Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-33/2025 02.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1989-cu ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan, Salyan Rayon Məhkəməsinin 1(057)-81/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 16 noyabr 2023cü il tarixli qərarına əsasən yuxarıda göstərilən hökm üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 03 (üç) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddətinin bitməsi ilə əlaqədar 19 dekabr 2023-cü ildə müvafiq icra və probasiya şöbəsi üzrə qeydiyyatdan çıxarılmış, 28 fevral – 01 mart 2025-ci il tarixləri üzrə tutulmuş və 01 mart 2025-ci il tarixində barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 09,18 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 28 fevral 2025-ci il tarixdə saat 01:30 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd polietilen bükümdə təmiz çəkisi 09,18 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Salyan şəhəri, H.Əliyev küçəsi, ev 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Arabir narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 27 fevral 2025-ci il tarixdə saat 17 radələrində əvvəldən tanıdığı, Salyan şəhəri, “Gilan” yaşayış massivində yaşayan Ərəstun adlı şəxsə zəng edib onda narkotik vasitə marixuana olub-olmadığını soruşmuş, Ərəstun da narkotikin olduğunu bildirmişdir. O, etibarnamə əsasında idarə etdiyi “VAZ-21099” markalı 10GK393 dövlət qeydiyyat nişanlı avtomobillə “Gilan” yaşayış massivinə getmiş və Ərəstunun küçədə onu gözlədiyini görmüşdür. Ərəstuna 60 manat pul vermiş və bunun müqabilində 01 ədəd sellofan bükülüdə marixuana almışdır. Ərəstundan aldığı marixuananın üzərindən bir qədər götürüb istifadə etmiş, sonra da həmin sellofan bükülünü əynindəki boz rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Axşam saatlarında avtomobillə Neftçala şəhərində yaşayan xalası oğlu Pərvizlə görüşməyə getmişdir. 28 fevral 2025-ci il tarixdə saat 01:30 radələrində Neftçala şəhəri, 20 Yanvar küçəsində mağazaya daxil olub su almış və çölə çıxdıqda iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumatları olduqları üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra videoçəkilişlə ona üzərində narkotik vasitə varsa təqdim etməsi təklif edilmiş, o da üzərində olan narkotik vasitəni təqdim etmək istədiyini bildirmiş və əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən içərisində marixuana olan sellofan bükülünü çıxarıb polislərə təqdim etmişdir. Həmin vaxt üzərinə baxış keçirilmiş, şəxsi əşyalarından başqa hər hansı cinayət xarakterli predmet aşkar olunmamışdır. Daha sonra onu Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkilişlə barəsində tutma qərarı qəbul edildikdən sonra ona hüquq və vəzifələri izah edilmiş, həmçinin müdafiəçi siyahısı təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi onun hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir. Bundan sonra Müdafiəçi iştirakı və videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində digər cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 fevral 2025-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı şöbə rəhbərliyinə raportla məruzə edilmiş və raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. 28 fevral 2025-ci il tarixdə saat 01:30 radələrində Təqsirləndirilən şəxs Neftçala şəhəri, 20 yanvar küçəsində piyada hərəkət edən zaman müşahidə edib videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşımasında şübhəli olduğunu izah etmiş və üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. O, əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd polietilen kəsiyi bükümünü çıxarıb içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd polietilen kəsiyi bükümündə olan kütləyə baxış keçirilmişdir. Baxış zamanı həmin kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni Salyan rayon sakini Ərəstun adlı şəxsdən aldığını, istifadə etmək üçün əynindəki gödəkcənin cibində saxladığını, heç kimə pul müqabilində və pay olaraq vermədiyini bildirmişdir. Daha sonra 01 ədəd polietilen bükümdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə tərəfindən 01 ədəd zərfdə qablaşdırılıb DİN-in “203” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və polis əməkdaşları protokola imza etmişlər. Sonra isə Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ilə birlikdə rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmiş, eləcə də aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı başqa əşya aşkar edilməmişdir. Bu zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması qeyd edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlə təkrar qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, protokol düzgün yazıldığı üçün o, da digər iştirakçılar kimi protokola imza çəkmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 28 fevral 2025-ci il tarixli, 18/195 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «… Təqsirləndirilən şəxs o …» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 9,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 09 aprel 2025-ci il tarixli, 193 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsidə bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 1(057)-81/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarına əsasən yuxarıda göstərilən hökm üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 03 (üç) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddətinin bitməsi ilə əlaqədar 19 dekabr 2023-cü ildə müvafiq icra və probasiya şöbəsi üzrə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi dövrdə törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 09,08 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 fevral – 01 mart 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 02 iyul 2025-ci il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 09,08 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-33/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-33/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver