Məhkəmə qərarları › İş №1(053)-29/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-29/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-29/2024 05.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 fevral 2024-cü ildə saat 15 radələrində Neftçala şəhəri, M.Ə.Sabir küçəsindəki fərdi yaşayış evində yaşayan əmisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun yaşadığı evin həyətyanı sahəsində onun bədəninin müxtəlif nahiyələrinə yumruqla və təpiklə vurub yerə yıxdıqdan sonra təkrar sifət nahiyəsindən qəsdən yumruqla və təpiklə bir neçə dəfə vuraraq sağ sifət və burun toxumalarının qançırları, qapalı kəllə-beyin travması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, fərdi əməklə məşğul olaraq dolanır. Neftçala şəhəri, M.Ə.Sabir küçəsində ailəsi ilə birlikdə yaşayır. Onlarla yaxın qonşuluqda yaşayan Zərərçəkmiş şəxs onun əmisidir. Əmisi Zərərçəkmiş şəxs oğlu Şahid2 əvvəllər onun bacısı ilə evli olub. Ailədə yola gedə bilmədiklərindən sonradan boşandıqları üçün həmin vaxtdan da əmisi və onun ailə üzvləri ilə küslüdürlər. Həyətində saxladığı it yaxın qonşu olduqları üçün arabir əmisigilin həyətinə keçir. Bununla əlaqədar əmisigil bir neçə dəfə onlara xəbərdarlıq etmişlər. 05 fevral 2024-cü il tarixdə saat saat 14 radələrində evində nahar edərkən 1 litr spirtli içki olan pivə içib. Həmin vaxt Zərərçəkmiş şəxs onun itini ağacla öz həyətindən qovaraq çıxardığını görüb bacısı oğlu Şahid1la birlikdə Rasimin həyətinə getmişdir. Əmisindən niyə itini ağacla qovduğunu soruşduqda aralarında mübahisə yaranıb. Mübahisə zamanı Rasim onu təhqir etdiyi üçün əsəblərini cilovlaya bilməyib onun itələmişdir. Həmin vaxt Əliyar Rasimi vurmayıb, yalnız onları ayırmağa çalışmışdır. Əliyar Rasimi yerdən qaldıraraq evlərinə yola saldıqdan sonra Əliyarla birlikdə həyətdən bayıra çıxaraq evə gəliblər. Hadisə əmisi Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində baş verib və hadisə zamanı orada o, əmisi Rasim və bacısı oğlu Əliyar olub. Onlardan başqa hadisə yerində heç kim olmayıb. Hadisə təxminən 20-25 dəqiqə ərzində baş verib. Hadisə zamanı əmisi onu vurmayıb və ona heç bir xəsarət yetirməyib. Əməlindən peşmandır. Qeyd edir ki, zərərçəkmiş şəxslə də barışıq əldə edib. Hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Onlar ailəliklə Neftçala şəhəri, M.Ə.Sabir küçəsində qonuşulqda yaşayırlar. Əvvəllər aralarında düşmənçilik və ya ədavət olmayıb, sadəcə oğlu Şahid2 ilə Səbuhinin bacısı ailəli olmuş, xasiyyətləri uyğun gəlmədiyindən birgə yaşamaları mümkün olmamış və boşanmışlar. Bundan sonra ailəliklə münasibətlərində soyuqluq yaranmış və küsülü olmuşlar. Səbuhinin həyətində saxladığı erkək it dəfələrlə onun həyətinə keçərək toyuq-cücələri ürkütmüşdür. Bununla əlaqədar Səbuhiyə bir neçə dəfə xəbərdarlıq etmişdir. 05 fevral 2024-cü ildə saat 11 radələrində Səbuhinin iti yenə də onun həyətinə gəldiyi üçün iti ağacla həyətindən qovub. Elə həmin gün saat 15 radələrində evdə tək olduğu vaxt həyət qapısının döyüldüyünü görüb bayıra çıxdıqda Səbuhinin və onun bacısının oğlu Əliyarın həyətdə olduqlarını görüb. Həmin vaxt Səbuhi onunla mübahisə edib niyə onun itini ağacla qovduğunu soruşduqda Səbuhinin sərxoş olduğunu bilib. Onlardan həyətindən çıxmalarını tələb etdikdə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Səbuhi onun üzərinə gələrək qəfildən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq onu yerə yıxmışdır. Yerə yıxıldıqdan sonra da Səbuhi bir neçə dəfə təpiklə baş nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Hadisə vaxtı Şahid1 onu Səbuhinin əlindən alaraq evə aparıb qapını da bağlayıb ki, Səbuhi arxasınca evə gələ bilməsin. Sonra isə Səbuhini də həyətdən çıxarıb aparmışdır. Onların hara getdiklərini görməyib. Daha sonra oğlu Natiqə zəng edərək onu evə çağırıb. Natiq evə gəldikdən sonra hadisəni ona danışıb. Natiq onun xəsarət aldığını görüb «103» xidmətinə, yəni təcili yardıma zəng etdikdən sonra hadisə ilə bağlı polisə məlumat vermək məqsədilə Azərbaycan Respublikası DİN-in «102» xidməti-zəng sistemləri mərkəzinə də məlumat vermişdir. Bir neçə dəqiqədən sonra təcili yardım avtomobili yaşadığı ünvana gəlib, onu Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparmışlar və orada həkim müayinəsindən keçmişdir. Müayinə zamanı həkimlər ona tibbi yardım göstərərək müalicəsini davam etdirmək üçün xəstəxanada həkim nəzarətində saxlayıblar. Hadisə onun yaşadığı evin həyətində baş verib və həmin vaxt orada özü, qardaşı oğlu Səbuhi və onun bacısı oğlu Əliyar olub. Onlardan başqa hadisə yerində heç kim olmayıb. Natiq sonradan, yəni zəng vurub onu çağırdıqdan sonra evə gəlib. O zaman artıq hadisə bitmişdir. Hadisə təxminən 20-25 dəqiqə ərzində baş verib. Həmin vaxt o, Səbuhini vurmayıb. Həmçinin Əliyar da onu vurmayıb, döyməyib və ya söyməyib. Qeyd edir ki, hazırda təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, onlarla yaxın qonşuluqda yaşayan Zərərçəkmiş şəxs onun anasının əmisi, Təqsirləndirilən şəxs isə onun dayısıdır. Zərərçəkmiş şəxs oğlu Şahid2 ilə xalası evli olub, sonradan boşandıqları üçün dayısı Səbuhi ilə Rasimin ailəsi bir neçə müddətdir ki, küsülüdür və danışmırlar. 05 fevral 2024-cü il tarixdə saat 14 radələrində dayısına baş çəkmək üçün onlara gedib. Həmin vaxt Səbuhinin nahar edərkən spirtli içki olan pivə içdiyini görüb. Dayısıgildə olduqları vaxt Səbuhinin həyətdə saxladığı it Zərərçəkmiş şəxs həyətinə keçdiyi üçün Rasimin iti ağacla öz həyətindən qovaraq çıxardığını görüblər. Bu zaman Səbuhi əsəbiləşərək əmisi Rasimin həyətinə gedib. O, da Səbuhi ilə birlikdə gedib. Həyətə daxil olduqdan sonra Səbuhi Rasimə səslənərək ondan həyətə düşməsini istəyib. Rasim evdən çıxaraq həyətə düşdükdə Səbuhini təhqir edib və onların həyətdən bayıra çıxmalarını tələb edib. Həmin vaxt Səbuhini həyətdən çıxarmağa çalışsa da onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Səbuhi əsəblərini cilovlaya bilməyib yumruq və təpiklə Rasimin bədəninin müxtəlif nahiyələrinə vuraraq onu yerə yıxıb. Rasim yerə yıxıldıqdan sonra Səbuhi təpiklə bir neçə dəfə onun baş nahiyəsinə vurmuş və ona xəsarət yetirmişdir. Həmin vaxt onları ayırmağa çalışsa da ayıra bilməyib. Onları bir təhər ayırıb Rasimi evə saldıqdan sonra Səbuhini həyətdən bayıra çıxarıb evinə aparıb. Hadisə zamanı orada o, dayısı Səbuhi və dayısının əmisi Zərərçəkmiş şəxs olub. Onlardan başqa orada heç kim olmayıb. Hadisə təxminən 20-25 dəqiqə ərzində baş verib. Hadisə zamanı Rasim Səbuhini vurmayıb, döyməyib və ona heç bir xəsarət yetirməyib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası ilə birlikdə Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ünvanında eyni evdə yaşayırlar. Onlarla qonşuluqda yaşayan əmisi oğlu Təqsirləndirilən şəxs və onun bacısı oğlu Şahid1 ilə əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmayıb. Sadəcə o, Səbuhinin bacısı ilə bir müddət evli olub, sonradan boşanmışdır. Həmin vaxtdan da Səbuhi və onun ailə üzvləri ilə münasibətləri kəsilib, küsülü olublar. 05 fevral 2024-cü il tarixdə saat 15 radələrində işdə olduğu vaxt atası Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng vurub ona təcili olaraq evə gəlməsini bildirib. O, təcili olaraq işlədiyi ərazidən çıxıb yaşadığı evə gəlib. Evə gəlib çatandan sonra görüb ki, atasının halı pisdir, onun sifətinin sağ tərəfində və burun nahiyəsində xəsarətlər var. Çarpayıya uzanmış vəziyyətdə olan atasından nə baş verdiyini soruşduqda, ona bildirib ki, qardaşı oğlu, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs və onun bacısı oğlu Şahid1 onların yaşadıqları evə gəliblər. Evin həyətyanı sahəsində atası ilə qardaşı oğlu Təqsirləndirilən şəxs arasında mübahisə yaranıb. Atasının Səbuhinin itini ağacla vurub qovduğuna görə yaranmış mübahisə zamanı sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs atasını yumruq və təpiklə vurub döyərək onu yerə yıxmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerində olan Şahid1 isə atasını Təqsirləndirilən şəxs əlindən alaraq yaşadıqları evə aparmış və Səbuhinin içəri girə bilməməsi üçün evin qapısını içəridən arxadan bağlamışdır. Daha sonra isə Əliyar sərxoş vəziyyətdə olan Səbuhini oradan uzaqlaşdırıb aparmışdır. O, bütün bunları öyrəndikdən sonra halı pis olan atasına görə «103» X1 xidmətinə zəng vurmuş və bir neçə dəqiqədən sonra hadisə yerinə gələn tibbi briqada ilə birlikdə atasını Neftçala rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada atası təxminən 4-5 gün saxlanılmış və ona lazımi bütün tibbi köməkliklər edilmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 12 fevral 2024-cü il tarixli 25 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs «məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Sağ sifət və burnun yumşaq toxumalarının qançırları, qapalı kəllə beyin travması küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunur ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə həmin ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir. Neftçala Rayon Məhkəməsinin 1(053)-26/2022 nömrəli iş üzrə 17 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs daha əvvəl Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmiş, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsinə əsasən «Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir». Cinayət Qanununun yuxarıda göstərilən normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, mövcud vəziyyətdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi mümkün deyil. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini etiraf etdiyini və peşman olduğunu, iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 03 (üç) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar