Məhkəmə qərarları › İş №1(053)-26/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-26/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-26/2025 23.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM 23 aprel 2025-ci il Neftçala şəhəri, Neftçala Rayon Məhkəməsinin inzibati binası NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1976-cı il tarixdə Neftçala rayonu, Xol Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mexanizator işləyən, Neftçala rayonu, Xol Qaraqaşlı kəndində qeydiyyatda olan və orada yaşayan, 18-20 yanvar 2025-ci il tarixləri üzrə tutulmuş, 20 yanvar 2025-ci il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 12,28 qram olan, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 18 yanvar 2025-ci il tarixdə, saat 11:10 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Xol Qaraqaşlı kəndi ərazisində, Xol Qaraqaşlı-Neftçala avtomobil yolunun kənarında piyada hərəkət edən zaman saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd polietilen bükülüdə təmiz çəkisi 12,28 qram təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Xol Qaraqaşlı kəndində ailəsi ilə birlikdə yaşayır. "xxxx" MMC-də mexanizator vəzifəsində işləyir. Arabir narkotik vasitə olan marixuanadan istifadə edir. 15 yanvar 2025-ci il tarixdə yaşadığı kənddə mağazadan siqaret alıb evinə gedən zaman yolun kənarında kol-kosun içərisində sellofan bükülü olduğunu görmüşdür. Həmin bükülüyə ayağı ilə toxunmuş, içərisinin dolu olduğunu bilmişdir. Bundan sonra bükülünü götürüb açaraq içərisinə baxmış, içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğunu görmüşdür. Həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə əynində olan gödəkcənin cibinə qoymuşdur. 18 yanvar 2025-ci il tarixdə, saat 11:00 radələrində işə getmək üçün yaşadığı evdən çıxıb piyada hərəkət etməyə başlamışdır. Təxminən 3 kilometr yaşadığı evdən uzaqlaşdıqdan sonra asfalt yolun kənarı ilə getdiyi zaman 3 nəfər mülki geyimli şəxslər videoçəkilişlə ona yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Polislər ona narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər və üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuşlar. O da üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu demiş və əynində olan qara rəngli gödəkcənin sol yan cibindəki bükülünü polislərə təqdim etmişdir. Polis əməkdaşları ondan həmin kütləni hansı məqsədlə üzərində saxladığını soruşmuş, o da istifadə etmək üçün üzərində saxladığını demişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən bir ədəd “Nokia” markalı mobil telefon və 2,50 manat pul əskinası aşkar edilmişdir. Üzərindən qanunla qadağan edilən başqa əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları onun üzərindən aşkar edilmiş kütləni qablaşdırdıqdan sonra protokol tərtib edilməsi üçün polis şöbəsinə getmişlər. Polis şöbəsində protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsilə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş kütləyə baxış keçirilmiş, həmçinin üzərində yenidən şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı həmin kütlənin nə olduğunu və hansı məqsədlə üzərində saxladığını soruşmuşdur. O da həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, istifadə etmək üçün üzərində saxladığını, heç kimə satmadığını demişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana içi boş kağız zərfdə qablaşdırılmış, zərflər üçün “203” saylı möhür ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Mobil telefon və 2,50 manat məbləğində pul ona geri qaytarılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, polis əməkdaşları, müdafiəçi və özü narkotikin aşkar edilməsi ilə bağlı tərtib edilmiş protokola imza etmişlər. O, heç vaxt narkotik vasitə satmamış, sadəcə olaraq marixuananı istifadə etmək üçün saxlamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində Cinayət-Axtarışı Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 yanvar 2025-ci il tarixdə Neftçala rayonu, Xol Qaraqaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyi və üzərində daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmiş, raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Daha sonra tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 11:10 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu, Xol Qaraqaşlı kəndində yolun kənarı ilə piyada hərəkət edən zaman müşahidə edib videoçəkiliş aparmaqla saxlamışlar. Ona özlərini təqdim etdikdən sonra narkotik vasitə istifadə etməsi və üzərində daşımasında şübhəli olduğunu izah etmiş, üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdirdi. O, əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd polietilen bükümü çıxarıb içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd polietilen bükümdə olan kütləyə baxış keçirilmişdir. Baxış zamanı həmin kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı Neftçala rayonu, Xol Qaraqaşlı kəndində yol kənarından tapdığını, istifadə etmək üçün cibində saxladığını, həmin kütlədən heç kimə pul müqabilində və pay olaraq vermədiyini bildirmişdir. Bundan sonra 01 ədəd polietilen bükümdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd zərfdə qablaşdırılıb DİN-in “203” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Daha sonra protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və polis əməkdaşları protokola imza etmişlər. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ilə birlikdə rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş, daha sonra müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş, eləcə də aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması qeyd edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlə təkrar qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, protokol düzgün yazıldığı üçün o da digər iştirakçılar kimi protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 19 yanvar 2025-ci il tarixli, 18/47 nömrəli məhkəmə bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «... Təqsirləndirilən şəxs...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 12,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 17 fevral 2025-ci il tarixli, 78 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz əməlini səmimi etiraf etməsini və peşman olmasını, həmçinin himayəsində 1 nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, o Ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,18 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 – 20 yanvar 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 23 aprel 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «Həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və Ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,18 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar