Məhkəmə qərarları › İş №1(053)-25/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-25/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-25/2024 17.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1995-ci ildə Neftçala rayonu, Yeniqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Sarıqamış ərazi dairəsi, Yeniqışlaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədilə 22 dekabr 2023-cü ildə saat 08 radələrində Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsinə gəlib orada özü ilə gətirdiyi 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsindən və 01 ədəd rezin kombinezondan istifadə edərək həmin gün saat 10.30-dək olan müddət ərzində 91 ədəd hər biri 11 manat olmaqla 1.001 manat dəyərində külmə, 1 ədəd 22 manat dəyərində çəki balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1.023 (min iyirmi üç) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 10.30-da X2 İdarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi, 01 ədəd rezin kombinezon, 91 ədəd külmə və 01 ədəd çəki balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsindən balıq tutmaqla ailəsinə qida əldə etmişdir. Balıq ovunda 01 ədəd rezin kombinezondan və 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsindən istifadə etmişdir. 22 dekabr 2023-cü il tarixdə balıq tutmaq məqsədilə saat 08.00-da Neftçala rayonu, Bankə qəsəbəsi istiqamətində Kür çayının sahilinə gəlmişdir. Orada 01 ədəd rezin kombinezondan və 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə Kür çayından balıq ovlamağa başlamışdır. Həmin gün saat 10.25-dək 1 ədəd çəki və 91 ədəd külmə balıqları ovlamışdır. Saat 10.30-da X2 İdarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı polis əməkdaşları ondan istifadə etdiyi 01 ədəd rezin kombinezonu və 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsini, habelə həmin balıqovlama vasitələrindən istifadə etməklə Kür çayından qanunsuz olaraq tutduğu 01 ədəd çəki və 91 ədəd külmə balıqlarını aşkar edib maddi sübut kimi götürmüşlər. Sorğu zamanı polis əməkdaşlarına Kür çayından balıq tutmaq üçün rəsmi icazəsinin, yəni balıqovlama biletinin olmadığını bildirmişdir. Polis əməkdaşları ondan aşkar edilmiş balıqovlama vasitələrinə və həmin balıqovlama vasitələrindən istifadə etməklə Kür çayından qanunsuz tutduğu 01 ədəd çəki və 91 ədəd külmə balıqlarına baxış keçirib bu barədə müvafiq protokol tərtib etmişlər. Kür çayından balıq tumanın qadağan edildiyini bilmişdir, lakin başqa çıxış yolu olmadığına görə, ailəsinə qida əldə etməkdən ötrü həmin əməli törətməyə məcbur olmuşdur. Həmçinin qeyd edir ki, cinayət nəticəsində balıq ehtiyatlarına vurduğu ziyanın əvəzi olaraq dövlət büdcəsinə 1.023 manat miqdarında ödəniş edib. Hazırda mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional ekologiya və təbii sərvətlər idarəsinin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional ekologiya və təbii sərvətlər idarəsi nümayəndəsi qismində dindirilmiş Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində balıq ehtiyatlarına 1.023 manat miqdarında ziyan vurulmuşdur. Nümayəndə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu ziyanın əvəzi olaraq dövlət büdcəsinə işin ibtidai istintaqı zamanı 1.023 manat ödəniş etmişdir. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 22 dekabr 2023-cü il tarixdə X2 İdarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 10 radələrində Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində balıq ovu ilə məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin kombinezon, 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi, 91 ədəd külmə və 01 ədəd çəki balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 91 ədəd külmə və 01 ədəd çəki balıqlarını «Venter» vasitəsilə Kür çayından ovlamışdır. Təqsirləndirilən şəxs həmçinin balıq ovlamaq üçün rəsmi icazə sənədlərinin olmadığını bildirmişdir. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, mülki iddiaçının və şahidlərin ifadələri ilə yanaşı iş materiallarına əlavə olunmuş digər sübutlarla da tam təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, mülki tələbi ödədiyini və mülki iddiaçının ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Su NPİ-nin Neftçala XPM-də saxlanılan 01 (bir) ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi və 01 (bir) ədəd rezin kombinezon dövlət nəfinə keçirilməli, qanunsuz olaraq tutulmuş 91 (doxsan bir) ədəd külmə və 01 (bir) ədəd çəki balıqlarının ibtidai araşdırma dövründə fiziki şəxs X1 təhvil verildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxsə qarşı mülki iddiasına münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur”, “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir” və “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir”. İşin faktik hallarından görünür ki, cinayət nəticəsində balıq ehtiyatlarına 1.023 manat miqdarında ziyan vurulmuş, həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir (iş v. 31). Mülki iddiaçının nümayəndəsi Nümayəndə ziyan məbləğinin tam ödənildiyini nəzərə alaraq təmsil etdiyi qurumun təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığın bildirmiş, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinin tələbinə görə “Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması”. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və işin faktik hallarını, o cümlədən mülki tələbin iş üzrə ibtidai araşdırma dövründə tam ödənildiyini, mülki iddiaçının təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddianın tam və ya qismən təmin olunması habelə baxılmamış saxlanılması üçün heç bir qanuni əsas yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə eyni zamanda hesab edir ki, mülki iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi və 01 (bir) ədəd rezin kombinezon dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 91 (doxsan bir) ədəd külmə və 01 (bir) ədəd çəki balıqlarının ibtidai araşdırma dövründə fiziki şəxs X1 təhvil verildiyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlansın. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin Təqsirləndirilən şəxs qarşı mülki iddiası rədd edilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar