Məhkəmə qərarları › İş №1(053)-30/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-30/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-30/2024 12.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1970-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 13 – 15 fevral 2024-cü il tarixləri üzrə tutulmuş, 15 fevral 2024-cü ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 12,96 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 13 fevral 2024-cü il tarixdə saat 15 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsində Kür çayının sahilində saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən əynindəki idman gödəkcəsinin sol yan cibindən sellofan bükülüdə təmiz çəkisi 12,96 qram olan xeyli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 fevral 2024-cü ildə saat 17 radələrində yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində Kür çayının sahilində olarkən yerdən sellofan bükülü tapmışdır. Bükülünü açdıqda içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Arabir marixuanadan istifadə etdiyi üçün onu tanımış və özü istifadə etmək məqsədilə əynindəki idman gödəkcəsinin sol yan cibinə qoymuşdur. 13 fevral 2024-cü ildə saat 15 radələrində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində Kür çayının sahilində olarkən polis əməkdaşları tərəfindən saxlanmışdır. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onlarla birlikdə Neftçala Rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Neftçala Rayon Polis Şöbəsinə gəlmişdir. Orada müdafiəçisi Müdafiəçi iştirakı ilə, həmçinin videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki idman gödəkcəsinin sol yan cibindən sellofan bükümdə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin sellofan büküm ağ zərfə qoyularaq möhürlənmişdir. Zərfi özü və müdafiəçisi imzalarla təsdiq etmişlər. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı 10 fevral 2024-cü ildə saat 17 radələrində yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində Kür çayının sahilində olarkən yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən çox peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs 13 fevral 2024-cü ildə saat 15 radələrində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində Kür çayının sahilində saxlayıb Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Həmin əməliyyatda digər polis əməkdaşları X1 və Şahid2 da onunla birlikdə iştirak etmişlər. Polis şöbəsinin növbətçi hissəsində təhqiqatçının rəhbərliyi altında şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı ilə video-çəkiliş aparılmaqla sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol yan cibindən sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə ağ zərfə qoyulub qablaşdırılmış, habelə «203» saylı möhürlə möhürlənmişdir. Zərfi orada olan müdafiəçi, və şübhəli şəxs Təqsirləndirilən şəxs imzaları ilə təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu yaşadığı Bankə qəsəbəsinin ərazisindən keçən Kür çayının sahilindən 10 fevral 2024-cü il tarixdə saat 17 radələrində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/167 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «…Təqsirləndirilən şəxs…» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 12,96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır». xx.xx.2024-cü il tarixli 1557 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,94 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 – 15 fevral 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,94 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar