Məhkəmə qərarları › İş №1(053)-23/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-23/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-23/2024 03.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1982-ci ildə Neftçala rayonu, Dördlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Dördlər kəndində qeydiyyatda olan, Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 noyabr 2023-cü il tarixdə saat 14.20 radələrində Neftçala şəhəri M.Ə.Sabir küçəsində sürücülük hüququ olmadan, ayıq vəziyyətdə idarə etdiyi «VAZ 2109» markalı, 90BV586 dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin küçədə piyada keçidinin üzərindən qarşı yola çıxmaqla geriyə dönərək hərəkət etmək istəyərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və həmin maddənin 12-ci hissəsinin tələblərinə əsasən hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, avtomobili dayandığı yerdən manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, piyada keçidlərinə, yəni geriyə hərəkət qadağan olan yerdə idarə etdiyi avtomobili geriyə dönmə əməliyyatı etdirməməli və hərəkət üçün təhlükə yaratmamalı olduğu halda, bu tələblərə əməl etməyərək, həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən avtomobili sürücülük vəsiqəsi əsasında idarə etməli olduğu halda, bu tələblərə əməl etməyərək ehtiyatsızlıqdan Neftçala şəhəri M.Ə.Sabir küçəsi ilə Neftçala rayonunun Həsənabad qəsəbəsi istiqamətindən rayonun Bankə qəsəbəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «NNB» markalı dövlət qeydiyyat nişanı olmayan motosikletin qarşısına çıxaraq onunla toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs yerə yıxılması nəticəsində sol bud çanaq oynağında mərkəzi çıxıq sirkə kasası dibinin yerini dəyişən qapalı sınığı ilə müşayiət olunan həyatı üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına və sonuncunun idarə etdiyi motosikletin zədələnməsi nəticəsində 450 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Dördlər kəndində qeydiyyatda olsa da ailəsi ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayır. Himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşağı var. Əvvəllər daş karxanasında işləyib, lakin hər iki qolu və başı daşkəsən kombayna düşdüyündən əməliyyat olunub. Bu hadisədən sonra orada işləmək imkanı olmayıb və Neftçala rayonu ərazisindəki müəyyən yerlərdən duz yığıb satmaqla məşğul olub. Arvadı da mövsümi olaraq pambıq yığımında işləyir. Təxminən 20 ildir ki Xıllı qəsəbəsində kirayədə yaşayırlar. Maddi vəziyyətini nəzərə alıb uzun illərdir kirayəçi də ondan kirayə pulunu almır. Dolanışığı çətinləşdiyindən taksi fəaliyyəti ilə məşğul olması üçün 08 noyabr 2023-cü il tarixdə hadisədən bir gün öncə axşam saatlarında Vidadi adlı şəxsdən «Vaz 2109» markalı 90BV586 dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Sürücülük hüququ olmadığından avtomobili gətirib onun həyətində saxlamışlar. O, da avtomobili almaq məqsədilə sahibinə 1.500 manat pul vermiş və beləliklə avtomobil artıq onun olmuşdur. 9 noyabr qeyri-iş günü olduğundan 10 noyabrda maşını sənədləşdirəcəkmiş. Pulu olmadığından və sürücülük vəsiqəsi alması müəyyən vaxt tələb etdiyindən avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməyə başlamışdır. 09 noyabr 2023-cü il tarixdə saat 13 radələrində avtomobili sürüb Xıllı qəsəbəsindən Neftçala şəhərinin M.Ə.Sabir küçəsində yerləşən Neftçala Rayon Mərkəzi Xəstəxanasının qarşısına gəlib dayanıb. Bu zaman avtomobilin yanacaq sistemində problem olduğunu düşünüb, ustaya getmək qərarına gəlib. Ustaya getmək üçün piyada keçidinin üzərindən və yerdəki hərəkət hissəsini ayıran tək xəttin üzərindən dönüb getmək istəyib. Bunun üçün avtomobilin ön hissəsini bir qədər irəli sürüb. Sağa-sola baxıb heç kimin gəlmədiyinə əmin olduqdan sonra yola çıxmağa çalışanda son anda 2 təkərli motosikletin idarə etdiyi avtomobilin sol buferinə dəydiyini görüb. O, motosikleti görəndə aralarındakı məsafə cəmi 5 metr olmuş və motosiklet təxminən 50-60 km/saat sürətlə hərəkətdə olmuşdur. Motosiklet avtomobilə dəyən kimi sürücüsü motosikletin üzərindən yerə yıxılıb maşının sağ tərəfinə düşmüşdür. Motosikleti gec gördüyündən hər hansı hərəkəti edə bilməyib. Avtomobil isə toqquşmanın təsirindən yolun yarısına kimi gəlib piyada keçidinin üzərində dayanmışdır. O, dərhal düşüb motosikletin sürücüsü Natiqin yanına qaçmışdır. Ona kömək etməyə çalışsa da hiss etmişdir ki, xəsarəti ağırdır. Tibbi yardım çağırıb onu xəstəxanaya aparmışdır. Həmin zaman da yol polisi, bir qədər sonra isə əməliyyat istintaq qrupu hadisə yerinə gəlmişlər. Hadisə yerini təqdim etmiş və sürücünü görmədiyini bildirmişdir. Daha sonra Natiqin yanına gedəndə qıçının sındığını öyrənmişdir. Ona maddi kömək göstərmək üçün çalışsa da imkanı olmayıb. Özü anasının aldığı pensiyadan ona hər ay verdiyi cəmi 100 manatla uşaqlarını saxlayır. Qeyd edir ki, avtomobili etibarnamə və sürücülük hüququ olmadan idarə etməsinin səhv olduğunu dərk edir, lakin çörək pulu qazanmaq üçün onu sürmək məcburiyyətində olub. Özü imkansız olduğundan Natiqə lazımı qədər maddi köməklik göstərə bilməyib. Qəza nəticəsində avtomobilinə 500 manat maddi ziyan dəymişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışıb. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 09 noyabr 2023-cü il tarixdə saat 14 radələrində müvafiq kateqoriyalı sürücülük hüququ olmadan özünə məxsus «NNB» markalı motosikletlə Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ilə Bankə qəsəbəsi istiqamətində hərəkət edib. Yolda hərəkət sürəti təxminən 50-55 km/saat olub. Motosikletlə hərəkətdə olarkən yolun sağında ağ rəngli «Vaz 2109» markalı, 90BV586 dövlət qeydiyyat nişanlı avtomobili dayanmış vəziyyətdə görüb. Avtomobil yol kənarında yola çıxmağa hazırlaşırmış. Avtomobilin içərisində olan sürücünü də görüb. Avtomobilə təxminən 15-20 metr məsafə qalmış sürücü avtomobilinin ön hissəsini bir qədər yola çıxarıb dayanıb. Sürücünün onu gördüyünü və bu səbəbdən dayandığını güman etmiş və bu səbəbdən əyləcdən istifadə etməyib hərəkətini davam etdirmişdir. Avtomobilə təxminən 5 metr qalmış sürücü avtomobili təxminən 1,5 metr yola doğru sürmüşdür. Manevrdən də görünür ki, o geriyə doğru hərəkət etmək istəmiş və piyada keçidinin üzərindən və yola çəkilmiş düz xəttin tələbini pozaraq onun yoluna çıxmışdır. Qeyd edir ki, onun motosikleti kənara qaçırmaq, yəni hadisədən yayınmaq imkanı olmamış və nəticədə toqquşma baş vermişdir. Motosiklet avtomobilin sol ön buferinə dəymişdir. Özü motosikletdən uçaraq yerə dəymişdir. Bu zaman əli ilə yalnız başını qoruya bilmişdir. Kənardan gələn adamların vasitəsilə, həmçinin tibbi yardımla xəstəxanaya yerləşdirilmişdir. Sonradan məlum olmuşdur ki, sol qıçı çanaqdan sınıb. Niyaməddin göstərilən müddət ərzində ona baş çəksə də hər hansı maddi yardım göstərə bilməyib. İdarə etdiyi «NNB» markalı motosikletin maşınla toqquşmasından sonra ön hissəsi sıradan çıxdığından motosikletə də 450 manat məbləğində maddi ziyan dəyib. Qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidmətinin inspektoru vəzifəsində işləyir. 09 noyabr 2023-ci il tarixdə saat 14.20-də Neftçala şəhəri, M.Ə.Sabir küçəsində xidmətdə olduğu vaxt ona Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat verilmişdir. Məlumatı aldıqdan sonra təxminən 1-2 dəqiqəyə hadisə yerinə gəlmişdir. Az sonra əməliyyat istintaq qrupu da hadisə yerinə gəlmişdir. Orada hadisə yeri müayinə olunmuşdur. Hadisə yerini özü təqdim etmişdir. Hadisə yerinə çatanda «NNB» markalı 2 təkərli motosikletin sürücüsü, daha öncə tanıdığı Zərərçəkmiş şəxs xəstəxanaya aparıldığını görmüşdür. Hadisənin baş verdiyi yer Neftçala Rayon Mərkəzi Xəstəxanasının qarşısı olub. «VAZ 2109» markalı, 90BV586 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da hadisə yerində görüb. Təqsirləndirilən şəxs bildirmişdir ki, yola çıxıb geriyə qayıtmaq istəyərkən Natiqin idarə etdiyi motosikleti görmədiyindən məlum yolnəqliyyat hadisəsi baş verib. O, özü dərhal təcili tibbi yardıma məlumat vermişdir. Hadisə yerinin müayinəsi zamanı orada protokol tərtib olunmuş, digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və yuxarıda təsvir olunmuş ifadələrlə yanaşı iş üzrə toplanmış sübutlar, o cümlədən işə əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 18 dekabr 2023-cü il tarixli 8/3560 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini əlavə hesabat aparmaqla texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Zərərçəkmiş şəxs motosikleti müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Zərərçəkmiş şəxs motosikleti dövlət qeydiyyat şəhadətnaməsi olmadan idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2109 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 12-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 2109 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur». 23 noyabr 2023-cü il tarixli 240 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Sol bud çanaq oynağında mərkəzi çıxıq sirkə kasası dibinin yerini dəyişən qapalı sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə zəruri tibbi və s. yardım göstərilməsi üçün özündən asılı olan bütün tədbirləri gördüyünü, Zərərçəkmiş şəxs ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış «VAZ-2109» markalı 90BV586 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verildiyi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış «VAZ-2109» markalı 90BV586 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verildiyi nəzərə alınsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar