Məhkəmə qərarları › İş №1(053)-34/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-34/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-34/2024 03.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1978-ci ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Neftçala Rayon Məhkəməsinin 4(053)-11/2024 nömrəli iş üzrə 25 mart 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 23 mart 2024-cü il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında, günü istintaqa məlum olmayan tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində, tanışı Zərərçəkmiş şəxs3 hər biri 200 manat dəyərində olmaqla ümumilikdə 800 manat dəyərində olan 4 baş dişi qoyununu çoban kimi saxlayaraq baxacağına dair yalan vəd verib inandırmaqla onun 800 manat dəyərində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən 2023-cü ilin oktyabr ayında, günü istintaqa məlum olmayan tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində, tanışı Zərərçəkmiş şəxs2 hər biri 450 manat dəyərində olmaqla ümumilikdə 1.800 manat dəyərində olan 4 baş dişi qoyununu çoban kimi saxlayaraq baxacağına dair yalan vəd verib inandırmaqla onun 1.800 manat dəyərində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən 2022-ci ilin yanvar ayından, günü istintaqa məlum olmayan tarixdən 2023-cü ilin dekabr ayının sonuna, günü istintaqa məlum olmayan tarixə kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə hissəhissə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində, tanışı Zərərçəkmiş şəxs1 hər biri 350 manat dəyərində olmaqla 15.050 manat dəyərində olan 43 baş qoyununu, hər biri 150 manat dəyərində olmaqla 5.250 manat dəyərində olan 35 baş keçisini çoban kimi saxlayaraq baxacağına dair yalan vəd verib inandırmaqla onun ümumilikdə 20.300 manat dəyərində, xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, həbs edilməzdən əvvəl fərdi əməklə məşğul olmuşdur. Belə ki, bir neçə il kənd sakinlərinin xırda buynuzlu heyvanlarını otararaq çobanlıq edib. Neftçala rayonu, Qədimkənd kənd sakini Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. 2022-ci ildə Zərərçəkmiş şəxs1 43 baş qoyunu və 35 baş keçini ona verərək heyvanlarına çobanlıq etməyi və öz evinin həyətində saxlayıb onun təsərrüfatını artırmağını istəmişdir. Həmin vaxt aralarında olan razılaşmaya əsasən İncəxanımdan ümumilikdə 78 baş xırdabuynuzlu heyvanları təhvil almış, sonuncu tərəfindən qarşılığında hər ay ona çoban haqqı olaraq 180 manat pul və heyvanların yemi verilmişdir. Həmin heyvanlara 2024-cü ilin yanvar ayına kimi çobanlıq etməklə baxmışdır. İncəxanım hər ay gələrək heyvanlarına baxıb nəzarət etmişdir. Həmçinin İncəxanım heyvanları ona verərkən heyvanların arasında kürəkəninin də heyvanının olduğunu bildirmişdir. Lakin neçə baş heyvanının olduğunu bildirməyib. Sonradan 2023-cü ilin dekabr ayında maddi imkanı olmadığı üçün İncəxanımın xırda buynuzlu heyvanlarından bir neçəsini hissə-hissə satıb pulunu xərcləmişdir. Bundan əlavə İncəxanımın heyvanlarının arasında yaşlı və xəstə olan xırda buynuzlu qoyunlardan da 24 baş heyvanı onun öz razılığı ilə aşağı qiymətə yəni, dəyərdəyməzinə satmış və əldə olunan 2.700 manat pulunu İncəxanıma vermişdir. İncəxanım heyvanları ona verdiyi müddət ərzində heyvanlardan özünə lazım olduqda bir neçəsini satmış və kəsmək üçün aparmışdır. 2024-cü ilin yanvar ayına qədər İncəxanımın onda 23 baş xırda buynuzlu qoyunu, 15 baş keçisi qalmaqla ümumilikdə onda 38 baş xırda buynuzlu heyvanı qalmışdır. İncəxanım həmin keçilərdən 2 başını 2024-cü ilin yanvar ayında sataraq 13 baş keçini isə aparmış, qalan 23 baş qoyunun isə ona məxsus olmadığını iddia edərək qoyunlarının pulunu tələb etmişdir. İncəxanıma məxsus heyvanlardan 3 baş qoyun xəstə olaraq tələf olmuş, 20 baş xırda buynuzlu qoyunlar da çiçək xəstəliyi tutulduğundan onların bir başını heyvan alğı-satqısı ilə məşğul olan Neftçala rayonu, Aşağı Qaramanlı kənd sakini Bayram adlı şəxsin Salyan rayonundan gələn tanımadığı tanışlarına 80 (səksən) manata satmışdır. Ümumilikdə 20 baş qoyunu 1.600 manata satsa da hal-hazıra kimi pulunu ala bilməmişdir. Zərərçəkmiş şəxs1 kürəkəninin də heyvanların arasında 10 baş qoyununun olduğunu sonradan bilmişdir. Qeyd edir ki, İncəxanıma məxsus 78 baş xırda buynuzlu qoyunların və keçilərin hamısını sataraq pulunu ələ keçirməyib. Heyvanların bir qismi tələf olub. Qalanını isə ayrı-ayrı vaxtlarda sataraq pulunu xərcləmişdir. Bundan əlavə olaraq Neftçala rayonu, Aşağı Qaramanlı kəndi ərazisində yerləşən İncəxanıma məxsus mağazadan ərzaq və qeyri-ərzaq məhsulları alaraq mağazaya 1.800 manat borclu qalmışdır. Həmin borcunu da hissə-hissə qaytaracaq. Zərərçəkmiş şəxs1 məxsus heyvanların pulunu da qaytaracaq. Lakin hazırda bu borcu qaytarmağa maddi imkanı yoxdur. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, Neftçala rayonu, Astanlı kənd sakini Zərərçəkmiş şəxs2 tanıyır. Onunla yaxşı və səmimi münasibəti olub. Valideynləri erkən rəhmətə getdiyi üçün çoxları Məhəmmədi «yetim Məhəmməd» kimi tanıyır. Məhəmməd də müəyyən pul məbləği qarşılığında ona heyvanlara çobanlıq etməklə məşğul olmağını bildirmişdir. Ona görə də 2022-ci ilin sonlarında, yəni təxminən dekabr ayında Məhəmməd təsərrüfatında olan 4 baş dişi qoyuna və 2 baş dişi keçilərə çobanlıq etməsi üçün ona vermişdir. Razılaşmışlar ki, bunun müqabilində Məhəmməd ona aylıq olaraq hər heyvan üçün 4 manat verəcək. Bundan sonra 2023-cü ilin sentyabr ayında Məhəmməd çobanlıq etməsi üçün ona verilən heyvanları sataraq pulunu mənimsədiyini kənd camaatından eşitmiş, Məhəmmədin ondan şikayət etməyəcəyinə arxayın olduğundan bununla bağlı ona heç bir söz deməmişdir. Məhəmməd 2023-cü ilin təxminən noyabr ayında heyvanlara baxmaq üçün onun yanına gəlmiş və ondan heyvanlarını göstərməsini tələb etmişdir. Məhəmmədə 4 baş qoyun və 2 baş keçi göstərərək onun heyvanları olduğunu demişdir. Məhəmməd heyvanlara nəzər yetirən zaman 2 baş keçinin onun olduğunu, lakin 4 baş qoyunun onun qoyunları olmadığını bilmişdir. O, Məhəmmədə başqa adamın qoyunlarını göstərmişdir. Bu zaman Məhəmməd başa düşmüşdür ki, onun 4 baş qoyununu sataraq pulunu ələ keçirib, əvəzində isə ona başqa şəxsin heyvanlarını göstərərək heyvanlarının yerində olması görüntüsünü yaratmışdır. Məhəmməd heyvanlarını tələb edən zaman ona 4 baş qoca qoyunları göstərərək onun heyvanları olduğunu deyibdir. Məhəmməd ondan şikayət edəcəyini bildirdikdə isə ona 4 baş qoyununu satdığını etiraf etmiş və ona heyvanlarının yerinə sağlam heyvanlar alaraq geri qaytaracağına dair söz vermişdir. Bundan sonra Məhəmmədə 4 baş qoca qoyunu verərək heyvanları alanadək onda qalmasını bildirmiş, Məhəmməd də məcbur qalaraq 4 baş qoca qoyunları və özünə məxsus olan 2 baş keçini öz yaşadığı evə aparmışdır. O, sataraq pulunu ələ keçirdiyi 4 baş dişi qoyunlarının əvəzinə başqa yaxşı qoyunlar alaraq qaytaracağına söz verdiyi üçün Məhəmməd ondan şikayət etməmişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, Neftçala rayonu, Dördlər kənd sakini Zərərçəkmiş şəxs3 tanıyır. Onunla yaxşı və səmimi münasibəti olub. Muğbil onu heyvanlara pul qarşılığında baxan çoban kimi tanıyıb. 2023-cü ilin aprel ayında Muğbil təsərrüfatında olan 12 baş qoyunu saxlaması üçün ona vermiş və heyvanlara baxması müqabilində aylıq 4 manatdan olmaqla hər ay 48 manat ona pul verəcəyini demişdir. Muğbilin təklifi ilə razılaşmış və heyvanlarını götürüb saxlamağa başlamışdır. 2023-cü ilin sentyabr ayında qoyunları Muğbil geri almaq istəyən zaman ona heyvanları göstərərək yerində olduğunu, bir az daha saxlamağını təklif etmiş, dolayısı ilə heyvanları Muğbilə geri qaytarmaqdan imtina etmişdir. Muğbil də oktyabr ayında götürəcəyini düşünərək ona əhəmiyyət verməmişdir. Həmin ilin oktyabr ayında yenidən Muğbil heyvanları istəyən zaman o, eyni qaydada heyvanları ona təhvil verməkdən imtina etmişdir. Bundan sonra 2023-cü ilin təxminən noyabr ayında Muğbilin tanışları ona qoyunlarının Neftçala rayonu, Aşağı Qaramanlı kəndi ərazisində başqa şəxs tərəfindən otarıldığını demişlər. Muğbil də həmin qoyunlara baxan zaman heyvanlarını tanımışdır. Həmin vaxt ona məlum olmuşdur ki, aldadaraq 4 baş qoyununu heyvan alveri ilə məşğul olan Şahid4 satmış, sonuncu da həmin heyvanları Şahid2 ümumilikdə 800 manat müqabilində satmışdır. Muğbilə həmin heyvanların müqabilində ona başqa şəxslərin heyvanlarını göstərərək heyvanlarının yerində və sağlam olması görüntüsünü yaradaraq onu aldatmışdır. Bundan sonra Muğbil heyvanlarını tələb edən zaman ona 4 baş qoca və xəstə qoyun verərək onun qoyunları olduğunu bildirmişdir. Muğbil də həmin qoyunların qoca olduğunu, onu aldadaraq satdığı sağlam qoyunlarını geri alıb təhvil verməsini tələb etdiyini, əks halda şikayət edəcəyini bildirmişdir. O, da 2023-cü ilin noyabr ayında Muğbilə 4 baş qoyun alaraq təhvil vermişdir. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, Neftçala rayonu, Aşağı Surra kənd sakini X2 tanıyır. Onunla yaxşı və səmimi münasibəti olub. Mahir onu heyvanlara pul qarşılığında baxan çoban kimi tanıyıb. 2023-cü ilin iyul ayında Mahir təsərrüfatında olan 35 baş keçini saxlaması üçün ona vermiş və heyvanlara baxması müqabilində aylıq olaraq ona 100 manat verəcəyinə dair razılaşmışlar. Lakin maddi imkanı yaxşı olmadığı üçün Mahirə məxsus olan 35 baş keçini 2023-cü ilin iyul ayında Salyan heyvan bazarında biri 50 manatdan olmaqla tanımadığı adamlara satmışdır. Mahirə dəymiş maddi ziyanı isə 2024cü ilin mart ayının təxminən ortalarında tam şəkildə ödəyibdir. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, təqaüdçüdür və heç bir yerdə işləmir, lakin xeyli müddət özünə məxsus qoyun və keçi saxlamaqla təsərrüfatla məşğul olub. Təxminən 2022-ci ilin yanvar ayında həmkəndlisi olan Təqsirləndirilən şəxs hər ay zəhmət haqqını verməklə təsərrüfatında olan 43 baş qoyunları və 35 baş keçiləri saxlaması üçün ona təhvil verməyi təklif etmişdir. O, da artıq heyvan saxlamaqda çətinlik çəkdiyindən Mehmanla razılaşmış və fikirləşmişdir ki, Mehman onun heyvanlarını çoban kimi öz evinin həyətində saxlayar və beləcə təsərrüfatını artırar. Razılaşmışlar ki, Mehman hər baş heyvanın saxlanılması üçün aylıq 3 manat, olmaqla 78 baş heyvanın saxlanmasına görə zəhmət haqqı olaraq hesablanan aylıq 234 manat pulun dəyərində ona məxsus Aşağı Qaramanlı kəndində yerləşən ərzaq mağazasından ərzaq məhsulları götürəcək. Mehman həmin vaxtdan 2023-cü ilin dekabr ayının sonuna kimi onun heyvanlarını saxlamışdır. Mehmana heyvanlara çobanlıq edərək saxlaması məqsədilə ödədiyi puldan əlavə hər ay heyvanların yemini də vermişdir. Həmçinin hər 10 gündən bir heyvanlara gedib baxaraq nəzarət etmişdir. Özünə heyvan lazım olduqda və heyvana ehtiyacı olduqda heyvanlardan satıb və qurbanlıq məqsədilə götürüb kəsmişdir. Hər ay o, heyvanlara baxmaq məqsədilə Mehmanın yaşadığı evə gedən zaman sonuncu ona heyvanları göstərmiş, o, da bütün heyvanlarının say etibarı ilə yerində olduğunu görmüşdür. 2023-cü ilin dekabr ayının sonunda Salyan şəhərində yaşayan kürəkəni X1 ilə birlikdə 10 baş xırda buynuzlu heyvanı satmaq məqsədilə Mehmandan təhvil almaq üçün gəldikdə heyvanların orada olmadığını, başqa şəxslərin heyvanlarının onun həyətində olduğunu aşkar etmişdir. Bu zaman ona məlum olub ki, Mehman ona baxması üçün verdiyi heyvanları satmış və o, heyvanları satdığını bilməsin deyə başqa şəxslərə məxsus heyvanları öz həyətinə gətirərək ona öz heyvanı kimi göstərir. Heyvanları Mehmandan tələb etdikdə ona 6 baş xırda buynuzlu keçi qaytarmışdır. Qalan heyvanların hamısını satmışdır. Mehmanın ona məxsus qoyun və keçiləri konkret olaraq hansı tarixlərdə satması barədə heç bir məlumatı yoxdur. Mehmanın onu aldadaraq satdığı 43 baş qoyunun hər birinin qiyməti 350 (üç yüz əlli) manat olmaqla, ümumilikdə 15.050 manat, 35 baş keçinin isə hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə 5.250 manat təşkil edir. Beləliklə, Mehman ona ümumilikdə 20.300 manat məbləğində maddi ziyan vurub. Bundan əlavə olaraq bildirir ki, Mehman ona baxması üçün verdiyi qoyun və keçiləri sataraq müqabilində aldığı pulları ələ keçirmiş, heyvanlara baxmaq istəyən zaman isə ona Neftçala rayonu, Aşağı Qaramanlı kənd sakini Seymur adlı şəxsə məxsus heyvanları onun heyvanı kimi göstərərək, guya heyvanlarının hamısının yerində və sağlam olması görüntüsünü yaratmışdır. Bu barədə ona Seymur 2023-cü ilin dekabr ayının sonunda özü danışmışdır. Seymur, Mehmanın yalançı əməllərini dedikdən sonra 22 dekabr 2023-cü il tarixdə onun həyətinə getmiş və ona heyvanlarına baxmağa gəldiyini demişdir. Mehman da həyətdə olan qoyun-keçini ona göstərərək demişdir ki, baxa bilər. Mehmanın yalan danışmasından şübhələnərək ona demişdir ki, heyvanlarını indi avtomaşına yükləyib aparacaqdır. Həmin vaxt Mehman yalvarmışdır ki, bu gün yox, heyvanları sabah aparar. Bu zaman tam əmin olmuşdur ki, Mehman onun xəbəri olmadan heyvanlarını satmış, indiyə kimi Seymurun heyvanlarını ona göstərmişdir. Seymurun dedikləri tam düzgündür. Sonradan ona məlum olmuşdur ki, Mehman onun heyvanlarını dəyər-dəyməzinə ucuz qiymətə ayrı-ayrı şəxslərə satıb. Mehman ona heyvanlarını qaytaracağına söz versə də, hər dəfə onu müxtəlif bəhanələrlə aldatdığını görüb bu barədə Neftçala Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəsində həmçinin qeyd etmişdir ki, Mehman onun heyvanlarına baxması müqabilində ona ərzaq və qeyri-ərzaq məhsulları ilə ödədiyi dəyərdən başqa mağazadan əlavə olaraq 1.800 manat məbləğində nisyə ərzaq malları da almış və hələ də aldıqlarının pulunu ödəməyib, borclu qalmışdır. Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs satdığı 24 baş xırda buynuzlu heyvanlar 2022-ci ilin təxminən yanvar ayında ona verdiyi 78 baş xırdabuynuzlu heyvanın balaları olubdur. Ona görə də Mehmanın ona verdiyi 2.700 manat pulun gizlicə, ayrı-ayrı şəxslərə satdığı 78 baş xırdabuynuzlu heyvana heç bir aidiyyəti yoxdur. O, 78 baş xırdabuynuzlu heyvanını xəbəri olmadan dəyər-dəyməzinə satıb. Mehmanın bu barədə göstərdikləri yalandır. 2023-cü ilin dekabr ayının sonunda Təqsirləndirilən şəxs ona məxsus xırda buynuzlu heyvanları dəyər-dəyməzinə ayrı-ayrı şəxslərə satdığını eşidib onun həyətinə gəlmiş və ondan heyvanlarını tələb etmişdir. Mehman isə ona həyətində 20- 30 baş qoyunu və keçini göstərib ona məxsus olduğunu demişdir. O, da həmin heyvanlara baxdıqda həmin heyvanların heç birinin ona məxsus olmadığını bilmişdir. 2024-cü ilin yanvar ayında Mehmanın həyətindən qoyun-keçi aparmamış və satmamış, onun bu barədə dedikləri də yalandır. Qeyd edir ki, heyvana ehtiyacı olduğu halda heyvanlardan 1- 2 başını satmış və qurbanlıq məqsədilə götürüb kəsmişdir, lakin həmin heyvanlar onun Mehmana verdiyi xırdabuynuzlu heyvanların artımı olubdur ki, onun da hesabını ayrıca aparıbdır. Mehmana saxlamaq üçün verdiyi 78 baş xırdabuynuzlu heyvanın hamısı onun özünə məxsus olubdur. X6 tək qadın olduğundan ona kömək etmiş, birlikdə Mehmanın həyətinə getmiş və heyvanları üçün yem və ot aparmışlar. Onun Təqsirləndirilən şəxs saxlamaq üçün verdiyi 43 baş qoyun və 35 baş keçi dişi və erkək heyvanlar olmaqla qarışıq olub. Onların neçəsinin dişi, neçəsinin isə erkək olduqlarını dəqiq xatırlamır. Ona vurulmuş zərərin əvəzi təqsirləndirilən şəxs tərəfindən ümumiyyətlə ödənilməyib. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın əvəzinin ödənilməsini tələb edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ev təmiri işlərində ustalıq edərək fərdi əməklə məşğul olur. Uzun müddətdir ki, Təqsirləndirilən şəxs Neftçala rayonu, Aşağı Qaramanlı kənd sakini kimi tanıyır. Təqsirləndirilən şəxs müəyyən pul qarşılığında heyvanlara çobanlıq etməklə məşğul olduğunu bilmişdir. 2022-ci ilin sonlarında, yəni təxminən dekabr ayında təsərrüfatında olan 4 baş dişi qoyun və 2 baş dişi keçiləri çobanlıq etməsi üçün Mehmana vermiş və bunun müqabilində Mehmana aylıq olaraq bir heyvan üçün 4 manat verəcəyi ilə bağlı öz aralarında razılığa gəlmişlər. Bundan sonra 2023-cü ilin oktyabr ayında kənd camaatından Mehmanın çobanlıq etməsi üçün ona verilən heyvanları sataraq pulunu mənimsəməsini eşitmişdir. Mehmanın ona qarşı bunu etməyəcəyinə arxayın olduğundan bununla bağlı Mehmana heç bir söz deməyib. Daha sonra 2023-cü ilin təxminən noyabr ayında heyvanlara baxmaq üçün Mehmanın yanına getmiş və ondan heyvanlarını göstərməsini tələb etmişdir. Mehman ona 4 baş qoyun və 2 baş keçi göstərərək onun heyvanları olduğunu demişdir. Heyvanlara nəzər yetirən zaman 2 baş keçinin onun olduğunu, lakin 4 baş qoyunun onun qoyunları olmadığını görmüşdür. Həmin vaxt başa düşmüşdür ki, Mehman onun 4 baş qoyununu sataraq pulunu ələ keçirmiş, əvəzində isə ona başqa şəxsin heyvanlarını göstərərək heyvanlarının yerində olması görüntüsünü yaratmışdır. Mehmandan heyvanlarını tələb edən zaman sonuncu ona 4 baş qoca qoyunları göstərərək onun heyvanları olduğunu demişdir. Mehmana ondan şikayət edəcəyini bildirən zaman sonuncu ona 4 baş qoyunu satdığını etiraf etmiş və onun heyvanlarının yerinə sağlam heyvanlar alaraq geri qaytaracağına söz vermişdir. Mehman heyvanlarının əvəzində ona 4 baş qoca qoyunu verərək heyvanlarını alanadək onda qalmasını bildirdiyi üçün o, da məcbur qalaraq 4 baş qoca qoyunları və özünə məxsus olan 2 baş keçini götürüb aparmışdır. Mehman sataraq pulunu ələ keçirdiyi 4 baş dişi qoyunların əvəzinə qoyunları alaraq qaytaracağına söz verdiyi üçün bu barədə hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Mehmanın ona məxsus olan satdığı bir baş dişi qoyunun orta bazar qiyməti 450 manat olmuşdur. Bu səbəbdən ona ümumilikdə 1.800 manat ziyan dəymişdir. Lakin hazırda ona dəymiş ziyan ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizə yazaraq məhkəməyə təqdim etmişdir. Digər Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Zərərçəkmiş şəxs3 işin ibtidai istintaqı zamanı heç bir yerdə işləmədiyini və fərdi əməklə məşğul olaraq dolandığını, Təqsirləndirilən şəxs heyvanlara pul qarşılığında baxan çoban kimi tanıdığını, 2023-cü ilin aprel ayında təsərrüfatında olan 12 baş qoyunu saxlaması üçün Təqsirləndirilən şəxs verdiyini, sonuncu ilə heyvanlara baxması müqabilində aylıq 4 manatdan olmaqla 48 manat verəcəyinə dair razılaşdıqlarını, 2023-cü ilin sentyabr ayında qoyunları Mehmandan geri almaq istəyən zaman sonuncunun ona heyvanları göstərərək yerində olduğunu, bir az saxlamasını və heyvanları ona geri qaytarmaqdan imtina etdiyini, o, da oktyabr ayında götürəcəyini düşünərək ona əhəmiyyət vermədiyini, həmin ilin oktyabr ayında yenidən Mehmandan heyvanları istəyən zaman sonuncunun eyni qaydada ona heyvanları təhvil verməkdən imtina etdiyini, bundan sonra 2023-cü ilin təxminən noyabr ayında tanışları tərəfindən ona qoyunlarının Neftçala rayonu, Aşağı Qaramanlı kəndi ərazisində başqa şəxs tərəfindən otarıldığını dediklərini, o, da həmin qoyunlara baxan zaman heyvanlarını tanıdığını və həmin vaxt Təqsirləndirilən şəxs onu aldadaraq 4 baş qoyununu heyvan alveri ilə məşğul olan Şahid4 satmasının, sonuncunun da həmin heyvanları Şahid2 ümumilikdə 800 manat müqabilində satmasının, Mehmanın isə həmin heyvanların müqabilində ona başqa şəxslərin heyvanlarını göstərərək heyvanlarının yerində və sağlam olması görüntüsünün yaradaraq onu aldatmasının ona məlum olduğunu, bundan sonra o, Mehmandan heyvanlarını tələb edən zaman sonuncunun ona 4 baş xəstə qoyun verərək onun qoyunları olduğunu bildirdiyini, o, da həmin qoyunların qoca olduğunu, onu aldadaraq satdığı sağlam qoyunlarını alaraq ona təhvil verməsini tələb etdiyini, əks halda şikayət edəcəyini bildirdiyini, Mehmanın da 2023cü ilin noyabr ayında ona 4 baş qoyun alaraq təhvil verdiyini, Təqsirləndirilən şəxs onu aldadaraq 4 baş qoyununu satması nəticəsində ona dəymiş ziyanın ödənildiyini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2023cü ilin sentyabr ayında heyvan alğı-satqısı ilə məşğul olan Şahid4 4 baş dişi qoyunu ümumilikdə 800 manata almışdır. Həmin qoyunları bir neçə ay saxladıqdan sonra, təxminən 2023-cü ilin noyabr ayında onları otlaq sahəsindən evinə gətirərkən sonradan tanıdığı Muğbil adlı şəxsin evinə gəldiyini görmüş, Muğbilin deməsinə görə 4 baş qoyunların ona məxsus olduğunu bilmişdir. O, da Şahid4 zəng etmiş və bu barədə ondan soruşmuşdur. Beləliklə məlum olmuşdur ki, Neftçala rayonu, Aşağı Qaramanlı kənd sakini Ağayev X3 məxsus çobanlıq etdiyi 4 baş dişi qoyunu Şahid4 satmış, əvəzində isə Muğbilə digər şəxslərin heyvanlarını göstərərək qoyunların yerində və sağlam olduğu görüntüsü yaratmaqla onu aldatmış, Yadigar isə həmin heyvanları ona satmışdır. Bundan bir gün sonra, yəni 2023-cü ilin noyabr ayının gününü xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs qoyunları alan zaman ona verdiyi 800 manat pulu geri qaytarmış və o, da heyvanları əsl sahibi Muğbilə qaytarması üçün Mehmana təhvil vermişdir. Daha sonra nə baş verdiyi haqda məlumatı olmayıb. Lakin eşitdiyinə görə Mehman başqa şəxslərin də heyvanlarını çobanlıq etmək adı ilə götürmüş, sonradan həmin heyvanları sataraq ələ keçirmiş, əvəzində isə heyvan sahiblərinə başqa heyvanları göstərərək heyvanlarının yerində və sağlam olması görüntüsünü yaratmaqla dələduzluq etmişdir. Bu barədə kənd əhalisi arasında danışılan söhbətlərdən eşitmişdir. Lakin Mehmanın hansı şəxsləri nə zaman aldatması, heyvanlarını sataraq pulunu ələ keçirməklə onlara nə qədər maddi ziyan vurması barədə məlumatı yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin yaşadığı kənddə qoyun və keçi saxlamaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs, həmkəndlisi, həmçinin qonşusu kimi tanıyır. Təqsirləndirilən şəxs uzun müddət müəyyən pul qarşılığında müxtəlif şəxslərə məxsus keçi və qoyunları saxlamaqla məşğul olur. 2023-cü ilin noyabr-dekabr ayları ərzində Salyan rayonu, Ərəbqardaşbəyli kəndində yaşayan qaynının toy mərasiminə başı qarışdığı üçün özünə məxsus qoyun və keçilərini müvəqqəti olaraq saxlamasını qonşu kimi Mehmandan xahiş etmişdir. Mehman da onun xahişini qəbul etmiş və həmin ilin noyabr və dekabr ayları ərzində onun heyvanlarına baxmışdır. Mehman heyvanlarına baxması üçün ondan heç bir haqq almamış və bunu qonşu kimi kömək məqsədilə təmənnasız etmişdir. Sonradan eşitmişdir ki, Mehman onun heyvanlarını Zərərçəkmiş şəxs1, o cümlədən heyvanlarına baxdığı digər şəxslərə göstərərək onları aldatmış, həmin şəxslərə məxsus heyvanları isə sataraq pulunu mənimsəmişdir. İncəxanımla görüşərək eşitdikləri barədə ona bildirmişdir. Qeyd edir ki, onun heyvanları ümumən kök və sağlam olmuşlar. Bu səbəbdən Mehman hətta onun heyvanlarını İncəxanıma göstərərkən onlara yaxşı qulluq göstərdiyi üçün onların kök və sağlam olduqlarını da demişdir. Təqsirləndirilən şəxs bundan başqa Neftçala rayonu, Aşağı Surra və digər kəndlərdən olan tanımadığı şəxslərin də heyvanlarını baxmaq adı ilə yaşadığı evə gətirmiş, daha sonra həmin heyvanları sataraq pulunu ələ keçirmiş, heyvanların sahiblərinə isə onun heyvanlarını göstərərək heyvanların həmin şəxslərin öz heyvanları olduğuna onları inandırıb, onları aldatmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs Neftçala rayonu, Aşağı Qaramanlı kənd sakini kimi tanıyır. Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə məxsus heyvanları zəhmət haqqı müqabilində pulla saxladığını bilmişdir. Son vaxtlar Mehmanın ona saxlanılması üçün verilən heyvanları sataraq pulunu ələ keçirməsi, həmin şəxslərə isə heyvanlarının əvəzində başqa şəxsin heyvanlarını göstərməklə onların heyvanlarının yerində və sağlam olması görüntüsü yaratması barədə də məlumatı vardır. Qeyd edir ki, Mehmanın göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, Mehman Zərərçəkmiş şəxs1 məxsus qoyunları sataraq əvəzində İncəxanıma heyvanlarını yoxlayan zaman say etibarilə heyvanlarının yerində olmasını göstərmək məqsədilə 16 baş qoca, cılız və «çiçək» xəstəliyinə yoluxmuş heyvanlar almışdır. Mehman həmin heyvanları özünə məxsus yük maşını olan Aşağı Qaramanlı kənd sakini X4 ilə birlikdə almışdır. Digər satdığı heyvanların əvəzində isə qonşusu Şahid1 məxsus heyvanları göstərməklə Zərərçəkmiş şəxs1 heyvanlarının yerində olduğu görüntüsünü yaratmaqla bir növ aldatmışdır. İncəxanım bundan xəbər tutduqda heyvanlarını Mehmandan geri almaq istəmiş və bunun üçün ondan xahiş etmişdir. Həmin heyvanlar xəstə və qoca olduqları üçün Mehman onlardan 16 baş qoyunu Salyan rayonundan olan tanımadığı alverçiyə ümumilikdə 1.020 manata satmağı qərara almış, həmin alverçi isə Mehmana nağd pulunun olmadığını, heyvanları satdıqdan sonra pulunu verəcəyini bildirmişdir. Mehmanın həmin pulu alverçidən alıb-almaması barədə onun məlumatı yoxdur. Bildirir ki, Mehman təkcə Zərərçəkmiş şəxs1 deyil, başqa şəxsləri də aldatmış, heyvanlarını sataraq pulunu ələ keçirmişdir. Belə ki, Neftçala rayonu, Astanlı kəndində yaşayan «yetim Məhəmməd» kimi tanıdıqları şəxs də 4 baş qoyununu müəyyən pul müqabilində saxlaması üçün Mehmana vermiş, Mehman isə həmin heyvanları sataraq pulunu ələ keçirmiş, əvəzində isə 4 baş qoca qoyunu alıb ona göstərərək heyvanlarının yerində olması görüntüsünü yaratmışdır. Bundan başqa o, Neftçala rayonu, Aşağı Surra kəndində yaşayan vaxtilə polis əməkdaşı olmuş Mahir adlı şəxsə məxsus 35 baş keçini də saxlaması üçün təhvil almış, həmin keçiləri də sataraq əvəzində digər şəxslərə məxsus heyvanları göstərməklə heyvanların yerində olması görüntüsünü yaratmışdır. O, həmçinin Neftçala rayonu, Dördlər kənd sakini Muğbil adlı şəxsə məxsus 4 baş qoyunu da saxlaması üçün təhvil almış, lakin həmin qoyunları Şahid4 satmış, sonuncu isə həmin qoyunları Aşağı Qaramanlı kəndində yaşayan Şahid2 satmış, Muğbilə isə öz heyvanlarının əvəzində başqa şəxsə məxsus qoyunları göstərərək yerində və sağlam olduğu görüntüsünü yaratmışdır. Sonradan Muğbilin qohumları ona məxsus qoyunları görərək tanımış və beləcə Muğbil bundan xəbər tutmuşdur. Bildiyinə görə Mehman sonradan həmin qoyunların dəyərini Muğbilə ödəyibdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, uzun müddətdir ki, xırdabuynuzlu heyvanların alğı-satqısı ilə məşğuldur. Belə ki, qoyun almaq istəyən şəxslərin müraciəti ilə onlar üçün aldığı heyvanların üzərinə 5-10 manat zəhmət haqqı əlavə etməklə onları həmin şəxslərə satır. Həmkəndlisi Şahid2 2023-cü ilin sentyabr ayında ona müraciət edərək damazlıq dişi qoyunlar almaq istədiyini bildirmişdir. Həmin vaxt digər həmkəndlisi Təqsirləndirilən şəxs ona təsərrüfatında olan qoyunlarından 4-5 başını sataraq ehtiyaclarına sərf etmək istədiyini bildirmişdir. Mehmana Mikayılın heyvan almaq istədiyini demişdir. Mikayıldan razılıq aldıqdan sonra Mehmandan 720 manata 4 baş dişi qoyunu almış və onları 800 manata Mikayıla satmışdır. 2023-cü ilin noyabr ayında Mikayıl ona zəng vuraraq Dördlər kənd sakini Muğbil adlı şəxsin ona yaxınlaşaraq satdığı 4 baş qoyunların ona məxsus olduğunu bildirdiyini demişdir. Dərhal Mehmana zəng edərək bunun səbəbini soruşmuş, Mehman isə ona heyvanları dəyişik salaraq Muğbilə məxsus heyvanları ona satdığını bildirmişdir. Mehmandan yaranmış narazılığı aradan qaldırmaq məqsədilə heyvanların pulunu, yəni 800 manatı Mikayıla verməsini, heyvanları isə əsl sahibi olan Muğbilə qaytarmasını tələb etmişdir. Mehman da 800 manat pulu Mikayıla verərək heyvanları ondan alıb Muğbilə qaytarmışdır. Ona sonradan məlum olmuşdur ki, Mehman Muğbilə məxsus çobanlıq etdiyi 4 baş dişi qoyunu ona satmış, əvəzində isə Muğbilə digər şəxslərin heyvanlarını göstərərək qoyunların yerində və sağlam olduğu görüntüsü yaradaraq onu aldatmışdır. Eşitdiyinə görə Mehman daha bir neçə şəxslərin də heyvanlarını çobanlıq etmək adı ilə götürmüş, sonradan həmin heyvanları sataraq ələ keçirmiş, əvəzində isə heyvan sahiblərinə başqa heyvanları göstərərək heyvanlarının yerində və sağlam olması görüntüsünü yaratmışdır. Onun bu barədə konkret olaraq məlumatı olmamış, lakin kənd əhalisi arasında danışılan söhbətlərdən eşitmişdir. Eşitdiyinə görə Mehman kəndlərində mağaza işlədən Zərərçəkmiş şəxs1 məxsus heyvanları da çobanlıq etmək adı ilə almış, sonradan aldadaraq həmin heyvanları dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq az ağır cinayət törətdiyini, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşağının olduğunu, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356 – 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 23 mart 2024-cü il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar