Məhkəmə qərarları › İş №1(053)-25/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-25/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-25/2023 15.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1989-cu ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, rəsmi iş yeri olmayan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə saat 23 radələrində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «rus qəbiristanlığı» adlanan yerdən vahid niyyətlə hər biri 100 manat dəyərində 5 ədəd dəmir məhəccəri, 21 dekabr 2022-ci il tarixdə saat 16 radələrində 100 manat dəyərində 1 ədəd dəmir məhəccəri, ümumilikdə 600 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 24 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Evinin yaxınlığında «rus qəbiristanlığı» adlanan məzarlıq yerləşir. Həmin qəbiristanlığa bildiyi qədəri ilə neçə illərdir ki, heç kim gəlib-getmir. Pula ehtiyacı olduğundan qəbiristanlığın içərisində olan dəmir barmaqlıqları hissə-hissə götürüb satmaq qərarına gəlmişdir. Çünki dəmir barmaqlıları bir dəfəyə götürməyə gücü çatmazdı. O, ilk dəfə 2022-ci ilin mart ayının əvvəlində saat 23 radələrində qəbiristanlıqda olan 5 ədəd dəmir barmaqlığı özü ilə gətirdiyi dəmirkəsən mişarla kəsərək həyətinə daşımışdır. Həmin vaxt o, məhəlləsindən keçən tanımadığı bir motosiklet sürücüsündən dəmirləri bir yerə aparmağı xahiş etmişdir. Bunun müqabilində həmin motosiklet sürücüsünə 15 manat pul vermişdir. O, həmin dəmirləri aparıb Neftçala rayonu, Mirqurbanlı kənd sakini olan Anar adlı şəxsə təxminən 60 manata satmışdır. Bundan sonra o, həmin yerə getməmişdir. 21 dekabr 2022-ci il tarixdə saat 16 radələrində o, yenə həmin yerdən keçəndə yerə bir ədəd dəmir barmaqlığın sınıb düşdüyünü görmüşdür. Bu vaxt həmin barmaqlığı da götürüb satmaq istəmişdir. O, dəmir barmaqlığı sürüyərək həyətinə aparmışdır. Həyətdə onu hissələrə doğramışdır. Bundan sonra o, «Muravey» motosikleti olan tanışı Elşənə zəng edərək yük daşımaq lazım olduğunu demişdir. Elşən təxminən bir neçə dəqiqə sonra gəlmiş və o, Elşənə dəmirlərin özünün olduğunu demişdir. Dəmirləri motosikletin arxa yük yerinə yığmış və bundan sonra Elşənə yolu başa salaraq onunla birlikdə Anarın sexinə getmişlər. Anar dəmirlərə baxıb almaq istəmədiyini demişdir. Anara bir söz deməmiş və Elşənlə birgə, saat təxminən 20 radələrində evə qayıtmışdır. Yolda mülki geyimli şəxslər onları saxlatdırıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onlardan motosikletdə olan dəmirlər barədə xəbər almışlar. O, da polis əməkdaşlarına hər şeyi olduğu kimi danışmışdır. Daha sonra onu Neftçala RPŞ-nə gətirmişlər. Törətdiyi cinayət əməlinə görə çox peşmandır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə teleqram göndərərək xidməti işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Səfadər oğlu bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 dekabr 2022-ci il tarixdə xidmətdə olduğu vaxt ona məlumat daxil olmuşdur ki, Neftçala şəhər sakini Dadaşov X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «rus qəbiristanlığı»ndan dəmir çərçivələri oğurlayaraq tanışı Elşən adlı şəxsin «Muravey» motosikleti ilə satmağa aparmışdır. Buna görə həmin «Muravey» motosikleti Neftçala şəhər stadionunun yaxınlığında işarə edərək saxlatmışdır. Həmin şəxslərə özünü təqdim edib onlardan dəmirlərin oğurluq olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs dəmirlərin oğurluq olduğunu bildirməklə törətdiyi əməli etiraf etmişdir. Bundan sonra həmin şəxsləri oğurlanmış dəmirlərlə birlikdə Neftçala RPŞ-nə gətirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şıxəli oğlu bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Mirqurbanlı kəndində yaşayır. O, Neftçala şəhərində yerləşən özünə məxsus sexdə metal qəbulu ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Vahid 2022-ci ilin mart ayında tanımadığı bir şəxsin motosikleti ilə sexə gələrək müxtəlif hissələrə doğranmış dəmirləri satmaq istədiyini bildirmişdir. O, dəmirlərə baxdıqdan sonra Vahidə təxminən 70 manat pul verib onları almışdır. Vahid bir dəfə də 21 dekabr 2022-ci il tarixdə axşam tərəfi digər tanışı olan Elşənin «Muravey» motosikleti ilə sexə gələrək yenə eyni cür olan dəmirlərdən satmaq istədiyini bildirmişdir. O, dəmirlərə baxdıqdan sonra Vahidə bu dəfə onları almaq istəmədiyini demişdir. Bundan sonra Vahid çıxıb getmişdir. O, Vahiddən aldığı həmin dəmirlərin oğurluq olduğunu bilməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Onun əsl adı Elnur olsa da, yaxınları uşaqlıqdan həmişə onu Elşən kimi çağırmışdır. O, özünə məxsus «Muravey» motosikletlə müxtəlif şəxslərin yüklərini müəyyən məbləğdə zəhmət haqqı alaraq daşımaqla dolanır. Təqsirləndirilən şəxs onun tanışıdır. Vahid 21 dekabr 2022-ci tarixdə axşam tərəfi ona mobil telefonla zəng edərək motosikleti ilə onların həyətinə gəlməsini xahiş etmişdir. O, Vahidin həyətinə getmişdir. Vahid ona həyətində özünə məxsus dəmirləri satmaq üçün aparacağını demişdir. Vahid bunun müqabilində ona 10 manat pul verəcəyini demişdir. Onlar razılaşdıqdan sonra Vahid dəmirləri motosikletin yük yerinə yükləmişdir. Birlikdə Vahidin tanışı Anar adlı şəxsin sexinə getmişlər. Orada Anar dəmirlərə baxmış və almaq istəmədiyini demişdir. Bundan sonra birlikdə oradan çıxıb Vahidin həyətinə gedəndə yolda polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları onlardan dəmirlərin oğurluq olması barədə xəbər aldıqda Vahid həmin dəmirləri «rus qəbiristanlığı» adlanan yerdən oğurladığını bildirmişdir. Bundan sonra onları Neftçala RPŞ-nə gətirmişlər. O, həmin dəmirlərin oğurluq olduğunu əvvəlcədən bilməmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 10 fevral 2023-ci il tarixli 9/1002 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 06 ədəd 3 metr uzunluğunda, 1,20 hündürlüyündə məhəccərlərin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022ci ilin dekabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 600,0 manat (6 ədəd x 100 manat) müəyyən edilir». Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə göndərdiyi teleqramdan görünür ki, cinayət nəticəsində vurulmuş zərər ödənilib. Zərərçəkmiş şəxsin nümayəndəsinin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurulmuş zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələblinin olmadığını, habelə himayəsində azyaşlı uşaqlarının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 45 (qırx beş) ədəd müxtəlif ölçülərdə dəmir hissələri zərərçəkmiş şəxs Neftçala bələdiyyəsinin nümayəndəsinə təhvil verildiyindən həmin hüquqi şəxsin sərəncamına qaytarılmış hesab edilməli, üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 03 (üç) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 45 (qırx beş) ədəd müxtəlif ölçülərdə dəmir hissələri zərərçəkmiş şəxs Neftçala bələdiyyəsinin nümayəndəsinə təhvil verildiyindən həmin hüquqi şəxsin sərəncamına qaytarılmış hesab edilsinlər. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar