Məhkəmə qərarları › İş №1(053)-29/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-29/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-29/2025 14.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 18 avqust 1984-cü il tarixdə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla orada yaşayan, 14 aprel 2025-ci il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 29 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi "Ford Transit yük" markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili Neftçala rayonunun Xıllı qəsəbəsində torpaq örtüklü küçədə 10 km/saat sürətlə geriyə doğru hərəkət etdirərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə əsasən avtomobili geriyə doğru hərəkət etdirməzdən əvvəl arxada hərəkəti üçün heç bir maneənin olmamasına əmin olmalı, lazım gəldikdə arxada olan şəraitdən xəbərdar olmaq üçün kənar şəxslərin köməyindən istifadə etməli olduğu halda, həmin tələblərə əməl etməyərək avtomobilin arxa hissəsində eyni istiqamətdə hərəkətdə olan piyada xx.xx.1964-cü il təvəllüdlü Neftçala rayonunun Xıllı qəsəbə sakini Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurması nəticəsində sonuncunun beynin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, sağ döş boşluğuna qansızmalar, ağciyərlərin cırılmaları, sağ körpücük sümüyünün, sağda 2- 3-4-5-6-7-ci qabırğaların ön qoltuq xətti üzrə qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan, dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almaqla döş boşluğuna qansızma, ağciyərlərin cırılması, qabırğaların çoxsaylı sınıqları fonunda baş vermiş beyin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Cəlilabad rayonunun Alar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Etibarnamə əsasında idarə etdiyi "Ford Transit yük" markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə müxtəlif rayonlara mebel və xalça aparıb satır. Özü ilə birlikdə həmkəndlisi Yusifi də köməkçi kimi aparırmış. 29 dekabr 2024-cü il tarixdə, səhər saatlarında Yusif ilə birlikdə Neftçala rayonuna gəlǝrǝk satdığı əşyaların pullarını yığmışdır. Həmin gün saat təxminən 17 radələrində Neftçala rayonunun Xıllı qəsəbəsinə daxil olaraq orada olan borclarını yığmağa başlamışdır. Xıllı qəsəbəsində tanımadığı bir küçəyə daxil olub məhsullarını satmağa çalışmışdır. O, avtomobildə əyləşib gözləmiş, Yusif isə avtomobildən aşağı düşərək camaatı səsləyib məhsulların adlarını sadalamışdır. O, qarşıdan üzdən tanıdığı keçmiş müştərisinin gəldiyini görmüşdür. Həmin qadın avtomobilin sağ yan tərəfindən keçib getmişdir. Heç kim gəlmədiyi üçün Yusif də avtomobilə əyləşmişdir. O da qadının artıq uzaqlaşdığını fikirləşmiş və girdiyi küçədən çıxmaq üçün avtomobili işə salıb geriyə doğru hərəkət etdirmişdir. Avtomobili bir qədər geriyə hərəkət etdirdikdən sonra sağ güzgüdən baxdıqda avtomobilin sağ tərəfində sağ arxa təkərin yanında qadının uzandığını, qadının baş və qollarının avtomobilin altında qaldığını, bədəninin digər hissəsinin isə bayırda olduğunu görmüşdür. Tez avtomobildən aşağı düşərək qadına kömək etmiş və avtomobildən kənara çəkmişdir. Qadın ərinə zəng etməsini demiş və telefonu ona vermişdir. O da qadının ərinə zəng edərək məlumat vermişdir. Daha sonra təcili yardım çağırmışdır. Təcili yardım gələnə qədər qadının əri hadisə yerinə gəlmiş və oğlunu da oraya çağırmışdır. Oğlu gəldikdən sonra onlar təcili yardımın gəlməsini gözləməmiş, qadını oğlunun avtomobilinə qoyub xəstəxanaya göndərmişlər. O, avtomobilini Xıllı kəndində "Oba" marketin qarşısında saxlamış, daha sonra taksi ilə onlar da xəstəxanaya getmişlər. Xəstəxanada qadına ilkin tibbi yardım göstərilmişdir. Sonra polis əməkdaşları xəstəxanaya gəlmişlər. Hadisənin necə baş verdiyini soruşmuşlar. O da qadını avtomobil ilə vurduğunu demişdir. Polis əməkdaşları ona hadisə yerini göstərməsini deyərək onu özləri ilə aparmışlar. Yusif isə xəstəxanada qalmışdır. Xəstəxanaya qayıtdıqda həmin qadının öldüyünü öyrənmişdir. Əlavə olaraq qeyd edir ki, hadisə zamanı sürət həddi 10/km saat olduğunu, piyadanı vurma anını görmədiyini, “Ford Transit yük” markalı avtomobili etibarnamə əsasında sürücülük hüququ olmaqla idarə etdiyini, hadisə baş verən vaxt spirtli içki və narkotik vasitə istifadə etmədiyini, hadisə zamanı avtomobilində bir nəfər sərnişin və 500 kiloqram yük olduğunu bildirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 bildirmişdir ki, Neftçala rayonunun Xıllı qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Hadisə ilə əlaqədar qeyd edir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Xatirə ilə ailə münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat təxminən 17 radələrində evdə olduğu vaxt Xatirənin telefonundan ona zəng gəlmişdir. O, zəngə cavab verdikdə tanımadığı bir şəxs ona Xatirəni avtomobil ilə vurduğunu, həmin yerə gəlməsini bildirmiş və getməli olduğu yeri ona demişdir. O, həmin yerin yaşadığı evdən bir küçə aralıda olduğunu bilmiş və tez oraya getmişdir. Hadisə baş verən yerə çatanda Xatirənin yerdə uzandığını 2 nəfər şəxsin də Xatirəyə köməklik etdiklərini görmüşdür. Həmin şəxslərin yanına çatıb nə baş verdiyini soruşmuşdur. Həmin şəxslərdən biri ona idarə etdiyi "Ford Transit yük" markalı avtomobili arxaya hərəkət etdirən zaman ehtiyatsızlıqdan Xatirəni vurduğunu demişdir. O, yolda oğluna məlumat verdiyi üçün oğlu da onların yanına gəlmişdir. Onlar Xatirəni başqa bir avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Orada Xatirǝyǝ ilkin tibbi yardım göstərilsə də, Xatirə aldığı xəsarətlərdən vəfat etmişdir. Hazırda Xatirəni avtomobil ilə vuran Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəyən ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını bildirmişdir. O, bu barədə ərizə də təqdim etmişdir. Şahid məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilməsinə baxmayaraq o, gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşin ibtidai istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, təxminən 6 ay olar ki, həmkəndlisi Təqsirləndirilən şəxs ilə müxtəlif rayonlara gedərək, məişət avadanlıqları və xalça satmışlar. Əlişada həmin əşyaların avtomobildən endirilməsində və daşınmasında kömək etmiş, bunun müqabilində orta hesabla gündəlik 15 manat əmək haqqı almışdır. 29 dekabr 2024-cü il tarixdə onlar Neftçala rayonuna gələrək satdıqları əşyaların pullarını, yəni borclarını toplamış, həmçinin mebel və xalça satmışlar. Həmin gün saat təxminən 17 radələrində onlar Neftçala rayonunun Xıllı qəsəbəsinə gedib, orada olan şəxslərə gətirdikləri məhsulları göstərib satmağa çalışmışlar. O, avtomobildən aşağı düşərək, küçədə ev sakinlərini çağıraraq məhsullarını təklif etmişdir. Avtomobildən aşağı düşəndə qarşıdan bir nəfər qadının gəldiyini görmüşdür. Kənd sakinlərini səsləyərək məhsullarını təklif edən zaman qadın onların avtomobillərinin sağ tərəfindən keçib getmişdir. Heç kim məhsullara baxmağa gəlmədiyi üçün o, avtomobilə əyləşmiş və telefonla oynamağa başlamışdır. O, avtomobilə əyləşdikdə avtomobilin sağ tərəfində heç kim olmamışdır. Avtomobilə əyləşdikdən sonra Əlişad avtomobili işə salaraq küçədən çıxmaq üçün arxaya hərəkət etdirmişdir. Təxminən 2 metr arxaya hərəkət etdikdən sonra Əlişad avtomobili saxlamışdır. Əlişaddan nə olduğunu soruşmuşdur. Əlişad "arxada kiməsə dəydim" demişdir. Əlişad avtomobildən düşüb qadına kömək etmişdir. O, qorxduğu üçün bir az avtomobildə gözləmişdir. Əlişad qadını avtomobilin altından çıxardıb kənarda əyləşdirdikdən sonra o, avtomobildən aşağı düşmüş və qadın üçün su aparmışdır. Qadın ərinə zəng etmələrini demiş və telefonu Əlişada vermişdir. Əlişad da qadının ərinə zəng edərək məlumat vermiş, daha sonra təcili yardım çağırmışdır. Təcili yardım gələnə qədər qadının əri hadisə yerinə gəlmiş və oğlunu da oraya çağırmışdır. Oğlu gəldikdən sonra onlar təcili yardımın gəlməsini gözləməyərək, qadını oğlunun avtomobilinə qoyub xəstəxanaya göndərmişlər. Əlişad da avtomobilini Xıllı kəndində "Oba" marketin qarşısında saxlamış, daha sonra taksi ilə xəstəxanaya getmişlər. Xəstəxanada qadına ilkin tibbi yardım göstərilmişdir. Sonra polis əməkdaşları xəstəxanaya gəlmişlər. Hadisənin necə baş verdiyini soruşmuşlar. Əlişad da qadını avtomobil ilə vurduğunu demişdir. Polis əməkdaşları Əlişada hadisə yerini göstərməsini deyərək özləri ilə aparmışlar. O isə xəstəxanada qalmışdır. Bir qədər sonra qadın xəstəxanada vəfat etmişdir. İttiham və müdafiə tərəfini dinləyib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və yuxarıda təsvir olunmuş ifadələrlə yanaşı iş üzrə toplanmış sübutlar, o cümlədən işə əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən və sxemdən görünür ki, hadisə Neftçala rayonunun Xıllı qəsəbəsində baş vermişdir. Yol birtərəfli küçədir. Həmin ərazi yaşayış məntəqəsidir. Hadisə yerində yol torpaq örtüklü olmaqla düz, quru və hamardır. Eni 3,40 metrdir. Hadisənin baş verdiyi yol yaşayış məntəqəsi daxilindədir. Hadisə zamanı avtomobilə məxsus tormoz izi və şin izləri aşkar edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 16 yanvar 2025-ci il tarixli, 112/K nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi». 10 mart 2025-ci il tarixli, 8/361 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Ford Transit markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur». «Meyitin ekspertizası» ilə bağlı 14 yanvar 2025-ci il tarixli, 24 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, “1964-cü ildə anadan olmuş Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi müayinəsinə, əlavə müayinənin cavabına və qərarda qoyulan sualları nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm: 1. Meyitin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir - beynin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, sağ döş boşluğuna qansızmalar, ağciyərlərin cırılmaları, sağ körpücük sümüyünün, sağda 2-3-4-5-6-7-ci qabırğaların ön qoltuq xətti üzrə qapalı yerdəyişən sınıqları. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşya(əşyaların) təsiri nəticəsində törənmişdir, ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən gündə və şəraitdə, yəni xx.xx.2024- cü il tarixdə hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli, hansı ki, onun ölümünə səbəb olmuş sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdirlər. 2. Zərərçəkmiş şəxs ölümünə səbəb - döş boşluğuna qansızma, ağciyərlərin cırılması, qabırğaların çoxsaylı sınıqları fonunda baş vermiş beyin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar olmuşdur”. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. İşə əlavə edilmiş xx.xx.2025-ci tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini və heç bir şikayət və tələbinin olmadığını, eyni zamanda təqsirləndirilən şəxsin bağışlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini, şəxsiyyətini, əməlindən peşman olduğunu, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə zəruri yardım göstərilməsi üçün özündən aslı olan bütün tədbirləri gördüyünü, mərhumun dəfni və yas mərasimi ilə bağlı zəruri xərcləri qarşıladığını, zərərçəkmiş şəxsin hüququ varisinin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrumetmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar