Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-28/2024 05.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 08 avqust 1969-cu ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 11 – 13 yanvar 2024-cü il tarixləri üzrə tutulmuş, 13 yanvar 2024cü ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 11 yanvar 2024-cü il tarixdə saat 18.25 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Həsənabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli cins şalvarın sağ arxa cibindən sellofan bükülüdə təmiz çəkisi 32 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 yanvar 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Neftçala rayonu, Həsənabad qəsəbəsi ərazisində şor kanalın kənarında olarkən təsadüfən yerdən şəffaf rəngli polietilen bükülüdə narkotik vasitə «nəşə» yəni, qurudulmuş marixuana tapmışdır. Həmin qurudulmuş marixuanadan az qədər çəkib özü istifadə etmiş, qalanını isə əynində olan tünd göy rəngli cins şalvarın sağ arxa cibində gizlətmişdir. 11 yanvar 2024-cü il tarixdə saat 18.25-də yaşadığı Neftçala rayonu, Həsənabad qəsəbəsində küçədə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, sonra qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı ilə bağlı polis şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən onlarla birlikdə Neftçala Rayon Polis Şöbəsinə getməyi xahiş etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, orada ona hüquqları izah edilərək və müdafiəçi dəvət edərək videoçəkilişlə şübhəli şəxs kimi üzərində axtarış aparılacağı ona bildirilmiş, üzərində narkotik vasitə və ya başqa cinayət xarakterli əşya varsa təqdim etməsi təklif edilmişdir. O, da üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini polis əməkdaşlarına bildirmişdir. Sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə əynindəki tünd göy rəngli cins şalvarın sağ arxa cibində olan sellofan bükülüdəki narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparıblar. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir şey aşkar edilməyib. Bu barədə protokol tərtib edilmiş və üzərindən götürülmüş sellofan bükülüdəki narkotik vasitə qurudulmuş marixuana kağız paketə qoyularaq möhürlənmişdir. Özü və müdafiəçisi protokola və narkotik vasitə qurudulmuş marixuana qoyulan kağız paketə imza etmişlər. Qeyd edir ki, ondan aşkar edilərək götürülmüş sellofan bükülüdəki qurudulmuş marixuananı özü qəbul etmək məqsədilə üzərində saxlamışdır. Həmin qurudulmuş marixuanadan heç kəsə verməyib. Eləcə də heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Həmin narkotik vasitə olan qurudulmuş marixuananın onun üzərində olmasını özündən başqa heç kim bilməyib. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala RPŞ-nin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 11 yanvar 2024cü il tarixdə saat 18.25-də Neftçala rayonu, Həsənabad qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və istifadəsində şübhəli bilinərək Neftçala rayonu, Həsənabad qəsəbəsindəki yaşadığı küçədə saxlanılıb Neftçala RPŞ-nə gətirilməsində onunla birlikdə digər polis əməkdaşları Şahid2 və Şahid3 da iştirak ediblər. Baş təhqiqatçı Taryel Əmirovun rəhbərliyi altında Neftçala RPŞ-nin növbətçi hissəsində olan polis əməkdaşlarının və müdafiəçi vəkil Müdafiəçi iştirakı ilə videoçəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sağ arxa cibində saxladığı bir ədəd sellofan bükülünün içərisində olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞ-nin «203» saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfi orada olan müdafiəçi vəkil Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq ediblər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəsinin qurudulmuş marixuana olduğunu, onu 10 yanvar 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Neftçala rayonu, Həsənabad qəsəbəsi ərazisindəki şor kanalın kənarında yerdən sellofan bükümün içərisində tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx.xx.2024-cü il tarixli 18/47 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «…Təqsirləndirilən şəxs..» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 32,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2024-cü il tarixli 774 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmaq vəzifəsi qoyulmalı, habelə Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 31,90 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 – 13 yanvar 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 31,90 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-28/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-28/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver