Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-25/2025 16.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1987-ci il tarixdə Neftçala şəhəri, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu 1-ci Mayak kəndində qeydiyyatda olmaqla hazırda Neftçala rayonu, Sübh kəndində yaşayan, 01-03 fevral 2025-ci il tarixləri üzrə tutulmuş, 03 fevral 2025-ci il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 12,96 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 01 fevral 2025-ci il tarixdə, saat 21:40 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayonu 1-ci Mayak kəndində yaşadığı evin yaxınlığında, asfalt yolun kənarında piyada hərəkət edərkən saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman, əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd polietilen bükümdə təmiz çəkisi 12,96 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu 1-ci Mayak kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Arasıra narkotik vasitələrdən istifadə edir. Təxminən 2 ay əvvəl yaşadığı Neftçala rayonu 1-ci Mayak kəndində dəniz kənarına gəzməyə getmişdir. Həmin vaxt dənizin sahilində narkotik vasitə olan qurudulmuş marixuana tapmışdır. Narkotik vasitə sellofan bükümdə olmuşdur. Bükümü açan kimi marixuananı tanıyıb bir dəfə siqaretə doldurub çəkmişdir. Qalanını isə ürəyi istəyəndə çəkərəm deyə cibinə qoyaraq saxlamışdır. 01 fevral 2025-ci il tarixdə, saat 21 radələrində yenə narkotik vasitə çəkmək üçün yaşadığı evədən çıxaraq bir qədər uzaqlaşmışdır. Bu zaman iki nəfər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və üzərində qanunsuz narkotik vasitə saxlaması barədə məlumatları olduğu üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər. Videoçəkilişlə ona üzərində narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. O da üzərində olan narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra əynindəki qara rəngli gödəkcənin sol yan cibində saxladığı içərisində marixuana olan həmin sellofan bükümü polis əməkdaşına təqdim etmişdir. Orada üzərinə baxış keçirilmiş, başqa cinayət xarakterli predmet aşkar olunmamışdır. Daha sonra onu Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Burada da videoçəkilişlə barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunmuş, ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi ona təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərində şəxsi axtarış zamanı digər cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı özü qəbul edəcəyini bildirmişdir. Əlavə olaraq qeyd edir ki, o, 03 fevral 2025-ci il tarixdə Neftçala rayon prokuroruna ərizə ilə müraciət edərək, 01 fevral 2025-ci il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, istifadəsi üçün saxladığını, satış məqsədinin olmadığını və əməlindən peşman olduğunu bildirmişdir. Bildirir ki, yol verdiyi qanunazidd əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 01 fevral 2025-ci il tarixdə Neftçala rayonu 1-ci Mayak kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 01 fevral 2025-ci il tarixdə, saat təxminən 21:40 - da Təqsirləndirilən şəxs Neftçala rayonu 1-ci Mayak kəndi ərazisində yaşadığı evin yaxınlığında görüb video çəkiliş ilə saxlamışlar. Elşada özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan edilmiş narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu izahat edərək üzərində qanunla qadağan edilmiş predmet olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd polietilen bükümü təqdim edərək narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Elşadın üzərindən 01 ədəd alışqan və 28 manat pul aşkar edilmişdir. Narkotik maddə qurudulmuş marixuanaya bənzər kütlə kağız zərfdə qablaşdırılaraq 203 saylı möhürlə möhürlənmişdir. 28 manat pul və 01 ədəd alışqan Elşadın özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təyin edilmişdir. RPŞ-nin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Aşkar olunmuş büküm açılıb baxıldıqda içində marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlə aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza çəkmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, 02 fevral 2025-ci il tarixli, 18/86 nömrəli Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 12,06 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 25 fevral 2025-ci il tarixli, 101 nömrəli Narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, həmçinin himayəsində iki nəfər azyaşlı uşağın olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,86 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 - 03 fevral 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və Ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,86 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-25/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-25/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver