Məhkəmə qərarları › İş №1(053)-28/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-28/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-28/2023 05.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1965-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə saat 15.20 radələrində ünvan 3 ünvanında yaşayan qardaşı Zərərçəkmiş şəxs evində məişət zəminində mübahisə zamanı qəsdən şüşə qəndqabını zərərçəkmiş şəxsin başına vurub ona başın təpə nahiyəsinin şişkinliyi, dərialtı hematoması, qançırı, beyin silkələnməsi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təxminən 30 il əvvəl qardaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olmuş və həmin vaxtdan münasibətləri yoxdur. Mərhum qardaşı Ramizin Adillə qonşuluqdakı evinə Adil iddia edərək evi məhkəmə yolu ilə almış, yəni qardaşı Adil məhkəmədə iddia qaldırmış və bir müddət əvvəl məhkəmə Adilin xeyrinə qətnamə qəbul etmişdir. Mərhum qardaşı Ramizin oğlu Elşad Şirəliyev həmin evdən çıxmadığı üçün məhkəmə tərəfindən inzibati qaydada həbs edilmişdir. 23 fevral 2023-cü il tarixdə saat 15.20 radələrində o, qardaşı Adilin evinə gedib ondan xahiş edib ki, mərhum qardaşı Ramizin evi barədə mübahisəni həll etsin. Bu mövzuda söhbət zamanı Adil və arvadı Rəbiyyə ona deyiblər ki, Ramizin uşaqları onlara 20 min manat pul verəcəkləri halda evi onlara verəcəklər. Onun «bəs pul verməsələr» sualına Adil «pul verməsələr evdən çıxıb küçədə qalarlar» deyə cavab vermişdir. Buna görə də aralarında mübahisə baş vermiş və o, əsəbiləşərək stolun üzərində olan şüşə qəndqabını götürüb qardaşı Adilin başına vurmaqla ona xəsarət yetirmişdir. Daha sonra Adilin evindən çıxıb getmişdir. Əməlindən peşmandır. Hazırda barışdıqlarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Həmçinin bildirir ki, təqsirləndirilən şəxslə barışıb. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Adilin doğma qardaşıdır. Təxminən 30 il əvvəl əri Adil ilə Qalib arasında mübahisə olmuş və həmin vaxtdan münasibətləri yoxdur. Mərhum qaynı Ramizin onunla qonşuluqda yaşadığı evi vaxtilə əri Adil tikib. Buna baxmayaraq qaynı Ramiz vəfat edəndən sonra onun övladları deyiblər ki, ev onlarındır. Əri Adil məhkəmədə iddia qaldırmış və təxminən 1 il 8 ay olar ki, məhkəmə Adilin xeyrinə qətnamə qəbul etmişdir. Mərhum qaynı Ramizin oğlu Elşad Şirəliyev həmin evdən çıxmadığı üçün məhkəmə tərəfindən inzibati qaydada həbs edilmişdir. 23 fevral 2023-cü il tarixdə saat 15.20 radələrində qaynı Qalib onlara gəlmiş və Adil ilə ev barəsində söhbət etmişlər. O, Qalibə çay da vermişdir. Söhbət zamanı Qaliblə Adil arasında mübahisə yaranmış və həmin vaxt Qalib stolun üzərində olan şüşə qəndqabını Adilin başına vuraraq ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs oğlunun müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Sağlamlığa zərərvurmanın təyininə dair 01 mart 2023-cü il tarixli 27 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın təpə nahiyəsinin şişkinliyi, dərialtı hematoması, qançırı, beyin silkələnməsi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 23 fevral 2023-cü il tarixdə qəndqabını başına vurması nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Adil oğlunun Azərbaycan Respublikası CM-nin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edib. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar