Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-35/2023 17.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Tarverdiyeva (Lətifova)Aydan Sənan qızının, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 03 avqust 1986-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 19 oktyabr 2020-ci il tarixdən hesablanmaqla 16 mart 2018-ci il təvəllüdlü X3 və 05 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşaq üçün 170,00 manat, cəmi 340,00 manat sabit pul məbləğində aliment tutularaq Tarverdiyeva (Lətifova) Aydan Sənan qızına verilməsinə dair Abşeron Rayon Məhkəməsinin qanuni qüvəyə minmiş 2(012)-810/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Neftçala Rayon Məhkəməsinin 13 sentyabr 2021-cı il tarixli, 3(053)-275/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin 15 iyul 2022-ci il tarixli, 3(053)-376/2022 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 17 may 2022-ci il, 14 sentyabr 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 24 oktyabr 2022-ci tarixinə kimi 7.820,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Tarverdiyevə (Lətifova) Aydan Sənan qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Tarverdiyeva (Lətifova) Aydan Sənan qızı ilə 2018-ci ildə evlənmiş, birgə nikahlarından 16 mart 2018-ci il təvəllüdlü X6 və 05 iyul 2020-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Həmin vaxtlar Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş və normal qazanc əldə etmişdir. Bundan başqa alverlə məşğul olub əlavə gəlir qazanmışdır. Aydan ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Aydan himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş və bununla bağlı Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-810/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi mövcuddur. Həmin qətnaməyə əsasən 19 oktyabr 2020-ci il tarixdən hesablanmaqla ondan 16 mart 2018-ci il təvəllüdlü X3 və 05 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 170,00 manat, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq Tarverdiyevə (Lətifova) Aydan Sənan qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Neftçala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Qətnamə üzrə icra sənədi icra məmuru tərəfindən icraata qəbul edilərək ona tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Uşaqlarına daim ərzaq və paltar köməkliyi etmişdir. Lakin həmin vaxtlar sürücülük fəaliyyəti dayandırıldığından alimenti tam şəkildə ödəməmiş və icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilmiş, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilmişdir. Neftçala Rayon Məhkəməsinin 13 sentyabr 2021-cı il tarixli və 15 iyul 2022-ci il tarixli qərarları ilə müvafiq olaraq hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam olaraq icra edə bilməmişdir. Hazırda Neftçala rayonunda fərdi qaydada ustalıq edir. Gündəlik gəliri 10-15 manat təşkil edir. 2013-cü ildən taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ilə kimi "xxxx" MMC-də işləmiş, daha sonra «Uber» taksi şirkətində icarə əsasında fəaliyyət göstərmişdir. 2022-ci ilin may ayından taksi fəaliyyəti ilə məşğul olmur. Ona məxsus VÖEN-nin aktiv olmasından xəbərsizdir. Daim işlədiyindən X2 müraciət etməmişdir. Qeyd edir ki, Bakı şəhərində sürücülük fəaliyyətinə yenidən başlamaq istəmiş, lakin hələlik bu işi də alınmayıb. Hazırda da zərərçəkmiş şəxsə olan borcu 7.820.00 manatdır. Aliment borcunu ödəmək məqsədilə atası Əjdər Lətifovun adına bankdan kredit götürmək istəmiş, lakin bu da mümkün olmamışdır. Sonda qərara gəlmişdir ki, müvəqqəti olaraq, işi düzələnədək atası Əjdər Lətifova məxsus pensiya kartını zərərçəkmişə versin və o, da hər ay karta köçürülən pensiya məbləğini aliment borcuna görə götürsün. Buna həm atası Əjdərin, həm də zərərçəkmişin özünün razılığı olmuşdur. Lakin zərərçəkmiş şəxs sonradan karta güvənmədyini və kartın sahibi tərəfindən sonradan dəyişdirilə biləcəyini əsas gətirərək bundan imtina etmişdir. Çalışacaqdır ki, tezliklə aliment borcunu ödəsin. Hazırda isə aliment borcunu ödəmək iqtidarında deyil. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Tarverdiyeva (Lətifova) Aydan Sənan qızı bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2018-ci il tarixdə rəsmi şəkildə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 16 mart 2018-ci il təvəllüdlü X6 və 05 iyul 2020-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra ilk vaxtlar Anarın valideynləri ilə birlikdə, daha sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Birgə yaşadıqları müddətdə Anar Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş və yetərli qazanc əldə etmişdir. Əvvəllər Anar ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, tez-tez dava-dalaş saldığından, əsassız söz-söhbətlər yaratdığından, habelə uşaqları ilə maraqlanmadığından nikahları məhkəmə qaydasında pozulmuş və ayrılmışlar. Nikah pozularkən hər iki uşağı onun himayəsində qalmışdır. Uşaqlarını təkbaşına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)- 810/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs 19 oktyabr 2020-ci il tarixdən hesablanmaqla 16 mart 2018-ci il təvəllüdlü X3 və 05 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 170,00 manat, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qeyd edir ki, uşaqlarının 3 yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa əlavə 100,00 manat aliment verilməsi barədə icra sənədindən imtina etmiş və məhkəməyə qaytarılması üçün 13 sentyabr 2021-ci il tarixli ərizə ilə icra şöbəsinə müraciət etmişdir. Alimentlə bağlı icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. Həmçinin borcludan izahatlar alınmaqla ona məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş və akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Neftçala Rayon Məhkəməsinin 13 sentyabr 2021-cı il tarixli inzibati qərarına əsasən 10 gün müddətinə, eyni məhkəmənin 15 iyul 2022-ci il tarixli qərarına əsasən də 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxsin bu günə olan ödənməmiş aliment borcu 7.820,00 manat təşkil edir. Zərərçəkmiş şəxs qeyd edir ki, təqsirləndirilən şəxs hazırda sürücülük fəaliyyət ilə məşğuldur və onun kifayət qədər aylıq qazancı vardır. O, istəsə hər ay alimenti ödəyə bilər. Buna baxmayaraq o, aliment borcunu ödəməkdən yayınır. Hətta ilkin istintaq dövründə borclu olduğu aliment məbləğinin yarısını ödəyəcəyinə söz versə də, buna əməl etməmişdir. Borc məbləğindən cəmi 340 manat məbləğində təqsirləndirilən şəxsin anası tərəfindən ödəniş edilmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala rayon İcra və probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir. Qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(012)-810/2021 saylı qətnaməsi üzrə verilmiş 12 mart 2021-ci il tarixli 2(012)-810/2021 saylı icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 16 mart 2018-ci il təvəllüdlü X3 və 05 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 19 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment tutularaq Tarverdiyeva (Lətifova) Aydan Sənan qızına ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsində 01 aprel 2021-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş verilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Neftçala Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 8(053)-39/2021 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(012)-810/2021 saylı icra sənədi üzrə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədindəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 13 sentyabr 2021-ci il və 15 iyul 2022-ci il tarixlərdə hər birində 10 gün müddətinə olmaqla inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borclu Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə bildiriş verilmiş, ona tələbi icra etməsi üçün yeni müddət verilmiş və icra sənədini yenidən icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə bir daha xəbərdarlıq olunmuşdur. Lakin həmin müddətdə də o, öz hərəkətlərini davam etdirmiş, icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmiş, aliment borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar Tarverdiyeva (Lətifova) Aydan Sənan qızına hal-hazıradək cəmi 340,00 manat aliment ödəmiş, lakin 7.820,00 manat aliment borcunu isə ödəməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq o, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Onun hazırda 7.820,00 manat aliment borcu vardır. Tələbkar Tarverdiyeva (Lətifova) X5 rayon İcra və probasiya şöbəsinə 19 sentyabr 2022-ci il tarixli ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün tədbir görülməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmişdir. O, iki dəfə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq bundan nəticə çıxarmamış, Tarverdiyeva (Lətifova) Aydan Sənan qızının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Təqsirləndirilən şəxs əməlində qərəzlilik elementləri vardır, o, icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. İş materialları ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 810/2021 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 23 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs 19 oktyabr 2020-ci il tarixdən başlayaraq 16 mart 2018-ci il təvəllüdlü X6 və 05 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Tarverdiyeva (Lətifova) Aydan Sənan qızına ödənilməlidir. Qətnamə 12 mart 2021-ci ildə qanuni qüvvəyə minmiş, həmin tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmişdir. 01 aprel 2021-ci ildə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilib. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 29 aprel 2021-ci il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs axtarışının həyata keçirilməsi qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 3(053)-275/2021 nömrəli 13 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Neftçala Rayon Məhkəməsinin 8(053)-39/2021 nömrəli 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 20 may 2022-ci il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs axtarışının həyata keçirilməsi qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 3(053)-376/2022 nömrəli 15 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Təqsirləndirilən şəxs borcunu ödəmədiyinə görə barəsində cinayət təqibi başlanması üçün sənədlər toplanmış və aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Təqsirləndirilən şəxsin ödənilməmiş aliment borcu 7.820 manat təşkil edir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etmir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, deməsinə görə anasının da onun himayəsində olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 may 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-35/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-35/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver