Məhkəmə qərarları › İş №1(053)-22/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-22/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-22/2024 03.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1976-cı il tarixdə Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, 09-11 yanvar 2024-cü il tarixləri üzrə tutulmuş, 11 yanvar 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, audio-video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 16,49 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 09 yanvar 2024-cü il tarixdə, saat 16:20 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2ndə saxlanılaraq Neftçala rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli qolsuz gödəkçənin sağ iç cibindən, şəffaf sellofan bükülüdə, təmiz çəkisi 16,49 qram, xeyli miqdar olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilǝrǝk götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, latın qrafikalı Azərbaycan əlifbası ilə oxumağı bacarsa da yazmağı bacarmır. O, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 07 yanvar 2024-cü il tarixdə, saat təxminən 17 radələrində Neftçala rayonu, Həsənabad qəsəbəsində evinin yaxınlığında hind toyuqlarını otararkən tikanlıq ərazidə otluğun üzərində yerdə şəffaf sellofan bükülü görmüş və diqqətini cəlb etmişdir. Həmin sellofan torbanı yerdən götürüb açdıqda görmüşdür ki, içində qurudulmuş marixuana vardır. Əvvəllər narkotik vasitə istifadəçisi olduğundan qurudulmuş marixuananı dərhal tanımış və götürüb evinə aparmışdır. Fikirləşmişdir ki, lazım olanda istifadə edər. Evdə onu gizlətmişdir. Çünki evdə kimsə ondan istifadə etdiyini bilmir. Həmin narkotik vasitədən istifadə məqsədilə 09 yanvar 2024-cü tarixdə, saat təxminən 16:10 radələrində içində marixuana olan həmin sellofan bükülünü əynindəki qolsuz qış gödəkçəsinin sağ yan iç cibində gizlədib Həsənabad qəsəbəsi, Z.Tağıyev küçəsi ilə qəsəbənin arxasında olan boşluq sahəyə adam olmayan yerə gedərkən mülki geyimdə olan şəxslər həmin küçədə ona yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və üstündə qanunsuz narkotik vasitə saxlaması barədə məlumatları olduğu üçün onu Neftçala rayon polis şöbəsinə aparacaqlarını deyərək avtomobilə mindirmişlər və Neftçala rayon polis şöbəsinə aparmışlar. Neftçala rayon polis şöbəsində təhqiqatçı Abdulalı Bağırov ona bilmişdirdi ki, üzərində qanunsuz narkotik vasitə saxlamaı barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunur. Aparılan videoçəkiliş zamanı ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi ona təqdim edilmiş, maddi imkanı olmadından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir, sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona təklif olunmuşdur ki, üstündə narkotik vasitə varsa təqdim etsin. O, əynindəki qolsuz qış gödəkçəsinin sağ yan iç cibinə qoyduğu marixuana olan bükülünü təqdim etmişdir. Həmin sellofan bükülüdə olan marixuana sellofanla birlikdə kağız zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o da protokola və narkotik vasitə qoyulan zərfə imza etmişdir. Hazırda əməlindən peşmandır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı özü qəbul edəcəkmiş. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Şahid1 məhkəmə baxışı iclasına gəlməmiş, ərizə göndərərək xidməti işi ilə əlaqədar Bakı şəhərinə ezam olduğu üçün məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İşin ibtidai istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Neftçala RPŞ-nin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Hadisə ilə əlaqədar onu qeyd etmişdir ki, Neftçala rayon Həsənabad qəsəbə sakini Təqsirləndirilən şəxs Neftçala rayonu, Həsənabad qəsəbə ərazisində qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı tərəflərindən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 09 yanvar 2024-cü il tarixdə, saat 16:20 radələrində Təqsirləndirilən şəxs ünvan 2ndə tərəflərindən saxlanılmışdır. Saxlanılan zaman özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin saxlanması barədə məlumat daxil olduğunu bildirmişlər. Həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, Təhqiqat Qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. RPŞnin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman təhqiqatçı Abdulalı Bağırov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə vardır və onu təqdim etmək istəyir.Sonra o, əynindəki tünd göy rəngli qolsuz qış gödəkçəsinin sağ yan iç cibindən 1 ədəd şəffaf sellofan bükülünü təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükülü açılıb-baxıldıqda içində qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı fiziki zor və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, xx.xx.2024-cü il tarixli, 18/27 nömrəli Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «…Təqsirləndirilən şəxs üzərindən..» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 16,49 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2024-cü il tarixli, 82 nömrəli narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabioidlərdən istifadə halları olub. Lakin, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. xx.xx.2024-cü il tarixli, 197 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayonu, Həsənabad qəsəbəsində yaşamaqla aşağıdakı tərkibdə ailə üzvləri - arvadı X2, uşaqları-oğlu xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010cu il təvəllüdlü X4 vardır. Eyni zamanda Təqsirləndirilən şəxs Neftçala rayonu, Həsənabad qəsəbəsində yaşadığı müddətdə heç bir qanuna zidd hərəkətlərə yol verməmiş və onun haqqında nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində iki yetkinlik yaşlarına çatmayan uşaqlarının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,39 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 – 11 yanvar 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ərazi Narkoloji Kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,39 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar