Məhkəmə qərarları › İş №1(053)-34/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-34/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-34/2025 16.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1974-cü ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Yenikənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 06 – 08 mart 2025-ci il tarixləri üzrə tutulmuş, 08 mart 2025-ci il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 10,25 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 06 mart 2025-ci il tarixdə saat 18.30 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, Heydər Əliyev prospektində «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,25 qram təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, fərdi əməklə məşğul olur. 06 mart 2025-ci il tarixdə saat 10 radələrində Neftçala şəhərinə getmək üçün kənddə yaşadığı evdən çıxıb piyada gəzərkən yerdə olan bir ədəd sellofan büküm diqqətini cəlb etmişdir. Ona maraqlı gəldiyi üçün həmin bükümü yerdən götürmüş və açıb baxdıqda içərisində kəskin iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğunu görmüşdür. Arabir narkotik vasitədən istifadə etdiyi üçün onu dərhal tanımış və istifadə etməsi üçün cibinə qoymuşdur. Həmin gün saat 18.30 radələrində Neftçala şəhəri, H.Əliyev prospektində «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında olduğu zaman içərisində qurudulmuş marixuana olan sellofan büküm əynindəki qara rəngli gödəkcənin sol yan cibində olmuşdur. Həmin vaxt mülki geyimdə olan şəxslər videoçəkilişlə ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduqları üçün onu saxladıqları yerdə üzərinə baxış keçirmişlər. Baxış zamanı əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra onu Neftçala Rayon Polis Şöbəsinə aparmışlar. Rayon polis şöbəsində baş təhqiqatçı Rauf Səmədov ona üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə fakt təsdiqini tapdığı üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunduğunu bildirmiş, müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı ona təqdim edilmiş, maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir. Bundan sonra barəsində şübhəli şəxs kimi tutma qərarı tərtib olunmuşdur. Bütün bu olanlar isə videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Neftçala şəhəri. H.Əliyev prospekti ərazisində üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana sellofan bükümlə birlikdə kağız zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o və Müdafiəçi protokolu və narkotik vasitə qoyulan zərfi imzalarla təsdiq etmişlər. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala Rayon Polis Şöbəsinin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 06 mart 2025-ci il tarixdə saat 18.30 radələrində Neftçala rayonu, Yenikənd kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, istifadəsində və daşınmasında şübhəli bilinərək Neftçala şəhəri, Heydər Əliyev prospektində «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında videoçəkilişlə saxlanılmış və üzərinə baxış keçirilmişdir. Bu zamanı onunla birlikdə rayon polis şöbəsinin əməkdaşı olan Şahid2 da iştirak etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd polietilen bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Neftçala Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gətirilmişdir. Orada polis əməkdaşlarının, ekspert kriminalistin və Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana ağ zərfə qoyulub qablaşdırılmış və DİN-nə aid “203” saylı möhürlə möhürlənmişdir. Həmin bir ədəd ağ zərfi orada olan Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu, onu 06 mart 2025-ci il tarixdə saat 10 radələrində yaşadığı kəndin ərazisində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə satmadığını, vermədiyini və bağışlamadığını demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətə yol verilməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 07 mart 2025-ci il tarixli, 18/212 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «...Təqsirləndirilən şəxs o...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 10,25 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 10 may 2025-ci il tarixli 256 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, oğlu X1 müharibə veteranı olmaqla “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunduğunu, habelə qardaşı X2 1-ci Qarabağ müharibəsində şəhid olduğunu iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,15 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 – 08 mart 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,15 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar