Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-3/2025 05.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərcüməçi X3 iştirakı ilə 28 fevral 1994-cü ildə İran İslam Respublikasının Bəndər Türkmən şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının Bəndər Türkmən şəhəri, Gümüştəpə qəsəbəsində yaşayan, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 4(009)-492/2024 nömrəli iş üzrə 12 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 11 sentyabr 2024-cü il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti sonradan müvafiq məhkəmə qərarları ilə uzadılıb) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədilə şəxsiyyətləri istintaqa Təcid və Hemra kimi məlum olan İran İslam Respublikasının vətəndaşları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil X6 Nəzarəti şöbəsinin Neftçala rayonunda yerləşən xidməti sahəsindən, «Layner» tipli, «Yamaha-200» mühərrikli üzmə vasitəsindən istifadə etməklə qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, 11 sentyabr 2024-cü il tarixdə saat 03.10 radələrində sahildən 5,5 mil, orta klassik xətdən 43,6 mil məsafədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 301 nömrəli gəmisi tərəfindən Salyan reydində saxlanılmışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, saxlanılmasından bir neçə gün öncə Xəzər dənizinin İran İslam Respublikasının ərazisində balıq tutmaq üçün tor qurmuşdur. 10 sentyabr 2024-cü il tarixdə saat 04 radələrində Bəndər Türkmən şəhəri ərazisindəki dəniz sahilindən tək olaraq idarə etdiyi «Layner» tipli, «Yamaha-200» mühərrikli üzmə vasitəsilə həmin toru yoxlamaq və dənizdən balıq tutmaq məqsədi ilə Xəzər dənizinə girmişdir. Dənizdə bir neçə saat olduğu zaman qayıqda namaz qılarkən üzərində olan GPS cihazı dənizə düşmüş və istiqamətini itirmişdir. Geri qayıtmaq üçün nə qədər çalışsa da buna müvəffəq ola bilməmişdir. Həmin vaxt kənardan bir qayıq gəldiyini, qayığın içərisində isə iki nəfər şəxsin olduğunu görmüşdür. Daha sonra onların İran İslam Respublikası vətəndaşları Təcid və Hemra adlı şəxslər olduğu ona məlum olmuşdur. Həmin şəxslər ona yaxınlaşdıqda sonunculara özünün GPS cihazının dənizə düşərək itdiyini demiş və İran İslam Respublikasına qayıtmağa kömək etmələrini xahiş etmişdir. Həmin vaxt Təcid və Hemra adlı şəxslər ona irəlidə özlərini gözləyən şəxslə görüşəcəklərini, daha sonra geriyə qayıdacaqlarını bildirmişlər. Həmçinin ona demişlər ki, onların qayıqlarında bir neçə yanacaq dolu bidon var, həmin qablar onların qayığında ağırlıq eləyir, kömək etmək üçün həmin qablardan bir neçəsini onun qayığına qoysunlar. O, da Təcid və Hemra adlı şəxslərin təklifi ilə razılaşmış və həmin şəxslər bir neçə bidonu onun qayığına qoymuşlar. Bundan sonra isə GPS cihazı Təcid və Hemra adlı şəxslərdə olduğundan o, sonuncuların arxası ilə hərəkət etməyə başlamışdır. Bir müddət hərəkət etdikdən sonra Təcid və Hemra adlı şəxslər bir nöqtədə qayığı saxladıqlarından o, da qayığını saxlamışdır. Daha sonra Təcid və Hemra qayıqlarını bir qədər ondan irəli sürdüklərindən aralarında bir qədər məsafə yaranmışdır. Təcid və Hemra adlı şəxslər anidən onun yanından ötüb keçmiş və ona qayığını arxaları ilə sürməsini demişlər. O, hadisənin şokundan qayığını Təcid və Hemra adlı şəxslərin olduğu qayığın arxası ilə sürməyə başlayınca sərhədçilər tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra Xəzər dənizinin Azərbaycan Respublikası sularında olduğu ona məlum olmuşdur. Təcid və Hemra adlı şəxslərin qayıqlarından suya nə isə atdıqlarını, yaxud da dənizdə kiməsə nə isə verdiklərini görməmişdir. Belə ki, həmin vaxt hava qaranlıq, eyni zamanda da qatı dumanlı olmuşdur. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 301 nömrəli sərhəd gözətçi gəmisinin hərbi qulluqçusudur. 11 sentyabr 2024-cü il tarixdə, saat 01.37-də Baş Komanda-Nəzarət Mərkəzi tərəfindən 2ci (Neftçala) Sahil nəzarəti şöbəsinin 8-ci (Dalğa) Sahil nəzarəti bölməsinin Dalğa TMMnin radarı, həmçinin Neftçala texniki müşahidə məntəqəsinin PTZ tipli kamerası vasitəsilə Salyan reydində 39° 13İ 1İİ 49° 16İ 7İİ E koordinatında 9-cu (Mirqurbanlı) sahil nəzarəti bölməsinin 24-cü yanalma körpüsü istiqamətində sahildən 1,9 mil məsafədə 357 dərəcəli kurs, 20-22 düyün dəyişkən surətlə hərəkətdə olan 2 ədəd naməlum üzmə vasitələri aşkar edilmiş və onların hərəkətləri müşahidə altına götürülmüşdür. Texniki müşahidə məntəqələri tərəfindən müşahidələr gücləndirilərək hədəflərin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan 301 nömrəli sərhəd gözətçi gəmisi həmin istiqamətdə yönləndirilmişdir. 11 sentyabr 2024-cü il tarixdə, saat 02.50-də Salyan reydində 301 nömrəli sərhəd gözətçi gəmisi tərəfindən üzmə vasitələrinin təqibinə başlanılmış, saat 03.10-da 301 nömrəli sərhəd gözətçi gəmisi tərəfindən Salyan reydində sahildən 5,5 mil, orta klassik xətdən 43,6 mil məsafədə təqib edilən üzmə vasitələrindən biri bortunda bir nəfər şəxs olmaqla saxlanılmışdır. Həmin şəxslə aparılan söhbət zamanı qeyd olunan şəxs özünü İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs saxlanıldıqdan sonra onun üzmə vasitəsinə, həmçinin də əraziyə baxış keçirilmiş, hər hansı bir əhəmiyyət kəsb edə biləcək əşya, predmet aşkar edilməmişdir. Digər üzmə vasitəsi isə təqib edilməsinə baxmayaraq onun saxlanılması mümkünsüz olmuş və üzmə vasitəsi içərisindəki iki nəfər şəxslə birlikdə Xəzər dənizinin İran İslam Respublikasına məxsus ərazi sularına keçməyə müvəffəq olmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 4 nəfər azyaşlı uşağının olmasını, oğlunun bir neçə dəfə tibbi əməliyyat olunduğunu, bir qızının da xəstəlikdən əziyyət çəkdiyini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, eyni zamanda Azərbaycan Respublikası CM-nin 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin saxlanc yerində saxlanılan, 01 (bir) ədəd «Layner» tipli, «Yamaha-200» mühərrikli üzmə vasitəsi dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 11 sentyabr 2024-cü il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin saxlanc yerində saxlanılan, 01 (bir) ədəd «Layner» tipli, «Yamaha-200» mühərrikli üzmə vasitəsi dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-3/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-3/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver