Məhkəmə qərarları › İş №1(053)-24/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-24/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-24/2024 03.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Laçın rayonu, Bülüldüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(007)-379/2023 saylı hökmünə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Laçın rayonu, Bülüldüz kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Qaradağlı kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəsisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, audio-video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi “QAZ- 33021” yük markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili Nefiçala şəhər sakini Zərərçəkmiş şəxs 3.500 manat pul müqabilində satacağına dair yalandan vəd verib inandırmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ayrı-ayrı tarixlərdə, yəni 2022-ci ilin iyul ayında, günü istintaqa məlum olmayan tarixdə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinin ərazisində 550 manat dəyərində bir baş, ağ rəngli dişi inəyini, 17 noyabr 2022-ci il tarixdə həmin kəndin ərazisində 500 manat dəyərində bir baş, ağ-qara rəngli erkək danasını və 1.200 manat dəyərində bir baş, boz rəngli dişi boğaz inəyini, ümumilikdə 2.250 manat dəyərində iri buynuzlu heyvanlarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməli üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “2023-cü ilin mart ayının 25-də Bakı şəhəri, Nizami RPİ-nin əməkdaşları tərəfindən marketdən tək oğurluq etdiyi üçün tutulub, onun barəsində olan cinayət işi üzrə Nizami Rayon Məhkəməsi tərəfindən 2023-cü ilin avqust ayında 2 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hal-hazırda Salyan rayonu, Yenikənd kəndi ərazisində olan 5 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir. Neftçala rayonu, Aşağı Qaramanlı kənd sakini olan Zərərçəkmiş şəxs təxminən 2022-ci ilin yaz aylarından etibarən tanıyır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadəsi ilə tanış olmuşdur. Bu barədə onu deyə bilər ki, Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadə və həmin ifadəsində bildirdiyi xüsusatlar yalandır, doğru deyil və həqiqəti əks etdirmir. Belə ki, o, Neftçala rayonu ərazisində heyvan alveri və köhnə dəmir məmulatlarının pərakəndə ticarəti ilə məşğul olmuşdur. Bayramın da alver adamı yəni, pərakəndə ticarətlə məşğul olduğunu bilmişdir. 2022-ci ilin təxminən noyabr ayında Neftçala rayonu, Aşağı Qaramanlı kəndi ərazisində Bayram Razayevdən bir baş, ag rəngli dişi inəyi 450 manata və onun qohumu Mehmandan isə bir baş dişi inəyi 400 manata almışdır. Mehmanın pulunu nağd qaydada elə oradaca vermişdir. Bayrama isə borclu qalmış və ona bildirmişdir ki, heyvanları aparıb Bərdə rayonunun mal bazarında satandan sonra onun da pulunu qaytaracaq. Heyvanları Bərdə bazarına aparsa da yaxşı qiymətə sata bilmədiyi üçün ela aldığı qiymətə verib, yenidən Neftçala rayonu, Aşağı Qaramanlı kəndinə qayıtmışdır. Bayrama bildirmişdir ki, o, əziyyət çəkib Bərdəyə gedibgəlib, bu heyvanları satsa da heç bir qazancı yoxdur, heyvanın qiymətindən ona 100 manat güzəşt eləsin. Bayram ona güzəşt etmədiyi üçün ona heyvanın pulundan 100 manat vermişdir. Bayramla belə razılaşmışlar ki, yerdə qalan 350 manat heyvanın pulunu dəmir alveri etmək üçün əllərində maya kimi saxlasınlar. Bayram da ona bildirmişdir ki, bu pul bir qadına verilməlidir, gedib onunla məsləhətləşib gəlir. Bayram gedib gələndən sonra ona demişdir ki, həmin qadın hər 100 manata görə ondan gündəlik əlavə olaraq 10 manat pul istəyir. Bu dəfə də o, Bayramın dedikləri ilə razılaşmamışdır. Bayrama demişdir ki, gündəlik həmin qadına 350 manat pulu qaytarana qədər 20 manat versinlər. Onlar Bayramla bir müddət belə işlədikdən sonra ona məxsus olan idarə etdiyi "QAZEL yük markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin dekabr ayında motoru tökülüb. Onların Bayramla şərikli işləri dayanıb. Pulun gündəlik borcu isə üstlərinə yığılmağa başlamışdır. Bundan sonra o, məcbur olub Hacıqabul rayonu, Nəvahi kəndi yaxınlığında dəmir alveri ilə məşğul olan Mehman adlı tanışından 600 manat borca pul almışdır. Pulun 400 manatını Bayrama vermişdir ki, aparıb yığılan borcundan versin. Pulun 200 manatını isə avtomobilin təmirinə sərf etmişdir. Bayram ona demişdir ki, yığılıb qalan borcu 800 manatdır, 100 manat da versin. O da Bayrama bildirmişdir ki, onlar şərik işləyiblər, yığılan borc ikisinə da aiddir. 400 manatı o, özü tapsın və pul yiyəsinə qaytarsın. Bundan sonra onun Bayram Ravevla heç bir əlaqəsi və münasibəti olmamışdır. Zərərçəkmiş şəxslə aralarında danışıqlar olarkən yanlarında heç kim olmamış və aralarında olan danışıqları heç kim görməmişdir. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur, "QAZEL yük" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ona qohumu olan Şuşa şəhər sakini X1 vermişdir. 2023-cü ilin yay aylarında isə Nizami RPİ-si tərəfindən həbs olunduğu zaman Arzunun həmin avtomobili tanımadığı adamlara satdığını sonradan eşitmişdir. Onun həmin avtomobil üzərində heç bir mülkiyyət, icarə və sərəncam vermə hüququ olmamışdır”. Sonda işin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, həqiqətən də avtomaşını satmaq istəmiş, onu ustaya göstərmişdir. Bir baş heyvan almış, ziyana düşdüyü üçün 100 manat qiymətdən endirilməsini Bayramdan xahiş etmiş, lakin Bayram xahişini qəbul etməmişdir. Onun Bayrama borcu olmuşdur. Lakin o deyən məbləğdə deyil, 1450 manat olmuşdur. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəmişdir. Bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin 05 iyun 2024-cü il tarixə təyin olunmuş məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq dolanır. Təxminən iki il əvvəl yaşadığı kənddə Laçın rayon sakini olan Təqsirləndirilən şəxs ilə tanıs olmuşdur. Yaşar onun yaşadığı kəndə tez-tez gəlib və kənddə köhnə dəmir məmulatları alıb aparmışdır. 2019-cu ilin yay aylarında Neftçala rayon Məşğulluq idarəsindən ona saxlamağa iki baş dişi inək vermişlər. O, həmin heyvanlara baxıb, qulluq etmişdir. Həmin dişi inəyin hər ikisi doğmuşdur. 2022-ci ilin iyul ayında yaşadığı kənddə Yaşarla söhbət zamanı Yaşar ona demişdir ki, özünə məxsus olan idarə etdiyi “QAZEL yük” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilini satır, çünki ona pul lazımdır. O, həmin avtomobilə baxıb onu bəyənmiş və həmin avtomobili almaq qərarına gəlmişdir. Lakin Yaşara bildirmişdir ki, əlində nağd pul yoxdur. Yaşar ondan beh istəmiş və ona demişdir ki, beh versə avtomobili heç kimə satmaz. O, avtomobilin qiymətini Yaşarla 3.500 (üç min beş yüz) manata razılaşmış, beh kimi də Yaşara həyətində saxladığı bir baş ağ rəngli, dişi inəyi vermiş və onun qiymətini də 550 (beş yüz ǝlli) manata hesablayıb razılaşmışlar. Bundan sonra Yaşarla yaşadığı kənddə bir neçə dəfə görüşsə də pulu olmadığı üçün ona heç nə verə bilməmiş və buna görə də avtomobili ala bilməmişdir. 17 noyabr 2022-ci il tarixdə Yaşarla yaşadığı Neftçala rayonu, Aşağı Qaramanlı kəndində görüşmüşlər. Yaşar ona demişdir ki, ona təcili olaraq pul lazımdır. Pulun yerdə qalan hissəsini də versin ki, avtomobili ona versin. O, Yaşara nağd pulunun olmadığını, lakin pul əvəzi ona həyətdə saxladığı bir baş ağlı-qaralı erkək dananı və bir baş da boz rəngli dişi boğaz inəyini verə biləcəyini demişdir. Hər iki heyvanı yaşadığı kənddəki həyətində Yaşara vermişdir. Yaşar ona avtomobilin 3.500 manat pulundan 2.250 manat pulun ona verildiyini bildirmişdir. Bundan sonra Yaşar ona demişdir ki, avtomobili Bərdə rayonuna aparıb orada Lizinq səndlərini düzəldib sonra gətirib ona verəcək. O, da Yaşara o, gələnə qədər pulun yerdə qalan hissəsini də düzəldəcəyini demişdir. Lakin, bundan sonra Təqsirləndirilən şəxs tapa bilməmişdir. Onun istifadə etdiyi mobil telefona zəng vursa da Yaşar gah telefona cavab verməmiş ya da ki, mobil telefonu bağlı olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldığını anlamışdır. Təqsirləndirilən şəxs onun ona olan etibarından sui-istifadə edərək onu dələduzluq yolu ilə aldadıb 2.250 (iki min iki yüz əlli) manat pulunu ələ keçirmişdir. Birinci dəfə Təqsirləndirilən şəxs bir baş dişi ağ rəngli inəyi verərkən yanında dayısı oğlu Mehman və Yaşarın yanında isə qohumu olan Bərdə rayon sakini Arzu adlı şəxs olmuşdur. Təqsirləndirilən şəxs ikinci dəfə heyvanları verərəkən orada tanışı Neftçala rayonu Astanlı kənd sakini Şahid4 Rəsul oğlu olmuşdur. Təqsirləndirilən şəxs əvvəl 550 manat dəyərində bir baş ağ rəngli dişi inəyi 2022-ci ilin iyul ayında və daha sonra isə yəni, 17 noyabr 2022-ci il tarixdə isə ağ-qara rəngli erkək dananı 500 manat, boz rəngli dişi boğaz inəyi isə 1.200 manatdan olmaqla razılaşmışlar. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmadığını, növbəti məhkəmə iclaslarına gələ bilmədiyini, qeyd etdiklərinin nəzərə alınmaqla iç üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq dolanır. Zərərçəkmiş şəxs tanıyır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. 2022-ci ilin noyabr ayının 17-də tanışı Zərərçəkmiş şəxs onun yanında Laçın rayon sakini olan adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi "QAZEL" sürücüsünə iki baş inəyi yaşadıqları Neftçala rayonu, Aşağı Qaramanlı kəndi ərazisində, evinin həyətyanı sahəsində vermişdir. İnəklər ana-bala olmaqla biri erkək və digəri dişi inək olmuşdur. Dişi inǝk boz va erkək inək isə ağ rəngdə olmuşdur. O, Bayramdan inəkləri verməyinin səbəbini soruşduqda ona demişdir ki, inəkləri pul əvəzi Təqsirləndirilən şəxs verir, çünki onun "QAZEL" markalı avtomobilini satın alır. Bayram ona demişdir ki, hələ bu ilin yay aylarında da bir baş dişi inəyi də Təqsirləndirilən şəxs onun yeznəsinin yanında Neftçala rayonu, Aşağı Qaramanlı kəndi yaşadığı evin həyətyanı sahəsində vermişdir. Avtomobilin qiymətini isə 3500 manat olmaqla Yaşarla razılaşdığını Bayram ona demişdir. Hətta orada Bayramın avtomobili almasını ondan eşidəndən sonra sükan arxasına keçib və avtomobili kəndin içərisində bir az sürüb idarə etməklə hal-hazırkı vəziyyətini yoxlamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq dolanır. Zərərçəkmiş şəxs tanıyır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Avtomobil təmiri sexində mühərrik ustası işləyir. 2022-ci ilin təxminən yay aylarında Neftçala rayonu, Xilli qəsəbəsində olan onun iş yerinə tanışı Bayram gəlmişdir. Onun yanında bir nəfər "QAZEL markalı avtomobili idarə edən Yaşar adlı şəxs olmuşdur. Bayram ona demişdir ki, bu avtomobili Yaşardan almaq istəyir, ona görə də avtomobili yoxlatdırır. O, avtomobili ötəri olaraq yoxlamış və Bayrama demişdir ki, mühərrikdə bir az səs var, amma elə də ciddi iş deyil, düzəldib almaq olar. Bayramla Yaşarın arasında onun yanında olan söhbətdən belə anlamışdır ki, avtomobilin satış qiyməti 3000-3500 manat arasıdır. Onlar onun yanından gəldiyi kimi də sürüb getmişlər. Bundan sonra olanlardan və baş verənlərdən isə onun məlumatı və xəbəri yoxdur. Bir müddət sonra Bayramla təsadüfən rastlaşdığı vaxt ona demişdir ki, avtomobili ona satmaq istəyən Yaşar adlı şəxs onun 2250 manat pulunu dələduzluq yolu aldadıb alaraq çıxıb getmişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, toplanmış digər sübutlarla da təsdiq edilir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamə və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-379/2023 nömrəli iş üzrə 29 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.4, 67.1 və 67.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilməmiş 10 ay 17 gün hissəsi tam birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 10 (on) ay 17 (on yeddi) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilmişdir. Hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilsin və onun Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar