Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-30/2023 03.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1971-ci ildə Neftçala rayonu, Novo- Vasilyevka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, pensiyaçı, ünvan 1 ünvanda yaşayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1565/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli 18 aprel 2021-ci il tarixindən hesablanmaqla 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Neftçala Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 07 yanvar 2023-cü ildən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd sellofan bükülünün içərisində olan 9 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,033 qram, 0,032 qram, 0,039 qram, 0,035 qram, 0,030 qram, 0,128 qram, 0,114 qram, 0,071 qram, 0,097 qram olmaqla ümumi təmiz çəkisi 0,579 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 5 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 0,045 qram, 0,044 qram, 0,037 qram, 0,128 qram, 0,125 qram olmaqla ümumi təmiz çəkisi 0,379 qram olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 07 yanvar 2023-cü il tarixdə saat 08.50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, Köhnə qəsəbə ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 1 ədəd sellofan bükülünün içərisində olan 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,033 qram, 0,032 qram, 0,039 qram, 0,035 qram, 0,030 qram, 0,128 qram, 0,114 qram, 0,071 qram, 0,097 qram olmaqla ümumi təmiz çəkisi 0,579 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 5 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 0,045 qram, 0,044 qram, 0,037 qram, 0,128 qram, 0,125 qram olmaqla ümumi təmiz çəkisi 0,379 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək qeyd etmişdir ki, Neftçala şəhərinin Köhnə qəsəbə adlanan hissəsində ailəsi ilə birlikdə yaşayır. Narkotik vasitə heroin və patı kimi tanınan metamfetamindən təxminən 2 ildir ki, istifadə edir. Narkotik vasitələrdən istifadə etdiyinə görə 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Buna baxmayaraq heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb. 07 yanvar 2023-cü il tarixdə polis əməkdaşları yaşadığı evə gələrək onu zorla Neftçala RPŞnə aparmışlar. Evdən aparılarkən, həmçinin polis şöbəsində ona qarşı fiziki zor tətbiq edilmişdir. Qeyd edir ki, onun üzərində narkotik vasitə olmayıb. Guya ondan aşkar edilmiş narkotik vasitələr isə əslində ona məxsus olmayıb. Həmin narkotik vasitələri polis əməkdaşları özləri onun üzərinə qoyublar. Üzərində axtarış aparılmasının videoçəkilişi zamanı da polis əməkdaşlarına öz iradını bildirmiş, demişdir ki, «bunlar sizin tərəfinizdən qoyulmuş narkotik vasitələrdir». Həmin vaxt müdafiəçi də orada olmuşdur. Güman edir ki, bu halı müdafiəçi də görmüşdür. Onun etirazından sonra polis əməkdaşları onu ələ alaraq söz vermişlər ki, sənədləşmə narkotik vasitələrin satışı ilə deyil, narkotik vasitələrdən istifadəyə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə aparılacaqdır. Bundan sonra təkrar videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Cinayət işində olan bəzi sənədləri də bu səbəbdən imzalamışdır. Göstərilənlərə əsasən özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Lakin etiraf edir ki, narkotik istifadəçisidir. Məhkəmədən barəsində ədalətli qərar qəbul etməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala RPŞ-nin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala RPŞ-nin əməliyyat aparatına Neftçala rayonu Köhnə qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və alğı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Müvafiq icazə alındıqdan sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olmuş həmin əməliyyat məlumatı əsasında 07 yanvar 2023-cü il tarixdə saat 08.50 radələrində Təqsirləndirilən şəxs Neftçala şəhəri Köhnə qəsəbə ərazisində saxlanılıb. Bu zaman ətrafda kənar şəxslər çox olduğundan və sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığından onu polis şöbəsinə gətirmişlər. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs Təhqiqat Qrupuna təhvil verilib. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilibdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsi təklif olunub. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükülü aşkar edilib. Sellofan bükülü açıldıqda içərisindən 14 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü aşkarlanmışdır. Həmin bükülülər açıldıqda içindən 5 ədəd kağız bükülüdə narkotik vasitə heroinə oxşar kütlələr, 9 ədəd bükülüdə isə narkotik vasitə metamfetaminə oxşar kütlələr olduğu bəlli olmuşdur. Həmin kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürləndi. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olundu və həmin protokol ucadan oxunduqdan sonra digər iştirakçılarla yanaşı o, da protokolu imzalamışdır. Şahid göstərilənlərlə yanaşı bildirir ki, təqsirləndirilən şəxsə qarşı istər onun saxlanması zamanı, istərsə də polis şöbəsində hər hansı bir formada fiziki təzyiq göstərilməyib. Ona hüquqları izah edilmiş, müdafiəçi ilə təmin olunmuş və üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı ilə aparılmışdır. Şahid həmçinin bildirir ki, polis əməkdaşlarının guya təqsirləndirilən şəxsi onun evindən tutub aparmaları ilə bağlı təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, polis əməkdaşları təqsirləndirilən şəxsi sonuncunun evində deyil, Neftçala şəhəri Köhnə qəsəbə ərazisində küçədə saxlayıblar. İttiham aktının nəticəvi hissəsində göstərilən psixotrop maddə və narkotik vasitə də məhz təqsirləndirilən şəxsin üzərindən aşkar olunub. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Fizuli oğlu, X3 və Şahid4 ibtidai istintaq dövründə verdikləri yazılı ifadələrə, həmçinin Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Şahidlər bildirirlər ki, Neftçala şəhəri Köhnə qəsəbə ərazisində küçədə saxlanılmış, ona qarşı hər hansı qanunsuz təzyiq tətbiq edilməmiş, müvafiq psixotrop maddə və narkotik vasitə təqsirləndirilən şəxsin öz üzərindən aşkar olunmuşdur ki, bu fakt da vəkilin iştirakı ilə aparılmış videoçəkilişlə təsdiq olunur. Təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx.xx.2023-cü il tarixli 18/21 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1. Tədqiqata təqdim olunmuş, üzərində: «…Təqsirləndirilən şəxs üzərindən… metamfetamin…» sözləri yazılmış və imzalar olan kağız paketdə 9 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,033 qram, 0,032 qram, 0,039 qram, 0,035 qram, 0,030 qram, 0,128 qram, 0,114 qram, 0,071 qram, 0,097 qram, ümumi çəkisi 0,579 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. 2. Tədqiqata təqdim olunmuş, üzərində: «…Təqsirləndirilən şəxs üzərindən…heroinə…» sözləri yazılmış və imzalar olan kağız paketdə 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 qram, 0,044 qram, 0,037 qram, 0,128 qram, 0,125 qram, ümumi çəkisi 0,379 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 3 ədəd bükümdə təmiz çəkiləri 0,045 qram, 0,044 qram, 0,037 qram, olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir; 2 ədəd bükümdə təmiz çəkiiləri 0,128 qram, 0,125 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir; 3 bükümdə olan heroinlərlə digər 2 bükümdəki heroinlər xarici əlamətlərinə görə və kimyəvi tərkib komponentlərinə görə bir birindən fərqlənir, eyni tərkibli deyildir. Tədqiqata təqdim olunmuş 9 bükümdə olan psixotrop maddə metamfetamin və 5 bükümdə olan narkotik vasitə heroin ayrı-ayrı növdə maddələr olduğu üçün eynilik tədqiqatı aparılmır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxildir (İ siyahı)». xx.xx.2023-cü il tarixli 758 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri ilə bağlı aşağıdakılar qeyd olunur. O, işin məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən öz evindən tutulmuş, sonuncular tərəfindən ona qarşı fiziki təzyiqlər tətbiq edilmiş, həmçinin ittiham aktının nəticəvi hissəsində göstərilən narkotik vasitə və psixotrop maddə üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri iş materialları ilə təkzib olunur. O, iş üzrə ibtidai istintaq zamanı verdiyi izahatında, həmçinin müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində narkotik vasitəni və psixotrop maddəni Salyan rayonunda məzarlıqdan çıxan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 75 manata aldığını, əldə etdiyi heroindən bir dəfə istifadə etdiyini, Neftçala şəhəri, Köhnə qəsəbə deyilən yerdə olduğu vaxt narkotik vasitə və psixotrop maddənin gödəkcəsinin sağ yan cibində olduğunu, eyni vaxtda polis əməkdaşlarının onun saxlayaraq polis şöbəsinə apardıqlarını, polis şöbəsində müdafiəçisinin iştirakı və videoçəkilişlə aparılan şəxsi axtarış zamanı narkotik vasitənin və psixotrop maddənin ondan aşkar edildiyini etiraf etmişdir. Narkotik vasitənin və psixotrop maddənin məhz təqsirləndirilən şəxsdə aşkar olunması faktı cinayət işinin materiallarına əlavə edilmiş kompakt diskdəki videoçəkiliş, habelə “şəxsi axtarış və götürmə barədə” 07 yanvar 2023-cü il tarixli protokolla da təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin ona qarşı fiziki təzyiq göstərildiyinə dair bildirdiklərini də inandırıcı saymır. Belə ki, təqsirləndirilən şəxs istər barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair təqdimata məhkəmədə baxıldığı vaxt, istərsə də sonradan fiziki təzyiqlərə məruz qalmasına dair heç nə bildirməmiş, bununla bağlı heç bir dövlət orqanına müraciət etməmişdir. Təqsirləndirilən şəxsə qarşı işgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftara yol verilməsi halı müəyyən edilmir. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla bağlı həmçinin aşağıdakıları qeyd edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Yuxarıda qeyd olunan ekspert rəyindən və işin s. faktik hallarından görünür ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin ümumi miqdarı çox olmadığına baxmayaraq, onlar hər biri bir dəfəyə istifadə olunması üçün nəzərdə tutulan ayrı-ayrı bükümlərə qablaşdırılmışlar (ümumilikdə 14 büküm). Bununla yanaşı, 3 bükümdə olan heroinlə digər 2 bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir birindən fərqlənir. Təbiidir ki, təqsirləndirilən şəxs qeyd olunan bükümlərdəki metamfetamini və heroini bir dəfəyə istifadə edə bilməzdi (o, məhkəmə iclasında da bildirmişdir ki, əldə etdiyi heroindən cəmi bir dəfə istifadə edib). Belə olan halda təqsirləndirilən şəxsin üzərində ümumilikdə 14 bükümdə, metamfetamin və heroin saxlaması, cəmin beş bükümdə heroinin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir birindən fərqlənməsi onun həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etdiyini təsdiq edir. Beləliklə, yuxarıda göstərilənləri və işin s. faktik hallarını məcmu şəkildə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müvafiq narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi sübuta yetirilmiş sayılmalıdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Onun ifadələri isə yuxarıda qeyd olunduğu kimi məsuliyyətdən yayınmaq məqsədi güdür. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə daha yüngül cəza təyin olunması ilə cəzanın Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilmiş məqsədinə çatmaq mümkün deyil. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,279 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi qalıq çəkisi 0,399 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 07 yanvar 2023-cü il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,279 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi qalıq çəkisi 0,399 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-30/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-30/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver