Məhkəmə qərarları › İş №1(053)-26/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-26/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-26/2023 15.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1954-cü ildə Neftçala rayonu, Qırmızıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində Neftçala rayon İcra hakimiyyəti başçısının Xol Qarabucaq inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dördlər kəndində oğlu Şahid1 yaşadığı evin qarşısında, küçədə Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edərək əlindəki taxta parçası ilə onun baş nahiyəsinə vuraraq ona alın, sağ almacıq, sağ göz orbitasının qançırı və gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Qırmızıkənd kəndində ailəsi ilə birlikdə, oğlu Bəhrəm,1-ci qrup əlil olan əri Ağalar Xankişiyev və ruhi xəstə olan qızı Elnurə ilə birlikdə yaşayır. X1 rayonu, Mürsəqulu kəndində yaşayır. Onun qonşusu Ağalar və oğlanları ilə uzun müddətdir ki, münaqişəsi var və davam edir. 04 dekabr 2022-ci il tarixdə oğlu Bəhruz ona zəng etmişdir ki, onu döyürlər tez gəlsilər. Özü və oğlu Bəhrəm dərhal Bəhruzgilə getmişlər. Gələndə görmüşlər ki, Bəhruzun həyət qapısının yanında Əyyar, Aslan, Ağalar, Gündüz və polis Seymur dayanmışdır. O, gələndə Bəhruz həyətlərində olmuşdur. Bəhruz onları görüb çölə çıxanda Gündüz Bəhruzdan soruşmuşdur ki, niyə suyu çölə axıdırsan. Bu zaman Aslan, Əyyar və Ağalar onları təhqir etməyə başlamışdır. Aslan və Əyyar Bəhruzun üzərinə hücum edib yerə yıxmışlar. Bəhram onları ayırmaq istədikdə Ağalar əlindəki kötəklə Bəhramı vurmağa başlamışdır. O da həmin vaxt Ağaların əlindən ağacı almaq üçün Ağaların üzərinə getmişdir. Ağalar həmin kötəklə sağ ayağına vuraraq xəsarət yetirmiş və indiyə kimi ağrıyırmış. Həmin vaxtı əlavə mübahisə olmasın deyə uşaqlara bu barədə məlumat verməmişdir. Ağalar onu nalayiq sözlərlə təhqir edən zaman o, əlindəki nazik, yarım metr yulğun çubuğu ilə onun çiyninə vurmuşdur. Ağalar onun üstünə gələndə onun başı və üzündə xəsarətlər olmuşdur. Əlavə polis gələndən sonra hadisə sakitləşmişdir. Hadisə vaxtı özlərinin və onların ailəsindən başqa İcra nümayəndəsi Gündüz və polis işçisi Seymur orada olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala rayonu, Dördlər kəndində ailəsi ilə birlikdə yaşayır. Həmkəndlisi Şahid1 tanıyır, onunla xeyli vaxt küsülü olmuşdur. 04 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində evdə olmuş, oğlu Aslanın evi onun evindən bir az aralıdır. Küçədə səs eşitmişdir. Küçəyə çıxanda görmüşdür ki, onunla birlikdə qalan oğlu Əyyarın avtomobili, o biri oğlu Aslanın həyət qapısının yanındadır. O Aslanın evinin yanına çatanda Əyyardan soruşmuşdur ki, işə getməli idin burada neynirsən. Əyyar ona bildirmişdir ki, Aslanla Bəhruz dalaşıblar. Həmin vaxt kənddə polis işləyən Seymur da hadisə yerinə gəlmişdir. Sonra da Bəhruz ilə arvadı hardansa gəlmişlər. Onlar çatan kimi oğlanları Əyyar ilə Aslanı söymüşlər. Həmin vaxt kəndin icra nümayəndəsi Gündüz də gəlmişdir. Görmüşdür ki, xoşagəlməz hadisə baş verəcək, ona görə də oğlu Əyyara acıqlanaraq oradan uzaqlaşmağını bildirmişdir. Özü də Bəhruza nəsihət vermişdir ki, qonşusuz ayıbdır, hər gün bir birinizlə üzbəüz gəlirsiniz. Bu vaxt Bəhruzun qardaşı Bəhram və anası Almas da hadisə yerinə gəlmişlər. Bəhram avtomobildən düşən kimi, Bəhruzla birlikdə Əyyarın üstünə hücum etmişlər. Anası Almas da onun üstünə gələrək nalayiq söyüşlərlə onu söymüşdür. O biri tərəfdə də Bəhruzla qardaşı Bəhram Əyyarı yerə yıxaraq yerdə sürümüşlər. Orada polis əməkdaşı ilə icra nümayəndəsi Əyyarı onların əlindən ala bilməmişdir. O, da ayırmaq məqsədi ilə onlara yaxınlaşanda, Almas əlindəki taxta parçası ilə onun başına vurub xəsarət yetirmişdir. Polisin və icra nümayəndəsinin köməkliyi ilə onlar oradan uzaqlaşmışlar. Hadisə yerində özlərinin və onların ailəsindən başqa İcra nümayəndəsi və polis işçisi Seymur orada olmuşdur. Hadisə zamanı Bəhrəm maşından düşən kimi onları söyüb, iki qardaş Əyyarın üzərinə hücum çəkmişlər. Anası da onu ağacla vurmuş, ondakı xəsarətin yaranmasına səbəb də Almasın taxta parçası ilə zərbəsi olmuşdur. Belə ki, Almas ağacla onun başına vurmuşdur. Həmçinin bildirir ki, təqsirləndirilən şəxslə barışıb. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı 07 dekabr 2022-ci il tarixli, 264 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs «məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alın, sağ almacıq, sağ göz orbitasının qançırı, gözün ağlı qişasının qansızması küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir». Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin ödənildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344–348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar