Məhkəmə qərarları › İş №1(053)-32/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-32/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-32/2024 29.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1975-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də fəhlə işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, faktik olaraq ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 aprel 2024-cü ildə saat 00.15 radələrində ünvan 2ndə yaşadığı evin qarşısında aralarında olan şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı tanışı Zərərçəkmiş şəxs üz nahiyəsinə kəllə və yumruqla qəsdən vurub döyərək ona sağ göz orbitasının qançırı, hematoması, gözün ağlı qişasının qansızması ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır. Əvvəllər aralarında hər hansı ədavət və ya qərəzli münasibət olmayıb, əksinə münasibətləri həmişə normal olub. 26 aprel 2024-cü ildə saat 00.15 radələrində evdə olarkən bayırdan səs eşidib küçəyə çıxmışdır. Bu zaman evinin qaz sayğacının qapağının yerdə olduğunu, həmçinin evindən 15 metr aralıda yerləşən, çirkab suların axıdılması üçün nəzərdə tutulmuş dərənin üzərindəki şifer örtüyün sındırıldığını görmüşdür. Həmin vaxt Maisin küçədə öz evinə tərəf getdiyini görüb elə güman etmişdir ki, sayğacı və şiferi Mais sındırıb. Maisi çağırıb niyə belə etdiyini soruşanda Mais ona tərəf gəlib söyüş söymüşdür. Bu səbəbdən Maislə aralarında mübahisə yaranmış, həmin vaxt əsəbiləşərək Maisin üz nahiyəsinə kəllə və yumruqla vurmuşdur. Zərbələrin təsirindən Mais yerə yıxılmışdır. Bu vaxt həyət qapısının qarşısında olan arvadı Pərvanə onu çağırmış və bundan sonra evinə qayıtmışdır. Evinə qayıtdıqdan sonra DİN-in 102 xidmətinə zəng edərək Maisin qaz sayğacının qapağını sındırması barədə məlumat vermiş və ertəsi gün Neftçala RPŞ-nə ərizə ilə müraciət etmişdir. Əməlindən peşmandır. Hazırda barışdıqlarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Həmçinin bildirir ki, təqsirləndirilən şəxslə barışıb. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 26 aprel 2024-cü ildə saat 00.15 radələrində evdə olduqları vaxt küçədən səs eşitmişlər. Səsə Əli küçəyə çıxmış, o, da narahat olub Əlinin arxasınca həyətə düşmüşdür. Küçədə Əlinin yaşadıqları evdən təxminən 5 metr aralıda qonşuları Maislə mübahisə etdiyini görmüş və Əlini evə çağırmışdır. Əli evə qayıtdıqdan sonra Maisi döydüyünü ona demişdir. X3 vurmasını görməyib. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 01 may 2024-cü il tarixli 82 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ göz orbitasının qançırı, hematoması, gözün ağlı qişasının qansızması, sol dirsək, sol baldır nahiyələrinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 26 aprel 2024-cü il tarixdə yumruqla vurma və yıxılma nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edib. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar