Məhkəmə qərarları › İş №1(053)-35/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-35/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-35/2025 09.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1994-cü ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Dördlər kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 04 – 06 mart 2025-ci il tarixləri üzrə tutulmuş, 06 mart 2025-ci il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 14,66 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 04 mart 2025-ci il tarixdə saat 15.20 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayonu, Xol Qaraqaşlı kəndi ərazisində yerləşən poçt məntəqəsinin yaxınlığında saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman gödəkcəsinin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 14,66 qram təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Xol Qarabucaq kənd inzibati ərazi dairəsinin Dördlər kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Bir-iki il olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən bir həftə əvvəl yaşadığı Dördlər kəndində heyvanları örüş yerinə apardığı zaman yerdən bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana tapmışdır. Bükümü açıb baxdıqda marixuananı tanımış və siqaretinə doldurub çəkmişdir. Narkotikin qalan hissəsini isə istifadə etmək məqsədilə cibinə qoyub saxlamış, saxladığı müddətdə iki dəfə də istifadə etmişdir. 04 mart 2025-ci il tarixdə yaşadığı evdən çıxıb Neftçala rayonu, Xol Qaraqaşlı kəndində yaşayan bacısıgilə qonaq getdiyi zaman saat 15 radələrində həmin kənddə yerləşən poçt məntəqəsinin yaxınlığında iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra üstündə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumatlı olduqları üçün ona üzərinə baxış keçirəcəklərini demişlər. Videoçəkilişlə ona üzərində narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, o da üzərində olan narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra əynindəki qara rəngli idman gödəkcəsinin sol yan cibindən saxladığı, içərisində marixuana olan sellofan bükümü polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, şəxsi əşyalarından başqa cinayət xarakterli predmet aşkar edilməmişdir. Daha sonra onu Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkilişlə barəsində şübhəli şəxs qismində tutma qərarı qəbul edildikdən sonra ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi təqdim edilmiş, maddi imkanı olmadığından müdafiəçinin onun hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı digər cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 mart 2025-ci il tarixdə Xol Qarabucaq kənd inzibati ərazi dairəsinin Dördlər kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyi və üzərində daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq polis şöbəsinin rəisinə raportla məruzə etmiş, raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat-axtarış tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 15.20 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu, Xol Qaraqaşlı kəndindəki poçt məntəqəsinin yaxınlığında, yolun kənarı ilə piyada hərəkət edən zaman müşahidə edib, videoçəkilişlə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra ona narkotik vasitə istifadə etməsi və üzərində daşımaqda şübhəli olduğunu izah etmiş və üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkcəsinin sol yan cibindən bir ədəd polietilen bükümü çıxarıb içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd polietilen bükümdə olan kütləyə baxış keçirilmişdir. Baxış zamanı həmin kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı Neftçala rayonu Xol Qarabucaq kənd inzibati ərazi dairəsinin Dördlər kəndində heyvanları örüş yerinə aparan zaman yol kənarından tapdığını, istifadə etmək üçün cibində saxladığını, həmin kütlədən heç kimə pul müqabilində və pay olaraq vermədiyini bildirmişdir. 01 ədəd polietilen bükümdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd zərfə qablaşdırılıb DİN-in “203” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və polis əməkdaşları protokola imza etmişlər. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ilə birlikdə rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş, daha sonra müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmış, eləcə də aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet, əşya aşkar edilməmişdir. Həmin vaxt da təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması qeyd edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən aşkar edilmiş kütlə təkrar qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib edilmiş, protokol düzgün yazıldığı üçün o da digər iştirakçılar kimi protokola imza etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 05 mart 2025-ci il tarixli, 18/201 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «...Təqsirləndirilən şəxs...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 14,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 24 aprel 2025-ci il tarixli 229 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, 3 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,56 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 – 06 mart 2025-ci il tarixləri üzrə tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,56 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar