Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-22/2025 30.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 20 fevral 2025-ci il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 dekabr 2024-cü il tarixdə, saat 12:30 radələrində Neftçala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsinin inzibati binasının birinci mərtəbəsində, insanların müayinə və müalicə olunması üçün nəzərdə tutulmuş səhiyyə binasında, ictimai yerdə, ətrafda vətəndaşların olmasına məhəl qoymayaraq publik hüquqi şəxsin statistika şöbəsinin opratoru vəzifəsində işləyən tanışı Zərərçəkmiş şəxs sosial şəbəkədə öz statusunda onun barəsində nalayiq ifadələr yazmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək cəmiyyətə açıqcasına hörmətsizlik edib, səs-küy salıb nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs saçından tutub dartaraq əli ilə sifətindən vurub, daha sonra yerə yıxaraq ona sol gözaltı, burunun yumşaq toxuması, sağ diz qapağının qançırları, üst dodağın selikli qişasının qansızması və burun sümüyünün orta 1/3-in çatı ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, özü heç bir yerdə işləmir və Neftçala şəhəri, 20 Yanvar küçəsi ərazisində olan parfumeriya - suvenir mağazasında xırda alverlə məşğul olaraq dolanır. Neftçala şəhər sakini Zərərçəkmiş şəxs tanıyır və onunla arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Cəmalə onun işlətdiyi mağazadan mallar götürərək aparıb sataraq hər dəfə ona həmin malların pulunu verirmiş. Lakin 4 ay olmuşdur ki, Cəmalə götürdüyü malların pulunu verməmiş, ona 350 manat borcu qalmışdır. O, dəfələrlə mobil telefon vasitəsilə ona borcunu verməsini bildirmiş, lakin Cəmalə borcunu qaytarmamışdır. Sonradan Cəmalə ona hər ay 50 manat verəcəyini demişdir. 2024-cü ilin oktyabr ayında Cəmalə öz oğluna kiçik toy etmiş, o da həmin toya dəvətli olmuşdur. Lakin işi olduğundan həmin toya getməmiş, Cəmalə də onun toya gəlməməsinə narazılığını bildirmişdir. O da Cəmaləyə ona olan borcundan 50 manat toy üçün verəcəyi pul kimi çıxmasını demişdir. Ondan sonra Cəmalə özünəməxsus “WhatsApp” sosial şəbəkəsinin statusunda onun barəsində nalayiq ifadələr paylaşmış, həmçinin ona da həmin sosial şəbəkədən nalayiq sözlər demişdir. O, da Cəmaləyə görüşmələrini və aralarında olan anlaşılmamazlığı araşdırmalı olduqlarını yazmışdır. Lakin Cəmalə onunla üzbəüz gəlməyəcəyini və onunla görüşməyəcəyini bildirmişdir. Cəmalənin onun barəsində “WhatsApp” sosial şəbəkəsinin statusunda paylaşdığı nalayiq ifadələr yazdığına görə əsəbiləşərək 02 dekabr 2024-cü il tarixdə, saat 12:30 radələrində onun işlədiyi Neftçala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə getmiş, onun yanında Günay Axundova da olmuşdur. Günayın onun yanında olmasına səbəb Cəmalə ilə aralarında olan narazılığı həll edərkən olanları və baş verənləri öz mobil telefonu vasitəsi ilə video kadrı çəkməsi olmuşdur. Xəstəxananın Polikilinika şöbəsinin 1-ci mərtəbəsində Cəmalənin qarşıda getdiyini görmüş, Cəmaləyə yaxınlaşaraq niyə onun barəsində öz statusunda pis sözlər və ifadələr işlətməsini soruşmuşdur. Cəmalə isə ona cavabında düz dediyini, haqqına dediyini bildirmişdir. Bundan sonra o, daha da əsəbiləşərək arxadan ani olaraq cəld ona yaxınlaşmış, saçından tutub sağa-sola çəkməyə, dartmağa başlamış, onu pis və nalayiq sözlərlə söyüb biyabır etmişdir. Həmin vaxt ətrafda xeyli tibb işçiləri olmuş, lakin onların heç biri ona yaxınlaşıb Cəmaləni ondan almağa cürət etməmişlər. Onlar sadəcə olaraq kənarda dayanıb olan hadisəni canlı olaraq seyr etmişlər. Poliklinikanın normal iş fəaliyyəti pozulmuşdur. Cəmaləyə qarşı çox acıqlı, kinli və hirsli olmuşdur. Həmin vaxt özündə olmamışdır. Zərərçəkənin iddia etdiyi kimi Cəmaləni sifətindən və burnundan vurmamışdır. Cəmaləni saçından tutan vaxt onun yerə yıxılması zamanı hansısa xəsarət ala biləcəyini ehtimal edir. Bütün bu olanları və baş verənləri yanında olan və onunla birlikdə hadisə yerinə gələn Günay Axundova öz mobil telefonunun video kamerasına çəkmiş, bundan sonra hadisə yerində olan mühafizə işçiləri Əlizamin və Xosrov onu Cəmalədən aralaşdıraraq hadisə yerindən kənara çəkmişlər. Hadisə zamanı o, heç bir bədən xəsarəti almamış, hadisə təxminən 10-15 dəqiqə ərzinə baş vermiş və hadisə zamanı poliklinikanın normal iş fəaliyyəti pozulmuşdur. Günay Axundova onun törətdiyi xuliqanlıq cinayəti hadisəsinə bu və ya digər formada qarışmamış, Günay sadəcə olaraq özünəməxsus olan mobil telefonla baş verən hadisəni canlı olaraq video görüntüyə almışdır. Həmçinin bildirmişdir ki, bütün olanlara əsas səbəb Cəmalənin onun dünyada ən sevdiyi insan olan anası, habelə özü haqqında ağır təhqir formasında olan sözləri olmuşdur. Zərərçəkmiş tərəfindən onun və anasının ünvanına səslənmiş təhqir dolu səs yazılarını məhkəməyə təqdim edir və bu sözləri eşitdikdən sonra onun emosional vəziyyətdə yol verdiyi qanun pozuntusunun nəzərə alınmasını xahiş edir. Buna baxmayaraq yol verdiyi əməlin qanunazidd olduğunu anlayır. Qeyd edir ki, gərək zərərçəkmişin təhqirləri ilə bağlı müvafiq orqanlara xəbər verərdi. Əməlindən peşmandır. İş üzrə Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, uzun müddətdir ki, Neftçala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin statistika bölməsində operator vəzifəsində işləyir. Neftçala şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Ülkər Neftçala şəhəri, 20 Yanvar küçəsi ərazisində hədiyyələr mağazası işlədir. Hərdən ondan müxtəlif hədiyyələr almışdır. Aldığı malların pulunu hər ay əmək haqqından 20-30 manat olmaqla hissə-hissə qaytarmış, Ülkərin özü ilə belə razılaşmışdır. 02 noyabr 2024-cü il tarixdə Ülkər onun xəstə olduğunu eşidərək, mobil telefonuna zəng edib hal - əhvalını soruşmuşdur. O da Ülkərə onunla yoldaşlıq etməyinə ərinin narazı olduğunu bildirmiş və bir daha ona zəng etməməsini demişdir. Lakin ondan götürdüyü malların pulunu da onun kart hesabına atacağını Ülkərə demiş və narahat qalmamasını tapşırmışdır. Təxminən 10 gün sonra Ülkər onu təkrar mobil telefonla yığaraq hal - əhval tutanda, Ülkərə ona zəng etməməli olduğunu demiş, Ülkər isə onun yaşadığı evə gələcəyini demişdir. O da Ülkərin onun evinə gəlməsinə icazə verməmişdir. 02 dekabr 2024-cü il tarixdə, saat 12:30 radələrində işlədiyi Neftçala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində işdə olmuşdur. İşi ilə əlaqədar xəstəxananın poliklinika şöbəsinin inzibati binasının 1-ci mərtəbəsinə düşmüşdür. Bu vaxt dəhlizdə gedərkən arxadan bir nəfər ani olaraq onun saçından tutub sola-sağa və aşağı-yuxarı dartmağa başlamışdır. O, arxaya çevrilmək istədikdə həmin şəxs onu yerə çırpmışdır. Burnunun və dodağının yerdə kafelə dəyməsi nəticəsində xəsarət almışdır. Başını qaldırıb baxdıqda Ülkərin onun saçından tutaraq yerə yıxmasını və Ülkərlə gələn Günay adlı şəxsin onu telefonun video kamerasına çəkdiyini görmüşdür. Həmin vaxt orada poliklinika şöbəsinin iş fəaliyyəti pozulmuş və ətraf otaqlarda olan əməkdaşların əksəriyyəti öz işlərini dayandırıb otaqlarından kənara çıxaraq Təqsirləndirilən şəxs onu necə döyüb, söyüb və ona bədən xəsarəti yetirməsinə canlı olaraq baxmışlar. Ülkər ona qarşı nalayiq söyüşlər söyə-söyə xəstəxanadan çıxmışdır. Xəstəxanadan çıxanda da onu işlədiyi yerdə camaatın içərisində qəsdən alçaltmağa gəldiyini bildirmişdir. O da Ülkərin bu xuliqanlıq hərəkətləri barədə dərhal istifadə etdiyi mobil telefonla DİN-nin “102” xidmətinə məlumat vermişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs ani olaraq arxadan saçından tutaraq onu yerə vurduğuna görə halsız vəziyyətdə olmuş, iş yoldaşlarının köməyi ilə yerdən qalxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs xəstəxanadan çıxıb getmişdir. Baş vermiş hadisə zamanı o, Təqsirləndirilən şəxs vurmamış, döyməmiş və ona heç bir bədən xəsarəti də yetirməmişdir. Hadisə vaxtı xəstəxananın mühafizəçisi Əlizamin və mühafizə polisinin əməkdaşı Xosrov, qeydiyyat şöbəsinin işçiləri olan Çinarə, Vüsalə, Asiya, qan laboratoriyasının işçiləri orada olmuş, Ülkəri ondan aralaşdıraraq xəstəxananın qapısından çölə çıxartmışlar. Baş vermiş hadisə təxminən 30 dəqiqə davam etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs onun saçını orabura dartmaqla bərabər həmçinin sağ əli ilə sifətinə, sol gözünə, burnuna vurub xəsarət yetirmiş, yerə yıxıldığı üçün sağ dizindən də bədən xəsarətləri almışdır. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2021ci ilin sentyabr ayından Neftçala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində mühafizəçi işləyir. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs xəstəxananın poliklinikasının statistika şöbəsində operator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs isə rayon sakini kimi tanıyır. 02 dekabr 2024-cü il tarixdə, saat 12:15 radələrində Neftçala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsinin inzibati binasının 1-ci mərtəbəsində işdə olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs və onunla birlikdə tanımadığı xanım içəri daxil olmuş və Zərərçəkmiş şəxs işdə olub-olmamasını soruşmuşlar. O isə bu barədə məlumatının olmadığını bildirmişdir. Bundan sonra o, xəstəxananın yuxarı mərtəbələrinə qalxmışdır. Təxminən 3-5 dəqiqə sonra pilləkəndən aşağı mərtəbəyə düşərkən 1-ci mərtəbədən səs-küy və qışqırıq səsləri eşitmişdir. Tez pilləkənlərlə aşağı düşüb görmüşdür ki, 1-ci mərtəbənin dəhlizində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçından tutaraq sağa-sola, aşağı-yuxarı dartır, onu pis söyüşlərlə söyür. Ülkərlə birlikdə gələn tanımadığı xanım isə telefon vasitəsilə videoçəkiliş aparırmış. O, bu vəziyyəti görən kimi araya girmiş və onların sakitləşməsi üçün əlindən gələni etmişdir. Bu zaman xəstəxananın giriş qapısında mühafizə postunda olan Şahid2 inzibati binaya daxil olmuş və ona kömək etməyə başlamışdır. Onlar çətinliklə də olsa Ülkərlə Cəmaləni bir birindən ayırmağı bacarmışlar. Daha sonra Təqsirləndirilən şəxs inzibati binadan çölə çıxarmış, Ülkər və onunla birlikdə gələn tanımadığı xanım avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Neftçala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsinin qan laboratoriyasında tibb bacısı vəzifəsində işləyir. Neftçala şəhər sakini olan Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs xəstəxananın poliklinika şöbəsinin statistika şöbəsində operator vəzifəsində işləyir. X5 isə rayon sakini kimi tanıyır. 02 dekabr 2024-cü il tarixdə, saat 12:30 radələrində Neftçala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsində 1-ci mərtəbədə iş yoldaşı Şahid6 ilə birlikdə işdə olmuşdur. Həmin vaxt 1-ci mərtəbədə digər iş yoldaşları Şahid3, Şahid4 və X1 da xidməti iş yerlərində olmuşlar. Poliklinika şöbəsinin inzibati binasının birinci mərtəbəsindən qadın səs-küyü və qışqırıqları eşitmiş, ətrafa baxanda görmüşdür ki, dəhlizdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçından tutaraq onu sağa-sola və aşağı-yuxarı dartır, onu pis söyüşlərlə söyür. Ülkərlə birlikdə gələn tanımadığı xanım isə əlindəki telefon vasitəsilə videoçəkiliş aparırmış. O və onun iş yoldaşları baş verən hadisə ilə əlaqədar heç biri onların yaxınına getməmiş və onları ayırıb sakitləşdirməmişlər. Hadisə yerində olan Neftçala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsinin inzibati binasında xidmət aparan mühafizəçi Əlizamin və xəstəxananın giriş darvazasında xidmət aparan Xosrov adlı əməkdaşlar Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən almağa çalışmışlar. Hadisə zamanı orada Ülkər, onunla birlikdə gəlib hadisəni telefon vasitəsilə videoçəkiliş aparann tanımadığı xanım, Cəmalə, 1-ci mərtəbədə işdə olan Vüsalə, Asiya, Gülnar, Çinarə adlı işçilər və mühafizəçi Əlizaminlə Xosrov olmuşlar. X3 Əlizamin ayırıb sakitləşdirmiş, digər şəxslər isə yalnız kənarda dayanıb baş verən hadisəni izləmişlər. Hadisə zamanı xəstəxananın poliklinika şöbəsinin iş fəaliyyəti pozulmuşdur. Şahid qismində dindirilmiş Şahid6 Şahid5 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı dövlət ittihamçısının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə xəstəxanaya getmişdir. Daha sonra orada Cəmaləni görmüş və Ülkər ondan nə üçün onu təhqir etdiyini soruşmuşdur. O isə Ülkərə cavabında əcəb etdiyini bildirmişdir. Bu vaxt onların arasında mübahisə yaranmış, o isə bütün olanları özünəməxsus telefon vasitəsilə videoçəkiliş aparmışdır. Lakin o, çəkdiyi videonu heç bir yerdə yaymamış, hadisədən bir müddət sonra həmin videonu silmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 05 dekabr 2024-cü il tarixli, 247 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol gözaltı, burunun yumuşaq toxuması, sağ diz qapağının qançırları, üst dodağın selikli qişasının qansızması, burun sümüyünün orta 1/3-nin çatı (sınığı) küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən iş materiallarına əlavə edilmiş 01 ədəd yaddaş kartına baxış keçirilərkən iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs tərəfindən ağır təhqir edilməsi səs yazılarından müəyyən edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs anasının və Ülkərin ünvanına ağır təhqir formasında ifadələr işlətdiyi səs yazılarından aydın olur. İş materialına əlavə edilmiş digər diskə baxış keçirilməsinə proses iştirakçıları (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi) mübahisəli məqamın olmaması səbəbindən lüzum görmədiklərindən diskə baxışa ehtiyyac yaranmamışdır. Habelə təqsirləndirilən şəxs həqiqətən də xəstəxanada baş verən hadisənin onun tərəfindən törədildiyini və bunun video çəkilişə alındığını, həmin çəkilişə baxdığını, hadisənin baş verməsini mübahisələndirmədiyini vurğulamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə bu qənaətə də gəlir ki, baş vermiş hadisənin yaranma səbəbi kimi iş üzrə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi və anasını ağır formada təhqir etməsi olmuşdur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi və onun anasını təhqir etməsini məhkəmə iclası zamanı yaddaş kartına baxış keçirildikdən sonra etiraf etmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddənin sanksiyası çərçivəsində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk və 01 (bir) ədəd yaddaş kartı iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum olunsun. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk və 01 (bir) ədəd yaddaş kartı iş materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-22/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-22/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver