Məhkəmə qərarları › İş №1(053)-31/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-31/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-31/2023 24.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə 17 avqust 1995-ci il tarixdə Neftçala rayonu, Beşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177,2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 aid hissədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177,2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CMnin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti təyin olunmaqla şərti hesab edilərək tətbiq edilmiş, cəzasını 12 noyabr 2016-cı il tarixdə çəkib qurtarmış, məhkumluğu olmayan, 20-22 fevral 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində 22 fevral 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29,177.2.2-ci maddələri ilə və xx xxxxx 1992-ci il tarixdə Neftçala rayonu, Beşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 21-23 noyabr 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində 23 noyabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Neftçala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2022-ci ilin noyabr ayının əvvəlində, günü istintaqa məlum olmayan tarixdə, saat 01 radələrində Neftçala rayonu, Beştalı kəndi ərazisində açıq sahəyə qoyulmuş, elektrik xəttlərinin yenilənməsi üçün nəzərdə tutulmuş, Azər Elektrik Tikinti MMC-nin balansında olan, 1 metrinin qiyməti 1 manat 28 qəpik olan, 640 manat dəyərində, 500 metr uzunluğunda AS 50 markalı naqili və 1 metrinin qiyməti 3 manat 50 qəpik olan, 525 manat dəyərində 150 metr uzunluğunda SİP markalı kabeli, ümumilikdə 1165 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin noyabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə, saat 01 radələrində Neftçala rayonu, Beştalı kəndi ərazisində açıq sahəyə qoyulmuş, elektrik xəttlərinin yenilənməsi üçün nəzərdə tutulmuş, Azər Elektrik Tikinti MMC-nin balansında olan, 1 metrinin qiyməti 1 manat 28 qəpik olan, 576 manat dəyərində, 450 metr uzunluğunda AS 50 markalı naqili və 1 metrinin qiyməti 3 manat 50 qəpik olan, 350 manat dəyərində, 100 metr uzunluğunda SİP markalı kabeli, ümumilikdə 926 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 2022-ci ilin noyabr ayının əvvəlində, günü istintaqa məlum olmayan tarixdə, saat 23 radələrində Neftçala rayonu, Beştalı kəndi ərazisində açıq sahəyə qoyulmuş, elektrik xəttlərinin yenilənməsi üçün nəzərdə tutulmuş, Azər Elektrik Tikinti MMC-nin balansında olan, 1 metrinin qiyməti 3 manat 50 qəpik olan 100 metr uzunluğunda SİP markalı kabeli, ümumilikdə 350 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 15 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində Neftçala rayonu, Beştalı kəndi ərazisində açıq sahəyə qoyulmuş, elektrik xəttlərinin yenilənməsi üçün nəzərdə tutulmuş, Azər Elektrik Tikinti MMC-nin balansında olan, 1 metrinin qiyməti 3 manat 50 qəpik olan 100 metr uzunluğunda SİP markalı kabeli, ümumilikdə 350 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurlamaq istəyərkən həmin vaxt ora kabellərə nəzarət etməyə gələn Azər Elektrik Tikinti MMC-nin əməkdaşı Nümayəndə onu görə biləcəyindən qorxub oradan uzaqlaşdığı üçün iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 2022-ci ilin noyabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə, saat 23 radələrində Neftçala rayonu, Beştalı kəndi ərazisində açıq sahəyə qoyulmuş, elektrik xəttlərinin yenilənməsi üçün nəzərdə tutulmuş, Azər Elektrik Tikinti MMC-nin balansında olan, 1 metrinin qiyməti 3 manat 50 qəpik olan 100 metr uzunluğunda SİP markalı kabeli, ümumilikdə 350 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Beştalı kəndində yaşayır. O, hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 onun əmisi oğludur. Famillə aralarında hər hansı ədavətləri və ya qərəzli münasibətləri yoxdur. Bir qohum kimi həmişə münasibətləri yaxşı olmuşdur. Onların yaşadıqları kənddə yay aylarından etibarən elektrik xəttlərinin yenilənməsi işləri gedir. Həmin işdə istifadə olunan kabel və naqillər taxta dolaqlara keçirilmiş halda kənddə yerləşən Milli Qəhrəman Xanoğlan Məmmədovun adına olan abidənin arxa tərəfində, açıq sahədə saxlanılmışdır. O, maddi imkanı olmadığı üçün həmin kabel və naqillərdən oğurlayıb satmaq qərarına gəlmişdir. O, təxminən 2022ci ilin noyabr ayının əvvəlində, saat təxminən 01 radələrində həmin dolaqlara yaxınlaşıb, təxminən 150 metrə yaxın kabeli və həmin ölçülərdə naqili özüylə gətirdiyi kəlbətinlə kəsib götürmüşdür. O, həmin kabelləri və naqili aparıb həyətlərində yandırıb əridərək alüminium əldə edib, kisəyə yığmışdır. Səhəri gün əldə etdiyi alüminiumu tanımadığı bir taksi sürücüsü ilə Salyan şəhər sakini olan Fərid adlı şəxsə satmağa aparmışdır. Fərid bunun qarşılığında ona təxminən 140 manat pul vermişdir. O, elə həmin günü pulu özü üçün müxtəlif şeylərə xərcləmişdir. Bundan 4 gün sonra, təxminən 2022-ci ilin noyabr ayının əvvəlində, saat 01 radələrində pulu qurtardığı üçün o, yenə həmin yerə gedərək, yenə 100 metrə yaxın kabel və həmin ölçülərdə naqili kəsib götürmüşdür. O, həmin kabeli və naqili yenə aparıb öz həyətlərində yandırıb əridərək alüminium əldə etmişdir. Səhəri gün həmin qaydada ərinmiş alüminiumu tanımadığı bir taksi ilə Fəridə satmağa aparmışdır. Fərid bu dəfə ona 80 manat pul vermişdir. O da həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra o, pulu qurtardığı üçün təxminən 3 gün sonra 2022-ci ilin noyabr ayının əvvəlində Famili kənddə görmüş və məsələni danışıb həmin kabellərdən götürməyi təklif etmişdir. Famil onunla razılaşmışdır. Onlar təxminən 1 saat sonra zəngləşib abidənin yaxınlığında görüşmüşlər. Saat təxminən 23 radələri olmuşdur. Famil, aralarında olan danışığa əsasən gələn olsa ona xəbər versin deyə abidədən təxminən kəndin içinə tərəf 70 metr məsafədə durub gözləməyə getmişdir. O, təxminən 100 metrə yaxın kabeli kəsərək topalayıb Familin yanına getmişdir. Daha sonra Famil evə getmişdir. O da həmin kabeli evə aparaq yandırıb əridǝrǝk alüminium əldə etmişdir. O, bundan sonra həmkəndlisi Eminə zəng edərək bir yerǝ getməli olduğunu demişdir. Emin öz avtomobili ilə evlərinin yaxınlığına gəlmişdir. O, kisədə olan alüminiumu Eminin avtomobilinə yükləmişdir. Bundan sonra həmin alüminiumu yenə Fəridə satmağa aparmışdır. Fərid bu dəfə ona 100 manat pul vermişdir. O, hər dəfə gedəndə Fəridə alüminiumların öz həyətlərindən gətirib satdığını demişdir. O, həmin pulun 30 manatını yol pulu kimi Eminə vermişdir. Həmçinin, danışıqlarına əsasən 40 manat da Familə vermişdir. Bundan sonra pulu qurtardığı üçün təxminən 2022-ci ilin noyabr ayının ortalarında, saat təxminən 01 radələrində yenə həmin yerə gedib 100 metr kabel kəsmişdir. Bu vaxt qaranlıqda görmüşdür ki, kənddə yol tərəfdən kimsə ona tərəf gəlir. Bu vaxt həmin şəxsin onu gördüyü üçün yaxınlaşdığını fikirləşmişdir. O, kəsdiyi kabeli apara bilməyəcəyini anlayaraq kabeli həmin yerdə qoyub qaçmışdır. Bu cinayətdən başqa oğurluq etməmişdir. Törədikləri cinayətdə başqa şəxslər iştirak etməmiş, özü və Famil olmuşlar. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Beştalı kəndində yaşayır. O, hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 onun əmisi oğludur. Şahlarla aralarında hər hansı ədavətləri və ya qərəzli münasibətləri yoxdur. Bir qohum kimi həmişə münasibətləri yaxşı olmuşdur. Onların kəndində yay aylarından elektrik xəttlərinin yenilənməsi işləri gedir. Həmin işdə istifadə olunan kabel və naqillər taxta dolaqlara keçirilmiş halda kənddə yerləşən Milli Qəhrəman Xanoğlan Məmmədovun adına olan abidənin arxa tərəfində, açıq sahədə saxlanılmışdır. Şahlar təxminən 2022-ci ilin noyabr ayının əvvəlində, axşam tərəfi onu kənddə görǝrǝk həmin kabellərdən oğurlamağı təklif etmişdir. O, pula ehtiyacı olduğu üçün razılaşmışdır. Onlar təxminən 1 saat sonra zəngləşib, abidənin yaxınlığında görüşmüşlər. Saat təxminən 23 radələri olmuşdur. Şahlar görüş yerinə təxmini gördüyü qədər dəstəyi qırmızı rəngli kəlbətinlə gəlmişdir. Hava qaranlıq olduğundan dəqiq görə bilməmişdir. O, aralarında olan danışığa əsasən gələn olsa Şahlara xəbər versin deyə abidədən təxminən kəndin içinə tərəf 70-80 metr aralıda durub gözləməyə getmişdir. Təxminən 35 dəqiqə sonra Şahlar kabeli kəsib topalamış halda yanına gəlmişdir. Həmin kabel üzərində mavi xətt gedən izolyasiyalı, təxminən 100 metr kabel olmuşdur. Şahlar ona demişdir ki, kabeli əridib satıb onun pulunu verəcəkdir. Bundan sonra hərə öz evinə getmişdir. Şahlar səhəri gün onu kənddə görüb 40 manat pul vermişdir. Bu cinayətdən başqa oğurluq etməmişdir. Törədikləri cinayətdə başqa şəxslər iştirak etməmiş, özü və Şahlar olmuşlar. Törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsini göndərməmiş, məhkəməyə göndərdiyi teleqramlarda xidməti işi ilə əlaqədar üzürlü səbəbdən işdə iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, 23 may 2023-cü il tarixdə göndərdiyi teleqramda isə Zərərçəkmiş şəxs MMCyə dəyən maddi ziyanın qismən ödənildiyini və bu səbəbdən də heç bir şikayət və tələblərinin olmadığını bildirərək qeyd etdiklərinin nəzərə almasını xahiş etmişdir. İşin ibtidai istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ailəsi ilə birlikdə Goranboy rayonu, Yeniyol kəndində yaşadığını, Zərərçəkmiş şəxs MMC-nin subpodratçısı işlədiyini, o və digər əməkdaşların müxtəlif rayonlara ezam olunaraq Azərişıq ASC-nin tapşırığına əsasən müxtəlif rayonlarda elektrik xətlərinin yenilənməsini həyata keçirdiklərini bildirmişdir. Qeyd etmişdir ki, onlar təxminən 2022-ci ilin iyul ayından etibarən Neftçala rayonundadırlar. Onlar Qaraqaşlı, Beştalı, Cǝngan və Ərəbqardaşbəyli kəndlərində elektrik xəttlərinin yenilənməsi ilə məşğuldurlar. Onlar yenilənmədə istifadə olunan malları Neftçala rayonu, Beştalı kəndi ərazinə, açıq sahǝyǝ yığmışlar. O, təxminən 2022-ci ilin noyabr ayının əvvəlində sip kabelin və alüminium naqilin taxta dolağında azalma olduğunu görmüşdür. Buna görə o və digər işçilər kiminsə gəlib kabeli oğurlaya biləcəyindən şübhələnmişlər. 15 noyabr 2022-ci il tarixdə, gecə saat təxminən 01 radələrində o, idarəyə məxsus avtomobil ilə Neftçala rayonu, Şorkǝnd kəndindən kabellərə nəzarət etməyə gəlmişdir. Bu vaxt görmüşdür ki, kimsə avtomobillə onu görən kimi qaçıb kolluq əraziyə girmişdir. O, avtomobili həmin şəxslərin arxasınca sürmüş, lakin çata bilməmişdir. Bir qədər irəli getdikdə görmüşdür ki, yerdə təxminən 100 metr sip kabel vardır. O, əvvəl bu barədə heç kimə deməmişdir. O, elə fikirləşmişdir ki, yəqin kǝnd camaatından kimsə götürüb, gətirib verər. Lakin təxminən 5 gün keçsə də heç kim gəlib bir söz deməmişdir. Odur ki, o da bu barədə Neftçala RPŞnə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. O, ilkin olaraq ərizəsində baş vermiş oğurluq nəticəsində idarəyə dəymiş ziyanı təxmini göstərmişdir. Zəruri hesablamalardan sonra rəsmi olaraq dəymiş ziyanın 2441 manat olduğu müəyyən edilmişdir. 2022-ci ilin noyabr ayının əvvəlində onlar ilkin olaraq 500 metr alüminium kabel və 150 sip kabeli, təxminən 1 gün sonra 450 metr alüminium kabel və 100 metr sip kabeli, bir neçə gün sonra isə 100 metr sip kabelin oğurlanmasını aşkar etmişlər. Sonuncu dəfə kəsilmiş 100 sip kabeli isə oğurlaya bilməmişlər. Bundan sonra araşdırma zamanı onlara məlum olmuşdur ki, həmin oğurluğu törətmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla faktiki olaraq ailəsi ilə birlikdə Neftçala rayonu, Beştalı kəndində yaşayır. Onu demək olar ki, dayısı Mahir saxlayıb boya başa çatdırmışdır. O, Vətən Müharibəsində könüllü olaraq iştirak etmiş, buna görə medallarla təltif olunmuşdur. Xidmətini bitirəndən sonra dayısına məxsus "Vaz 2106 markalı", **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəndi gəzib, camaatdan süd yığıb dayısı Mahirgilə gətirir. Daha sonra da qatıq hazırlanaraq dayısı Mahir tərəfindən aparılıb Bakı şəhərində satılır. Təxminən 2022-ci ilin noyabr ayının əvvəlində, axşam saatlarında həmkəndlisi Şahlar ona mobil telefonla zəng edərək bir neçə əşya olduğunu, onları Salyan şəhərinə aparmaq lazım olduğunu demişdir. O, Şahlara avtomobili idarə etmək üçün sənədlərinin qaydasında olmadığını və gedə bilməyəcəyini demişdir. Şahlar bildirmişdir ki, gəlsin, nə lazımdırsa edəcəkdir. O, Şahların dediyi yerə, yəni kənddə olan abidənin yaxınlığına getmişdir. Şahlar orada onu gözləmişdir. Şahlar 2 ǝdǝd sintetik torbada olan nəyisə avtomobilin baqaj yerinə yükləmişdir. Daha sonra Famil orada qalmışdır. Onlar Şahlarla yola düşmüşlər. Saat təxminən 23 radələri olmuşdur. Yolda olan zaman Şahlar ona demişdir ki, kisədəkilər metaldı, öz həyətindəndir və satmağa aparır. O, Şahların Salyan şəhərində ona başa saldığı yerə sürmüşdür. Şahlar avtomobildən düşüb sex kimi bir yerdə tanımadığı bir şəxslə görüşüb nəsə danışmışdır. Daha sonra Şahlar kabeli ölçüb həmin şəxsə satmışdır. Şahlar avtomobilə əyləşib ona yol pulu kimi 30 manat pul vermişdir. O, kəndə sürüb Şahları öz evinə aparmışdır. Daha sonra da evə getmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Neftçala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 20 noyabr 2022-ci il tarixdə Neftçala RPŞ-nin məsul növbətçisi onu və CAB-nin digər əməkdaşlarını çağıraraq bildirmişdir ki, Nümayəndə Neftçala RPŞ-nə ərizə ilə müraciət edərək Neftçala rayonu, Beştalı kəndi ərazisində elektrik xəttlərinin yenilənməsi üçün nəzərdə tutulmuş kabel və naqillərin oğurlanması barədə məlumat vermişdir. Onlar dərhal əməliyyat-istintaq qrupu ilə birlikdə hadisə yerinə getmiş, orada hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Baş vermiş hadisə barədə dərhal tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilmişdir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmişlər. Şahid2 məhkəmə baxışı iclasına gəlməmiş, teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslərin onlara ittiham olunan cinayət əməlini törətmələri faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 23 fevral 2023-ci il tarixli, 2 nömrəli Zərərçəkmiş şəxs MMC-nin məktubundan görünür ki, 2022-ci ilin noyabr ayı ərzində Neftçala rayonu, Beştalı kəndi ərazisində müəssisəyə məxsus, 1 metrinin qiyməti 1 manat 28 qəpik olan 950 metr naqil STP AS 50 və 1 metrinin qiyməti 3 manat 50 qəpik olan 350 metr STP markalı SİP Kabel 4x50 oğurlanmış, ümumilikdə 2441 manat məbləğində maddi ziyan dəymişdir. İşdə olan xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerində müsbət xarakterizə olunurlar. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham olunan cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29,177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, maddi ziyanı qismən ödədiyi üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin heç bir şikayət və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29,177.2.2-ci maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir nəfər azyaşlı uşağının olduğunu və maddi ziyanı qismən ödədiyi üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin heç bir şikayət və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış kabelin əridilmiş halda olan 64 kiloqramlıq alüminium hissəsi qanuni sahibi (zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi) Nümayəndə təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 20 – 22 fevral 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 21 – 23 noyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış kabelin əridilmiş halda olan 64 kiloqramlıq alüminium hissəsi qanuni sahibi (zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi) Nümayəndə təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab olunsun. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar