (bu qətimkan tədbirinin tətbiqinə 07 mart 2023-cü ildə başlanıb) və hazırda «ev dustaqlığı»nda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunur ki, «...Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayından günü istintaqa məlum olmayan tarixdən 20 noyabr 2022-ci il tarixdə saat 15 radələrinə kimi olan müddət ərzində X1 Salyan X4 İdarəsinə məxsus Salyan rayonunun Çuxanlı kəndindən Neftçala rayonunun Şorkənd kəndi istiqamətində olan 1979-cu ildə istifadəyə verilmiş və 2021-ci ilin noyabr ayında istismardan çıxarılmış, 8 mm qalınlığında D-530 mm 600 p/m, 3 mm qalınlığında D-273 mm 280 p/m və 3 mm qalınlığında D-219 mm 328 p/m, sonuncu dəfə 20 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Neftçala rayonunun Şorkənd kəndi ərazisində 20 metr olmaqla, vahid niyyətlə ümumilikdə 43840,0 manat dəyərində, xeyli miqdarda 1208 metr uzunluğunda istismara yararsız dəmir materialdan təbii qaz borularını kəsib gizli olaraq talamaqla oğurluq etmişdir». İttiham aktının nəticəvi hissəsində həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. İşin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci ildə saat 15 radələrində “Azəriqaz” X2 X4 İdarəsinə məxsus olan, Salyan rayonunun Çuxanlı kəndindən Neftçala rayonunun Şorkənd kəndi istiqamətində yerləşən, 1979-cu ildə istifadəyə verilmiş və 2021-ci ilin noyabr ayında istismardan çıxarılmış 8 mm qalınlığında D-530 mm 60 (altmış) p/m uzunluğunda istismara yararsız dəmir təbii qaz borusunu kəsib gizli olaraq talamaqla zərərçəkmiş şəxs “Azəriqaz” X2 X4 İdarəsinə ümumilikdə 3.720,00 manat miqdarında maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, ailə üzvləri ilə birlikdə Salyan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 16 ünvanında yaşayır. Əvvəllər polis əməkdaşı olmuş, hazırda isə pensiyaçıdır. Ailəsinin maddi cəhətdən dolanacağını təmin etmək üçün hərdənbir metal tullantılarının alğı-satqısı ilə məşğul olur. Salyan rayonunun Çuxanlı kəndindən Neftçala rayonunun Şorkənd kəndi istiqamətində uzanan, uzun illər istifadəsiz qalmış metal borunu 15 noyabr 2022-ci il tarixində təsadüfən görmüşdür. Borunun istifadəyə yarasız olduğunu görüb və sahibsiz olduğunu düşünərək belə qərara gəlmişdir ki, onu kəsib metal qəbulu məntəqəsinə satsın. Borunun ümumi uzunluğu təxminən 40 – 60 metr, diametri 530 mm, qalınlığı isə 8 mm olub. Beləliklə, 20 noyabr 2022-ci ildə saat 15 radələrində həmin borunu kəsmək üçün qaynaqçı kimi tanıdığı Nurunu dəvət etmiş, Nuru «Qazel» markalı avtomobili ilə gəlib borunu qaynaq aparatı vasitəsilə 5 hissəyə bölmüşdür. Həmin vaxt Nurunun əmisi oğlu Emin də Nuru ilə birlikdə gəlmiş və ona kömək etmişdir. Eyni zamanda boruları metal qəbulu məntəqəsinə aparmaq üçün İlqar adlı «MAZ» markalı yük avtomobilinin sürücüsünü də dəvət etmiş, borular həmin yük avtomobilinə tanışı Muradın idarə etdiyi kran vasitəsilə yüklənmişdir. Qeyd edir ki, Nuru, Emin, İlqar və Murad boruların oğurluq olduğunu bilməyiblər. Onlara həmin boruları satın aldığını bildirmişdir. Daha sonra həmin 40 – 60 metr uzunluğunda borunu İlqarla birlikdə, sonuncunun idarə etdiyi «MAZ» markalı yük avtomobili ilə «X6» şirkətinin Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsinə aparmış və təhvil vermişdir. Boruları ondan məntəqəyə rəhbərlik edən Ceyhun adlı şəxs təhvil alıb. Bununla bağlı boruların çəkisi tərəzidə ölçülmüş, ümumi çəkinin 2.400 kq təşkil etdiyi müəyyən olunmuşdur. Ceyhunla metalın hər bir kiloqramına görə 50 (əlli) qəpik qiymət razılaşdıqdan sonra, boruları Ceyhuna satmış, sonuncu bunun müqabilində ona 1.200 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, gördükləri işin müqabilində, zəhmət haqqı kimi Nuruya 70 və ya 80 manat, İlqara isə 100 manat pul verib. Təqsirləndirilən şəxs vurğulayır ki, oğurladığı boruların diametri eyni olub. Yəni, yalnız diametri 530 mm, qalınlığı 8 mm, ümumi uzunluğu isə təxminən 40 – 60 metr təşkil edən qaz borularını oğurlayıb (həmin boru qaynaq aparatı vasitəsilə 5 hissəyə bölünmüşdür). İttiham aktında göstərilən digər diametrli borulardan, habelə diametri 530 mm, qalınlığı 8 mm təşkil edən borunun qalan hissəsindən xəbəri yoxdur və onları oğurlamayıb. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, göstərilənlərdən başqa tanımadığı yaşlı bir kişidən pulunu ödəməklə iki ədəd köhnə metal su borusu alıb. Boruları aldığı vaxt onlardan biri torpaq örtüyü altında olub. Həmin boru Fərid adlı şəxsin idarə etdiyi texnika vasitəsilə torpağın altından çıxarılmışdır. Sonradan göstərilən su boruları onun tapşırığına əsasən Elçin adlı şəxsə məxsus «Kamaz» avtomobili vasitəsilə daşınaraq Şahin adlı şəxsin Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsinin yaxınlığındakı boş əraziyə boşaldılmış, bir müddət orada qaldıqdan sonra yük maşını ilə səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə satılmışdır. Qeyd etdiklərindən başqa heç bir boru oğurlamayıb, almayıb və satmayıb. Göstərilənlərə əsasən ittihamı D-530 mm 540 və ya 560 p/m, D-273 mm 280 p/m və D-219 mm 328 p/m borulara aid hissədə əsassız sayır. Təqsirləndirilən şəxs eyni zamanda bildirir ki, həbsdə saxlanıldığı müddətdə oğlu zərərçəkmiş şəxsə vurulmuş zərərin ödəniləcəyi təqdirdə onun həbsdən azad olunacağını düşünərək «Azəriqaz» X2 X4 İdarəsinə 15.000 manat miqdarında pul ödəyib. Beləliklə, zərərçəkmiş şəxsə cinayət nəticəsində vurduğu real ziyandan da artıq miqdarda pul ödənilib. Törətdiyi cinayət əməlinə görə peşmandır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirmişdir ki, «Azəriqaz» X2 X4 İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi vəzifəsində işləyir. 02 dekabr 2022-ci il tarixdə Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Salyan rayonu, Çuxanlı kəndindən Salyan rayonunun Kürkənd kəndinə qədər olan 1.400 p/m-lik müxtəlif diametrli qaz borularının oğurlanması barədə məlumat verib. Həmin tarixdən başlayaraq təkrar aparılan araşdırmanın sonunda müəyyən olunmuşdur ki, Salyan RQİİ-yə məxsus 1.400 p/m müxtəlif diametrli (D-530, D- 273, D-219 mm-lik) istismardan çıxarılmış qaz borularından 112 p/m D-530 mm-lik boru demontaj olunaraq idarənin anbarına təhvil verilmiş, D-530 mm-lik borunun 14 p/m hissəsi asfalt örtüyünün, 66 p/m hissəsi isə Salyan şəhərinin «Giriş abidəsi»-nin altından keçdiyi üçün çıxarılması mümkün olmamışdır. Beləliklə müəyyən olunmuşdur ki, 1.400 p/m borunun 192 p/m hissəsinə toxunulmadığından 1.208 p/m müxtəlif ölçülü boru xətti oğurlanmışdır. Göstərilən 1.208 p/m boru xətti müxtəlif ölçülərdən - D-530 mm-lik 600 p/m, D-219 mm-lik 328 p/m, D-273 mm-lik 280 p/m boru xəttindən ibarətdir. D-530 mm-lik boru 8 mm, D-219 mm və D-273 mm olan borular 3 mm qalınlığında olmuşlar. Həmin qaz xətti 1979-cu ildən istismara verilmişdir. Ərazidə alternativ qaz xətti istifadəyə verildiyindən, istismara yararsız 1.400 p/m qaz xətti 2021-ci ilin noyabr ayında istismardan çıxarılmışdır. Göstərilən qaz xəttinin istismardan çıxarılma səbəblərindən biri də həmin xətdə qaz sızmalarının çox olması olub. Ona görə də təkrar istismar üçün yararsızdır. Lakin bu heç də o demək deyil ki, həmin borular istifadəyə tamamilə yarasız və gərəksizdir. İdarənin əmlakı olmaqla yanaşı onların idarənin başqa sahələrində istifadəsi mümkündür. Oğurlanmış boruların müvafiq ekspert rəyinə istinadən 2022-ci ilin iyun-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyərinin nəzəri qaydada təxminən 43.840,00 manat olduğu müəyyən edilib. Bu rəqəm yalnız oğurlanmış boruların dəyərini ifadə edir. Beləliklə təmsil etdiyi «Azəriqaz» X2 X4 İdarəsinə 43.840,00 manat miqdarında maddi ziyan dəymişdir. Həmin ziyanın tam həcmdə ödənilməsini tələb edir. Nümayəndə işin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, «Azəriqaz» X2 X4 İdarəsinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən 18 noyabr 2022-ci il tarixdə Salyan rayonunun Çuxanlı kəndindən Kürkənd kəndinə qədər çıxarılması mümkün olan ümumi uzunluğu 1.208 p/m təşkil edən müxtəlif diametrli (D-530 mm-lik 600 p/m, D-219 mm-lik 328 p/m, D-273 mm-lik 280 p/m) istismardan çıxarılmış qaz borularının demontaj olunması məqsədilə hazırlıq işlərinin görülməsi üçün baxış keçirilmiş və demontaj olunması mümkün olan borular müəyyən edilmişdir. Beləliklə, 18 noyabr 2022-ci il tarixində ittiham aktında qeyd olunan 1.208 p/m uzunluğunda qaz boruları yerində olub. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonunun Şorkənd kəndində yaşayır. Rəsmi olaraq işləmir. Fərdi qaydada qaynaqçı kimi fəaliyyət göstərib qazanc əldə edir. 20 noyabr 2022-ci ildə saat 15 radələrində keçmiş polis əməkdaşı kimi tanıdığı Salyan şəhər sakini Alim adlı şəxs ona zəng edərək qaynaq vasitəsilə görüləsi işinin olduğunu bildirmişdir. Alimin xahişinə əsasən həmin gün saat 17 radələrində özünün idarə etdiyi «QAZEL» markalı, 99XT752 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əmisi oğlu Eminlə birlikdə yaşadığı Şorkənd kəndi ilə Salyan rayonunun Çuxanlı kəndinin sərhədinə gedib oradan keçən təxminən 50 – 60 metr uzunluğunda qaz borusunu kəsmişdir. Alim ona bu işi təklif edəndə ondan kəsdiyi borunun kimə və ya hansı idarəyə məxsus olduğunu soruşmuşdur. Alim isə ona demişdir ki, «SOCAR»-ın boş, yəni istifadəsiz qalmış qaz xəttidir və icazəsini almışdır. Ona görə də Alimin sözünə inanıb ona göstərilmiş təxminən 50 – 60 metr uzunluğunda, 530 mm diametrində, 8 mm qalınlığında dəmirdən olan qaz xəttini kəsmişdir. Həmin boru bütöv halda bir ədəd olmuş, borunun bir ucu açıq vəziyyətdə, o biri ucu isə torpaq örtüyü altında olmuşdur. Onun çöldə olan hissəsini qaynaq aparatı vasitəsilə 4 yerdən kəsməklə hissələrə bölmüş və nəticədə 5 ədəd boru əmələ gəlmişdir. Bölünmüş hissələrin hər birinin uzunluğunun 10 – 11 metr olduğunu təxmin edir. Qeyd edir ki, o, yalnız bir ölçülü, eyni diametrli və qalınlıqlı borunu kəsib hissələrə bölmüşdür. Bundan başqa heç bir boru kəsməyib. Gördüyü işin müqabilində Alim ona zəhmət haqqı olaraq 80 manat pul vermişdir. Alimdən aldığı pulun 10 manatını əmisi oğlu Eminə verib. Əvvəllər Alimin sifarişi ilə hər hansı bir ərazidə boru kəsimi işləri və ya hər-hansı başqa iş icra etməyib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 bildirmişdir ki, əmisi oğlu Şahid1 «avtogen» adlanan alətlə qaynaq işləri ilə məşğul olur. Nuru 20 noyabr 2022-ci il tarixdə ona iş olduğunu demişdir. O, evdən çıxmış və Nurunun «Qazel» markalı avtomaşını ilə görüləcək iş yerinə yola düşmüşlər. Yolda Nuru ona işin nə iş olduğunu deməmişdir. Onlar Neftçala rayonu, Şorkənd kəndi ərazisində Çuxanlı yolu adlanan yerin yaxınlığındakı metal qəbulu məntəqəsinin yanında yolun sağ tərəfində dayanmışlar. Alim adlı tanımadığı şəxs Nuruya yaxınlaşıb demişdir ki, buradakı borunu kəsmək lazımdır. Bundan sonra Nuru borunu kəsməyə başlamışdır. Bu zaman Nuruya qaynaq alətinin şlanqının saxlanmasında kömək etmişdir. Onlar borunu təxminən 4 yerdən kəsməklə hissələrə bölmüş və nəticədə hər birinin uzunluğu təxminən 10 – 11 metr olan 5 ədəd boru əmələ gəlmişdir. Borunun ölçüsünü və digər göstəricilərini dəqiq bilmir, lakin xatırlayır ki, diametri nisbətən böyük və materialı qalın olan boru olmuşdur. O, həmin borunun hansısa idarəyə məxsus olduğunu bilməyib. Ümumiyyətlə onun belə şeylərdən anlayışı yoxdur. Nuru ona 10 manat pul vermişdir. Onlar həmin və ya başqa ərazidə Alimin sifarişi ilə başqa bir iş görməyiblər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. «MAZ» markalı yük avtomaşınının sürücüsüdür və sifariş əsasında yük daşıma xidməti göstərir. Əvvəllər polis əməkdaşı olan Alimi çoxdan tanıyır və onunla münasibətləri vardır. 20 noyabr 2022-ci il tarixdə çayxanada olarkən Alim ona yaxınlaşmış və 5 – 6 ədəd metal borudan ibarət yükünün olduğunu bildirərək həmin boruları Salyan şəhərində olan metal qəbulu məntəqəsinə aparmağı sifariş etmişdir. Yükün aparılması ilə bağlı Alimlə xidmət haqqını 100 manat razılaşıb maşını ilə Alimin dediyi əraziyə getmişdir. Əraziyə çatdıqda avtomaşını saxlamış və dişi ağrıdığı üçün avtomaşından düşməyib, kabinada uzanmışdır. Yük təxminən yarım saat müddətinə avtomaşına yüklənmiş və həmin yükü «X6» şirkətinin Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Şahid qeyd edir ki, borunu bütöv vəziyyətdə görməyib. O, əraziyə gələrkən boruları kəsilib hissələrə bölünmüş vəziyyətdə görmüşdür. İdarə etdiyi avtomaşının yük yerinin uzunluğu 13 metrdir. Avtomaşına yüklənmiş boruların sayı təxminən 5 – 6 ədəd, diametri isə eyni, yəni 530 mm olub. Həmin boruların oğurluq olduğunu isə bilməyib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Kran sürücüsü olmaqla fərdi qaydada fəaliyyət göstərir. 20 noyabr 2022-ci il tarixdə Alim ona zəng edərək Çuxanlı yolunda ona məxsus metal boruların olduğunu bildirmiş və onları yük avtomobilinə yükləməyi sifariş etmişdir. Alimlə razılaşaraq onun dediyi əraziyə gəlib Salyan-Çuxanlı yolu istiqamətində sağ tərəfdə dayanıb. Əraziyə çatdıqda orada sürücü kimi tanıdığı İlqarı, qaynaqçı Nurunu və bir də tanımadığı bir şəxsi görmüşdür. O, həmin ərazidə olan 530 mm diametrli və qalın dəmir materialı olan təxminən 5 – 6 ədəd boruları İlqarın «MAZ» markalı yük avtomobilinin qoşqusuna yükləyib, xidmət haqqı kimi Alimdən 100 manat alaraq getmişdir. Qeyd edir ki, Alimi əvvəllər tanımamış, Alim onun mobil nömrəsini hansısa tanışı vasitəsilə əldə edərək ona zəng etmişdir. Alimin cəmi bir dəfə ona sifarişi olub. Onun üçün başqa heç vaxt və heç bir iş görməyib. Həmçinin o, həmin ərazidə İlqardan başqa bir sürücü və başqa bir yük maşınını görməyib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, ailəsi ilə birlikdə Salyan şəhəri, Şahid6 küçəsi ev 12 ünvanında yaşayır. Salyan şəhərində yerləşən «X6» MMC-nin metal qəbulu məntəqəsində baş mütəxəssis vəzifəsində işləyir. İşi müxtəlif şəxslər tərəfindən məntəqəyə gətirilən metalları qəbul edib, çəkisinə uyğun olaraq pulunu vermək və sairdən ibarətdir. 20 noyabr 2022-ci il tarixdə «MAZ» markalı yük maşınının İlqar adlı sürücüsü və əvvəllər də tanıdığı Təqsirləndirilən şəxs onun yanına gəlmişlər. Alim demişdir ki, vaxtilə ev tikdirəndə aldığı borular lazım olmadığından onları metal kimi satır. Boruların sayı 5 – 6 ədəd idi, lakin onların uzunluğunun nə qədər olduğunu bilmir. Həmin boruları tərəzidə çəkmiş, boruların ümumi çəkisi 2.400 kq gəlmişdir. O, Alimə 1.248 manat pul vermişdir. O, oğurluq mallar qəbul etmədiyini, Alimi uzun zamandır ki, tanıdığından onun sözünə etibar etdiyini bildirir. Alim məntəqəyə cəmi 1 dəfə metal borular gətirib. Boruların «Azəriqaz» X2 X4 İdarəsinə məxsus olduğunu bilməyib. Səhəri gün, yəni 21 noyabr 2022-ci il tarixdə həmin boruları tullantı kimi təkrar əridilib emala verilməsi üçün «X6» MMC-yə məxsus yük maşınına yüklətdirib Bakı şəhərinə göndərmişdir. Qeyd edir ki, məntəqəyə gətirilən metalları qəbul edərkən əvvəlcə onları gətirən şəxslərin şəxsiyyətlərini müəyyənləşdirir, sonra qəbul edərək tərəzidə çəkisini müəyyənləşdirdikdən sonra onlara pulunu verir. Bu zaman vətəndaşa qəbz və ya hər hansı bir sənəd verilmir. Qəbul etdikləri metalın ölçüsü və ya uzunluğu önəm təşkil etmədiyindən, yalnız çəkisi əsasında onların dəyəri müəyyənləşdirilir. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs qəbul etdiyi metal boruların ümumi çəkisi 2.400 kq olmuş və həmin dövrdə dəmir metalın qiyməti 54 qəpik olmuşdur. Boruların hamısı eyni göstəriciləri olan, nisbətən böyük diametrli və qalın materiallı olmuşdur. Qəbul etdiyi metalın ümumi dəyəri cəmi 1.248 manat təşkil etmiş və Alimə həmin məbləğdə pulu vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Şorkənd kəndində yaşayır. Mərhum atasının «Kamaz» markalı yük maşını olub. Atası 2022-ci ilin aprel ayında vəfat etmişdir. Həmin avtomaşını atası dünyasını dəyişdikdən bir müddət sonrayadək idarə etmişdir. Hazırda isə onu idarə etmir. Təqsirləndirilən şəxslə atası dost olmuşdur. 2022-ci ilin gününü tam xatırlamadığı mart ayında atası ona zəng edərək Alimin 2 ədəd borudan ibarət yükü olduğunu, həmin boruları Alim deyən yerə aparmaq lazım olduğunu bildirmişdir. Həmin borular 2 ədəd olmuşdur və onlar istifadəyə yararsız, çürük vəziyyətdə olmuşdur. Çünki borulardan uzun müddət torpağın altında suötürücü kimi istifadə olunmuş və onlar korroziyaya uğramışdır. Özünün deməsinə görə Alim həmin boruları yaşlı bir kişidən pulla almışdır. Borular traktor vasitəsi ilə maşına yüklənmişdir. Daha sonra onları Alimin tapşırığı əsasında Şahin adlı şəxsin Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsinin yaxınlığında olan boş bir əraziyə boşaltmışdır. Bu iş cəmi bir dəfə olmuşdur. Alimlə daşınma xərci olaraq 150 manata razılaşsalar da, Alim ona cəmi 120 manat pul vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Salyan rayonu, Marışlı kəndində yaşayır və bekalator sürücüsüdür. Bekalatoru kirayə götürüb istifadə edir. 2022-ci ilin təxminən mart ayının ortalarında tanımadığı nömrədən ona zəng gəlmişdir. Özünü təqdim edib bildirmişdir ki, adı Alimdir və əvvəllər polis işçisi olub. Alim ona torpağın altında olan metal borunu çıxarmaq üçün onun texnikasına ehtiyacı olduğunu bildirmiş və bunun üçün Salyan rayonu, Çuxanlı kəndi ilə Muğangəncəli kəndinin sərhədinə gəlməsini xahiş etmişdir. Alimə elə işləri görmədiyini bildirmişdir. Alim də ona narahat olunası bir şey olmadığını bildirib, təkrar olaraq dediyi ünvana gəlməsini xahiş etmişdir. O, da Alimin dediyi əraziyə gəlmişdir. Orada 2 ədəd metal borunun olduğunu, borulardan birinin torpaq örtük altında olduğunu görmüşdür. Alim ona torpağın altında olan borunu çıxarmalı olduğunu demişdir. O, da idarə etdiyi texnika vasitəsi ilə bir neçə cəhdlə həmin borunu çətinliklə də olsa çıxarmışdır. Boruların hər ikisi uzun müddət istifadə olunmuş və korroziyaya uğramış dəmir su boruları olmuşdur. Qeyd etdiklərindən başqa hər hansı bir əlavə məlumatı yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi məsələsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır», «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən «Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır». Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qüvvədə olan cinayət-prosessual qanunvericiliyin yuxarıda göstərilən və s. əlaqəli müddəalarını rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi halını sübuta yetirə bilməyib. Məsələ ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən 29 dekabr 2022-ci ildə verilmiş 9/9392 nömrəli ekspert rəyinin (cinayət işi, 2-ci cild, v. 121 – 123) nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «Ekspertiza təyini haqqında qərarda göstərilən istismara yararsız boruların 2022-ci ilin iyun-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 43840,0 manat müəyyən olunur». Rəyin tədqiqi hissəsindən həmçinin görünür ki, 8 mm qalınlığında D-530 mm-lik istismara yararsız borunun miqdarı 600 metr, bir metrinin qiyməti 62,0 manat, ümumi dəyəri 37.200,00 manat; 3 mm qalınlığında D-273 mm-lik istismara yararsız borunun miqdarı 280 metr, bir metrinin qiyməti 12,00 manat, ümumi dəyəri 3.360,00 manat; 3 mm qalınlığında D-219 mm-lik istismara yararsız borunun miqdarı 328 metr, bir metrinin qiyməti 10,00 manat, ümumi dəyəri 3.280,00 manat təşkil edir. Müstəntiqin «Sübutların qiymətləndirilməsi haqqında» 03 fevral 2023-cü il tarixli Qərarı ilə (cinayət işi, 2-ci cild, v. 154 – 163) yuxarıda qeyd olunan rəyin cinayət işinin materialları ilə ziddiyyət yaratmadığı müəyyən edilmiş və o, sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin 1-ci cildinin 8, 9, 96 – 98 və 108-ci vərəqlərində olan fotoşəkillər işin məhkəmə baxışı zamanı tədqiq edilmişlər. Cinayət işinin 1-ci cildinin 8-ci və 9-cu vərəqlərində olan 2-ci və 4-cü fotoşəkillərdə, habelə 98-ci vərəqində olan hər iki fotoşəkildə kəsilmiş boruların bir hissəsi açıq-aşkar görünür (müvafiq boruların digər hissəsi torpaq altında qalıb). Cinayət işinin materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham faktik olaraq yalnız zərərçəkmiş şəxsin nümayəndəsinin bildirdikləri, zərərçəkmiş şəxsin təqdim etdiyi məlumatlar və yuxarıda qeyd olunan ekspert rəyi əsasında verilmiş, bu zaman təqsirləndirilən şəxsin və şahidlərin bildirdikləri lazımınca nəzərə alınmamış, tədqiq olunmamış və qiymətləndirilməmişdir (təqsirləndirilən şəxs və şahidlər işin məhkəmə baxışı dövründə iş üzrə ibtidai araşdırma dövründə verdikləri ifadələrə əsas etibarilə uyğun məzmunlu ifadələr veriblər). Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, oğurluq əməlini cəmi bir dəfə 2022-ci ilin noyabr ayının 20-də etmiş, bu zaman cəmi 40 – 60 metr uzunluğunda, 8 mm qalınlığında, D-530 mm-lik istismardan çıxarılmış qaz borusunu oğurlamışdır. O, başqa oğurluq etmədiyini bildirir. İbtidai istintaq zamanı da təqsirləndirilən şəxs cəmi bir dəfə qaz borusu oğurladığını bildirmişdir (istintaq zamanı təqsirləndirilən şəxs oğurladığı borunun ümumi uzunluğunun 20 metr olduğunu bildirib). Təqsirləndirilən şəxs həmçinin iki ədəd su borusunu alıb satdığını da bildirir ki, bununla bağlı ona qarşı ibtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülməyib. Bununla yanaşı, həm ibtidai istintaq, həm də məhkəmə baxışı dövründə dindirilmiş şahidlər Şahid1, X3, Şahid2 və Şahid5 bildirirlər ki, onlar cəmi bir dəfə - 2022-ci ilin noyabr ayının 20-də Təqsirləndirilən şəxs dəvəti ilə gəlib istismardan çıxarılmış qaz borusunun kəsilməsi, avtomobilə yüklənməsi və metal qəbulu məntəqəsinə daşınması ilə bağlı sonuncu tərəfindən onlara tapşırılmış işləri görmüş və bunun müqabilində təqsirləndirilən şəxsdən zəhmət haqqı almışlar. Şahidlər müvafiq qaz borularının diametrinin də eyni olduğunu bildirirlər. Onların ifadələrindən görünür ki, təqsirləndirilən şəxsin tapşırığı əsasında hər-hansı başqa diametrli borunun kəsilməsi, avtomobilə yüklənməsi və metal qəbulu məntəqəsinə daşınması ilə bağlı işlər görməyiblər və təqsirləndirilən şəxsin başqa qaz borusunu oğurlamasının şahidi olmayıblar. Təqsirləndirilən şəxsin və Şahid2 bildirdiklərindən görünür ki, 20 noyabr 2022-ci il tarixində təqsirləndirilən şəxs tərəfindən oğurlanmış borunun hamısı «MAZ» markalı yük avtomobili ilə «X6» şirkətinin Salyan şəhərində yerləşən metal qəbulu məntəqəsinə aparılıb. Həmin məntəqədə yükü qəbul etmiş Şahid6 isə bildirir ki, təqsirləndirilən şəxsin gətirdiyi boruların ümumi çəkisi 2.400 kq təşkil edib. Bütün şahidlər oğurlanmış borunun diametrinin 530 mm-ə uyğun olduğunu bildirirlər. Beləliklə, təqsirləndirilən şəxsin hər-hansı digər diametrdə və uzunluqda qaz borularını oğurlaması və satması halı istər iş üzrə ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilməyib. Məhkəmə müvafiq məsələyə qiymət verərkən həmçinin zərərçəkmiş şəxs tərəfindən işin məhkəmə baxışı dövründə təqdim olunmuş aşağıdakı sənədə diqqət yetirməyi də zəruri sayır. Salyan RQİİ-nin Salyan rayonu üzrə rəis müavini Faiq Qurbanov, Salyan XS-nin QDX-nin rəisi Fətulla Nəzərov və QDX-nin mühəndisi Elsevər Əhmədov tərəfindən 18 noyabr 2022-ci ildə tərtib olunmuş aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) No socar **********40020020A00109 nömrəli sərəncamına əsasən həmin şəxslər tərəfindən 18 noyabr 2022-ci ildə Salyan rayonu Çuxanlı kəndindən Kürkənd kəndinə qədər çıxarılması mümkün olan ümumi uzunluğu 1.208 p/m təşkil edən müxtəlif diametrli (D-530 mm-lik 600 p/m, D-219 mm-lik 328 p/m, D-273 mm-lik 280 p/m) istismardan çıxarılmış qaz borularının demontaj olunması məqsədi ilə hazırlıq işlərinin görülməsi üçün baxış keçirilmiş və demontaj olunması mümkün olan borular müəyyən edilmişdir. Həmin aktda və zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi hər-hansı başqa sənəddə 18 noyabr 2022-ci il tarixinədək olan dövr üzrə şirkətə məxsus boruların yerində aşkar edilmədiyinə dair heç bir məlumat yoxdur. Beləliklə, zərərçəkmiş şəxsin özü belə müvafiq boruların 18 noyabr 2022-ci il tarixinədək olan dövr üzrə yerində olduğunu, yəni hər-hansı formada talanmadığını faktik olaraq etiraf edir. Belə olan halda təqsirləndirilən şəxsin oğurlandığı ona ittiham olunan 1.208 metr uzunluğunda müxtəlif diametrli boruları 2022-ci ilin avqust ayından başlayaraq oğurlaması halı müəyyən edilmiş sayıla bilməz. Təqsirləndirilən şəxsə oğurlandığı ittiham olunan 1.208 metr uzunluğunda borunun uzunluğunu, həmin borunun kəsilərək yerdən çıxarılması və daşınması üçün xeyli işçi qüvvəsinin və texnikanın tələb olunduğunu və iş üzrə toplanmış sübutların məcmusunu nəzərə aldıqda isə görünür ki, Təqsirləndirilən şəxs bu boruları 18 – 20 noyabr 2022-ci il tarixlərində, yəni cəmi 2 gün müddətində oğurlaya bilməsi halı işin faktik halları nəzərə alınmaqla ağlabatan sayıla bilməz. İşin hallarının tam və obyektiv araşdırılması məqsədilə məhkəmə baxışı dövründə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatı üçün zəruri olan nümunələrin ekspertə təqdim edilməsi “Azəriqaz” X2 X4 İdarəsinə həvalə olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən 15 sentyabr 2023-cü ildə verilmiş 9/4712 nömrəli ekspert rəyin nəticəvi hissəsindən, iş materialları da nəzərə alınmaqla görünür ki, qalınlığı 8 mm təşkil edən D-530 mm-lik korroziyaya uğramış qaz borusunun 01 metrinin çəkisi 116,24 kq; qalınlığı 3 mm təşkil edən D-273 mm-lik korroziyaya uğramış qaz borusunun 01 metrinin çəkisi 50,55 kq; qalınlığı 3 mm təşkil edən D-219 mm-lik korroziyaya uğramış qaz borusunun 01 metrinin çəkisi 29,45 kq təşkil edir. Təqsirləndirilən şəxs və Şahid6 isə bildirirlər ki, metal qəbulu məntəqəsinə təqsirləndirilən şəxs tərəfindən gətirilmiş boruların ümumi çəkisi 2.400 kq təşkil etmişdir. Göstərilənlər nəzərə alındıqda D-530 mm-lik borunun təxmini uzunluğunu sadə riyazi hesablama yolu ilə müəyyən etmək olar: 2.400 kq (borunun ümumi çəkisi) : 116,24 kq (borunun 1 metrinin çəkisi) = 20,65 metr (borunun uzunluğu). Yuxarıda qeyd olunduğu kimi D-273 mm-lik və D-219 mm-lik boruların təqsirləndirilən şəxs tərəfindən oğurlanması halı müəyyən edilməyib. Buna baxmayaraq, məhkəmə bu boruların da çəkisi ilə bağlı hesablama aparmışdır: D-273 mm-lik boruya aid hissədə - 2.400 kq (borunun ümumi çəkisi) : 50,55 kq (borunun 1 metrinin çəkisi) = 47,50 metr (borunun uzunluğu); D-219 mm-lik boruya aid hissədə - 2.400 kq (borunun ümumi çəkisi) : 29,45 kq (borunun 1 metrinin çəkisi) = 81,50 metr (borunun uzunluğu). Yuxarıda göstərilən hesablama və 29 dekabr 2022-ci il tarixli 9/9392 nömrəli ekspert rəyi nəzərə alınmaqla D-530 mm-lik borunun ümumi dəyəri aşağıdakı kimidir: 20,65 metr (borunun uzunluğu) x 62 manat (borunun 1 metrinin dəyəri) = 1.208,30 manat (borunun ümumi dəyəri). Yuxarıda qeyd olunduğu kimi D-273 mm-lik və D-219 mm-lik boruların təqsirləndirilən şəxs tərəfindən oğurlanması halı müəyyən edilməmişdir. Buna baxmayaraq, məhkəmə bu boruların da dəyəri ilə bağlı hesablama aparmışdır: D-273 mmlik boruya aid hissədə - 47,50 metr (borunun uzunluğu) x 12 manat (borunun 1 metrinin dəyəri) = 570 manat (borunun ümumi dəyəri); D-219 mm-lik boruya aid hissədə - 81,50 metr (borunun uzunluğu) x 10 manat (borunun 1 metrinin dəyəri) = 815,00 manat (borunun ümumi dəyəri). Göründüyü kimi, təqsirləndirilən şəxsin və Şahid6 bildirdikləri əsasında riyazi qaydada hesablama yolu ilə alınan rəqəmlər təqsirləndirilən şəxsin bildirdiklərindən də azdır. Lakin məhkəmə təqsirləndirilən şəxsin etirafını (o, təxminən 40 – 60 metr uzunluğunda D-530 mm-lik korroziyaya uğramış qaz borusunu oğurladığını bildirir) və şahid ifadələrini (şahidlər oğurlanmış borunun ümumi uzunluğunun 50 – 60 metr təşkil etdiyini, həmin borunun hər birinin təxmini uzunluğu 10 – 11 metr təşkil edən 5 hissəyə bölündüyünü bildirirlər) nəzərə alaraq təqsirləndirilən şəxs tərəfindən oğurlanmış borunun ümumi uzunluğunu 60 metr olmaqla müəyyən edir. Məhkəmə iş materiallarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən yalnız D-530 mm-lik boru oğurlanıb. Təqsirləndirilən şəxsin D-273 mm-lik və D-219 mm-lik boruları da oğurlaması halı isə işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanın miqdarını 3.720 manat olmaqla müəyyən edir (60,00 metr (oğurlanmış borunun uzunluğu) x 62,00 manat (oğurlanmış borunun 1 metrinin dəyəri) = 3.720,00 manat (oğurlanmış borunun ümumi dəyəri). Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin tərkibi oğurluq nəticəsində zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulduqda yarana bilər. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə görə isə, bu Məcəllənin 177-ci maddəsində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Cinayət nəticəsində vurulmuş zərərin 5.000 manatdan az olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilə bilməz. Bununla yanaşı Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin tələbinə görə bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən «Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktik hallarını, o cümlədən cinayət nəticəsində vurulmuş zərərin 500 manatdan çox və 5.000 manatdan az olduğunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli və o, CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı onun öz izahatı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurulmuş zərərin əvəzinin tam olaraq ödənildiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən «Azəriqaz» X2 X4 İdarəsinə 15.000 manat miqdarında pul ödənilib (cinayət işi 2-ci cild, v. 127, 153). Cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin ümumi miqdarının 3.720,00 manat təşkil etdiyini nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə qalan 11.280 manat miqdarında pulu «Azəriqaz» X2 X4 İdarəsindən geri tələb etmək hüququna malik olduğunu izah edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixindən bu günədək tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 11 (on bir) ay 14 (on dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün yuxarıda qeyd olunan 02 (iki) il müddətindən çıxılmaqla ona qəti olaraq 01 (bir) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-22/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-22/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver