Məhkəmə qərarları › İş №1(053)-29/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-29/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-29/2023 26.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Neftçala rayonu, Xəzər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Masallı Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177,2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 02 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmiş, məhkumluğu olmayan, ibtidai araşdırma dövründə barəsində 01 mart 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və xx xxxxxx 1998-ci il tarixdə Neftçala rayonu, Xəzər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 7 ünvanında yaşamış, ibtidai araşdırma dövründə barəsində 01 mart 2023cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Neftçala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 24 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Neftçala rayonunun Xəzər kəndində yerləşən fərdi yaşayış evinin həyətinə və həyətdəki saxlanc yeri olan anbara qanunsuz daxil olaraq oradan İtaliya Respublikasının istehsalı olan, markası istintaqa məlum olmayan, hər biri 4,5 kilovatlıq, 1500 dövretməli, 2500 manat dəyərində, 2 ədəd südçəkən mühərrikini, İtaliya Respublikasının istehsalı olan, markası istintaqa məlum olmayan, 1 ədəd 3500 manat dəyərində qaymaqçəkən seperator mühərrikini, İtaliya Respublikasının istehsalı olan, markası istintaqa məlum olmayan, 1 ədəd 18,5 kilovatlıq, 3000 dövretməli, 2200 manat dəyərində yarmaçəkən mühərrikini, Rusiya Federasiyasının istehsalı olan, markası istintaqa məlum olmayan, hər biri 1300 manat dəyərində 2 ǝdǝd 7,5 kilovatlıq, 1000 dövretməli, fermada peyin təmizləmək üçün istifadə olunan elevatorun böyük mühərrikini, Rusiya Federasiyasının istehsalı olan, markası istintaqa məlum olmayan, hər biri 600 manat dəyərində 2 ədəd 4 kilovatlıq, 1000 dövretməli, fermada peyin təmizləmək üçün istifadə olunan kiçik elevatorun mühərrikini, Rusiya Federasiyasının istehsalı olan, markası istintaqa məlum olmayan, 1 ədəd 180 manat dəyərində nasaz vəziyyətdə su mühərrikini, Rusiya Federasiyasının istehsalı olan, markası istintaqa məlum olmayan, 2 ədəd 600 manat dəyərində, fermada peyin təmizləmək üçün istifadə olunan elevator mühərrikini, qaynaq aparatının hər bir metri 10 manat olmaqla 500 manat dəyərində 50 metr uzunluğunda mis materialdan naqilini, ümumilikdə 15780 manat dəyərində, xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 24 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Neftçala rayonunun Xəzər kəndində yerləşən fərdi yaşayış evinin həyətinə və həyətdəki saxlanc yeri olan anbara qanunsuz daxil olaraq oradan İtaliya Respublikasının istehsalı olan, markası istintaqa məlum olmayan, hər biri 4,5 kilovatlıq, 1500 dövretməli, 2500 manat dəyərində 2 ədəd südçəkən mühərrikini, İtaliya Respublikasının istehsalı olan, markası istintaqa məlum olmayan, 1 ədəd 3500 manat dəyərində qaymaqçəkən seperator mühərrikini, İtaliya Respublikasının istehsalı olan, markası istintaqa məlum olmayan, 1 ədəd 18,5 kilovatlıq, 3000 dövretməli, 2200 manat dəyərində yarmaçəkən mühərrikini, Rusiya Federasiyasının istehsalı olan, markası istintaqa məlum olmayan, hər biri 1300 manat dəyərində 2 ədǝd 7,5 kilovatlıq, 1000 dövretməli, fermada peyin təmizləmək üçün istifadə olunan elevatorun böyük mühərrikini, Rusiya Federasiyasının istehsalı olan, markası istintaqa məlum olmayan, hər biri 600 manat dəyərində 2 ədəd 4 kilovatlıq, 1000 dövretməli fermada peyin təmizləmək üçün istifadə olunan kiçik elevatorun mühərrikini, Rusiya Federasiyasının istehsalı olan, markası istintaqa məlum olmayan, 1 ədəd 180 manat dəyərində nasaz vəziyyətdə su mühərrikini, Rusiya Federasiyasının istehsalı olan, markası istintaqa məlum olmayan, 2 ədəd 600 manat dəyərində fermada peyin təmizləmək üçün istifadə olunan elevator mühərrikini, qaynaq aparatının hər bir metri 10 manat olmaqla 500 manat dəyərində 50 metr uzunluğunda mis materialdan naqilini, ümumilikdə 15780 manat dəyərində, xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Xəzər kəndində ailəsi ilə birlikdə göstərilən ünvanda yaşayır. Təqsirləndirilən şəxs2 uzun zamandır ki, tanıyır və onunla dostluq münasibəti vardır. Onlar 23 sentyabr 2022-ci il tarixdə Anarla Xəzər kəndində günortadan sonra Cəlalın kafesində oturub çörək yemişlər. Həmin gün 6-7 saat kafedə oturmuşlar. Anarla həddindən artıq araq içmişdir. Hava qaralanda kafedən çıxmışlar. Yolda söhbət edə-edə birdən Anara Dilavərgilin həyətinə girmək istədiyini təklif etmişdir. Orada metal əşya ola biləcəyini ehtimal etmişdir. Metal əşyalar olacağı halda götürüb satacaqlarını bildirmiş, Anar da etiraz etməmişdir. Həmin gün gecəyə kimi küçədə gəzmişlər. 23 sentyabr 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixə keçən gecə saat 1 radələrində Anarla Dilavǝrgil tərəfə getmişlər. Anar küçədə onu gözləmişdir. O, Dilavərgilin həyətinə dəmir torlu hasar olan yerdən torlu qapını dartıb açmış və qapıdan içəriyə daxil olmuşdur. İçəridə daşla əhatələnmiş ərazi vardır. Ərazinin üstü açıq olmuşdur. Orada küncdə dəmir dolab görmüşdür. Dəmir dolabdan 3 ədəd xarab olmuş, işləməyən motor götürmüşdür. Həmin motorların hər birinin təxmini çəkisi 20 kq olmuşdur. Motorlar xarab vəziyyətdə olmuş, onların üstü açıq olmuşdur. Motorları bir-bir çölə çıxardaraq qapının ağzına yığmışdır. Daha sonra kiçik anbara daxil olmuşdur. Orada qaynaq aparatının mis naqilini bıçaqla kəsib götürmüşdür. Onun da uzunluğu 8 metr olmuşdur. Qapının ağzına yığdığı əşyaları aparmaq üçün Anarı çağırmışdır. Motorları qapının yanından əlləri ilə götürüb yol kənarına aparmışlar. Orada araba olduğunu görmüş, araba ilǝ 3 motoru və 8 metr uzunluğunda mis kabeli aparıb Xəzər kənd məscidinin yanına yığmışlar. Oradan evə getmişlər. Səhər Anar zəng edib demişdir ki, yola çıxsın onu taksi ilə götürəcəkdir. Masallıya rayonuna gedirlər. Onlar yola çıxmış, yol üstündə Əmrahı görmüşlər. Taksi sürücüsü Sulduz Əmrahı görüb saxlamışdır. Onun bacısı oğlu olduğundan söhbət etmişlər. Əmrah da Masallı rayonuna getdiyini bildirmişdir. Ondan soruşmuşdur ki, siz niyə gedirsiniz? Anar cavab vermişdir ki, həyətlərində 1-2 motor var onları satmağa aparırlar. Tanıdığı varmı? Əmrah Masallı rayonunun Digah kəndində Cavid adlı metal qəbulu ilə məşğul olan tanışının olduğunu bildirmişdir. Özü ona zəng etmişdir ki, tanış uşaqlarla motor gətirirlər, heç bir problem yoxdur. Əmrahla Sulduz motorların oğurluq olduğunu heç vaxt bilməyiblər. Onlar Masallı rayonuna çatmışlar. Motorları Cavidə satmışlar. Motorların dəyəri ümumilikdə 250 manat təşkil etmişdir. Onlar birlikdə Neftçala rayonunun Xəzər kəndinə qayıtmışlar. Aldıqları 250 manat puldan 50 manat Sulduza, qalan 200 manat pulu da 100 manat olmaqla Anarla ikisi bölmüşdür. Yolda da biraz alver etmiş, evǝ çatanda 25-30 manat pul qalmışdır. Cavidə Əmrah daha əvvəllər də metal verdiyi üçün ona inanmışdır. Bu dəfə də o, Əmraha inanıb onun sözü ilə onların motorlarını götürmüşdür. Cavid motorların oğurluq olduğunu bilməmişdir. Oradan 3 ədəd işlək vəziyyətdə olmayan mühərrikləri və 8 metr uzunluğunda kabeli oğurlamışlar. Digər mühərriklərin oğurlanması faktı yalandır. Əgər 11 motor oğurlasaydılar, bunu şahidlər də təsdiqləyərdi. Nəsiminin belə yazmasına səbəb onun həyətinə nəcis ifraz etməsi olmuşdur. Amma bu ona əsas vermir ki, istədiyi şeyi oğurluq yazıb istədiyi qiyməti də qoysun. Ona görə də Nəsiminin dedikləri yalan kimi qəbul edilməlidir. Ən pis halda ona dəymiş ziyan ekspertizanın rəyində göstərilən 3925 manat ziyan kimi qəbul edilməlidir. Orada göstərilənlər belə Nəsiminin qoyduğu qiymətdən 5 dəfə fərqlənir. Üstəlik həmin ekspertiza onların oğurlamadığı əmlakı da nəzərə almışdır. Bu da onu sübut edir ki, Zərərçəkmiş şəxs yalan ifadə verir. Şişirdilmiş qiymətlə ondan heyfini almaq istəyir. Digər bir qərəz ondan ibarətdir ki, ilk şikayəti verən qardaşı Dilavər Fərəcov da 4 ədəd mühərrik yazmışdır. Sentyabr ayında 4 ədəd mühərrik olduğu halda necə ola bilər ki, noyabr ayında 11 təzə mühərrik olsun. Ona görə də bunlar doğru deyil. Onlar ən yaxşı halda ekspertizadan sonra rəydə göstərilən ziyanı ödəyə biləcəylərini ibtidai istintaq zamanı bildirmişlər. İşin məhkəmə istintaqı zamanında dəymiş ziyandan Təqsirləndirilən şəxs2 ilə birlikdə hərəsi 2000 (iki) min manat məbləğində pul düzəldərək Neftçala rayon Poçt şöbəsinə qoymuş və məhkəmə iclasında zərərçəkmiş şəxsə bu barədə məlumat vermişlər. Zərərçəkmiş şəxs həmin pulu qəbul etməkdən imtina etmişdir. Sonra Təqsirləndirilən şəxs2 digər cinayət əməli törətməkdə təqsirli bilinərək həbs olunduğu üçün valideynləri ona aid olan məbləği geri götürmüşlər. Ona aid olan məbləği isə zərərçəkmiş şəxs qəbul etməkdən imtina etmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 7 ünvanında qardaşı ilə birlikdə yaşayır. Özü işsizdir. Bakı şəhərində maşın yuma məntəqəsində yuyucu işləyir. Cavid onunla həmkəndli olduğundan onu tanıyır. Onunla uzun müddətdir ki, yaxın münasibəti var. 2022-ci ilin sentyabr ayının sonlarında ailə üzvlərinə baş çəkmək üçün evə gəlmişdir. Həmin günlərdə Cavidə zəng edib görüşmək istədiyini bildirmişdir. 23 sentyabr 2022-ci il tarixdə axşamüstü oradakı mağazanın yaxınlığında görüşmüşlər. Həmin günü kafedə oturub yeyib-içmişlər. Həmin vaxt Əmrah da orada onlarla 50 qram araq içib getmişdir. Sonra onlar yenə çölə çıxmışlar. Yolda söhbət edə-edə Cavid təklif etmişdir ki, bir yer var gedib baş çəkək. Onlar kafedə 5-6 saat oturmuşlar. Həddən artıq spirtli içkinin təsirində olmuşlar. Cavid gecə olanda demişdir ki, Dilavərin həyətinə baş çəkək. Onlar orada nə olacağını bilməmişlər. Ehtimal etmişlər ki, metal əşya ola bilər. Gecə saat 1-ə kimi küçədə boşboş gəzmişlər. Gecə saat 1 radələrində onlar Dilavərin həyətinə tərəf getmişlər. Cavid ona demişdir ki, çöldə gözləsin. O, həmin ünvanın Dilavǝrgilin ünvanı olduğunu bilmişdir. Dilavərin özünü tanıyır. Onunla heç bir ədavəti olmayıb. O, çöldə təxminən 50 metr aralıda gözləmişdir. İçkili olduğundan gözlədiyi yerdə yatmışdır. Cavid demişdir ki, gözləsin gedib nəsə gətirəcək. O da gözləmişdir. Təxminən yarım saat sonra Cavid onu kömək etməsi üçün çağırmışdır. O, Dilavərin qapısından bir qədər aralıya bağ tərəfə gəlmişdir. Cavid 3 ədəd sökülmüş və işlək vəziyyətdə olmayan motor və təxminən 8 metr uzunluğunda kabel götürmüşdür. Onlar köməkləşib bir-bir həmin motorları həyətdən təxminən 15 metr kənara yolun aşağı hissəsinə yığmışlar. Motorun hər birinin təxmini çəkisi 20-25 kq olmuşdur. Onların motorlara gücü çatmadığından biraz gəzib küçədə xarab olan, amma işlək bir araba tapmışlar. Motorları arabaya qoyub məscidin yanına gəlmişlər. Motorları orada kanalın kənarında gizlədib, arabanı kanala atıb evə getmişlər. Səhəri günü o, Cavidə zəng edərək motorları götürüb satmağı təklif etmişdir. Motorların hər birini 1 kisəyə qoymuşdur. Daha sonra əvvəldən tanıdığı Sulduz adlı taksi sürücüsünə zəng etmişdir ki, Masallı rayonuna hansı qiymətə aparır. O da 30 manata apardığını bildirmişdir. Ona biraz dəmir yığdığını, onları da götürmək lazım olduğunu bildirmişdir. Sulduz "Vaz-2106" markalı maşını ilə Neftçala rayonunda yerləşən Xəzər kənd məscidin yanına gəlmişdir. O, kisədə nə olduğunu soruşduqda Anar narahat olma, metal yığmışıq demişdir. O, kisələri maşının yük yerinə qoymuşdur. Cavidə zəng etmiş, o da yola çıxıb maşına minmişdir. Yolla gedərkən görmüşlər ki, Əmrah da yol üstündə dayanıb. Sulduzun bacısı oğlu olduğundan onu görüb saxlamışdır. Əmrah da Masallı rayonuna getdiyini bildirmişdir. Əmrah onlardan hara getdiklərini soruşduqda ona demişdir ki, 1-2 motor var, onları satmağa aparırlar, tanıdığı varmı? Əmrah motorları haradan tapdıqlarını soruşduqda demişdir ki, çoxdandır həyətdə qalan motorlardır. Ondan sonra deyib ki, gedək işini həll edəcəm. Bundan sonra Əmrah Cavid adlı metal qəbulu ilə məşğul olan şəxsə zəng edib demişdir ki, işlənmiş motorlar var, gətirmək istəyirlər. O da razılaşmışdır. Onlar Masallı rayonunda Cavidin metal qəbulu məntəqəsinə çatmışlar. Orada kisələri açıb tökəndə Əmrah və Sulduz motorları görmüşdür. Sulduz sonradan gedib kənarda oturmuşdur. Amma onların heç biri motorların oğurluq olduğunu bilməmişdir. Orada motorları Cavidə 250 manat pula satmışlar. Taksiyə də 50 manat pul verib, qalan pulu da 100 manat olmaqla Cavidlə aralarında bölmüşlər. Daha sonra yenə də birlikdə Neftçala rayonunun Xəzər kəndinə qayıtmışlar. Əmrah da onlarla kəndə qayıdaraq dayısıgilə getmişdir. Yolda siqaret və digər içkilər də almışlar. Evə gəlib çatanda 20-25 manat pul qalmışdır. 2-3 gün sonra oğurluq barədə şikayət olduğunu eşidib kənddən getmişdir. Onların heç biri ilə əlaqə saxlamamışdır. Taksi sürücüsü Sulduz və Əmrah onların oğurluq etdiklərini bilməmişlər. Metal qəbul edan Cavid də oğurluq qəbul etdiyi malların oğurluq olduğunu bilməmişdir. Cavid soruşmuşdur ki, bəs nə üçün oradan bura metal gətirmiş, özləri orada satmamışlar. Onlar cavab vermişlər ki, Masallı rayonuna gəzməyə gəliblər. Ona görə də maşının arxasına atıb gətiriblər. Başqa bir söz deməmişdir. Oğurluqdan sonra peşman olmuşdur. Lakin, utandığından gətirib qaytara bilməmişdir. O, 15.000 (on beş) manat ziyanla razı deyil. Belə bir qiymət mümkün deyil. Əgər təzə motor oğurlayıblarsa onu elə Bakıda normal qiymətə satardılar. Onlar 11 ədəd mühərriki çölə çıxarmaq üçün gərək səhərə kimi orda işləyərdilər. Onlar ağır mühərriklərdir. Əgər təzə mühərriklər olubsa onları metal qəbul edən şəxs metalloma verməz, işlənmiş mal kimi satardılar. Ona görə də Zərərçəkmiş şəxs ifadəsi yalan ifadədir. Qoyduğu qiymət isə şişirdilmiş qiymətdir. Əgər onlar o qədər mühərrik oğurlasaydılar onları "Vaz-2106" markalı maşına da yığa bilməzdilər. Həm yerləşməzdi, həm də taksi sürücüsü bu yükü götürməzdi. Əgər 11 motor oğurlasaydılar, bunu şahidlər də təsdiqləyərdi. Onun belə yazmasına səbəb Təqsirləndirilən şəxs1 onun həyətinə nəcis ifraz etməsi olmuşdur. Amma bu ona əsas vermir ki, istədiyi şeyi oğurluq yazıb istədiyi qiyməti də qoysun. Ona görə də Nəsiminin dedikləri yalan qəbul edilməli, ən pis halda ona dəymiş ziyan ekspertizanın rəyində göstərilən 3925 manat ziyan kimi qəbul edilməlidir. Orada göstərilənlər belə Nəsimi qoyduğu qiymətdən 5 dəfə fərqlənir. Üstəlik həmin ekspertiza onların oğurlamadığı əmlakı da nəzərə almışdır. Bu da onu sübut edir ki, Zərərçəkmiş şəxs yalan ifadə verir. Şişirdilmiş qiymətlə onlardan heyfini almaq istəyir. Digər bir qǝrǝz ondan ibarətdir ki, ilk şikayəti verən qardaşı Şahid3 də 4 ədəd mühərrik yazmışdır. Sentyabr ayında 4 ədəd mühərrik olduğu halda necə ola bilər ki, noyabr ayında 11 təzə mühərrik olsun. Ona görə də bunlar doğru deyil. Onlar ən yaxşı halda ekspertizadan sonra rəydə göstərilən ziyanı ödəyə biləcəylərini ibtidai istintaq zamanı bildirmişlər. İşin məhkəmə istintaqı zamanında dəymiş ziyandan Təqsirləndirilən şəxs1lə birlikdə hərəsi 2000 (iki) min manat məbləğində pul düzəldərək Neftçala rayon Poçt şöbəsinə qoymuş və məhkəmə iclasında zərərçəkmiş şəxsə bu barədə məlumat vermişlər. Zərərçəkmiş şəxs həmin pulu qəbul etməkdən imtina etmişdir. Sonra o, digər cinayət əməli törətməkdə təqsirli bilinərək həbs olunduğu üçün valideynləri ona aid olan məbləği geri götürmüşlər. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə orada yaşayır. Anası da onunla qalır. O və qardaşı Dilavər təsərrüfatla məşğuldurlar. 23 sentyabr 2022-ci il tarixdə səhhəti ilə əlaqədar Bakı şəhərinə getmişdir. Onların həyətdə onun tərəfindən istifadə etdiyi və ona məxsus mühərriklər və digər əmlaklar vardır. 24 sentyabr 2022-ci il tarixdə qardaşı Dilavər zəng edərək, onun həyətindən oğurluq olduğunu bildirmişdir. O, ondan nə oğurlandığını soruşduqda bildirmişdir ki, 4 ədəd motor və qaynaq aparatının naqilləri kəsilib. O, bu barədə ərizə verməsini bildirmişdir. Bir neçə gün sonra vəziyyətlə maraqlanmaq üçün zəng edib, təzə motorların oğurlanıb oğurlanmadığını soruşduqda bildirmişdir ki, onların yeri və sayı barədə bilmir, gəlib özü baxsın. Həmin ilin noyabr ayının əvvəllərində özü də evdə mühərriklərin yığıldığı anbara baxmış və görmüşdür ki, 11 ədəd mühərrik və 50 metr uzunluğunda mis naqil oğurlanmışdır. Ona görə də şikayət etmişdir. Onlardan 8 ədəd mühərrik işlək vəziyyətdə olmuşdur. Həmin 8 ədəd mühərrikin, 2 ədədi südçəkən mühərriki, 1 ədəd qaymaqçəkən seperatorun mühərriki, 1 ədəd yarmaçəkən mühərriki, 2 ədəd fermada peyin təmizləmək üçün istifadə olunan böyük elevatorun mühərriki, 2 ədəd fermada peyin təmizləmək üçün istifadə olunan kiçik elevatorun mühərriki olmuşdur. 3 ədəd mühərrik isə nasaz vəziyyətdə olmuş, onlardan 1 ədədi su mühərriki, 2 ədədi elevator mühərriki olmuşdur. Metal kimi su mühərrikinin dəmir kimi çəkisi 15 kiloqram, içindəki mis kütlənin çəkisi 5 kiloqram olmuşdur. Elevatorlardan da ikisinin dəmir kimi çəkisi 50 kiloqram, mis kimi çəkisi isə 10 kiloqram olmuşdur. Oradan oğurlanmış 50 metr uzunluğunda mis kabelin hər metrəsinin 850 qram çəkisi olmuşdur. Bununla da ümumilikdə ona 15780 (on beş min yeddi yüz səksən) manat maddi ziyan dəymişdir. O, həmin mühərrikləri 2022-ci ilin yay aylarında Bakı şəhərində 8-ci km-dəki hal-hazırda xatırlamadığı mağazalardan birindən almışdır. İşlək vəziyyətdə olan 2 ədəd böyük elevator və 2 ədəd kiçik elevatorun mühərriki Rusiya istehsalı olmuş, digər işlək vəziyyətdə olan mühərriklər İtaliya istehsalı olmuşdur. Həmçinin, işləməyən mühərriklər isə Rusiya istehsalı olmuşdur, lakin markasını bilməmişdir. Mühərriklərin onda olmasına dair hazırda hər hansı sübutu yoxdur. Əgər evdə onlara dair hər hansı sənədini tapsa təqdim edəcəkdir. Hazıradək onların heç bir sənədini tapa bilməmişdir. 2 ədəd süd mühərrikinin birini 2500 manata, 1 ədəd qaymaqçəkən separator mühərrikini 3500 manata, 1 ədəd yarmaçəkən mühərrikini 2200 manata, 2 ədəd elevatorun böyük mühərrikinin birini 1300 manata, 2 ədəd kiçik elevatorun mühərrikinin birini 600 manata almışdır. Nasaz vəziyyətdə olan 1 ədəd su mühərrikinin dəyəri 180 manat, 2 ədəd nasaz vəziyyətdə olan fermada peyin təmizləmək üçün istifadə olunan elevator müəhərrikinin dəyəri 600 manat olmuşdur. Qaynaq aparatının kabelinin hər metrǝsi 10 manatdan olmaqla 50 metrinə 500 manat pul vermişdir. Qardaşı Dilavər oğurlanmış əşyaların dəqiq harada olduğunu və nə qədər mühərrikin oğurlandığını bilməmişdir. Həmin oğurlanmış əmlaklar ona məxsus olduğundan sonradan dəqiq sayını müəyyən etmişdir. Çünki, həmin motorları yardımçı tikiliyə o yığmışdır. 8 ədəd mühərrik təzə vəziyyətdə olmuşdur. 2 ədəd böyük elevatorlar mühərrikinin hər biri 7,5 kilovatlıq, 1000 dövretməli, 6-7 ay öncə aldığı 2 kiçik elevatorun hər biri 4 kilovat gücündə, 1000 dövretməli, 2 ədəd 18.5 kilovatlıq, 3000 dövretməli mühərriklər və 1 il öncə aldığı 2 ədəd 4,5 kilovatlıq, 1500 dövretməli süd mühərrikləri oğurlanmışdır. Onlar həm də oğurluq etdikdən sonra həyətə öz nəcisini ifraz etmişdir. Həmin mühərriklərin oxşarlarının şəkillərini də ibtidai istintaqa ifadə verərəkən təqdim etmişdir. O, mühərriklərinin qaytarılmasını yaxud da dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Törədilmiş oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyan hələ də ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir və onların qanunamüvafiq şəkildə cəzalandırılmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, 26 sentyabr 2022-ci il tarixdə Neftçala RPŞ-nə ərizə ilə müraciət edərək, bildirmişdir ki, qardaşı Nəsiminin həyətindən hər birinin qiyməti 500 manat olan dörd ədəd mühərrik və 200 manatlıq qaynaq aparatının 50 metr uzunluğunda misdən olan naqilinin oğurlanmışdır. Həmin mühərriklər anasının və qardaşının yaşadığı evin həyətindədir. Həmin günü evdə qardaşı İlham və anası olmuşdur. Qardaşı Nəsimi də kənddə yaşayır. Lakin səhhəti ilə əlaqədar Bakı şəhərinə müalicə almağa gedmişdir. Nəsimi və o kənddə təsərrüfatla məşğuldur. Təsərrüfatda istifadə etdikləri mühərrikləri də qardaşının və anasının yaşadığı evin həyətinə yığırlar. Həmin mühərriklərin hamısı Nəsimiyə məxsusdur. 23 sentyabr 2022-ci il tarixdən 24 sentyabr 2022-ci il tarixə keçən gecə həyətdən mühərriklər oğurlanmışdır. Nəsimi Bakı şəhərində olduğundan ona demişdir ki, o ərizə yazar. O, həmin vaxtı Nəsimiyə bildirmişdir ki, həyətdən motorlar oğurlanıb. Təfsilatı ilə nə oğurlandığını deməmiş, lakin, bu barədə ərizə yazdığını bildirmişdir. Bəzi mühərriklərin isə yerini bilmir. İlkin olaraq 4 ədəd mühərrikin və 50 metr uzunluğunda qaynaq aparatının naqili kəsilərək oğurlandığını görmüşdür. Nəsiminin yeni aldığı və oğurlanmış 8 ədəd mühərriklərin yerini bilməyib. Nəsimi ondan soruşmuşdur ki, yeni mühərriklər oğurlanıb yoxsa yox. O da demişdir ki, onların yerini bilmir, özü gəlib baxar. O, 4 ədəd mühərrikin oğurlandığını görmüşdür. Nəsimi də noyabr ayının əvvəllərində işini yarımçıq saxlayıb kəndə gəlmişdir. O, bildirmişdir ki, həyətdən 4 yox, 3 ədəd istismardan çıxarılmış 1 ədəd su və 2 ədəd peyin təmizləmək üçün "elevator" adlanan aparatın mühərriki, anbarın içərisindən yeni aldığı 8 ədəd fərqli təyinatlarda olan mühərriklər və 2015-ci ildə aldığı qaynaq aparatının 50 metr uzunluğunda misdən hazırlanmış naqili kəsilərək oğurlanmışdır. 3 ədəd istismardan çıxarılmış mühərrikləri 20-25 il öncə ataları almışdır. Həmin mühərriklər oğurlanan zaman istismar olunmuş lakin, həmin zaman həyətdə ehtiyyat mühərrik kimi saxlanılmış, istismarda olmamışdır. Şahid2 məhkəmə baxışı iclasına gəlməmiş, teleqram göndərərək xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid4 məhkəmə baxışı iclasına gəlməmiş, teleqram göndərərək Bakı şəhərində işi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş Şahid1 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxslərin onlara ittiham olunan cinayət əməlini törətmələri faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Belə ki, 07 oktyabr 2022-ci il tarixli, 22/632R nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Neftçala rayonu, Xəzər kəndində yerləşən vətəndaş X3 məxsus həyətyanı sahəsində olan yardımçı tikilidə müayinəsi zamanı 03 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş əl izləri şəxsiyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Tədqiqata təqdim edilmiş əl izlərinin fraqmentləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararsız olduğundan DİN-in KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır». 24 noyabr 2022-ci il tarixli, 22/710R nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Neftçala rayonu, Xəzər kəndində yaşayan vət. X3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd kağız parçasının üzərinə yapışdırılmış 03 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 02 ədəd ovuc izi şəxsiyyətin eyinləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1990-cı ildə Neftçala rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovuc əksi ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir». 13 yanvar 2023-cü il tarixli, 9/147 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin sentyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3925,00 manat müəyyən edilir. Həmin mühərriklərin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir». İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 1(050)-107/2019 nömrəli iş üzrə 22 iyul 2019-cu il tarixli hökmüdən görünür ki, Təqsirləndirilən şəxs1 Baxtiyar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə asasən onun cəzasının çəkilməmiş 10 ay 04 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yeni hökmlə təyin edilmiş cəzaya Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən çəkilməmiş 10 ay 04 gün azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə üzərində qəti olaraq 2 (iki) il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 22 noyabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs1 cəzadan azad edilmişdir. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham olunan cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Qeyd olunur ki, Şapıyev X2 Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177,2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. İşin faktik hallarından görünür ki, təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti əvvəlki iş üzrə cəzadan azad edildikdən sonra, törətdiyindən məhkumluğu olmayan şəxs hesab edilməlidir. Bu səbəbdən təqsirləndirilən şəxsin əməlində residiv yoxdur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən «qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi» müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilməlidır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən «qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi» müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırda başqa bir cinayət işi ilə əlaqədar həbsdə saxlanıldığı nəzərə alınaraq, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-347/2023 nömrəli iş üzrə 01 may 2023-cü il tarixli qərarı ilə barəsində «həbs» növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasının əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-347/2023 nömrəli iş üzrə 01 may 2023-cü il tarixli qərarı ilə barəsində «həbs» növündə qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasının əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar