Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-32/2025 04.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı ildə Neftçala rayonu, Xəzər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 aprel 2025-ci ildə saat 10 radələrində Neftçala rayonunun Xəzər kəndində yerləşən və birlikdə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edərək, sonuncunun üz və bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq, təpik və ağac parçası ilə vurub ona alının sağ nahiyəsinin qançırı, sol göz orbitasının qançırı, şişkinliyi, gözün ağlı qişasının qansızması, sol və sağ bazunun orta 1/3-nin, sağ və sol budun orta 1/3-nin sağ və sol baldırın yuxarı 1/3-nin qançırları ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 2016-cı ildə evlənib. Ümumi ailə münasibətlərindən 2 uşağı var. 25 aprel 2025-ci il tarixində saat 10 radələrində yaşadığı ünvanda arvadı Zərərçəkmiş şəxs heç bir səbəb olmadan üzərinə gələrək mübahisə yaratmış, ondan atası Elçini ünvanına təhqiramiz ifadələr işlətməsinin səbəbini soruşmuş, o da Elçin haqqında heç bir söz demədiyini Röyaya bildirmişdir. Həmin vaxt Röya əsəbi olduğu üçün üzərinə gələrək, əli ilə onun bədəninin müxtəlif yerlərini cırmış və mərhum atası Mitalimin ünvanına nalayiq ifadələr demişdir. O, da bundan əsəbiləşib əli ilə Röyanın üz nahiyəsinə bir neçə dəfə vurmuşdur. Bundan sonra Röya yaşadıqları evdən çıxıb, onun Neftçala rayonunun Xəzər kənd tam orta məktəbinin yanında saxladığı “Mercedes-Benz” markalı, **-OR-*** dövlət nömrə nişanlı avtomobilinin arxa iki tərəfin stoplarını, arxa parpesini, qabaq farasını daşla vuraraq sındırmış və avtomobilə bunun nəticəsində 500 manat ziyan dəymişdir. Hadisə vaxtı arvadı Zərərçəkmiş şəxs onu döyməmiş, lakin əli ilə bədəninin müxtəlif yerlərini cırmaqlamışdır. Hadisə yaşadıqları evdə baş verdiyindən həmin vaxt yanlarında heç kim olmamışdır. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2016-cı ildə Neftçala rayonunun Xəzər kəndində yaşayan Təqsirləndirilən şəxs ilə evlənmiş və kənddə öz evlərində birlikdə yaşamışlar. Onların birgə nikahlarından iki oğlan uşaqları var. 25 aprel 2025-ci il tarixində saat 10 radələrində yaşadığı ünvanda əri Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu nalayiq sözlərlə təhqir edib, əli ilə üz nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurduqdan sonra ayağı ilə bədəninin müxtəlif nahiyələrinə təpik vurmuş və yerdə olan ağac parçasını götürüb ayaq nahiyəsinə zərbələr vuraraq onu döymüşdür. O, da özünü müdafiə etmək və Xəyalın əlindən çıxmaq üçün əli ilə onun üz və boğaz nahiyələrini cırmaqlamışdır. O, evdən çıxıb Neftçala rayonunun Xəzər kənd tam orta məktəbindən uşaqlarını götürərkən Xəyalın birgə nikah dövründə aldıqları avtomobili məktəbin qarşısında saxladığını görmüşdür. Xəyalın onu döyməsinə əsəbiləşib və avtomobilin onda qalacağını düşünüb yerdən götürdüyü daşla “Mercedes-Benz” markalı, **-OR-*** dövlət nömrə nişanlı avtomobilin arxa iki tərəfin stoplarını, arxa parpesini və qabaq farasını daşla vuraraq sındırmışdır. Daha sonra uşaqlarını da götürüb atası Elçinin evinə getmişdir. Hadisə vaxtı o, Xəyalı söyməmiş, sadəcə olaraq özünü müdafiə etmək məqsədilə əli ilə onun üz və boğaz nahiyələrini cırmaqlamışdır. Hadisə yaşadıqları evdə baş verdiyindən hadisə vaxtı yanlarında heç kim olmamışdır. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 25 aprel 2025-ci il tarixli 65 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs «məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alının sağ nahiyəsinin qançırı, sol göz orbitasının qançırı, şişkinliyi, gözün ağlı qişasının qansızması, sol və sağ bazunun orta 1/3-nin, sağ və sol budun orta 1/3-nin sağ və sol baldırın yuxarı 1/3-nin qançırları küt əşya (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 25 aprel 2025-ci il tarixdə ağac parçası və yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir». 26 aprel 2025-ci il tarixli 66 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs «məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – üst dodaq, boyunun sol aşağı və sol bazunun aşağı 1/3-nin qançırları küt əşya (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 25 aprel 2025-ci il tarixdə cırmaqlama nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir». Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin müharibə veteranı olmaqla “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcə medalları ilə təltif olunduğunu, müvafiq münaqişənin ailə-məişət mübahisəsi zəminində baş verdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-32/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-32/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver